Məhkəmə qərarları › İş №2(005)-428/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-428/2022

14.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-428/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı aktların ləğv edilməsi və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və əsassız olaraq borc kimi yazılmış 1000 manat pulun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Cavabdeh nümayəndələri tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin sayğacı dəyişdirilərək yeni smart tipli sayğac quraşdırılmışdır. Lakin sonradan ona sayğacda nasazlıq aşkar edildiyini və cərimə ödəməli olduğunu bildirmişlər. İddiaçı bildirir ki, həmin ünvan üzrə təbii qazdan istifadəyə görə gecikdirilmədən ödənişlər etmiş, indiyək bu barədə tərəflər arasında hər hansı mübahisə olmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X1 10 yanvar 2022-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 05.08.2019-ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 1228,40 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. Bu aktın doğruluğunu iddiaçı öz imzası ilə təsdiq etmişdir. Aktdan göründüyü kimi, sayğacın mexaniki göstəricisində 19830 m3 qazın sərf edildiyi göstərilmiş, lakin iddiaçı yalnız onun 13688 m3 hissəsinə görə ödəniş etmiş, 6142 m3 sərf etdiyi qaza görə ödəniş etməmişdir (19830-13688=6142). Həmin 6142 m3 sərf olunan, lakin dəyəri ödənilməyən qaz limiti keçdiyi üçün 20 qəpiklə hesablanmış və nəticədə iddiaçının 1228,40 manat borcu yaranmışdır (6142x0,20=1228,40 man). Ötən illərdəki hesablanan 16,21 manat borcu da nəzərə alınsa, iddiaçının 1244,40 manat borcu hesablanmış, həmin borcdan 536,71 manat borca görə iddiaçı tərəfindən ödənişlər edilmişdir. (1228,40+16,21 >536,71=707,90). Hazırda iddiaçının 15.12.2021-ci il tarixə **********00710 nömrəli istehlakçı hesabı üzrə 707,90 manat borcu vardır. İddiaçının GASREPORT hesabat sistemindən çıxarışından da 05.08.2019-cu il tarixli aktdan əvvəl, yəni 2017,2018,2019-cu ilin 7 ayı ərzində müqavilə əsasında qazla təmin edildiyi halda istehlak etdiyi qaza görə sərf etdiyi qazdan az ödəniş etdiyi aydın şəkildə görünür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 05.08.2019-ci il tarixli, ******* saylı aktdan sayğacın mexaniki göstəricisində 19830 m3 qazın sərf edildiyi görünür. Bu aktın doğruluğunu İddiaçı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan iddiaçının GASREPORT hesabat sistemindən çıxarışından müəyyən olunur ki, iddiaçının sərf etdiyi qaza görə 2011-ci ilin avqust ayı üçün 16.21 manat, 2019-cu ilin avqust ayı üçün isə 1228.4 manat borcu yaranmışdır. Mülki işin materiallarından müəyyən olunur ki, iddiaçı qaz sərtifiyyatına görə yaranmış borcun əsassız olduğunu iddia edir. Qaz sərfiyyatının idiaçının istifadəsinə görə ödədiyi həcmdən daha artıq olduğu 05.08.2019-ci il tarixli, ******* saylı aktda öz əksini tapır ki, bu aktın doğruluğunu da İddiaçı öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü tələbləri əsaslandıra bilmədi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, borcun cavabdeh tərəfindən silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır, buna görə də təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar