Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-423/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Keşlə-Bakı yük mənzili, 2656 km pk9-da, dəmiryolu oxundan 14 metr məsafədə mühafizə zonasında inşa edilmiş qanunsuz tikili Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan Baş Keşlə-Bakı yük mənzili, 2656 km pk9-da, dəmiryolunun mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən dəmiryolu oxundan 14 metr məsafədə mühafizə zonasında tikinti işləri aparılmaqdadır (həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 27 metr təşkil edir). Bununla bağlı, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin aidiyyəti işçilərinin iştirakı ilə xx xxxxxx 2019-cu il tarixdə akt tərtib olunmuş, Cavabdeh dəmir yolunun mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmiş, tikinti işlərinin təxirəsalınmadan dayandırılması və qanunsuz tikilinin sökülməsi ondan tələb edilmişdir. Bir gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə nəzarət məqsədilə yenidən həmin əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh tərəfindən günün qaranlıq vaxtlarında tikinti işləri başa çatdırılaraq tikilinin dam örtüyü vurulmuşdur. Beləliklə, Cavabdeh dəmir yolunun mühafizə zolağının 14 metrliyində özbaşına tikinti işləri aparması təkzibolunmaz sübutlarla öz təsdiqini tapmış və həmin qanunsuz tikili cavabdeh tərəfindən könüllü şəkildə sökülməmişdir. Bu səbəbdən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 4 nömrəli Bakı yol sahəsi texniki şöbənin rəisi K.Babayev, yol ustası N.Məmmədov və yol mantyoru E.Orucov tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktın surətindən və məzmunundan görünür ki, Baş Keşlə-Bakı yük mənzili, 2656 km pk 9-da, dəmiryolunun mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir; 4 nömrəli Bakı yol sahəsinin xx xxxxxx 2020-ci il tarixli arayışının surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 33 nömrəli, xx xxxxxx 2005-ci il tarixli qərarına əsasən tərtib edilmiş sxematik planda Baş Keşlə-Bakı Yük mənzili 2656 km pk 9-da dəmir yolunun mühafizə zolağının ölçüsü yolun oxundan hər iki istiqamətdə 27 metr, aparılmış qanunsuz tikinti işləri dəmir yolunun mühafizə zolağının 14 metrliyində yerləşir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021ci il tarixli 10/3490 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Baş Keşlə-Bakı yük mənzili, 2656-cı km pk9-da, dəmiryol xəttinin kənar yolunun oxundan Cavabdeh tərəfindən inşa edilən daş hasara qədər məsafənin 9 metr, tikiliyə qədər isə 14 metr olduğunu nəzərə aldıqda, daş hasar və tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları”nın 3.5-ci bəndində göstərilən 100 metrlik mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində hesablanmışıdr; Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin İİİ bəndinin tələbinə görə, insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Məhkəmə bildirir ki, iddiaçının iddia tələbləri maddi hüquq normaları baxımından əsaslı olmaqla yanaşı, hüquqi şəxs kimi üzərinə qoyulmuş vəzifəni icra etmək baxımından da əsaslıdır, iddiaçı vətəndaşın potensial təhlükə mənbəyi kimi çıxış edən sahədə özbaşına tikili inşa etməsi və orada yaşaması ilə insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktı və halları bəyan etməklə, nəzəri baxımdan baş verməsi mümkün olan fövqəladə hadisə zamanı cavabdehin və onun ailə üzvlərinin, həmçinin digər vətəndaşların sağlamlığının qorunması üçün qanuna müvafiq surətdə addım atmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ bəndinin tələbinə görə İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 14-cü maddəsinə əsasən təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Məhkəmə qeyd edir ki, hazırkı iddianın təmin edilməsi cavabdehin hüquqlarına və mənafelərinə xələl gətirə bilməz. Belə ki, onun inşa etdiyi tikili özbaşına tikilidir, bunun üçün ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan tikilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İş materiallarından göründüyü kimi, mübahisələndirilən tikili özbaşına tikili sayılır və cavabdeh həmin tikililərə mülkiyyət hüququ əldə etməmişdir, onun həmin tikiliyə dair sərəncam vermək və digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iddiaçının iddia tələblərini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Baş Keşlə-Bakı yük mənzili, 2656 km pk9-da, dəmiryolu oxundan 14 metr məsafədə mühafizə zonasında inşa edilmiş qanunsuz tikili Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən inşa edilmiş Baş Keşlə-Bakı yük mənzili, 2656 km pk9-da, dəmiryolu oxundan 14 metr məsafədə mühafizə zonasında özbaşına tikili cavabdeh şəxsin hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılsın. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı şəxsin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-423/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-423/2021
12.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver