Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4062/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X5, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin tərəfindən 7-8 ilə aid 454.21 manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, bildirir ki, ’’Azəristiliktəchizat" ASC tərəfindən iddiaçının adına xidmət üzrə 7-8 ilin məbləğini əhatə edən ümumi 454.21 AZN borc tələbi irəli sürülmüşdür. Bu tələb aşağıdakı səbəblərə görə qanunsuzdur:İddiaçı ilə "xxxx" ASC arasında heç bir yazılı müqavilə bağlanmamışdır.Tələb olunan dövr ərzində xidmətin faktiki göstərilməsi və iddiaçı tərəfindən istifadəsi barədə heç bir rəsmi sübut təqdim edilməmişdir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, borcun iddia müddəti 3 il təşkil edir. 7-8 il əvvələ aid ödəniş tələbi iddia müddətinin bitməsi səbəbindən hüquqi qüvvəyə malik deyil. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddəsinə görə, istehlakçı yalnız razılığı ilə qəbul etdiyi xidmətə görə ödəniş etməlidir. Yuxarıdakı hallar nəzərə alınaraq, cavabdehin iddiaçıdan tələb etdiyi məbləğin qanunsuz hesab edilməsini xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC, Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-cı il tarixli 847 saylı “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən yaradılmışdır və başlıca vəzifəsi tərkibinə daxil olan sturukturlar vasitəsi ilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin təmin etməkdən ibarətdir. Nərimanov rayonu, Təbriz küçəsi, 87 saylı yaşayış binası 5 saylı X1 Sahəsi tərəfindən istilik enerjisi ilə təchiz edilir. Qeyd olunan yaşayış binasının 68 saylı mənzili istilik enerjisi ilə təchiz olunmasına baxmayaraq kommunal xidmətə görə 454.21 manat məbləğində borc bu günə kimi ödənilməmişdir. MPM-nin 154, 216 və 218-ci maddələrini rəhbər tutaraq İddiaçı "xxxx" ASC-yə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbi”nin tamamilə əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Bildirdi ki, müqavilə bağlamaq üçün dəfələlər müraciət etsə də, müraciəti cavabsız qalmışdır. İstilik sistemini qonşusu tərəfindən çəkildiyini,sonradan həmin xəttə qoşularaq istilik təmin edilmişdir. 2024-cü il tarixdə müqaviləyə etirazını bildirdiyini, lakin bununla bağlı heç bir akt tərtib edilmdəiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 bildirdi ki, iddiaçıya istilik enerjisinin verilməsinə görə haqqın ödənilməsi ilə bağlı bildirişlər göndərilmiş, lakin iddiaçı tərəfindən ödənişlər edilməmişdir. Bütün sakinlər ilə müqavilə bağlandığını, bağlanmasa da istilik enerjisinin verilməsinə görə kommunal xərci tələb edilir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materialları: Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2025-ci il tarixli "xxxx" ASC tərəfindən İsmayılova Reyhana göndərilmiş xəbərdarlıq bildirişindən görünür ki,İsmayılova Reyhanın 441,75 manat istilik borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli "xxxx" ASC tərəfindən İsmayılova Reyhana göndərilmiş xəbərdarlıq bildirişindən görünür ki, İsmayılova Reyhanın 454,21 manat istilik borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti X2 Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən 183217 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki,X3 Bakı şəhəri,Nərimanov rayonu,Təbriz küçəsi 87 saylı evin 68 saylı mənzilin mülkiyyətçisidir. İş materiallarında olan **********68 nömrəli abonent hərəkətlərindən görünür ki, İddiaçı ümumi 454,21 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İstilik və isti su təchizatı xidmətinə dair müqavilədən görünür ki, müqavilə Müəssisə-"xxxx" ASC tərəfindən İstehlakçının - İddiaçı mənzilinin və ya yaşayış evinin ümumi sahəsi 73,30 m2mənzildə və ya yaşayış evində qeydiyyatda olanların sayı _ nəfər olan mənzilin və ya yaşayış evinin istilik və isti su təchizatı ilə əlaqədar tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Həmin müqavilə xx.xx.2023-cü ilədək qüvvədədir. Müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. Maddə 29. Yaşayış sahəsi mülkiyyətçisinin hüquq və vəzifələri. 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ. 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 136. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibi. 136.1. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. Elektrik və istilik enerjisi ilə təchizatın subyektləri. Enerji təchizatı müəssisələri hüquqi şəxs olub müqavilələr əsasında elektrik və istilik enerjisini dövlət elektroenergetika müəssisəsindən və istehsalçılardan satın alır, müvafiq texniki və iqtisadi şərtlər razılaşdırılmaqla istehlakçılara satır. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. İstilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydaları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”. 1.1. Tətbiq sahələri. 1.1.3. Elektrik və istilik qurğularının əsas və yardımçı avadanlıqlarının mexaniki və avtomatlaşdırılmış vasitələrinin layihələndirilməsi, tikilməsi, quraşdırılması və istismarının təşkili qüvvədə olan qaydalara və tikinti normalarına uyğun olmalıdır. 1.2. Qurğulara dair tələblər. 1.2.3. Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələrinin istismarı müvafiq qurumların təsdiq etdiyi normativ sənədlərinin tələblərinə uyğun olaraq yerinə yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”: 1.4. İstilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi (bundan sonra – Müəssisə) ilə istehlakçı arasında bağlanılmış müqaviləyə əsasən həyata keçirilir. 1.5. Müqavilələr bu Qaydalara əsasən verilən texniki şərtlərin tələbləri yerinə yetirildikdən sonra əhali qrupuna aid istehlakçılarla bu Qaydaların 1 nömrəli əlavəsi, qeyri-əhali qrupuna aid istehlakçılarla isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılır. 6.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 6.1.1. bu Qaydaların tələblərinə, həmçinin 1.10-cu bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etmək; 6.1.2. istilik avadanlıqlarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək; 6.1.3. istehlakçıya məxsus mənzillərin və yaşayış evlərinin daxilində quraşdırılmış sayğacları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək, işlək vəziyyətdə saxlanılmasını və üzərindəki plombların toxunulmazlığını təmin etmək; 6.1.4. istilik və isti su təchizatı xidmətlərindən istifadə etmək üçün Müəssisə ilə müqavilə bağlamaq və bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 8.1. Müəssisə istilik və isti su təchizatı xidmətlərini aşağıdakı hallarda dayandırır: 8.1.1. istehlakçının müvafiq yazılı müraciəti (istilik və isti su təchizatı xidmətlərinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 8.1.2. Müəssisənin istehlakçıya göstərdiyi istilik və isti su təchizatı xidmətlərinin hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait bir ay müddətində tam məbləğdə ödənilmədikdə; 8.1.3. Müəssisə ilə müvafiq müqavilə bağlanmadıqda. Məhkəmənin mövqeyi Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 87 saylı evin 68 saylı mənzilin mülkiyyətçisidir. Həmin mənzilə dair kommunal xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişə əsasən "xxxx" ASC tərəfindən 441,75 manat istilik borcu, xx.xx.2025-ci il tarixli bildirişə əsasən isə 454,21 manat istilik borcu yaranması ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən tərəflər arasında xx.xx.2024-cü il tarixli İstilik və isti su təchizatı xidmətinə dair müqavilə hazırlansa da iddiaçı tərəfindən həmin müqavilə öz imzası ilə təsdiqini tapmamışdır.Hazırda iddiaçı cavabdeh ilə yazılı müqavilənin olmamasını ,borc məbləğinin tələb edilməsi ilə bağlı müddətin keçməsini əsas götürərək, cavabdeh tərəfindən müəyyən edilən 454.21 manat borcun silinməsini xahiş edir. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli cavabdeh tərəfindən iddiaçıya göndərilən bildirişə və abonent hərəkətlərinə əsasən iddiaçının 454,21 manat istilik borcu hesablanmışdır. Qeyd edilməlidir ki, tərəflər arasında hər hansı müqavilə mövcud deyildir. Cavabdeh iddiaçı ilə aralarında müqavilə bağlandığını bildirsə də, həmin müqavilə iddiaçı tərəfindən təsdiqlənməmiş, müqavilənin iddiaçı tərəfindən tanınması kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Mülki Məcəllənin 385.1-ci maddəsinin mətnindən və mahiyyətindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, iddiaçının istilik enerjisindən istifadə ilə bağlı öhdəliyin yaranması üçün onunla cavabdeh arasında həmin xidmətin göstərilməsi ilə bağlı müqavilə olmalıdır. Məhkəmə iclasında isə tərəflər arasında belə müqavilənin bağlanması müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, “İstilik enerjisindən istifadə Qaydaların"da İstilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə abonent arasında müqavilənin bağlanılması nəzərdə tutulmuşdur. Yəni enerjitəchizatı müəssisəsi fiziki şəxslərə yalnız müqavilə bağlanılması yolu ilə xidmət göstərirlər. Yuxarıda istinad olunan Qaydalardan da göründüyü kimi, istehlakçının onunla müqavilə bağlanmasını tələb etmək, cavabdehin isə müqavilə bağlanmadığı halda istilik enerjisini dayandırmaq hüququ vardır. Göründüyü kimi göstərilən normativ hüquqi aktda istilik enerjisinin istehsalını, ötürülməsini, paylanılmasını və satışını həyata keçirən təchizatçı müəssisə - Cavabdeh ASC-nin istilik enerjisi şəbəkələrinə qoşulmuş istehlakçılarla müqavilənin bağlanılması nəzərdə tutulmasa da, həmin qaydalarda təchizatçı müəssisənin üzərinə istilik enerjisi təchizatının dayandırılması barədə müqavilə bağlanmış istehlakçılara məlumat verilməsi vəzifəsi qoyulmuşdur. Bu qaydaları əsas tutaraq məhkəmə belə nəticəyə gəlir ki, istilik təchizatını həyata keçirən müəssisə istilik enerjisinin istehlakçıya ötürülməsini, paylanmasını və satışını həyata keçirərkən onunla müqavilə bağlamalıdır. Belə müqavilənin bağlanmaması həm istehlakçının istilik təchizatı müəssisəsi qarşısında öhdəliyin yaranmamasına səbəb olur, həm də təchizat müəssisəsinin istehlakçıya qarşı hər hansı tələb irəli sürmək hüququnu yaratmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh qarşısında istilik enerjisindən istifadə ilə bağlı hər hansı müqavilə bağlanmadığı üçün, iddiaçının istehlakçı kimi istilik enerjisindən istifadə ilə bağlı hər hansı öhdəliyi yaranmamışdır və bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya belə bir borc hesablanması qanuni hesab edilmir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının mülkiyyətində olan İddiaçı istilik enerjisindən istifadə ilə bağlı abunə hesabına (**********68) yazılmış cəmi 454,21 (dörd yüz əlli dörd manat, iyirmi bir qəpik) manat borc silinməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı istilik enerjisindən istifadə ilə bağlı abunə hesabına (**********68) yazılmış cəmi 454,21 (dörd yüz əlli dörd manat, iyirmi bir qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4062/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4062/2025
09.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver