Məhkəmə qərarları › İş №2(005)-4110/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4110/2021

19.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4110/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı “kooperativ mənzil tikintisi haqqında bağlanmış müqavilənin etibarsız hesab sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi və X2 arasında bağlanmış 11 yanvar 2006-cı il tarixli kooperativ mənzil tikintisi haqqında 198№ müqavilə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil 16.08.2021-ci il tarixində məhkəmənin dəftərxana vasitəsilə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, sənədlərin geri qaytarılmasını və iddianın təmini tədbiri barədə qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı hakim iddiaçının vəsatətinə əsasən iddia ərizəsini geri qaytara bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarının 12-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsini geri götürə bilər. MPM-nin 170 və 259.0.11-ci maddələrinin əlaqəli izahına görə bu əsasla ərizənin baxılmamış saxlanılması ərizə icraata qəbul ediləndən sonra işə mahiyyəti üzrə baxılana kimi mümkündür. İddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğun olsa da cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməyə haqlıdır. İddia ərizəsinin qaytarılması barədə ərizə verilsə də cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etdikdə ərizə baxılmamış saxlanıla bilməz və mahiyyəti üzrə baxılmalıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğundur, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmir. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260 və 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı “kooperativ mənzil tikintisi haqqında bağlanmış müqavilənin etibarsız hesab sayılması” tələbinə dair mülki iş üzrə iddiaçının geri qaytarılma barədə ərizəsi təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar