Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-404/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq" ASC tərəfindən hesablanan 675,47 AZN miqdarında borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası, Mənzil 844B ünvanında yaşayır. Qeyd edilən mənzil onun ata evidir və həmin ünvanda qardaşının ailəsi ilə birlikdə,lakin ayrılmış mənzillərdə yaşayırlar. O, usta olduğundan əvvəl uzun müddət Rusiya Federasiyasının Çelyabinsk şəhərində yaşayıb işləmişdir. Hazırda isə Azərbaycana qayıtdıqdan sonra Azərbaycanın rayonlarında tikintlərdə usta kimi işləyir. Bu səbəbdən uzun müddət ərzində öz evində yaşamır. Bildirmək istəyir ki, Bakı Elektrik Şəbəkə ASC tərəfindən mənzilində yoxlama keçirilərək 2007-ci il tarixində sayğac quraşdırılması haqqında qərar qəbul olunmuşdur. Bu dövrdən başlayaraq ona həm sayğac göstəricisinə uyğun olaraq borc yazılmış əlavə olaraq isə ona ailədə adam başına görə borc gəlmişdir. O, buna dəfələrlə etirazını bildirsə də bu hal Bakı Elektrik Şəbəkə ASC tərəfindən düzəldilməmişdir. Bu səbəbdən ona verilən işıq enerjisi təminatı 19.04.2009-cu ildən dayandırılmışdır. Daha sonra isə onun xəbəri olmadan sayğac Bakı Elektrik Şəbəkə ASC tərəfindən sökülərək aparılmışdır. O, uzun müddətdir həmin ünvanda yaşamadığından bu məsələ ilə məşğul ola bilməmişdir. Hazırda o, yenidən elektrik sayğacını qoşmaq üçün müraciət etdikdə ona işıq enerjisindən istifadəyə dair Azərişiq ASC-yə müraciət etdikdə Azərişıq tərəfindən ona 17 sentyabr 2021-ci il tarixli 7- 02/H-267/2/7118 saylı məktubu ilə bildirilmişdir ki, onun 12.04.2007 -ci ildən 13.01.2010cu il tarixə qədər dövr üçün 675,47 AZN miqdarında borcu mövcuddur. O, dəfələrlə işıq borcunun haqsız yazıldığından silinməsi ilə bağlı müraciət etsə də müraciətlərinə düzgün cavab verilməmişdir. Hazırda aşağıda qeyd edilən səbəblərdən hesab edir ki, işıq enerjisindən istifadə ilə bağlı yazılmış 675,47 AZN miqdarında borc məbləği haqsız yazıldığından silinməlidir. Borc miqdarı onun xəbəri, olmadan qanunsuz aparılan yoxlamalar nəticəsində yazılmışdır.Borc 2009-cu ildə yazıldığından Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkə başçısının 29.12.2009-cı il tarixli qərarı ilə əhalinin elektrik eneriisin dair olan borcları silinmişdir. Lakin hazırda Azərisıq prezidentin sözü gedən qərarına qarsı etinasız yanaşır və həmin qərarı icra etməkdən yayınır. Artıq borcun yazılmasından 10 ildən artıq vaxt keçir, bu müddət ərzində Azərisıq qevd edilən borcu tələb etmək hüququnu itirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədiklərini, eyni zamanda iddiaçının mənzilində daha əvvəllər hesablanmış borcun məhkəmənin qərarı ilə cəmiyyət tərəfindən silinmiş, lakin daha sonra iddiaçıya məxsus ünvanda olan sayğac naməlum səbəbdən çıxarıldığından, həmin ünvana borc metodiki (ortalama) üsul ilə hesablandığını bildirdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı Cavabdeh1 ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair 2(005)- 5469/2021 saylı olan mülki iş üzrə bildirir ki, iddiaçının tələblərini qəbul etmir və bütün sübutlarını məhkəməyə təqdim ediblər, məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı tərəfindən abunə kodu açıldığı 12.04.2007-ci il tarixdən 13.01.2010-cu il tarixə qədər istifadə edimiş elektrik enerjisi haqqını və sayğac quraşdırma bədəlini ödəməkdən imtina edərək heç bir ödəniş edilməmişdir. Akt iddiaçının nümayəndəsinin iştirakı ilə 11.02.2014cu il tarixində tərtib edilmişdir və ********* saylı hesab faktura (6.341.10 manat) 28.03.2014-ci il tarixində iddiaçıya təqdim olunmuşdur. Həmin hesab fakturada qeyd edilmişdir ki, bu məbləğ R 018504 saylı aktın əsasında hesablanmışdır. İddiaçı 11 ildən sonra, 2021-ci ildə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti (3 il) ötdükdən sonra məhkəməyə verilmişdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx"ASC tərəfindən İddiaçı 17 sentyabr 2021-ci il tarixdə ünvanlanmış müraciətin araşdırılması barədə məktubda qeyd edilir: ünvan 3 ünvanında yerləşən mənzilinizdə X1yə görə 19.04.2009-cu il tarixində 467,28 manat borc hesablandığını, həmin borcun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.01 2020-ci tarixli, e-2(005)-516/2020 nömrəli qətnaməsi ilə silindiyini, lakin buna baxmayaraq "xxxx" ASC tərəfindən icra edilmədiyini, mənzilin elektrik enerjisi təchizatının dayandırıldığını və aidiyyəti üzrə müraciət etsə də, müvafiq tədbirlərin görülməməsi barədə Azərbaycan Respublikası Prezidentinə etdiyi (07.09.2021 tarixli, H-267/2 nömrəli) müraciətə "xxxx" ASC-də baxılmışdır.Bununla əlaqədar olaraq bildirilir ki, 12.04.2007-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası. 844B ünvanında yerləşən mənzilinizdə elektrik enerjisindən qeydiyyatsız və sayğac quraşdırılmadan istifadə edildiyi aşkar edilərək 018118 nömrəli akt tərtib edilmiş, akta əsasən İddiaçı adına **********1844B nömrəli abunə kodu açılmışdır. 11.12.2007-ci il tarixində A440709955 nömrəli, AMPY tipli elektrik sayğacı quraşdırılmışdır. 19.04.2009-cu il tarixində enerji təchizatı müəssisəsinin əməkdaşları elektrik sayğacına baxış keçirən zaman elektrik enerjisindən sayğacdan kənar istifadə olunduğu aşkar edilərək 130926 nömrəli akt tərtib etmişlər. Akta əsasən 7788 kvts (467,28 manat) itirilmiş elektrik enerjisi sərfiyyatı bərpa edilmişdir. 08.01.2020-ci il tarixində Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin qətnaməsinə əsasən akta görə hesablamış 467,28 manat silinmiş və 24.11.2020-ci tarixində isə məhkəmənin qətnaməsi "xxxx" ASC tərəfindən icra edilmişdir. Məhkəmənin qətnaməsi icra edildikdən sonra 675,47 manat dəyərində borcunuz qalmışdır. Abunə kodu açıldığı 12.04.2007-ci il tarixdən 13.01.2010-cu il tarixə qədər istifadə etdiyiniz elektrik enerjisi haqqını və sayğac quraşdırma bədəlini ödəməkdən imtina edərək qeyd olunan müddət ərzində heç bir ödəniş etməmisiniz. İstifadə etdiyiniz elektrik enerjisi haqqını ödədikdən sonra enerji verilişi bərpa ediləcəkdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-516/2020 saylı 08.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək, "xxxx" ASC tərəfindən hesablanmış 467,28 manat məbləğində borc vəsaiti abonent kodu **********1844B olan İddiaçı hesabından silinmişdir. İş materiallarında olan Abunə Haqqında arayışdan görünür ki, 12.04.2007-24.11.2020ci il tarixləri üçün sayğacsız orta sərfiyyat üzrə ümumi borc 655,73 manatdır. İş materiallarında olan iddiaçının abunə kodu üzrə (**********1844B) Abunə haqqında çıxarışdan görünür ki, ünvan 5 ünvanında 11.12.2007, 12.01.2010-cu il tarixlərdə sayğac dəyişdirilmişdir. Beləliklə, məhkəmə iclasında işin müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası, 844 saylı mənzildə o mütəmadi olaraq yaşamır. Bakı Elektrik Şəbəkə ASC tərəfindən mənzilində yoxlama keçirilərək 11.12.2007-ci il tarixində sayğac quraşdırılması haqqında qərar qəbul olunmuşdur. 12.04.2007-24.11.2020-ci il tarixləri üçün sayğacsız orta sərfiyyat üzrə borc hesablanmışdır. "xxxx" ASC-yə müraciət etdikdə Azərişıq tərəfindən ona 17 sentyabr 2021-ci il tarixli 7-02/H-267/2/7118 saylı məktubu ilə bildirilmişdir ki, onun 12.04.2007 -ci ildən 13.01.2010-cu il tarixə qədər dövr üçün 675,47 AZN miqdarında borcu mövcuddur. Hal-hazırda iddiaçı, Azərişıq" ASC tərəfindən hesablanan 675,47 AZN AZN miqdarında borcunun silinməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Azərbaycan Respublikası Nazirlər Kabinentinin “X1 Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 №-li Qərarın: 7.1-ci bəndinə əsasən, Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır; 7.5-ci bəndinə əsasən, müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. müstəqil enerji istehsalçısı tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı müvafiq olaraq pozuntuya yol vermiş tərəfin vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, müstəqil enerji istehsalçısı tərəfindən müvafiq olaraq dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə müstəqil enerji istehsalçısı pozuntuya yol vermiş tərəfdən istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir; 8.7-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir; 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin "Dövlət Enerjinəzarət" İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır; 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur; 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir; 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “X1 Qaydaları”nın: 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məhkəmə ilk olaraq cavabdehin etirazının dəlili kimi istinad etdiyi hala münasibətdə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-516/2020 saylı 08.01.2020-ci il tarixli qətnaməsindən məlum olur ki, mübahisəli sayğacın texniki vəziyyətinə görə məsuliyyət və nəzarət cavabdeh təşkilatın üzərinə düşür. Sayğacın texniki vəziyyətinə görə məsuliyyət və nəzarət abonentin üzərinə qoyula bilmədiyindən, həmin sayğacın hər hansı səbəbdən də çıxarılması, aparılması, yerinə qoşulmamasına və s. üçün iddiaçı təqsirli sayıla bilməz. Nəticə etibarilə işıq sayğacının hansı səbəbdən yaxud kim tərəfindən sökülüb aparılmasına cavabdeh tərəfindən hər hansı dəlillərlə aydınlıq gətirilmədiyindən bununla bağlı etirazın dəlilləri əsassızdır. Belə ki, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında bildirdiyi, habelə abunə haqqında çıxarışdan göründüyü kimi işıq sərfiyyatının olub-olmaması aydınlaşdırılmadan iddiaçıya məxsus ünvandakı mənzilə borc metodiki hesablama üsulu əsasında müəyyən edilmişdir. Bununla da yaşayış olmayan mənzil üçün işıq sərfiyyatına görə ortalama hesablama yolu ilə pul tələb edilməsi ədalətli və qanuni hesab edilə bilməz. Belə olan təqdirdə yaşayış olmayan mənzildə işıq sərfiyyatına görə pul hesablanması əsassızdır. Bu baxımdan məhkəmə hesab edir ki cavabdeh cəmiyyət sübuta yetirə bilmir ki, həqiqətən də iddiaçı tərəfindən həmin ünvanda işıq sərfiyyatı olmuşdur. Belə ki, cavabdeh cəmiyyət qanunsuz olaraq hər hansı sərfiyyatın olub-olmamasını aydınlaşdırmadan öz mülahizəsi əsasında metodiki (ortalama) hesablama apararaq, iddiaçıdan pul tələb edir. Bunun üçün qanunvericilik normalarının müddəaları ilə nəzərdə tutulmuş qaydada müvafiq əməkdaşlar tərəfindən yoxlamalar aparılmalı, yoxlamanın nəticəsinə dair aktlar tərtib olunmalı, imzalarla təsdiqlənməli idi. Lakin hazırda göründüyü kimi cavabdeh təşkilat tərəfindən formal mülahizələrlə etirazlar edilmiş, metodiki hesablamanı zəruri edən halları təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə iddia müddəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmədə sübut olunur ki, iddiaçı cavabdehdən əsassız hesablanmış borcun silinməsini tələb etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməyib. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Məhkəmə araşdırması zamanı sübuta yetir ki, iddiaçı hazırki mübahisəli borc məbləğindən cavabdehin 17 sentyabr 2021-ci il tarixli ərizəyə cavab məktubunu əldə etdikdən sonra məlumatlı olmuşdur. İddiaçı əsassız borcun silinməsini 10.11.2021-ci il tarixdə məhkəmə müstəvisində mübahisələndirmişdir. Hazırda iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti ötürülməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh təşkilatın nümayəndəsi isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 675,47 manat məbləğində borc vəsaiti abonent kodu **********1844B olan İddiaçı hesabından silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 675,47 manat məbləğində borc vəsaiti abonent kodu **********1844B olan İddiaçı hesabından silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-404/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-404/2022
03.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver