Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-421/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əkbərova Mehriban Əkbər qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Əkbərova Mehriban Əkbər qızı, Bakı şəhəri 35 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pay hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 2, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 108, giriş D, mənzil 2 və ünvan 4-ün ½ hissəsi üzərində X9, ½ hissəsi üzərində onun pay hüquqlarının tanınmasına, X5 ilə birgə nikah dövründə əldə etdikləri “Toyota Prius” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ bir hissəsi üzərində X9, ½ hissəsi üzərində onun pay hüquqlarının tanınması, onun əmlaklar üzərində ½ pay hüququ müəyyən edildikdən sonra yerdə qalan ½ payın məcburi qaydada vərəsələr arasında, yəni İddiaçı, Məmmədova (Musabəyova) Nigar Alik qızı və Cavabdeh2 oglu arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 ilə 05 fevral 1994-cü ildə rəsmi nikaha daxil olub ailə qurmuş və onların birgə nikahından xx xxxxxx 1995-ci il təvəllüdlü X16 anadan olmuşdur. X15 ilə ailə qurandan sonra bir müddət mehriban yaşamış, sonradan cavabdehlə xasiyyətləri və dünya görüşləri bir-birinə tamamilə zidd olduğu üçün bir ailədə yaşamaq qeyri-mümkün olmuşdur. Buna görə də nikahın pozulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 18 sentyabr 2019-cu il tarixli, 2(005)- 2744/2019 saylı qətnaməsi ilə X15 ilə aralarında xx.xx.1994-cü ildə Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evi tərəfindən qeydə alınmış və 92 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Nikahın pozulmasının qeydə alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət olunan zaman ona bildirilmişdir ki, X2 Mehriban Əkbər qızı ilə də rəsmi nikahda olmuş, həmin nikah qeydi xx.xx.1994-cü ildə qeydə alınmışdır. Halbuki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasında yalnız tək nikahlı (monoqam) ailə mümkündür. 1994-cü ildə ola bilər ki, sənədləşmənin elektron olmaması nəticəsində Alik Musabəyov eyni vaxtda iki nəfərlə rəsmi nikaha daxil olmuşdur. Buna görə də o, Bakı şəhəri Xəzər rayon Məhkəməsinə nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X15 ilə Əkbərova Mehriban Əkbər qızı arasında bağlanmış 25 avqust 1994-cü il tarixli Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qeydiyyat şöbəsində 346 nömrə ilə qeyd edilmiş nikah etibarsız sayılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Вakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi isə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2022-ci il 2(102)-932/2022 saylı qərarı ilə cavabdeh Əkbərova Mehriban Əkbər qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-8733/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X5 ilə ailə qurduqdan sonra onlar uzun müddət ailə kimi birgə yaşamış və birgə təsərrüfatı idarə etmişdirlər. Birgə nikah dövründə ünvan 2, ünvan 3-ni və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 8 A, mənzil 3-ü, o cümlədən “Toyota Prius” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə ediblər. O, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsi, ev 108, giriş D, mənzil 5, ünvan 3-ni və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 8 A, mənzil 3-ü, o cümlədən “Toyota Prius” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair öhdəliklərin yerinə yetirilməsində mərhum əri X15 ilə birgə iştirak etmiş, yəni mənzillərin və avtomobilin əldə edilməsinə əsas olmuş ümumiliyin iştirakçısı olmuşdur. Hazırda göstərilən mənzillərə və avtomobilə dair Bakı şəhəri 35 saylı Notariat Ofisində Məmmədova (Musabəyova) Nigar Alik qızı və Cavabdeh2 müraciətləri əsasında vərəsəlik işi açılmışdır. Göstərilən əmlaklara dair onun pay hüququ tanındıqdan sonra yerdə qalan pay vərəsələr arasında bərabər qaydada bölünməlidir. Cavabdeh2 vəkili və nümayəndəsi “iddia müddətinin tətbiqinə dair” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə mərhum Alik Musabəyov arasındakı nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Bu iddia isə həmin nikahın pozulmasından 3 il sonra yəni, xx.xx.2022-ci il taixində məkhəməyə təqdim olunmuşdur. Bu səbəbdən iddiaçı Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzədə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Buna görə də iddia müddətini ötürməsi əsası ilə iddia rədd edilməlidir. Cavabdeh2 vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, işə təqdim etdiyi və aşağıda qeyd edilən sübutlardan da göründüyü kimi M.Alik Ə.Mehriban ilə birgə yaşayıb və onunla birgə təsərrüfat aparıb. O, Sürəyya M. ilə birlikdə yaşamayıb, onunla birgə təsərrüfat aparmayıb. Həmin sübutlar əsasında xahiş edir ki, iddia tələbi rədd olunsun: 1) Nərimanov rayon Məhkəməsinin 2(005)-2744/2019 saylı xx.xx.2019 tarixli qətnaməsi. Sübut edir ki, iddiaçı Sürəyya M. ilə Alik M.-in arasında 1994cü ildə nikah bağlansa da, onlar 19 ildir ki, birgə yaşamır, birgə təsərrüfat aparmır və birgə gəlir əldə etmirlər. Yəni Alik M.-in adında qeydiyyatda olan əmlak onların nikah dövründə əldə etdikləri gəlirləri hesabına alınmayıb. Bütün bunları iddiaçı heç bir təzyiq və basqı olmadan yazdığı iddia ərizəsində etiraf edib. 2) Nəsimi 15 MMMC-nin verdiyi xx.xx.2023cü tarixli Arayışı. Sübut edir ki, M Alik, həyat yoldaşı Ə.Mehriban və oğlu M.İlkin ilə birlikdə Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsi 108, giriş D, mənzil 2 və 5-də yaşayıb. Bu arayış eyni zamanda onu da sübut edir ki, Alik M. Sürəyya M. ilə birlikdə yaşamayıb, onunla birgə təsərrüfat aparmayıb. 3) Ailə fotoları. Sübut edir ki, M.Alik Ə.Mehriban ilə birgə yaşayıb və onunla birgə təsərrüfat aparıb. Lakin həmin fotolar da iddiaçını görmək mümkün deyil, bu da Alik M.-in, Sürəyya M. ilə birgə yaşamadığını və onunla birgə təsərrüfat aparmadığını sübut edir. 4) X10 toy şənliyin təşkil olunması ilə bağlı yerləşmə planı və qonaqların siyahısı, ona alınmış cehiz siyahısı. Sübut edir ki, X10 toy şənliyinin təşkil olunması zamanı M.Alik, Ə.Mehriban ilə məşvərət aparılıb, çağırılacaq qonaqların siyahısını birlikdə tutduqları kimi, onların harada oturacaqlarını da birlikdə müəyyən ediblər, bundan başqa qıza alınacaq cehizləri də birlikdə müəyyən ediblər. Belə ki, bunlara dair bütün yazılar Ə.Mehribanda qalıb. Bütün bunlar bir daha sübut edir ki, Alik M. Sürəyya M. ilə birlikdə yaşamayıb, onunla birgə təsərrüfat aparmayıb. 5) Alik M.-in adına tərtib olunmuş Epikriz və ölüm haqqında şəhadətnamə. Bu sənədlərin əsli xəstəxanadan və qeydiyyat şöbəsində Ə.Mehribana təqdim olunub. Məhz mərhum xəstələndiyi zaman təcili yardım maşını ilə Ə.Mehriban ilə birlikdə yaşadığı ünvan 1 ünvanından xx.xx.2021-ci il tarixində FHN-nin X19 aparılıb. xx.xx.2021-ci ildə vəziyyəti kəskin şəkildə pisləşib və xx.xx.2021-ci il tarixində vəfat edib. Həmin Epikriz tək nüsxə olaraq tərtib olunub və həyat yoldaşı Ə.Mehribana təqdim olunub. Məhz həmin epikriz əsasında da Ə.Mehriban qeydiyyat şöbəsindən Alik M.-in adına ölüm haqqında şəhadətnamə alıb. Bütün bunlar sübut edir ki, M.Alik, Ə.Mehriban ilə birgə yaşayıb və onunla birgə təsərrüfat aparıb. O, Sürəyya M. ilə birlikdə yaşamayıb, onunla birgə təsərrüfat aparmayıb. 6) Şahidlər. Baxış iclasında dinlənməsi üçün təqdim edəcəyimiz şahidlər də sübut edir ki, M Alik Ə.Mehriban ilə birgə yaşayıb və onunla birgə təsərrüfat aparıb. 7) İşə əlavə edilmiş digər sübutlar da təsdiq edir ki, M.Alik, Ə.Mehriban ilə birgə yaşayıb və onunla birgə təsərrüfat aparıb. Cavabdeh2 nümayəndəsi (vəkili) həmçinin məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək X5 ilə birgə nikah dövründə əldə etdiyini bildirdiyi 1) Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 108, giriş D, mənzil 2; 2) C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D, mənzil 5; 3) Xəzər rayonu Buzovna qəs. A.Mirzəyev küçəsi ev 8A, mənzil 3; 4) Toyota Prius minik markalı 99TN392 avtomobildən ibarət əmlak üzərində 1/2 pay hüququnun tanınması, qalan 1/2 payın onun, X16, X22 arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Aşağıdakı əsaslar ilə həmin iddia ərizəsinin rədd olunmasını məhkəmədən xahiş edirik: 1) İddia edilən əmlak İddiaçı ilə X11 birgə gəlirləri hesabına əldə olunmayıb. Belə ki, məhkəmə icraatı zamanı məlum oldu ki, iddiaçının, X15 ilə birgə nikah dövründə birgə gəlirlər hesabına əldə etdiyini bildirdiyi əmlak, əslində onun və X15 ilə birgə nikah dövründə birgə gəlirlər hesabına hesabına əldə edilməyib. Məhz iddiaçının, X15 ilə nikahın pozulması üçün verdiyi heç bir təzyiq və məcbur etmə olmadan yazdığı xx.xx.2019-cu il tarixli iddia ərizəsindən və Nərimanov rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 2(005)- 2744/2019 saylı qətnaməsindən və həmin iş üzrə iclas protokollarından məlum olur ki, İddiaçı, X15 15 ildir ki, yəni 2004-cü ildən bəri birgə təsərrüfat aparmırlar, onların nikahı tamamilə formal xarakterdədir. Yəni yuxarıda iddiaçının iddia etdiyi həmin əmlak İddiaçı ilə X9 birgə gəlirləri hesabına əldə olunmayıb. Məhz, Ailə Məcəlləsinin Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin də bir çox qərarında da qeyd edilir ki, daşınmaz əmlakın cavabdehin (mərhumun) adına rəsmləşdirilməsi tərəflərin birgə nikah müddətinə təsadüf etsə də, həmin evin onların birgə vəsaiti əsasında tikilməsi təsdiq olunmadığına görə əmlak bölgüsü ilə bağlı tələbin təmin olunması yolverilən hesab edilmir. Qeyd edilənlərdən məlum olduğu kimi, iddiaçının bölünməsini tələb etdiyi əmlak onların birgə nikah dövründə birgə gəlirləri hesabına əldə olunmayıb. Ona görə də iddia tələbi həmin hissədə rədd olunmalıdır. Bundan başqa işdə olan sübutlarda məlum olur ki, bölünməsi tələb edilən əmlak X9 mülkiyyətinə bağışlama yolu ilə keçib. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 2) İddiaçı 3 illik iddia müddətini də ötürmüşdür. Yuxanda qeyd edilənlərdən dolayı hesab edir ki, iddiaçının bölünməsini tələb etdiyi əmlak birgə gəlirlər hesabına əldə olunmadığı üçün bölünmənin predmeti ola bilməz. Bundan başqa Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Məlum olduğu kimi, İddiaçı ilə X15 arasındakı nikah Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixində pozulub. Bu iddia ərizəsi isə həmin nikah pozulandan 3 il sonra yəni, xx.xx.2022-cı il tarixində məhkəməyə təqdim olub. Ona görə də məhkəmədən həm də xahiş edir ki, həmin iddia ərizəsini iddia müddəti şamil edilərək, iddia müddəti ötürüldüyü üçün iddia ərizəsi rədd olunsun. 3) İddiaçının qanun üzrə vərəsəlik hüququ mövcud deyildir. Məlum olduğu kimi, iddiaçı həm də X9 vərəsəsi olduğunu, bu səbəblə qalan 1/2 payın onun, X16, Cavabdeh2 arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Hesab edir ki, bu tələb də tamamilə qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Qeyd edilənlər əsasında xahiş edir ki, iddiaçının iddia ərizəsi təmin edilməsin. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o, ömür boyu Alik ilə birlikdə yaşamış və birgə təsərrüfat aparmışdır. Boşanma zamanı bütün işləri vəkilə həvalə etmiş, vəkil isə iddia ərizəsində 15 ildir birgə təsərrüfat aparmadıqlarını qeyd etmişdir. Bu, formal olaraq qeyd edilmişdir. Boşanma formal xarakter daşıyırdı. Boşandıqdan sonra da Həsən Əliyev küçəsində yerləşən mənzildə birlikdə yaşamışlar. 2005-ci ildə Alikin başqa qadından oğlu olduğunu öyrənmişdir. Bütün məclislərə birlikdə getmişlər. Alik İlkini məclislərə gətirmək istədiyi zaman həmişə ondan icazə almışdır. O, icazə verdiyi zaman İlkini də həmin məclislərə gətirirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, o, iddiaçının qızıdır. Doğulduğu gündən atası onlarla birlikdə yaşamışdır. Mehriban xanım barədə sonradan məlumat əldə etmişlər. Bununla bağlı atası ilə anası arasında mübahisə yaranmış, lakin 2 və ya 3 ay sonra anası atasını bağışlamışdı. Atası son günə qədər onlarla yaşamışdır. Bununla bağlı qonşulardan ərizə almışlar. Həmin ərizələr məhkəməyə təqdim edilmişdir. Mehriban xanımın onun toy məclisinin təşkilində iştirak etdiyini bildirməsi yalandır. Onun toy məclisində Mehriban xanımın işi ola bilməz. Bütün sənədlər atasının avtomobilində olmuşdur. Belə ki, onların mənzilində təmir işləri aparılırdı. Atası bununla bağlı olaraq, mənzildəki sənədləri avtomobilinə qoymuşdu. Daha sonra vəfat etdiyi üçün avtomobili İlkin götürmüş və oradakı sənədləri oğurlamışdır. Hazırda bu səbəbdən bütün sənədlər onlarda vardır. Həmin sənədlər onların mənzilində olmuşdur. Mehribanın təqdim etdiyi toy və cehiz siyahısı da onun anasında olmuşdur. Onlarda olan avtomobildə olan siyahıdır və onu da oğurlamışlardır. Atası ölənədək o, əri, anası və atası ilə birlikdə hər şənbə, bazar harasa istirahət etməyə gedirdilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə təqdim etdiyi yazılı izahatına uyğun ifadə verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əkbərova Mehriban Əkbər qızı bildirmişdir ki, Alik mənzilləri almağa onunla getmişdir. Birlikdə notariusa da getmişlər. Hər mənzil üçün 20000 dollar, cəmi 40000 dollar ödəniş etmişdir. İlkin olaraq MTK-dan mənzilləri Alikin adına almışlar. Mənzillərin sənədləşdirilməsi Yaşar tərəfindən edilmişdir. Lakin onların pulu onunla Alik tərəfindən verilmişdir. Hətta onların pulu tam çatmadığından, onun bacısı onlara pul verərək, köməklik etmişdir. Alikin qızı Nigarın toy məclisinə dəvət edilən şəxslərin siyahısı və cehizlərin siyahısı da onunla Alik tərəfindən tərtib edilmişdir. Həmin siyahılar hazırda ondadır. O, Alik ilə bütün toy və yas mərasimlərində iştirak etmişdir. Alikin bütün sənədləri onların evindədir. Hər zaman birlikdə yaşamışlar. Alik vəfat etdiyi zaman ölüm haqqında şəhadətnaməni ona vermişlər. Onun ailəsi olmasa idi, həmin sənədi ona verməzdilər. O, Alik ilə 1985-ci ildə birlikdə işlədiyi yerdə tanış olmuşdu. 1988-ci il tarixində onlar üzük gətirmişlər, lakin 1994-cü ildə mübahisələri yaranmışdı və üzüyü qaytarmışdır. Alik o zaman Sürəyya ilə evlənmişdir. Cəlil Məmmədquluzadədə yerləşən mənzillərin sənədləri də ondadır. Bütün mənzillər onunla birgə təsərrüfat apardıqları dövrdə əldə edilmişdir. Buzovnada yerləşən mənzil də Alik tərəfindən 1998-ci ildə alınmışdır. Bununla bağlı onda qəbzlər vardır. Alik qızına görə digər ailəsinin də yanına gedirdi. Alik xəstə olduğu dövrdə də ona qulluq etmiş,o, xəstəxanaya da onun evindən çıxaraq getmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 35 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı nikahları xx.xx.1994-cü il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Musabəyova” soyadı verilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X6 xüsusi mülkiyyəti olaraq xx.xx.2010-cu il tarixində ********** nömrə ilə qeydə alınmışdır; xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57,2 kv.m., yaşayış sahəsi 30.7 kv.m., yardımçı sahəsi 26,5 kv.m. olan mənzil X13 tərəfindən X12 hədiyyə edilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X9 xüsusi mülkiyyəti olaraq xx.xx.2015-ci il tarixində ********** nömrə ilə qeydə alınmışdır; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X6 xüsusi mülkiyyəti olaraq xx.xx.2010-cu il tarixində ********** nömrə ilə qeydə alınmışdır; xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57,2 kv.m., yaşayış sahəsi 30.7 kv.m., yardımçı sahəsi 26,5 kv.m. olan mənzil X13 tərəfindən X12 hədiyyə edilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X9 xüsusi mülkiyyəti olaraq xx.xx.2015-ci il tarixində ********** nömrə ilə qeydə alınmışdır; Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 172387 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Neymətulla küçəsindəki 8a nömrəli yaşayış evinin 3 saylı mənzili xx.xx.1999-cu ildə X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir; xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 32,48 kv.m., yaşayış sahəsi 16,59 kv.m. olan mənzil X13 tərəfindən X12 hədiyyə edilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil X9 xüsusi mülkiyyəti olaraq xx.xx.2015-ci il tarixində ********** nömrə ilə qeydə alınmışdır; AD seriyalı 597704 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X9 “Toyota Prius” minik markalı nəqliyyat vasitəsi üzərindəki mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 2744/2019 saylı qətnaməsinin surətindən görünür ki, X15 ilə Musabəyova (Quliyeva) Sürəyya Fərrux qızı arasında xx.xx.1994-cü ildə Bakı şəhəri Binəqədi Rayonu “Leyla” nikah evi tərəfindən qeydə alınmış və 92 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur; Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X15 ilə İddiaçı nikahları ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixinə 379 nömrə ilə qeyd edilmişdir. Ölüm haqqında AZ-İİ seriyalı 127271 nömrəli şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2020-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 786 nömrə ilə qeyd edilmişdir; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-749/2021 saylı qətnaməsindən görünür ki, X15 ilə Əkbərova Mehriban Əkbər qızı arasında 25 avqust 1994-cü il tarixli Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qeydiyyat şöbəsində 346 nömrə ilə qeyd edilmiş nikah etibarsız sayılmışdır; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-8733/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(003)-749/2021 saylı qətnaməsi cavabdeh Əkbərova Mehriban Əkbər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-932/2022 saylı qərarından görünür ki, cavabdeh Əkbərova Mehriban Əkbər qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)- 8733/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Məhkəmə iclasında şahid qismində dindirilmiş (Cavabdeh2 tərəfindən) X17 ifadəsində göstərmişdir ki, Mehriban xanım ilə qonşu olmuşdur. Belə ki, mərhum Əli müəllim ilə Mehriban xanım Buzovna qəsəbəsində yaşamışlar. Onların İlkin adlı oğulları da vardır. Əli müəllim ilə Mehriban xanım bir ailə kimi yaşamışlardır. Əli müəllimin qohumları da onlara gəlib-getmişlər. Onların həmişə mehriban olduqlarını görmüşdür. Əli müəllimin qohumları gəldiyi zaman Mehriban xanım süfrə açardı və onlar bir süfrə arxasında əyləşərək deyib gülərdilər; Məhkəmə iclasında şahid qismində ifadə vermiş (iddiaçı tərəfindən) X13 ifadəsində bildirmişdir ki, Alik onun kiçik qardaşıdır. Uzun illər tikinti sahəsində çalışdığından sənədləşmə işini yaxşı bilmiş, bu səbəbdən Alik həmin dövrlərdə mənzilləri adına almışdır. Buzovnada olan mənzil də onun adına alınmışdır. Mənzillərin hamısı notariusda onun adına keçirilmişdir. Sonradan Alik həmin mənzillərin öz adına keçirilməsini xahiş etmiş, o da razılaşmışdır. Həmin mənzillərin pulu qardaşı tərəfindən verilmiş və məhz Alikin xahişi ilə onun adına alınmışdır. Mənzillər 2010-cu ildən əvvəl alınmışdır. Nəsimi rayonunda yerləşən iki mənzilə çıxarış 2015-ci il tarixində verilmişdir. Alikin mənzilləri onun adına almasının digər səbəbi də ehtiyat etməsi idi, eyni zamanda böyük qardaşı oduğu üçün onunla məsləhətləşirdi. Mənzillərin özünə qaytarılmasını istədiyi ilk zaman tərəddüd etmiş, lakin daha sonra fikirləşmişdir ki, vəfat edə bilər, bu səbəbdən də mənzilləri bağışlanma yolu ilə geri qaytarmaq qərarına gəmişdir. Əvvəllər qardaşı həmin mənzilləri kirayə verirdi. İddiaçı ilə Alikin münasibətləri heç vaxt pisləşməmişdir. İddiaçı 30000 dollar məbləğində kreditin götürülməsi ilə bağlı xalası qızına bankda zamin durmuş, bu səbəbdən də onlar pul əmlaka yönəldilməsin deyə formal şəkildə boşanmışlar. İddiaçı ilə Alik son günlərinə qədər birlikdə olmuşlar. Hətta Alik ilə Sürəyya Alikin vəfatından 15 gün əvvəl əmisi oğlugilə qonaq getmişlər. Alikin kənarda ailəsinin olduğunu da bilirdi. Alikə məsləhət bilmişdir ki, Buzovnada yerləşən evi Mehribana versin. Alik hər zaman Sürəyya ilə yaşamışdır. O, Mehribana sadəcə olaraq maddi yardım edirdi. Mənzillər onun adına olduğundan sənədləşmə işlərinə və onlara nəzarət işlərini rahat şəkildə edə bilmişdir. Buna görə, onun adına olması daha yaxşı olmuşdur. Tikinti şirkətləri onu tanıyırdı. Aliki qardaşı kimi tanıtmağı ilə mənzilin onun adına olması eyni nəticəyə gətirib çıxarmır. Mənzillərin onun adına olması daha yaxşı idi. Şirkətlər bilirdilər ki, mənzillər onundur və bu səbəbdən də düzgün şəkildə sənədləşdirmə aparırdılar. Mənzillər onun adına notarial qaydada keçmişdir. Ümumiyyətlə Alikin bütün hərəkətləri onun nəzarətində olmuşdur: MTK ilə bağlanan müqavilə adınadır, Buzovnada yerləşən ev də satan şəxsdən onun adına alınmışdır. Alik ümumiyyətlə ehtiyat edirdi. Bu səbəbdən də mənzillərin hamısını onun adına alınmışdır. İlkin olaraq mənzili qardaşı onun adına almış, o da daha sonra qardaşına bağışlamışdır. Mənzillərin pulları Alik tərəfindən verilmişdir. Mehribangil Buzovnada yerləşən mənzildə yaşayırdılar. İddiaçı İnqilab küçəsində yaşayırdı. Həmin mənzil də Alikə məxsus idi, lakin Alik sonradan həmin mənzili qızı Nigarın adına keçirmişdi. Qardaşının nəşi onun evindən çıxmışdır. Qardaşının yas mərasimləri də onun evində keçirilmişdir; Məhkəmə iclasında şahid qismində ifadə vermiş (iddiaçı tərəfindən) X14 ifadəsində göstərmişdir ki, iddiaçının eltisidir. Alikin böyük qardaşı Yaşarın arvadıdır. Evə birinci gəlin gələn odur. Sürəyya xanım üçün el adəti ilə elçiliyə getmiş və toy məclisi keçirmişlər. Əri tikinti sahəsində işlədiyi üçün mənzillər Alikin vəsaiti hesabına ərinin adına alınmışdır. Mənzillər Alik tərəfindən alınmışdır. Mehriban barədə məlumatları illər sonra olmuşdur. Sürəyya da illər sonra öyrənmişdir. Bu səbəbdən də Alik ilə Sürəyya arasında mübahisə yaranmışdır. Daha sonra Alik üzr istədi və Sürəyya qızları olduğu üçün onu bağışladı. Bütün toy və yas mərasimlərində Sürəyya iştirak etmişdir. Mehribanı görməmişlər. 2016-cı il tarixində oğlunun toy mərasimində Alik ilə Sürəyya iştirak etmişdir. Sürəyya ilə X33 küçəsində birlikdə yaşamışlar. Alikin nəşi onun evindən çıxmışdır. Alikin bütün yas mərasimləri onların evində keçirilmişdir. Alik xəstəxanaya həmin ünvandan getmişdir. Belə ki, Alik evdən çıxaraq, təcili yardıma minmiş və xəstəxanaya aparılmışdır. Xəstəxanada da vəfat etmişdir. Alikin əşyaları onlara verilmişdir. Alikin yas mərasimində Mehribangil iştirak etməmişdir. Öləndən sonra bir dəfə axşam oğlu ilə gəlib başsağlığı vermişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X15 ilə İddiaçı xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-2744/2019 saylı qətnaməsi ilə həmin nikah pozulmuşdur. X3 ilə Əkbərova Mehriban Əkbər qızı arasında da 25 avqust 1994-cü il tarixdə Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu qeydiyyat şöbəsində nikah bağlanmış, bununla belə qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin nikah İddiaçı iddiası əsasında etibarsız hesab edilmişdir. X15 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Mirasın açıldığı an mübahisəli mənzillər və nəqliyyat vasitəsi onun adına olmuşdur. İddiaçı, həmin miras əmlaklarının onunla X5nun birgə nikahları dövründə əldə edilmiş ümumi əmlak olmasını, əmlakların 1/2 hissəsinə münasibətdə özünün mülkiyyət hüququnun mövcudluğunu, qalan 1/2 hissənin isə miras əmlak olduğunu, mirasın 3 vərəsə (o və cavabdehlər) arasında bölünməli olduğunu iddia edərək hazırkı iddia tələblərini irəli sürmüşdür. Məhkəmə, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə mübahisəli mənzillərin və nəqliyyat vasitəsinin qanunvericiliyin tələblərinə görə birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olub-olmadığının araşdırılmasını məqsədəmüvafiq hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinin tələblərinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Eyni zamanda Ailə Məcəlləsinin 32.1-32.3 və 37.1-ci maddələrinə uyğun olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin, eləcə də Mülki Məcəllənin tələblərindən göründüyü kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D ünvanında yerləşən 2 və 5 saylı mənzillərin 2010-cu ildə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 8a ünvanında yerləşən 3 saylı mənzilin isə 1999-cu ildə məhum X9 qardaşı X6 adına alındığı, buna dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparıldığı, xx.xx.2015-ci il tarixli bağışlama müqavilələrinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D ünvanında yerləşən 2 və 5 saylı mənzillərin, xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən isə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 8a ünvanında yerləşən 3 saylı mənzilin X13 tərəfindən məhum qardaşı X12 hədiyyə edildiyi, sonuncunun həmin mənzillər üzərindəki mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına müvafiq çıxarışların verildiyi müəyyən edilmişdir. Bununla belə, iş üzrə şahid qismində dindirilmiş şəxslərin (X6 və X7), xüsusilə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Əkbərova Mehriban Əkbər qızının (Cavabdeh2 anası) izahatları ilə həmin mənzillərin X6 adına formal olaraq alındığı, həqiqi alıcının X5 olduğu, onların dəyərinin də sonuncunun vəsaiti ilə ödənilmiş olduğu müəyyən edilmişdir. İddiaçı məhz mübahisələndirilən mənzillərin həqiqi alıcısının keçmiş əri olduğuna və onların birgə nikah dövründə əldə edildiyinə əsaslanaraq mənzillərə münasibətdə özünün 1/2 hissədə mülkiyyət hüququnun mövcud olduğunu irəli sürmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, işin düzgün həlli üçün belə bir tələbin olub-olmamasından asılı olmayaraq ilk növbədə mənzillərin X6 adına alğı-satqısını nəzərdə tutan müqavilələrin etibarlı olub-olmadığına qiymət verilməlidir. Belə ki, məhkəmənin gələcəyi nəticə qeyd edilən məsələyə veriləcək hüquqi qiymətdən asılıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, mübahisəli mənzillərin X6 adına formal olaraq alınması, həqiqi alıcısının məhum X15 olması, onların dəyərinin də sonuncunun vəsaiti ilə ödənilməsilə bağlı işin müəyyən edilmiş halı Mülki Məcəllənin yalan əqdə dair müddəasının dispozitiv şərtlərinə uyğun gəlir. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır”. Bu mənada məhkəmənin qənaəti ondan ibarətdir ki, mübahisəli mənzillər alınan zaman həmin mənzillərə aid müqavilələr üzrə həqiqi alıcı məhz X5 olmuş, müqavilələrin subyekti qismində məhz X15 çıxış etmişdir. Məhkəmə gəldiyi qənaətə uyğun olaraq hesab edir ki, iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu irəli sürdüyi mənzillərin onunla X5nun birgə nikahları dövründə əvəzli qaydada, keçmiş ərinin vəsaiti hesabına əldə edilməsi işdəki mövcud sübutlarla təsdiq olunmaqdadır. Cavabdeh2 nümayəndəsi və vəkilinin tərəflərin birgə təsərrüfat aparmamaları, iddiaçının nikahın pozulması ilə bağlı məhkəməyə verdiyi ərizədə 15 ildən çox birgə yaşamamalarını etiraf etməsi faktı ilə bağlı məhkəmə qeyd edir ki, daşınmaz əşyaların birgə nikah dövründə əldə edilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmişdir. Birgə nikah dövründə əldə edilən əmlakın bir qayda olaraq tərəflərin birgə vəsaiti hesabına əldə edilməsi prezumpsiyası mövcud olduğundan həmin əmlakın tərəflərin birgə vəsaiti hesabına əldə edilməməsi də onu iddia edən şəxs tərəfindən mötəbər sübutlarla təsdiq olunmalıdır. İş üzrə cavabdeh tərəfindən dindirilmiş şahidin ifadəsi, iddiaçı tərəfindən şahid qismində dindirilmiş X5nun yaxın qohumları (qardaşı və qardaşı arvadı), eləcə də iş üzrə digər cavabdeh X10 ifadəsi ilə təkzib olunur. Həmçinin iş materiallarından göründüyü kimi, X5 M.Əkbərova ilə nikah bağlasa da əvvəlki nikahını ləğv etməmiş, ailəvi məclislərdə İddiaçı ilə birlikdə iştirak etmiş, onunla da birgə təsərrüfat aparmış, sonradan ikinci nikahı məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. İddia ərizəsində 15 il təsərrüfat aparmamalarının göstərilməsinin isə iddiaçı həqiqətə uyğun olmadığını, vəkili tərəfindən həmin ifadənin yazıldığını bildirmişdir. Qeyd olunmalıdır ki, digər sübutlarla təkzib edilməyinə baxmayaraq, yalnız nikahın pozulması haqqında iddia ərizəsində qeyd edilmiş ifadəyə əsaslanaraq tərəflərin həmin dövrlərdə birgə təsərrüfat aparmamaları qənaətinə gəlinməsi mülki məhkəmə icraaatının prinsipləri ilə ziddiyyət təşkil etmiş olar. Bu baxımdan mübahisələndirilən daşınmaz əşyaların əldə edildiyi dövrdə tərəflərin birgə təsərrüfat aparmaması barədə cavabdehin dəlilləri mötəbər sübutlarla təsdiq olunmur. X20 epikrizinin Əkbərova Mehribana verilməsi, mənzil bağışlanarkən sonuncunun razılıq verməsi (qeydiyyatda olan şəxs qismində) kimi dəlillər isə mənzillərin alındığı dövrlərdə, yəni 1999-2010-cu illərdə tərəflərin birgə təsərrüfat aparmaması anlamına gəlməməklə, həmin halı təsdiq edən mötəbər sübut hesab oluna bilməz. Məhkəmə iddianın birgə nikah dövründə əldə edilmiş mübahisəli nəqliyyat vasitəsinin bölünməsi hissəsi ilə əlaqədar isə qeyd edir ki, həmin nəqliyyat vasitəsinin birgə nikah dövründə əldə edilmiş əmlak statusuna malik olduğu iş materialları ilə müəyyən olunmur. Belə ki, işdən göründüyü kimi, iddiaçı X4 cavabdeh X12 qarşı “nikahın pozulması” tələbinə dair 2019-cu ilin aprel ayında verilmiş iddiasına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış bu zaman tərəflərə barışıq üçün 3 ay müddət müəyyən edilməklə vaxt verilmiş, həmin müddətdə barışıq əldə olunmamış, məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(005)-2744/2019 saylı qətnaməsinə əsasən, onlar arasındakı nikahın pozulması qət edilmişdir. X9 “Toyota Prius” minik markalı nəqliyyat vasitəsi üzərindəki mülkiyyət hüququ isə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmənin mövqeyinə görə, sözügedən nəqliyyat vasitəsinin tərəflərin faktiki ayrıldıqları (birgə təsərrüfat aparmadıqları) tarixdə əldə edilmiş olduğu qənaətinə gəlmək daha ağlabatandır. İddiaçı nikahın pozulması haqqında ərizənin formal verildiyini, boşandıqdan sonra da birgə yaşadıqlarını bildirsə də bu halı təsdiq edən sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar). Bu baxımdan nəqliyyat vasitəsi tərəflərin birgə təsərrüfat apardıqları dövrdə əldə edilmədiyindən, iddia həmin nəqliyyat vasitəsi üzərində payın müəyyən edilməsi hissəsində təmin edilə bilməz. Cavabdeh2 nümayəndəsi və vəkilinin “iddia müddətinin tətbiqinə dair” ərizəsi ilə əlaqədar qeyd olunmalıdr ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Bu zaman nəzərə alınmalıdır ki, iddia müddətinin axımının tərəflərin nikahlarının pozulduğu andan hesablanması iddia müddəti institutunun mahiyyətinə, eləcə də qanunvericilik tələblərinə ziddir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Məsələyə başqa cür yanaşma, yəni, nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyrimütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb ola bilərdi. Hazırki iş üzrə iddiaçı isə mübahisələndirilən əşyaların birgə nikah dövründə əldə edildiyinə arxayın olduğunu, keçmiş ərinin başqa qadınla münasibətinin olmasını 2005-ci ildən öyrəndiyini, lakin rəsmi nikahda olduğunu bilmədiyini, ölümündən sonra öyrəndiyini və məsələni bilən kimi digər qadınla bağlanmış nikahın etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etdiyini və iddiasının təmin edildiyini, nikah pozulduqdan sonra da münasibətlərinin yaxşı olduğunu, əmlakla bağlı hər hansı mübahisələrinin olmadığını, nikah pozulduqdan sonra da ona maddi yardım göstərdiyini, keçmiş ərinin ölümündən sonra əmlakın bölünməsinə ehtiyac yarandığını bildirmişdir. Göründüyü kimi, müvafiq işlərdə iddia müddətinin başlanğıcının nikahın pozulması anından hesablanması “iddia müddəti” institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir. İddiaçı hazırki işdə ərinin sağlığında münasibətləri yaxşı olduğundan əmlakın bölgüsünə zərurət olmadığına və belə zərurətin keçmiş ərinin öldüyü vaxtdan yarandığına istinad edir. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Bağışlama müqavilələri ilə bağlı isə qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. X1 qalmış miras əmlakın kütləsinə daxil olan mübahisəli mənzillərin yarısının (həmin əmlakların 1/2 hissəsi) və “Toyota Prius” minik markalı nəqliyyat vasitəsinin miras qoyanın keçmiş arvadı İddiaçı və övladları – Cavabdeh1 və Cavabdeh2 arasında bölünməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1163-cü maddəsinə əsasən isə nikahı ləğv etmiş ər-arvad birbirindən sonra vərəsə ola bilməzlər. Hazırki işdən göründüyü kimi, iddiaçı ilə miras qoyanın sağlığında nikahları pozulmuş olduğundan İddiaçı sonuncunun vərəsəsi qismində çıxış etmək hüququna malik deyildir. Əmlakın digər vərəsələr arasında bölüşdürülməsini tələb etmək üçün isə iddiaçı subyektiv hüquqa malik deyildir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının “X5ndan qalmış miras əmlakın məcburi qaydada vərəsələr arasında, yəni İddiaçı, Məmmədova (Musabəyova) Nigar Alik qızı və Cavabdeh2 oglu arasında bölünməsi” hissəsində də iddiası əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D ünvanında yerləşən 2 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D ünvanında yerləşən 5 saylı mənzil və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 8a ünvanında yerləşən 3 saylı mənzil üzərində 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququ tanınmalı, qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D ünvanında yerləşən 2 saylı, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D ünvanında yerləşən 5 saylı və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 8a ünvanında yerləşən 3 saylı mənzillər üzərində 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququ tanınsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-421/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-421/2023
19.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver