Məhkəmə qərarları › İş №2(005)-4375/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4375/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4375/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, "xxxx" ASC-nin İddiaçına qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası“ ASC-dən 27210 (iyirmi yeddi min iki yüz on) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə iddiaçı arasında Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 2, 202 saylı mənzilə dair 03.11.2011-ci il tarixli, 14898 saylı müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən mənzilin dəyəri 155234.4 manat müəyyən edilmiş və 240 ay müddətinə hər ay 634.31 manat ödəməyim nəzərdə tutulmuşdur.Lakin aylıq ödənişlərdə üzürlü səbəblərdən gecikmələrə yol verdiyindən cavabdeh tərəf bundan sui-istifadə edərək mənzilin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3933/2017 saylı, 31 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və mənzilin boşaldılması qət edilmişdir.Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Məhkəmə qətnaməsi 2020-ci ilin senryabr ayında icra olunaraq mənzil boşaldılmış və cavabdehə təhvil verilmişdir. Həmin mənzilə görə 37210 manat pul ödəmişdir. Mənzil boşaldılarkən cavabdehin nümayəndəsi ona söz verdi ki, mənzil boşaldıqdan sonra onun ödədiyi pul 3 dəfəyə ona geri qaytarılacaqdır. Nəhayət 19.11.2020-ci il tarixdə iddiaçının hesabına 10000 manat məbləğində pul ödədilər. Qalan məbləği isə qısa müddət ərzində ödəyəcəklərinə söz vermişlər. Hər dəfə cavabdeh təşkilata gedərkən hesablarında pul olmadığını yaxın zamanlarda pulun gələcəyini və pul gələn kimi qalıq məbləğin ödənilməsini iddiaçıya söz vermişlər. Lakin bu söz olaraq da qaldı. Burdan da aydın olur ki, bunların hamısı bəhanədir. O vaxtdan iddiaçı kirayələrdə qalır və çox çətinliklər çəkir. Cavabdeh isə iddiaçının pulunu müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-yə Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 2, 202 saylı mənzilə görə 27210 (iyirmi yeddi min iki yüz on) manat pul İddiaçı tərəfindən ödənilmişdir. Həmin pul onun keçmiş həyat yoldaşına ödənilmişdir. Buna görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31.07.2017-ci il tarixli 2(005)-3933/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi,1937 saylı məhəllə ünvamında yerləşən bina 8 blok 2, 202 saylı 1 otaqdan ibarət ümumi sahəsi 73.5 kv/m olan mənzilin alqı-satqısına dair bağlanmış 03.06.2016-cı il tarixli əlavə razılaşma ləğv edilmiş, həmin mənzilin boşaldılması və "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 05.09.2018-ci il tarixli, AZ İ 301510 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 ilə X3 arasında nikah ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş 03.11.2011-ci il tarixli, 14898 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış, Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 2, 202 saylı mənzilə görə 27210 (iyirmi yeddi min iki yüz on) manat İddiaçı tərəfindən ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 20.08.2021-cı il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə münasibətləri ilə bağlı mübahisəyə baxılarkən müəyyən edilən hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Yuxarıda qeyd olunan preyudisial əhəmiyyətə malik qərarın surətindən göründüyü kimi, birinci, apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən iddiaçının yenidən mübahisələndirmək istədiyi hallara hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericiliklə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. (Ə.M.Həsənovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30.12.2008-ci il tarixli qərarı) Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir. (X.İ.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13.12.2005-ci il tarixli qərarı) Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-ci il taixli qərarı). Bundan başqa işin halları ilə müəyyən edildi ki, iddiaçı tərəfindən 03.11.2011-ci il tarixində cavabdehlə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı 37210 manat mənzilin ümumi məbləğindən ödəmiş, həmin pul geri qaytarılmamışdır. Cavabdeh geri ödənişi iddiaçının keçmiş ərinə etdiyini bildirmişdir. Lakin cavabdeh tərəfindən iddia tələbində göstərildiyi qədər məbləğ ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Nərimanov rayonu, 1937 məhəllə, Əliyar Əliyev küç, bina 8, blok 2, 202 saylı mənzil üçün ödənilmiş 37210 manatın 10000 manatını geri qaytarmış və qalıq borc olaraq 27210 manat borc cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası“ ASC-dən 27210 (iyirmi yeddi min iki yüz on) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar