Məhkəmə qərarları › İş №2(005)-4268/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4268/2024

27.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4268/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış əvvəlki qaz sayğacına görə, Cavabdeh İB tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 760.50 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində o, ailəsiylə birlikdə yaşayır. Sözügedən yaşayış sahəsinin bütün kommunal xərcləri onun tərəfindən ödənilir. Cavabdeh İB ona məxsus mənzil üzərində quraşdırılan qaz sayğacında nasazlıq aşkar olunmuşdur. Bu barədə tərəfindən rəsmi, eləcə də şifahi məlumat verilsə də, təxminən 5 ay sonra Cavabdeh İB-nin əməkdaşları gələrək qaz sayğacı dəyişdirilmişdir. Əvvəlki qaz sayğacı ilə qazdan kart vasitəsi ilə istifadə olunurdu. Lakin hazırda yeni quraşdırılan qaz sayğacı mexaniki qaz sayğacıdır. Yeni qaz sayğacı quraşdırıldıqdan təxminən bir ay sonra Cavabdeh İB tərəfindən ona bildiriş göndərildi ki, guya onun, qaz sərfıyyatına görə 760,50 manat məbləğində borcu var. Lakin bu barədə o, yenidən Cavabdeh İB-yə rəsmi müraciət edərək borcun əsassız olaraq hesablanmasını bildirsə də, Cavabdeh İB-nin, 30 sentyabr 2024-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, guya öncəki qaz sayğacının klapanının bağlanmaması səbəbindən, 3042 m2 dəyəri ödənilməmiş təbii qazın istifadəsi müəyyən olunmuş və bu səbəbdən 760,50 manat məbləğində qaz borcu yaranmışdır. Əgər yaranmış nasazlıqdan qaz sayğacının klapanının bağlanması halı baş vermişdirsə necə ola bilərki, həmin qaz sayğacından ödənişli əsasla qazın istifadəsi mümkün olsun və buna görə borc hesablansın? Qaz sayğaclarının istismar müddətinin bitməsi səbəbindən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın istehlakçı tərəfindən ödənilməsi əsassızdır. Azəriqaz İB tərəfindən onun istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına dəyişdirilir. Onun istifadəsində olmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşımışdır. Lakin buna baxmayaraq Azəriqaz İB tərəfindən qaz sayğacında baş vermiş nasazlığa görə ona əsassız olaraq 760,50 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 bildirmişdir ki, onların sayğacı xarab olmuşdur. Lakin, sayğac xarab olsa da, qaz gəlirdi. Dəfələrlə qaz idarəsinə zəng vursa da gəlib sayğacı dəyişməmişdilər. O, zəng etmişdir ki, sayğac qaralıb, işləmir. 5 ay sonra gəldilər və sayğacı dəyişdilər. Cəmi 5-6 ay sayğac işləməyib. Sonra gəlib quraşdırıblar. Sayğacın işləməməsində onların hər hansı bir günahı yoxdur. Lakin əsassız olaraq 700 manatdan çox borc hesablamayıblar. Hesablanan borc qədər onlar ildə qaz istifadə etmirlər. Heç vaxt ödənişlərdən yayınmamışdır. Həmişə ödənişləri vaxtında həyata keçirmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X5 bildirmişdir ki, sayğacın işləməməsində iddiaçının günahı olmasa da o qazdan istifadə etmişdir. İstifadə edilmiş qaza görə isə ödəniş həyata keçirilməlidir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı adına olan **********10010 saylı abonent saldosundan görünür ki, abonentə 09/2024-cü il tarixə 760,5 manat borc hesablanmışdır; - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 09 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, sayğacda sınıq aşkar edilmişdir; - Azəriqaz İB tərəfindən X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, araşdırma zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında istehlakçı kodu İddiaçı adına olan ünvana quraşdırılmış öncədən ödənişli G-4 markalı 1005AQ**********4 saylı qaz sayğacı xx.xx.2024-cü il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05572938 saylı akt tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, 3042 m3 dəyəri ödənilməmiş təbii qazdan istifadə edildiyi məlum olmuşdur. Bu səbəbdən 760,50 manat borc yaranmışdır və ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, istehlakçı hesab edilən iddiaçıya məxsus mənzil Cavabdeh İB tərəfindən qazla təchiz edilir. İddiaçı tərəfindən 2023-cü ilin dekabr ayı da daxil olmaqla qazdan istifadəyə görə ödənişlər həyata keçirilmişdir. Sonradan sayğac xarab olmuş, 2024-cü ilin yanvar ayından 6 ay işləməmiş, 2024-cü ilin iyul ayında yeni sayğac quraşdırılmışdır. Cavabdeh tərəfindən əvvəlki qaz sayğacının klapanının bağlanmaması səbəbindən 3042 m3 təbii qazdan istifadə edildiyinə görə 760,50 manat borc hesablanmışdır. İddiaçı sayğacın xarab olması barədə cavabdehə məlumat verməsinə baxmayaraq, hər hansı tədbir görülməməsinə, sayğacın işləməməsində onun təqsirinin olmamasına əsaslanaraq hesablanmış borcun silinməsini xahiş edir. Cavabdeh isə iddiaçının, sayğac işləməsə də təbii qazdan istifadə etdiyinə görə ödəniş həyata keçirməli olduğuna istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6 və 4.7-ci bəndlərinə uyğun olaraq, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8 və 4.9-cu bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13.8-1-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin paylayıcısı vurulmuş zərərin ödənilməsini qərarı ilə müəyyən istehlakçıdan edildikdə qaz tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qanunun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. “Qaz təchizatı haqqında” Qanunun 21.1-ci maddəsinə görə isə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Qanunvericilik normalarının tələbindən göründüyü kimi, məişət qaz qurğularını istifadə edən məişət abonentlərinin sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Onun qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi qaz paylayıcısının vəzifəsidir. Eləcə də istehlakçıya verilmiş qazın dəyəri yalnız sayğac göstəricilərinə əsasən hesablanmalıdır. Yəni tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Hazırki iş üzrə cavabdeh “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Akta əsasən İddiaçı yaşadığı ünvan 4 ünvanında quraşdırılmış qaz sayğacında qüsur aşkar edilmiş və sayğacdan kənar qazdan istifadəyə görə 760,5 manat borc hesablanmışdır. Halbuki iddiaçı mövcud vəziyyətdə sayğacda aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Belə ki, aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi yoxlama zamanı da müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində məhz iddiaçının hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hər hansı pozuntunun törədilməsi sübut olunmadığından, eləcə də istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləği əsassız hesab olunmaqla silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 119.1 və 119.2-ci maddələrinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus **********10010 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 760,5 manat məbləğində borc silinməlidir. Dövlət rüsumu olaraq ödənilməli olan 30 manat məbləğində pul Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus **********10010 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 760,5 (yeddi yüz altmış manat, əlli qəpik) manat məbləğində borc silinsin. Dövlət rüsumu olaraq ödənilməli olan 30 (otuz) manat məbləğində pul Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar