Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4362/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Nərimanov rayon Sukanalı İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh2 ASC-nin Nərimanov rayon Sukanalı İdarəsi və Cavabdeh2 ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nərimanov rayon Sukanalı İdarəsi və Cavabdeh2 ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.08.2021-ci il tarixdə Nərimanov rayon Sukanalı İdarəsi tərəfindən tərtib edilmiş 600677 saylı aktın ləğv edilməsi, aktın əsasında hesablanmış 2196 manat borcun silinməsi cavabdehə həvalə edilməsi və sayğac üzrə tədbiq edilmiş qadağaların aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə tələbin həcminin artırılması ərizəsi ünvanlayaraq, cavabdeh Nərimanov rayon Sukanalı İdarəsinin 17.08.2021-ci il tarixdə tərtib edilmiş 600677 saylı akt əsasında hesablanmış 2196 manat puldan ödənilmiş 200 manat pul şəxsi hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı yenidən məhkəməyə tələbin həcminin artırılması ərizəsi ünvanlayaraq, Cavabdeh2 ASC-ni cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC ilə bağlanmış №19219748 saylı, Kod 092863 müqavilə əsasında içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış smart tipli sayğacın vasitəsi ilə kart üsulu ilə "Azərsu” ASC-yə ödəmişdir. 16.08.2021-ci il tarixdə saat 21-20 radələrində qeyri iş vaxtı “Azərsu" ASC-nin struktur tərkibinə daxil olan Cavabdeh1 üç nəfər əməkdaşı tərəfindən onun şəxsi mülkiyyəti sayılan su sayğacının qoruyucu qutusunu ayaq zərbəsi ilə sındırıb açaraq baxış keçirmişlər. Baxış nəticəsində 17.08.2021-ci il tarixində yəni bir gün sonra 600677 saylı akt tərtib edilib 723-İQ saylı “Su təchizatı və tullantı suları haqqında" Qanunun tələblərinin pozulmasına istinad edilərək, şəxsi hesabı üzrə 2196 manat borc tətbiq edilmiş, sayğac üzərinə qadağa qoyularaq, sudan sərfıyyət dayandırılmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş akt əsassızdır, qanuna ziddir və aşağıdakılara görə ləğv edilməlidir: Aktin tərtib edilməsi onun iştirakı təmin edilmədən, yalnız Cavabdeh1 əməkdaşları tərəfindən tərtib edilmiş və imzalanmışdır. Aktda göstərilən tarix həqiqəti əks etdirmir saxtakarlığa yol verilərək 16.08.2021 ci il tarixi – 17.08.202İci il tarixi kimi göstərilmişdir. Aktda qeyd edilən “obyektə baxış keçirilən” cümləsi - həqiqəti əks etdirmir qeyri iş vaxtı olduğuna görə obyekt fəaliyyət göstərmirdi. Bundan əlavə, qeyd edilən aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti nəzərdə tutulmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azərsu ASC”-nin nümayəndəsi X2 bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, idarənin əməkdaşları tərəfindən edilmiş bütün hərəkətlər qanuna müvafiqdir və heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna görə də iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia əsaslıdır və aşağıdakı səbəblərə görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan; Azərsu ASC-nin 600677 nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus obyektə baxış keçirilər zamant məlum olmuşdur ki, yuyucu kimi fəaliyyət göstərən ünvanda sayğacdan kənar d=11 mm.-lik rezin boru vasitəsi ilə qanunsuz özünə məxsus su çənin doldurduğu aşkar edilmişdir. Azərsu ASC-nin 18.08.2021-ci il tarixli, ********* nömrəli qanunsuz istifadə fakturasından görünür ki, 18.08.2021-ci il tarixli, 600677 saylı Akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqında ödəniş üçün cəmi 2196 manat dəymiş maddi ziyan müəyyən edilmişdir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İnqlab küçəsi, 53 saylı evin həyətində yerləşən qeyri0yaşayış binası qarajın hüquqi subyekti İddiaçıdur. 16.08.2021-ci il tarixli ünvan 3 ünvanda yerləşən binanın sakinləri tərəfindən tərtib olunmuş aktdan görünür ki, 16.08.2021-ci il tarixində axşam saat 21-20 radələrində 46 saylı binanın qarşısında dayanarkən şahidi olmuşlar ki, özlərini "xxxx" ASC-nin əməkdaşları kimi təqdim edərək 3 nəfər şəxs Sabit Rahman küç 46 saylı binanın qarşısında quraşdırılmış İddiaçı məxsus olan su sayğacına yaxınlaşaraq qoruyucu qutuya ayaq zərbasi vuraraq həmin qutunu sındıraraq açmış, telefon vasitasilə fotoşəkil çəkib həmin ərazidən uzaqlaşmışlar. Azərsu ASC-nin 26.08.2021-ci il tarixli Yaranmış borcun ödənilməsi qaydasına dair razılaşma protokulundan görünür ki, Azərsu ASC-nin Cavabdeh1 rəisi və İddiaçı protokol imzalayaraq, 1994,2 manat borcun olmasını qəbul etmişlər və həmin borcu 6 dəfəyə, hər dəfəsində 333 manat olmaqla ödənilməsinə razılaşmışlar. 26.08.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Azərsu ASC-nin hesabına 200 manat kommunal ödəniş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli “Sudan istifadə Qaydaları”-nın təsdiq edilməsi haqqında Qərarının 4.1.5-ci bəndindən görünür ki, istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçıların vəzifəsidir. Həmin qərarın 4.1.7-ci bəndindən görünür ki, suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçıların vəzifəsidir. Həmin qərarın 6.16-cı bəndindən görünür ki, su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKMin nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Həmin qərarın 6.17-ci bəndindən görünür ki, tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Həmin qərarın 6.4-cü bəndindən görünür ki, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə qeyd etmək lazım bilir ki, iddiaçıya məxsus suölçən cihaz ümumi istifadədə olan ərazidə quraşdırıldığından, onun işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombun toxunulmazlığına iddiaçı cavabdehlik daşımır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya məxsus sayğac barədə tərtib edilmiş əmr, iddiaçıya tətbiq edilmiş cərimə ləğv edilməli və ondan tutulan vəsait onun hesabına qaytarılmalıdır. O da qeyd edilməlidir ki, iddiaçı Cavabdeh2 ASC-nin Nərimanov rayon Sukanalı İdarəsinə və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsilə müraciət etmişdir. Bununla belə “ Cavabdeh2 ASC-nin strukturu ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 328 saylı, 29 iyul 2019-cu il tarixli Qərarına görə Cavabdeh1 Cavabdeh2 ASC-nin nəzdində olan hüquqi şəxs olmayan təşkilatdır. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 17.08.2021-ci il tarixli Cavabdeh1 tərəfindən tərtib edilmiş 600677 saylı akt ləğv edilməli və akt əsasında hesablanmış 1994,2 manat borcun silinməsi Cavabdeh2 ASC-nin üzərinə vəzifə kimi qoyulmalı, ödənilmiş 200 manat məbləğində pul iddiaçının hesabına qaytarılmalı, sayğac üzrə tətbiq edilmiş gadağalar aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 17.08.2021-ci il tarixli Cavabdeh1 tərəfindən tərtib edilmiş 600677 saylı akt ləğv edilsin və akt əsasında hesablanmış 1994,2 manat borcun silinməsi Cavabdeh2 ASC-nin üzərinə vəzifə kimi qoyulsun. Cavabdeh1 tərəfindən tərtib edilmiş 600677 saylı akt əsasında hesablanmış 1994,2 manat borcdan məcburi ödənilmiş 200 manat məbləğində pul İddiaçı hesabına qaytarılsın, sayğac üzrə tətbiq edilmiş gadağalar Cavabdeh2 ASC tərəfindən aradan qaldırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4362/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4362/2021
28.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver