Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4072/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin (Cavabdeh Lizinq Şirkəti” QSC) nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Cavabdeh Lizinq Şirkəti” QSC) qarşı “daxili lizinq müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh-nə daxili lizinq müqaviləsi üzrə ödənilmiş 10.000 (on min) ABŞ dolları və 7.496 (yeddi min dörd yüz doxsan altı) manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 04 iyul 2011- ci il tarixdə Cavabdeh ilə daxili lizinq müqaviləsi bağlayaraq bir ədəd "Ford Cargo - 3230" markalı yük avtomobili əldə etmiş, şərtlərə uyğun olaraq mütəmadi şəkildə cədvəl üzrə ödənişləri həyata keçirmişdir. Müqavilə bağlandıqdan sonra ilkin ödəniş kimi onlara nəğd şəkildə 10 000 (on min) ABŞ dolları məbləğində pul ödəmiş və sonrada hər ay cədvəl üzrə ödəniş öhdəliyinə əməl edərək 7 496 (yeddi min dörd yüz doxsan altı ) manat məbləğində pul ödəmiş və heç bir problem olmamışdır. Lakin həmin müqavilədən 10 ay keçdikdən sonra həmin avtomobil 19 aprel 2012 ci il tarixdə Bakı - Qazax - Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yolun kənarında dayanan zaman başqa bir avtomobil ona çırpılaraq qəza törətmiş və həmin qəza X10 İdarəsinin əməkdaşları tərəfindən qeydə alınıb və araşdırılaraq günahın qarşı tərəfin olduğu müəyyən edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülmüşdür. Bu hadisədən sonra "AXA MBASK" sığorta şirkəti 13 437 (on üç min dörd yüz otuz yeddi) manat məbləğində sığorta ödənişi sığortalı avtomobilin təmiri üçün "Şərq qapısı" şirkətinin hesabına ödənilmişdir. Avtomobil təmir edildikdən sonra lizinq şirkəti iddiaçını xəbərdar etmədən həmin avtomobili başqa birisinə satmışdır. Bundan xəbər tutduqdan sonra o məhkəmədə "avtomobilə istifadə hüququnun tanınması tələbinə dair" iddia qaldırmış və iddiası təmin edilməmişdir. İddiaçı dəfələrlə lizinq şirkətinə müraciət edərək, təmirdən sonra avtomobili ona verilməsini və ödənişləri əvvəlki qaydada davam etdirəcəyi barədə xahiş etsə də, buna lizinq şirkəti məhəl qoymamışdır. Belə olan halda iddiaçı onlardan ya avtomobili ona verilməsini, ya da lizinq şirkətinə nəğd şəkildə ödədiyi 10 000 (on min) ABŞ dolları və 7 496 (yeddi min dörd yüz doxsan altı) manat məbləğində ödəniş cədvəli üzrə ödədiyi pulun qaytarılmasını tələb etmişdir. Lakin lizinq şirkəti susur və bu barədə heç nə bildirmirlər. Hətta pretenziya məktubuna cavab vermirlər. Cavabdeh ilə 2011-ci il tarixdə bağlanmış 48 aylıq müqavilənin müddəti bitdikdən sonra yəni 2015-ci il tarixdə "borcun ödənilməsi barədə" məhkəmədə iddia qaldırmışlar və iddia təmin olunmuşdur. Bunların hərəkətlərindən və ya hərəkətsizliyindən bezərək iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-344/2017 nömrəli, 14 fevral 2017-ci il tarixli Qətnaməsinin surətinə əsasən İddiaçı cavabdeh “Unilizinq" Lizinq şirkəti QSC-yə qarşı “avtomobilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" Lizinq Şirkəti QSC-nin İddiaçı və X5 qarşı iddiası qismən təmin edilmiş, 13.494,71 manat əsas borc, 3.710 manat faiz borcu, 1.079 manat sığorta borcu, 4.000 manat cərimə, cəmi 22.283,71 manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı və X2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı və X3 apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 17 iyun 2015-ci İl tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3247/2016 saylı 14.07.2016-cı il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2015-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır; İş materiallarına əlavə edilmiş 10.07.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" Lizinq Şirkəti QSC-nin İddiaçı və X5 qarşı iddiası qismən təmin edilmiş, 13.494,71 manat əsas borc, 3.710 manat faiz borcu, 1.079 manat sığorta borcu, 4.000 manat cərimə, cəmi 22.283,71 manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı və X2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı və X3 apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 17 iyun 2015-ci İl tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3247/2016 saylı 14.07.2016-cı il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2015-ci il tarixli Qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən 04 iyul 2011- ci il tarixdə Cavabdeh ilə daxili lizinq müqaviləsi üzrə tututlması olan məbləğ müəyyən edilmiş, lizinq müqaviləsi üzrə müəyyən olunan borc həmin qətnamə ilə tutulmuş və 13.494,71 manat əsas borc, 3.710 manat faiz borcu, 1.079 manat sığorta borcu, 4.000 manat cərimə, cəmi 22.283,71 manat məbləğində olması qət edilmişdir. Başqa sözlə həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən borcun əsaslı olub-olmamasına hüquqi qiymət verilmişdir. Bu səbəbdən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Cavabdeh Lizinq Şirkəti” QSC) qarşı “daxili lizinq müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə (Cavabdeh Lizinq Şirkəti” QSC) qarşı “daxili lizinq müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4072/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4072/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver