Məhkəmə qərarları › İş №2(005)-4342/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4342/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4342/2025 18.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə qarşı (açar sözlər: sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin və mənzilin özəlləşdirməsinin etibarsız hesab edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə qarşı “sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin və mənzilin özəlləşdirməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə qarşı “mənzilin özəlləşdirməsinin və kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 41A, mənzil 42-yə dair xx.xx.2011-ci il tarixli 54 saylı “Sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə” əmrin və bu mənzil özəlləşdirilməsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 mərhum atası X3 iş yerindən verilmişdir. İddiaçı bu evdə daimi pasport qeydiyyatında olmaqla yaşamışdır. Lakin məhkəmə hökmü ilə azadlıqdan məhrum olunduğu üçün bir müddət cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Həmin vaxtlar təxminən 2011-ci ildə mərhum bacısı X2 cəza çəkdiyi müəssisəyə gələrək atasından qalmış həmin bu mənzilə dair çıxarış almaq istədiyini və həmin çıxarışda hər ikisinin payının müəyyən edilərək adının yazılacağını bildirmiş və bununla əlaqədar razılığının tələb olunduğunu bildirmişdir. Həmin razılıq ərizəsini cəzaçəkmə müəssisəsində imzalamışdır. Lakin bu yaxınlarda cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra mənzilə dair sənədlərlə maraqlandıqda bu mənzilin özəlləşdirildiyini və bu mənzilə dair dövlət reyestrindən çıxarışda payçı kimi yalnız mərhum bacısının adının yazıldığını görmüşdür. Bundan sonra aldandığını başa düşmüşdür. Yəni bu mənzilin özəlləşdirilməsi qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. Bundan xəbər tutduqdan sonra həmin çıxarışın ləğvi ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən həmin çıxarışın yalnız məhkəmə qaydasında ləğv edilməsinin mümkün olduğu bildirilmişdir. Ona görə də iddiaçı həmin çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə baxışı zamanı ona məlum olmuşdur ki, mərhum bacısı onun xəbəri və razılığı olmadan evə dair kirayə müqaviləsini də öz adına rəsmiləşdirmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin 54 saylı xx.xx.2011-ci il saylı əmrinə əsasən bu mənzilə dair sosial kirayə müqaviləsi X6 adına dəyişdirilmiş və onunla kirayə müqaviləsi bağlanmışdır. Qanunvericiliyin tələbinə əsasən mənzilə dair kirayə müqaviləsi dəyişdirilərkən həmin mənzildə qeydiyyatda olan və həmçinin orderdə olan şəxslərin razılığı tələb olunur. Lakin işin hallarından görsənir ki, bu əmr verilərkən onun razılığı alınmamış, xəbəri olmadan kirayə müqaviləsi mərhum bacısının adına rəsmiləşdirilmişdir. Ona görə də hesab edir ki, bu əmr ləğv edilməli, həm də bu mənzilə dair özəlləşdirmə etibarsız hesab olunmalıdır. II. Tərəflərin mövqeləri: İddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının razılıq verməyə dair ərizədən ümumiyyətlə məlumatı olmamışdır. Bacısı onu ikisinin də mənzildə payı olacağı barədə yalan vəd verərək, aldatmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin 54 saylı xx.xx.2011-ci il tarixli əmrinin surətindən görünür ki, Bakı şəhəri Sahil qəsəbəsi Qasımov küçəsi 41a saylı evin yaşayış sahəsi 46,05 kv.m olan 3 otaqdan ibarət 42 saylı mənzilin sosial kirayə müqaviləsi 3 nəfər ailə üzvü ilə (özü, qardaşı və qızı) vətəndaş X1 adına dəyişdirilmiş və onunla kirayə müqaviləsi bağlanılmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13762/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan həmçinin görünür ki, AZ-İ seriyalı 316382 saylı xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 3-21-3-30/2-Ç-00xx-xx/2024 **********65 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən məhkəmə qaydasında həll edilə bilər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-56756/2025 saylı xx.xx.2025-ci il tarixli məktub ilə ünvan 3 ünvanı ilə bağlı sənədlərinin təsdiq edilmiş surəti təqdim edilmişdir. - Azərbaycan SSR xx.xx.1989-cu il tarixdə verilmiş orderinin surətindən görünür ki, ünvan 2-ə dair hüquq barədə X9 order verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2011-ci il) əsasən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Zahid Qasımov prospekti ev 41a mənzil 42 X4 xüsusi mülkiyyətindədir. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsinə Sahil qəsəbəsi, Z.Qasımov küçəsi 41a saylı evin 42 saylı mənzilində qeydiyyatda olan İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2011-ci il tarixli ərizədən görünür ki, İddiaçı ünvan 3-nin X1 adına özəlləşdirilməsinə etiraz etməmişdir. Ərizədə olan İddiaçı imzası 13 saylı Cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki Bəhruz Əsgərov tərəfindən xx.xx.2011-ci il tarixdə təsdiq edilmişdir. Ərizə qeydiyyat kitabında 04 nömrə ilə qeydə alınmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 41 A ünvanında yerləşən 42 saylı mənzilə dair mərhum bacısı X1 adına sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Qeyd edilən mənzil iddiaçının atası mərhum X7 sosial kirayə müqaviləsi əsasında verilmiş, sonuncu 2008-ci ildə öldükdən sonra, sosial kirayə müqaviləsi xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin 54 saylı xx.xx.2011-ci il tarixli əmrinə əsasən 3 nəfər ailə üzvü ilə (özü, qardaşı və qızı) vətəndaş X4 adına dəyişdirilmiş və onunla kirayə müqaviləsi bağlanılmışdır. İddiaçı həmin dövrdə cəzaçəkmə müəssisəsində olmuş və xx.xx.2011-ci ildə ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, sözügedən mənzilin bacısı X4 adına özəlləşdirilməsinə etiraz etməmişdir. Sonuncu xx.xx.2011-ci il tarixdə mənzilə dair xüsusi mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış əldə etmişdir. İddiaçı bildirir ki, bacısı İrina Çernyavskaya tərəfindən mənzilin əslində hər ikisinin adına özəlləşdiriləcəyi barədə vədinə inandığı üçün mənzilin bacısının adına özəlləşdirilməsinə etiraz etməməsinə dair ərizə vermiş və nəticədə aldadılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. 81.1-ci maddəsinə əsasən bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsinə əsasən Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin 339.6-cı maddəsinə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar). Müqaviləni öhdəlik hüquq münasibətlərinin yaranması üçün digər əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə xx.xx.2019 və N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarlar). İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3-təhdid edilmə (hədələnmə). Aldatma, əqdin tərəflərindən birində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlamasına səbəb olmaqdır. Belə olanda müəyyən olunur ki, aldatma əslində əqdin bir tərəfinin qəsdən yanılmasına səbəb olmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin hüquqi əsası iddiaçı tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli “mənzilin X4 adına özəlləşdirilməsinə etiraz etmirəm” məzmunlu ərizə olmuşdur. Həmin ərizə hüquqi mahiyyətinə görə birtərəfli iradə ifadəsi olmaqla mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış birtərəfli əqd kimi qiymətləndirilməlidir. Buna görə də sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin hüquqi qüvvəsi həmin iradə ifadəsinin etibarlılığından asılıdır və əmrin etibarsız hesab edilməsi yalnız həmin ərizənin Mülki Məcəllənin 337 və 339-cu maddələrində nəzərdə tutulmuş əsaslarla etibarsızlığı müəyyən edildiyi halda mümkün ola bilər. Bu səbəbdən də mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq, yuxarıda sadalanan qanunvericilik normalarına, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarlarındakı mövqeyinə əsaslanaraq, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən ərizənin aldadılma nəticəsində imzalaması barədə mövqeyinə hüquqi qiymət verilməsi qanunamüvafiqdir. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmə tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının aldadılma nəticəsində qeyd edilən ərizəni verməsi (imzalaması) işin müəyyən edilən halları ilə öz təsdiqini tapmamışdır. Nəzərə almaq lazımdır ki, ərizənin aldadılması nəticəsində verməsini (imzalamasını) israr edən iddiaçı aldadılmasına əsas olmuş halları da özü sübut etmək vəzifəsini daşıyır. Belə ki, o, qeyd edilən ərizəni özü şəxsən imzalamış və məzmunu ona bəlli olmuşdur. Ərizənin isə məzmunu ünvan 2-nin iddiaçının bacısının adına özəlləşdirilməsinə etiraz etməməsi ilə bağlıdır. Göründüyü kimi, ərizənin məzmununda onu oxuyan şəxs üçün yanlış yönləndirməyə əsas olan hər hansı cümlə və ya ifadə öz əksini tapmamış, ərizənin məzmunu sadə dillə yazılmış və aydındır. Məhkəmə qeyd edir ki, aldatma əsası ilə əqdin etibarsız sayılması üçün aldadıcı hərəkətin mövcudluğu, həmin hərəkətin iddiaçının iradəsinin formalaşmasına təsiri və məhz bu səbəbdən əqdin bağlanması halları sübut edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən ərizə şəxsən imzalanmış, sənədin məzmunu aydın və birmənalı olmuş, ərizə cəzaçəkmə müəssisəsinin vəzifəli şəxsi tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən ona bilərəkdən yanlış məlumat verildiyini, yaxud mühüm halların qəsdən gizlədildiyini təsdiq edən obyektiv sübutlar təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iradə ifadəsinin aldatma nəticəsində formalaşması sübuta yetirilməmişdir. Odur ki, iddiaçı tərəfindən qeyd edilən ərizənin aldadılma nəticəsində verilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçının ərizəni azadlıqdan məhrumetmə yerində imzalaması öz-özlüyündə onun iradə sərbəstliyinin pozulmasını göstərmir. İş materiallarında iddiaçının təzyiqə məruz qalması, hədələnməsi, yaxud hüquqi nəticələri dərk etmək imkanından məhrum olması barədə hər hansı hal müəyyən edilməmişdir. Əksinə, ərizənin cəzaçəkmə müəssisəsinin vəzifəli şəxsi tərəfindən qanunla müəyyən edilmiş qaydada təsdiqlənməsi həmin iradə ifadəsinin könüllü verildiyini göstərən hal kimi qiymətləndirilir. Bundan başqa, məhkəmə həmçinin qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi hazırda mübahisə predmeti olan sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin etibarsız hesab edilməsinə dair hər-hansı bir əsas müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında ilə formalaşdırılmış hüquqi mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. İş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmr səlahiyyətli orqan tərəfindən mövcud hüquqi əsaslara söykənməklə qəbul edilmiş, həmin əmrin verilməsinə iddiaçının öz iradə ifadəsi ilə razılığı mövcud olmuşdur. İddiaçı tərəfindən həmin iradə ifadəsinin qanunvericiliklə nəzərdə tutulmuş etibarsızlıq əsaslarından hər hansı biri ilə qüsurlu olduğunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, mübahisələndirilən əmrin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iradə ifadəsinin qüsurlu olması, sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin qanunsuzluğu və mənzilin özəlləşdirilməsi zamanı hüquq pozuntusunun mövcudluğu sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Bundan başqa, məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi tərəfindən sosial kirayə müqaviləsinin ləğv edilməsi və mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi barədə fikir bildirilsə də, həmin tələblər Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş müddətdə və qaydada iddia tələbinin dəyişdirilməsi və ya dəqiqləşdirilməsi kimi rəsmiləşdirilməmiş, müvafiq yazılı ərizə təqdim olunmamışdır. Bu səbəbdən göstərilən məsələlər məhkəmə baxışının predmetinə daxil edilməmiş hesab olunur və məhkəmə həmin tələblərə mahiyyəti üzrə hüquqi qiymət verməyi mümkün hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə qarşı “sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin və mənzilin özəlləşdirməsinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə qarşı “sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin və mənzilin özəlləşdirməsinin etibarsız hesab edilməsi” barədə iddiası təmin ediməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar