Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4339/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı Şəhəri 51 saylı Notariat Ofisinə qarşı “müqavilənin ləğv edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı Şəhəri 51 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 arasında iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468-469, 21 saylı evin, 2 otaqlı, ümumi sahəsi 52 kv/m olan 56 nömrəli mənzilinə dair Bakı Şəhəri 51 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (Kirayə müqaviləsi)”nin ləğv edilməsi və həmin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8 ay müddət üçün yaranmış 3200 manat kirayə haqqının və ödənilməmiş kommunal xidmətlərə görə 8 ay müddət üçün 960 manat kommunal xidmət haqqının, cəmi 4160 manat pulun, həmçinin ödənmiş 72 manat dövlət rüsumunun cavadehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, ARƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev keçəsi, məhəllə 468-469 , 21 saylı evin, 2 otaqlı, ümumi sahəsi 52 kv/m olan 56 nömrəli iddiaçı ƏliX15 qızının mülkiyyətindədir. İddiaçı və Cavabdeh2 arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (Kirayə müqaviləsi)”nə əsasən iddiaçı mülkiyyət hüququ üzrə özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi məhəllə 468-469, 21 saylı evin 2 otaqlı, ümumi sahəsi 52 kv/m olan 56 nömrəli mənzilini kirayəyə verməyi, kirayəçi isə müqavilədə nəzərdə tutulan qaydada kirayə haqlarını və kommunal xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə əsasən kirayəçi, kirayəyə verənə hər ay üçün kirayə haqqı olaraq 400 manat ödəyir. Həmin müqavilənin 11-ci bəndinə görə kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar, o cümlədən əlavə vergi haqları kirayəçi tərəfindən ödənilir. Qeyd edir ki, mənzil kirayə haqqı MTK tərəfindən aylıq 120 manat müəyyən edilmişdir. Onu da qeyd edir ki, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, N nömrəli hərbi hissədə hərbi qulluqçudur və hərbi qulluqçu olduğuna görə məhz xx.xx.2022-ci il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (Kirayə müqaviləsi)”nə əsasən ona dövlət tərəfindən hər ay 400 manat kirayə haqqı ödənilir. Bir faktı da qeyd edir ki, cavabdeh iddiaçını məhz hərbi qulluqçu olduğuna görə ona dövlət tərəfindən hər ay kirayə haqqı ödənildiyinə və buna görə də kirayə haqqının ödənilməsində heç bir problem olmayacağına inandıraraq, həmin kirayə müqaviləsinin bağlanmasına əmin etmişdir. Beləliklə, həmin mənzil dərhal Kirayəçinin istifadəsinə verilməsinə baxmayaraq, sonuncu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ötən 8 ay müddət üçün 3200 manat kirayə haqqını və kommunal xidmətlərə görə 8 ay müddət üçün 960 manat (8 x120=960) kommunal xidmət haqqını ödəməmişdir. Kirayə haqqının və kommunal xidmətlərə görə kommunal xidmət haqqının ödənilməsinin təmin edilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh heç bir ödəniş etməmiş, borcun qaytarılması haqqında yazılı Xəbərdarlıq (bildiriş) göndərilməsinə və həmin bildirişi xx.xx.2022-ci il tarixdə almasına baxmayaraq, cavabdeh yenə heç bir ödəniş etməmişdir. Borcun qaytarılması haqqında yazılı Xəbərdarlıq (bildiriş) göndərildikdən sonra isə cavabdeh mənzili tərk etmiş və bildirdiyinə görə, ünvan 1 ünvanına getmiş və orada yaşamağa başlamışdır. Nəticə etibarilə cavabdeh iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına nail olmaqla, bir tərəfdən dövlətin hərbi büdcəsindən hər ay 400 manat kirayə haqqı alaraq şəxsi məqsədləri üçün məsrəf etmiş, digər tərəfdən iddiaçının mülkiyyətində olan mənzildən kirayə və kommunal xidmət haqqı ödəmədən istifadə etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ötən 8 ay müddət üçün 3200 manat kirayə haqqı iddiaçıya ödənilməmiş, bundan başqa kommunal xidmətlərə görə 8 ay müddət üçün 960 manat (8x120=960) kommunal xidmət haqqı borcu yaranmışdır və həmin borc vəsaiti də iddiaçı tərəfindən MTK-ya ödənilməlidir. Məhkəmə iclasında İddiaçınun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı onun xalası qızıdır, özü hərbi qulluqçudur və 44 günlük Vətən müharibəsi dövründə xidməti zərurətlə əlaqədar xidmət yerini tərk edə bilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi məhəllə 468-469, 21 saylı evin 2 otaqlı, ümumi sahəsi 52 kv/m olan 56 nömrəli mənzildə heç vaxt yaşamamışdır. Həmin mənzili xalasıqızı öz dərslərini hazırlamaq üçün istifadə edirdi. X1 qarşı xalası və dayısı X8 və X6 arasında vərəsəliklə bağlı məhkəmə mübahisəsi yarandıqdan sonra İ.Cavadovanın qızı İddiaçı tərəfindən ona qarşı iddia qaldırıldı. Əslində İddiaçı ilə onun arasında bu müqavilə formal bağlanmışdır. Yəni hərbi qulluqçular üçün nəzərdə tutulmuş kirayə haqqının alınması məqsədilə əvvəl belə bir müqaviləni nənəsi X4 ilə də bağlanmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 52.0 kv.m olan mənzil mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 635 nömrəli reyestr kitabının 58296 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır; Cavabdeh2 ilə mülkiyyətçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətinə əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 52 kv/m olan mənzilin tam mülkiyyət üzrə Kirayə verən İddiaçı məxsus hissəsindən kirayəçi Cavabdeh2 aylıq 400 (dörd yüz) manat kirayə haqqı ödəmək şərtilə istifadəsinə vermişdir; Eyni zamanda müqavilənin 11-ci maddəsinə əsasən Kommunal xidmətlərdən (qaz, su, elektrik, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları kirayəçi Cavabdeh2 tərəfindən ödənilir; İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyanın məzmununda göstərilmişdir ki, Cavabdeh2 İddiaçı 4160 manat borcu vardır. Belə ki, İddiaçı ilə Cavabdeh2 arasında, birincinin mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzilinə dair Bakı şəhəri 51 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış “Mənzillərin, evlərin (Bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (Kirayə müqaviləsi)”nə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8 ay müddət üçün 3200 manat kirayə haqqı və kommunal xidmətlərə görə 8 ay müddət üçün 960 manat kommunal xidmət haqqı cəmi 4160 manat pul borcu yaranmışdır.Göstərilənlərə əsasən borcun 7 gün ərzində qaytarılması əks halda, müqavilənin ləğv edilməsi və borcun qaytarılması haqqında müvafiq iddia ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 xəbərdar edilmişdir.; AR DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, N nömrəli hərbi hissədə qeydiyyatdadır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı arasında 07 fevral 2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzili Cavabdeh2 istifadəsinə verir, Cavabdeh2 bunun müqabilində kirayə verənə mənzildən istifadəyə görə aylıq 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödəməyi, eləcə də kommunal xidmətlərdən istifadəyə görə haqq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının tələbi bir neçə hissədən ibarətdir:
1. İddiaçı ilə Cavabdeh2 arasında iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468-469, 21 saylı evin, 2 otaqlı, ümumi sahəsi 52 kv/m olan 56 nömrəli mənzilinə dair Bakı Şəhəri 51 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (Kirayə müqaviləsi)”nin ləğv edilməsi
2. Müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8 ay müddət üçün yaranmış 3200 manat kirayə haqqının və ödənilməmiş kommunal xidmətlərə görə 8 ay müddət üçün 960 manat kommunal xidmət haqqının, cəmi 4160 manat pulun, həmçinin ödənmiş 72 manat dövlət rüsumunun cavadehdən alınaraq iddiaçıya ödənilməsi Məhkəmə iddia tələbini «müqavilənin ləğv olunması» hissəsində əsaslı hesab edir. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından göründüyü kimi, hazırki işdə bu halın mövcudluğu müəyyən edilməkdədir. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin müddəaya görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Kollegiyanın qənaətinə görə, hazırkı mübahisə baxımından həmin halın mövcud olub-olmadığının xüsusi araşdırılmasına ehtiyac yoxdur – çünkü, iddiaçının mahiyyətcə “müqavilənin ləğvi” tələbinin bir qanuni əsasının mövcudluğu artıq müəyyən edilmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.2-ci maddəsinə görə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Göründüyü kimi qanunverici, kirayəyə götürənin hüquqi müdafiə vasitəsi olaraq kirayə müqaviləsinin ləğvi zamanı xəbərdarlıq institutunu nəzərdə tutmuş, kirayəyə verənin istisnai hallarda xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə biləcəyini təsbit etmişdir. Bu cür tənzimləmənin məqsədi isə Mülki Məcəllənin 685.3-cü maddəsində öz əksini tapmışdır; həmin normaya görə, bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. İş materiallarından aydın olur ki, iddiaçı (kirayəyə verən) cavabdehə mülki qanunvericiliyin qeyd olunan müddəalarında nəzərdə tutulmuş forma və məzmuna uyğun bildiriş göndərmişdir. Mülki Məcəllənin 686-cı maddəsinə görə, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Məhkəmə iddiaçının «Müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8 ay müddət üçün yaranmış 3200 manat kirayə haqqının və ödənilməmiş kommunal xidmətlərə görə 8 ay müddət üçün 960 manat kommunal xidmət haqqının, cəmi 4160 manat pulun» tutulması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, cavabdehlə iddiaçı arasında bağlanan müqavilə formal xarakter daşımış, iş üzrə iddiaçının həqiqi niyyəti əmlakı kirayəyə vermək, iş üzrə cavabdehin niyyəti isə əmlakdan istifadə olmamışdır. Halbuki, tərəflər arasında bağlanmış mübahisə predmeti olan müqavilənin 4-cü bəndinin tələbindən də görünür ki, aylıq 400 manat kirayə haqqı – kirayəyə verilən sahənin istifadəsinə görə nəzərdə tutulmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə bağlanmış “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (Kirayə müqaviləsi)”nə əsasən onun istifadəsinə verilən Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, 468-469 məhəllə, ev 21, 56 saylı mənzildən müqavilə üzrə ona verilən istifadə hüququndan yararlanmamış və nəticə etibarilə əmlakdan istifadə hüququ reallaşmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 675-ci maddəsinin tələbinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Beləliklə, kirayə müqaviləsinin bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Mülki qanunvericiliyin məzmununa görə, əmlak kirayəsi müqaviləsində - əşyanı kirayəçinin istifadəsinə vermək - zəruri şərtlərdəndir. Cavabdeh tərəf Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, 468-469 məhəllə, ev 21, 56 saylı mənzildən istifadə etmədiyini mübahisələndirdiyi halda həmin halın əksinin sübutu iddiaçının üzərinə düşür. İddiaçı tərəf isə əmlakı kirayəçinin istifadəsinə verməsini sübut edə bilməmişdir. Bu səbəblə qeyd olunan mənzildən istifadəyə görə iddia üzrə tələb olunan 3200 manat kirayə haqqının və ödənilməmiş kommunal xidmətlərə görə 8 ay müddət üçün 960 manat kommunal xidmət haqqının, cəmi 4160 manat pulun tutulması hissəsində iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468-469, 21 saylı evin, 2 otaqlı, ümumi sahəsi 52 kv/m olan 56 nömrəli mənzilinə dair Bakı Şəhəri 51 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (Kirayə müqaviləsi)” ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddiaçı tərəfin «mülki iş üzrə cinayətin əlamətləri aşkara çıxarıldığından xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi» barədə şifahi vəsatətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Cavabdeh2 əməlində cinayətin əlamətlərinin olması aşkara çıxarılmadığından, vəsatət təmin edilməməlidir. Belə ki, Cavabdeh2 hərbi qulluqçular üçün nəzərdə tutulmuş kirayə pulunun ödənilməsi inzibati orqan tərəfindən mübahisələndirilmir. Belə olan halda, həmin vəsatət təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220-cim maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468-469, 21 saylı evin, 2 otaqlı, ümumi sahəsi 52 kv/m olan 56 nömrəli mənzilinə dair Bakı Şəhəri 51 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (Kirayə müqaviləsi)” ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Aytən Novruzova