Məhkəmə qərarları › İş №2(005)-4332/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4332/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4332/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı3, Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərracın yekunların barədə” 03 mart 2020-ci il tarixli, 12/02-1 saylı Protokolun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 03.03.2020-ci il tarixli Müqavilənin etibarsız hesab edilməsinə və ipotekaya xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai rayon Məhkəməsinin 2(011)- 147/2017 saylı qətnaməsi ilə iddiaçı Bank VTB ASC-nin ona və qeyrilərinə qarşı olan iddia tələbi qismən təmin edilmiş, iddiaçıdan və qeyrilərindən Bank VTB ASC-nin xeyrinə 32322 ABS dolları məbləğində əsas borc, 4420.36 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36842.36 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnədə manat ilə, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 30 manat məbləğində pulun tutulması, tutmanın iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi və ilkin satış qiymətinin 90 000 manat olmaqla açıq hərracda satılması, yaşayış sahəsi satıldıqdan sonra iddiaçının və qeyrilərinin 1 ay müddətində evi tərk etmədikdə çıxarılmaları qət olunmuşdur. Tərəflər tərəfindən yuxarı instansiya məhkəmələrinə şikayət verilsə də, yuxarı instansiya məhkəmələri tərəfindən şikayətlər təmin edilməmiş birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bundan sonra Xətai rayon İcra Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən İddiaçı1 mülkiyyətində olan və hamısının qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən əmlak açıq hərraca çıxarılmışdır. "Hərracın yekunların barədə" 03 mart 2020-ci il tarixli, 12-/02-1 saylı Protokolun və "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" 03.03.2020-ci il tarixli Müqavilənin etibarsız hesab edilməsi ilə və ipotekaya xitam verilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, hazırki iş üzrə keçirilən hərraclar barədə onlar məlumatlandırılmamış və həmin hərracda mülkiyyətçi olaraq İddiaçı1 və yaşamaq hüququ olan şəxslər kimi digər iddiaçıların iştirakı təmin edilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, imzalanmış protokolun və ondan sonra imzalanan sənədlərin qanunsuz və etibarsız olmasının digər bir sübutu kimi də, "Bank VTB” ASC ilə hərrac təşkilatı arasında imzalanmış 03.03.2020-ci il tarixli, 12/02-1 №-li "hərracın yekunları barədə" protokolda sifarişçi olan Xətai rayon İcra və Probasiya Şöbəsinin imza etməməsi çıxış edir. Eləcə də, hərracın yekunları barədə protokolda Bankın nümayəndəsinin imzası olsa da, bankın möhürü vurulmamışdır. Həmin protokol qanunun tələblərini pozmaqla tərtib edildiyindən İcra və Probasiya şöbəsi həmin protokolu imza etməmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi X5 yazılı etiraz və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçı hərracın nəticələrinin ləğv edilməsinə əsas ola biləcək hal kimi hərracın birtərəfli qaydada keçirilməsini və iddiaçılarının iştirakını lazımı qaydada təmin etmədiyim göstərmişdir. Göründüyü kimi hərracın təşkilatçısı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə müvafiq olaraq, açıq hərracın keçirilməsinə dair tərəfləri 27.01 2020 tarixli və 10.02.2020-cı il tarixi bildirişlə hərracın Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933 məhəllə (1 mərtəbədə) keçirilməsi və qaydası barədə məlumatlandırmışdır “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən bildirişlər ünvan 2 ünvanına göndərilmiş, lakin bildirişlərin çatdırılma qəbzlərində "imtina” kimi qeydlər aparılmışdır. Bunlarla yanaşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən qeyd edilən ünvana göndərilmişdir. İddiaçı1 məhkəmə prosesləri barədə məlumatlanmış, dəfələrlə məhkəmə bildirişləri almış və bugünə qədər bildirişlərin çatmaması barədə öz iradını nə poçt nümayəndələrinə nə də məhkəməyə bildirməmişdir. İş materiallarına əlavə olunmuş MAPS arayışının surətindən göründüyü kimi, İddiaçı1 ünvan 4 ünvanı dəyişməmiş qalmışdır. İş materiallarından göründüyü kimi "Daşınar və Daşınmaz Əmlakların Satışı uzrə Hərrac Mərkəzi” MMC tərəfindən bildirişlər ünvan 5 ünvanına göndərilmişdir. Göründüyü kimi iddiaçı hərrac baş tutduğu tarixə qədər borcunu bağlayaraq ipoteka predmetinin girovdan azad edilməsinə nail olmaq kimi imkanının olmasına baxmayaraq, kredit borcunu ödəməmiş və mübahisəli əmlakı satın almağa çalışmamışdır. Bu isə iddiaçının "hüququnun pozulduğuna dair ıddiasındakı məqsədinin hüququnun bərpa edilməsi deyil, əksinə icra icraatının əsassız olaraq uzanmasına nail olmaqdır. Bundan başqa onu da qeyd edək ki, Bank hərracın təşkilatçısı olmadığından ona aid prosedurlara nəzarət etmək vəzifəsi yoxdur və vicdanlı satınalan şəxs olaraq, iddiaçının hansı hüququnu pozub ki, hərrac mərkəzi ilə onun arasında bağlanmış müqavilə etibarsız hesab olunsun Belə bır əsas olmadığı üçün etibarsızlığa rəvac verə biləcək əsas da mövcud deyil İddiaçının tələbinin rədd edilməsinin digər əsası da odur kı qanunvericiliyə əsasən Bank sözügedən əmlaka dair çıxarış alaraq vicdanlı əldə edən hesab olunur. Göründüyü kimi, hərracın təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi’ MMC tərəfindən, qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirilmiş, heç bir qanun pozuntusuna yol verilməmiş və hərracın nəticələrinin ləğv edilməsi üçün tutarlı əsas mövcud deyil. Bütün göstərilənlər iddia ərizəsinin tam əsassız olduğunu sübut edib, odur ki, təmin olunmamalıdır. Qanuni qüvvəsini almış, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli qətnaməsi üzrə hərracın keçiriləcəyini iddiaçılar bilirdilər. Bundan əlavə iddiaçılar hərracın keçirilməsi barədə bildirişi 2020-ci ilin yanvar ayında aldığı üçün hazırda irəli sürülən tələb tərəflərə məlum olduğundan onların məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı olmuş, lakin bunun ilə bağlı iddia tələbi uzun müddət keçdikdən sonra irəli sürülmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 372.2, 354.2, 375.2 və 377-ci maddələri baxımından, verilmiş iddia ərizəsi rədd edilməlidir. Göründüyü kimi iddiaçılar hərracın nəticələrini übahisələndirilməsinə dair iddianı verərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmişlər və bununla da hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdürlər. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh və digər iddiaçılara "xxxx" MMC-yə məlumat verilməsinə baxmayaraq tərəflər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.06.2018-ci il tarixli, 2(102)-4261/2108 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı iddiası qismən təmin edilmiş, İddiaçı1 32.322 ABŞ dolları məbləğində əsas borc, 4.420 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36.842 ABŞ dollarının ödəniş gününə manata olan məzənnəsi ilə alınaraq iddiaçıya verilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə cavabdeh İddiaçı1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi,17 saylı evin, 30 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 90.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına banka olan borcun ödənilməsi, həmin yaşayış sahəsinə tutma yönəldikdə və mənzil satıldıqdan sonra cavabdehlər tərəfindən 1 ay ərzində tərk edilmədikdə, cavabdehlərin həmin yaşayış sahələrindən çıxarılmaları qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.06.2018-ci il tarixli, 2(102)-4261/2108 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qətnaməsi cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.06.2018-ci il tarixli, 2(102)-4261/2108 saylı qərarının surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 və qeyrilərinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin 27.12.2019-cu tarixli, 01/4794 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzilin ilkin satış qiyməti 90.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 4500 manat olmaqla hərraca çıxarılması və hərracın 27.01.2020-ci il tarixdə saat 11:00-da ünvan 6 ünvanında keçiriləcəyi barədə İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 və məlumat üçün "xxxx" ASC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin 31.01.2020-ci tarixli, 01/285 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzilin ilkin satış qiyməti 90.000-15%=76500 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 3825 manat olmaqla hərraca çıxarılması və hərracın 10.02.2020-ci il tarixdə saat 11:00-da ünvan 6 ünvanında keçiriləcəyi barədə İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 və məlumat üçün "xxxx" ASC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; Hərracın yekunları barədə 03.03.2020-ci il tarixli, 12/02-1 nömrəli protokolunun surətinə əsasən Xətai rayon Məhkəməsinin 2(011)-147/2017 saylı, 29.09.2017-ci il tarixli icra vərəqəsinə və Xətai rayon İcra və Probasiya Şöbəsinin 17/74-8151/15 saylı, 04.12.2019-cu il tarixli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 90.000 (doxsan min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 76500,00 manat olan İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzili 57375,00 manata ipoteka saxlayan "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi X7 əldə etmişdir; Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 03.03.2020-ci il tarixli müqavilənin surətinə əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzili Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: "xxxx" MMC tərəfindən tələbkar "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi X7 57375,00 manata satılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 17 saylı evin 30 ümumi sahəsi 75.23 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə yüklü edilmiş, əmlakın dövlət reyestrində 2020 nömrəli reyestr kitabının 186729 nömrəli vərəqində 25.02.2015-ci il tarixdə qeydiyyata alınmışdır; 20.08.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən qaldırılmış iddia üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-sü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Məhkəmə iddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddia ərizəsinə və iş materiallarına istinadən qeyd edir ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin hansı tələblərinin pozulduğunu bildirmir, hərracın nəticələrinin etibarsız hesab edilməli olmasını əmlakın dəyərindən aşağı qiymətlə qiymətləndirilib hərraca çıxarılması ilə əlaqələndirir. İş materiallarından görünür ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin 31.01.2020-ci tarixli, 01/285 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzilin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərracların baş tutmaması, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin 14 fevral 2020-ci il tarixli nömrəsində elan dərc edilməsi barədə İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 və məlumat üçün "xxxx" ASC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə məlumat verilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 57375,00 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43,8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzili ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, hazırda mübahisələndirilən hərrac artıq başa çatmış, əmlakın mülkiyyətçisi hazırda "Bank VTB (Azərbaycan)" ASC-dir. İddiaçı isə Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küç, ev 4-də yerləşən fərdi yaşayış-evinin keçmiş mülkiyyətçisi deyil, evin mülkiyyətçisi X6 arvadıdır. Belə olan halda, məhkəmə onu da qeyd edir ki, iddiaçı olaraq X1 hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, X3 hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, bu isə o deməkdir ki, iddiaçının hərracın nəticələrinin etibarsızlığı ilə bağlı tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar