Məhkəmə qərarları › İş №2(005)-417/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-417/2024

06.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-417/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi, ev 5A, 1 saylı mənzildə yaranmış 1771,47 manat elektrik borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68, 65 saylı mənzildə yaranmış 2765,35 manat, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi, ev 5A, 1 saylı mənzildə yaranmış 1761 manat elektrik borcunun silinməsi, sayğacların adına keçirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 2005-ci ildən etibarən milliyətcə rus olan Svetkova soyadlı şəxsdən aldığı ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində öz adına qeydiyyatdan keçirərək almışdır. O zamandan indiyə qədər mənzildə yaşayış olmamış, özü qonşu mənzildə yaşadığı üçün həmin mənzili anbar, saxlanc yeri kimi istifadə etmişdir. Nəticə etibarilə qeyd edilən mənzildə elektrik enerjisindən istifadə edilməmişdir. Mənzildə sayğac qoyularkən əvvəlki köhnə sayğac üzərində olan 1771,47 manat borc yenisinin üzərinə yazılmış və onun adına qeydiyyata alınmamışdır. Ona görə də həm mənzildə yaşayış olmamasını "xxxx" ASC əməkdaşları yoxlayaraq təsdiqləmişlər. Məsələ ilə bağlı "xxxx" ASC-yə yazılı müraciətinizə cavab olaraq borcların məhkəmə qaydasında silinə bilməsinin mümkünlüyü onlara bildirilmişdir. Yaranmış borcun onun borcu olmamasının nəzərə alınmasını xahiş edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3985/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə əlavə ərizəsi geri qaytarılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbinin qəbul etmədiklərini, İddiaçı tərəfindən 2005-ci ildən 2014-cü ilə qədər istifadə olunmuş elektrik enerjisinə və tərtib olunmuş aktlara görə 1771,47 manat borc hesablanmışdır. İddiaçı (abunə kodu:**********A0001) bununla bağlı hər ay istifadə olunmuş elektrik enerjisinin hesabatı ilə bağlı qəbzlərlə tanış olmuşdur. Həmin qəbzlərdə 2005-ci ildən 2014-cü ilə qədər hər ay ərzində istifadə olunmuş elektrik enerjisi hesablanaraq ümumi borc qeyd olunmuşdur. Lakin iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə 2023-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti (3 il) ötdükdən sonra məhkəməyə verilmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - 218404 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. - AR DİN ******* nömrəli Arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzildə qeydiyyatdadır. - 042823 nömrəli Arayışdan görünür ki, ünvan 1 saylı mənzildə qeydiyyatdadır. - İddiaçının abunə kodu üzrə (0**********A0001) Abunə haqqında çıxarışdan görünür ki, 11 may 2007-ci il tarixindən başlayaraq, 2011-ci il, 2012-ci il, 2013-cü il və 2014-cü illərdə müxtəlif tarixlərdə ödənişlər edilmişdir. Son ödəniş xx.xx.2023-cü il tarixində edilmişdir. - İddiaçının abunə kodu üzrə (**********680065) Abunə haqqında çıxarışdan görünür ki, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər borc hesablanmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 №-li Qərarın: 7.1-ci bəndinə əsasən, Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır; 7.5-ci bəndinə əsasən, müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. müstəqil enerji istehsalçısı tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı müvafiq olaraq pozuntuya yol vermiş tərəfin vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, müstəqil enerji istehsalçısı tərəfindən müvafiq olaraq dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə müstəqil enerji istehsalçısı pozuntuya yol vermiş tərəfdən istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir; 8.7-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir; 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bu baxımdan iddiaçı cavabdeh "xxxx" ASC tərəfindən ona hər hansı məbləğdə borcun əsassız olaraq hesablandığını sübut etməli idi. Lakin iddiaçı məhkəmə iclasında "xxxx" ASC tərəfindən ona əsassız olaraq borcun hesablandığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, tərəflər faktiki olaraq müqavilə münasibətlərində olmuşlar. Başqa sözlə, cavabdeh müəyyən məbləğdə ödənişlər etmək şərti ilə iddiaçını elektrik enerjisi ilə təmin etməli, iddiaçı isə həmin elektrik enerjisindən dəyərini ödəməklə istifadə etməli idi. Bu baxımdan iddiaçı cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə təmin edilmiş və iddiaçı həmin elektrik enerjisindən istifadə etdiyi üçün də müvafiq vəsaiti ödəmişdir. Belə ki, elektrik enerjisindən istifadə etməsi hüquqi nəticə etibarı ilə iddiaçıya onun dəyərini ödəmək öhdəliyini yaradır. Bundan əlavə məhkəmə iddiaçının iddia tələbinin dəlilli kimi istinad etdiyi həmin borcun 2005-ci ildən öncə yaranmış borc olması ilə və iddiaçı tərəfindən mənzil alındıqdan sonra elektrik enerjisindən istifadə edilməməsi hala münasibətdə qeyd edir ki, bununla bağlı cavabdeh cəmiyyət tərəfindən müvafiq olaraq İddiaçının abunə kodu üzrə (0**********A0001) Abunə haqqında çıxarışda borcların 2005-ci ildən sonra üçün hesablandığı, iddiaçı tərəfindən 2011-ci ildən etibarən ödənişlər edildiyi müəyyən edilir. Eyni zamanda iddiaçı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68, 65 saylı mənzildə yaranmış 2765,35 manat borcun əsassız hesablanması barədə də hər hansı sübut təqdim edə bilməmişdir. Hazırkı iş materialları və tərəflərin ərizələri ilə də müəyyən edilir ki, qeyd edilən borc məbləği hər hansı akta əsaslanmamış, iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyərinə görə yaranmışdır. Məhkəmə MPM-in 77.1-ci maddəsinə uyğun olaraq bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Həmin maddəyə uyğun olaraq iddiaçı əsassız hesablandığını iddia etdiyi borcun cavabdeh tərəfindən əsassız şəkildə onun abunə hesabına hesablandığını təsdiq edən sübutlar təqdim etməli idi. Hazırkı halda isə iddiaçı silinməsini tələb etdiyi borc məbləğinin əsassız olaraq hesablanmasını təsdiq edən hər hansı sübut təqdim etməmiş, sadəcə formal mülahizələrlə onun qeyd edilən borc məbləğində elektrik enerjisindən istifadə etməsinin mümkünsüz olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin "xxxx" ASC-nin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin “sayğacların iddiaçının adına keçirilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən sayğaclar üzrə borcun olmaması hissəsində təmin edilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nı 8.21-ci bəndinə əsasən, Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. 8.22-ci bəndinə əsasən, Məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsasını təşkil edən halları təsdiq edən sübutlar təqdim etmədiyindən, onun abonent hesabına hesablanmış borcun əsassız olmasını sübuta yetirə bilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti (3 il) ötdükdən sonra məhkəməyə verilməsi məsələsi ilə bağlı qeyd edir ki, iddia tələbi mahiyyət etibarilə rədd edildiyindən iddia müddətinə münasibət bildirmək üçün hər hansı zərurət mövcud deyildir. Məhkəmə bu qənaətə gələrkən mülki prosessual hüquququn prosessual qənaət prinsipini də nəzərə almışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borc tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borc tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar