Məhkəmə qərarları › İş №2(005)-4127/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4127/2022

03.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4127/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdehlər X3, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0570, Kod 41003018 nömrəli dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 31.93 ha olan torpaq sahəsinin 4.15 ha hissəsinin X3 satılması barədə 30 yanvar 2008-ci il tarixli, AN ******* nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2013-cü il tarixli, Seriya RX. ******* saylı çıxarışın; 0.6756 ha hissəsinin Cavabdeh4 satılması barədə 14 oktyabr 2013-cü il tarixli, AN ******* nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2013-cü il tarixli, Seriya RX, ******* saylı çıxarışın; 1.5577 ha hissəsinin Cavabdeh5 satılması barədə 14 oktyabr 2013cü il tarixli, AN ******* nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2013-cü il tarixli, Seriya RX, ******* saylı çıxarışın; 20.67 ha hissəsinin X1; 5 ha hissəsinin Cavabdeh4 satılması barədə alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. İddia tələbindən göründüyü kimi iddiaçı bir neçə cavabdehə qarşı ayrı-ayrı alqısatqı müqavilələrin və mülkiyyət hüquqlarının qeydiyyatı barədə çıxarışların etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İlk növbədə məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normasını imperativ şərtinin ödənilməməsini, yəni iddia tələbinin əsası kimi istinad olunan materilların əlavə olunmadığını müəyyən etmişdir. Halbuki, iddia tələbinin əsasını mübahisə predmetinin obyekti olan sənədlərin iddia ərizəsinə əlavə edilməsindən ibarətdir. Bu imperativ şərtin təmin edilmədiyi təqdirdə məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılmasına əsasdır. Eyni zamanda yuxarıda qeyd olunduğu kimi iddiaçının tələbi özündə bir neçə fərgli, bir-biri ilə bağlı olmayan tələbləri bir iddia ərizəsində iddia tələbini birləşdirməklə fərqli cavabdehlərə qarşı yönəlmişdir. Lakin yuxarıda göstərilən maddi hüquq normasının imperativ tələblərinə iddiaçı tərəfindən əməl edilməməsi, hazırda qeyd olunan cavadehlərə qarşı qeyd olunan tələblərin bir icraatda baxılmasının mümkünlüyünün müəyyən edilməsini qeyri-mümkün edir. Bu halda hazırda iddia ərizəsində göstərilən tələbləri bir iddia icraatında baxılıb baxılmaması aparılan məhkəmə araşdırmasını əsas istiqamətini müəyyən etməklə yanaşı habelə gələcəkdə digər şəxslərin hüquqlarının pozulması, habelə yeni məhkəmə mübahisələrinin yaranması ilə nəticələnə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı cavabdehlər X3, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.4, 152.1.1, 152.2, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün "xxxx" ASC vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi əsasında ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar