Məhkəmə qərarları › İş №2(005)-4472/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4472/2021

09.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4472/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı-digər iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh-digər iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkli Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Koorperativinə və Cavabdeh2 qarşı “kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair; iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X9 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Koorperativinə və Cavabdeh2 qarşı “kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Qız Qalası" Mənzil-Tikinti Kooperativi və Cavabdeh2 arasında bağlanmış 11 yanvar 2006-cı il tarixli kooperativ mənzil tikintisi haqqında 198№-li müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası 13 fevral 1948-ci il təvəllüdlü X11 22 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atasının ölümündən sonra sağlığında ona məxsus olan bir neçə əmlak onlara miras əmlak olaraq qalmışdır. Bu əmlaklardan bir neçəsini digər vərəsə olan qardaşı ilə qanunvericiliyin tələblərinə uyğun olaraq bölmüşlər. Atasından miras qalmış əmlaklardan birini isə atasının ögey bacısı hazırki iş üzrə cavabdehlərdən biri yəni, Cavabdeh2 qanunsuz yolla oz mülkiyyətinə keçirməyə çalışır. Mübahisə predmeti olar daşınmaz əmlak Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 28C ünvanında cavabdeh " x x x x " MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 198№-li dörd otaqlı mənzildir. Belə ki, həmin mənzil vaxtilə onun mərhum atası tərəfindən alınsa da, hazırda Cavabdeh2 11 yanvar 2006cı il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilə təqdim edərək mənzilin ona məxsus olduğunu bildirir. Həmin Müqavilə sonradan qanunsuz yolla hazırlanmış və hüquqi qüvvəsi olmayan müqavilə olduğundan həmin mənzil qanuni mülkiyyətə qaytarılmalıdır. Mənzilin atasına məxsus olmasını bir neçə il əvvələ aid olan kommunal xidmətlərə dair sənədlərdən də aydın şəkildə görünür. Həmin Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərini pozmaqla bağlandığından etibarsız hesab edilməlidir. Hesab edir ki, cavabdehlərin hərəkətlərində mülki hüquq normalarının pozulması ilə yanaşı cinayət xarakterli əməllərin də mövcudluğuna kifayət qədər əsaslı şübhələr vardır. Belə ki, işin məhkəməyə göndərilməsi ərəfəsində sübutlar toplanılarkən cavabdehlərin saxtakarlıq və rəsmi sənədləri saxtalaşdırdığına dəlalət edən kifayət qədər mötəbər sübutlar əldə edilmişdir. Cavabdehlərə bir neçə dəfə mübahisə predmeti olan mənzilin qaytarılması ilə bağlı müraciət edilsə də, cavabdehlər mənzilin qanuni əsaslarla əldə edildiyini bildirib tələbinə məhəl qoymadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2(005)-4457/2021-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X9 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki iş 2(005)-4472/2021 nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X9 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edrərək, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758-759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZ 1007, 114, m 20, m 1) mənzilin cavabdeh İddiaçı qanunsuz sahibliyindən geri alınıb, həmin mənzilin boşaldılaraq, ona Cavabdeh2 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh2 12.10.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758-759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZ 1007, 114, m 20, m 1) mənzilin cavabdeh İddiaçı və X6 qanunsuz sahibliyindən geri alınıb, həmin mənzilin boşaldılaraq, ona Cavabdeh2 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı tərəfindən zəbt edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758-759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZE 1007, 114 m 20, m 1) mənzil mülkiyyət hüquqları əsasında ona məxsusdur. Həmin mənzili ilkin olaraq "xxxx" Mənzil-Tikinti Kooperativindən əldə etmiş və bununla bağlı MTK ilə aralarında 11 yanvar 2006-cı il tarixdə 198 saylı "kooperativ mənzil tikintisi haqqında" müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativnə mənzilin dəyərini tam ödəməklə almışam. Həmin mənzilə dair əldə etdiyi mülkiyyət hüququnu, MTK tərəfindən ona təqdim olunmuş protokoldan çıxarış və maliyyə arayışı əsasında Dövlət Reyestrdən qeydə aldırmaqla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən adına çıxarış verilmişdir. Cavabdeh İddiaçı arvadı ilə birlikdə məndən xəbərsiz, iradəsinəzidd mülkiyyətində olan adı çəkilən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 758-759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZE 1007, 114, m 20;m 1) mənzilimin giriş qapısını qıraraq, mənzilimi zəbt etmiş və məni mülkiyyət hüququmdan məhrum etmişdir. Ona görə də hesab edir ki, mülkiyyətində olan adı keçən mənzil cavabdehin qanunsuz istifadəsindən geri tələb edilməklə, ona qaytarılması təmin edilməlidir. Cavabdehdən mülkiyyətə qarşı qanunsuz hərəkətlərinə son qoyulması tələb edilsə də, o, buna məhəl qoymamışdır və qanunsuz hərəkətləri davam etdiyindən məsələni məhkəmə qaydasında həll etmək məcburiyyəti yaranmışdır. Cavabdehin özgəsinin mülkiyyətində olan əmlakı mülkiyyətçinin iradəsinəzidd zəbt etməsi, qanunda yol verilməz və məsuliyyətlə nəticələnən əməlidir. İddiaçı-digər iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini, digəır iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-digər iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkli Vəkil3 məhkəməyə təqdim etdiyi iddia ərizəsi üzrə iddia tələbini müdafiə edərək təmin edilməsini, digər iddianın isə əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Cavabdeh X12 məhkəmə iclasında izahat verərək, ona qarşı irəli sürülmüş iddia ərizəsinin əsassız olduğunu bilbirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmənin 01.12.2021-ci il tarixli iclasında "xxxx" Mənzil-Tikinti Kooperatinin nümayəndəsi və vəkili Vəkil4 izahat verərək, MTK-ya qarşı irəli sürülmş iddia ərizəsinin əsassız olduğunu bildirərək rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatında qeyd edilən mənzilin payçı Cavabdeh2 tərəfindən qanuni əsaslarla əldə edildiyini, müqavilənin etibarsızlığına əsas olacaq hər-hansı bir pozuntuya yol verilmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Koorperativinə və Cavabdeh2 qarşı “kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməli, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X9 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Elektron notariat” X2 vasitəsilə “X4” AQİS-dən Çıxarışdan görünür ki, 13.02.1948-ci il təvəllüdlü X5 22.12.2020-ci il tarixdə ölümü barədə Nizami rayon qeydiyyat şöbəsində 22.12.2020ci il tarixdə 1168№-li akt qeydi tərtib edilmişdir. 25.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 22.12.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı və ünvan 2 ünvanında qeydiyyatda olan X14 və onlar miras əmlakdan ½ hissədə bərabər pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 28.02.2006 tarixdə X7 verilmiş 30/24546 qeydəalma nömrəsi ilə 161 nömrəli kitabın 24546-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 758-759, giriş “C” ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 54,3 kv.m olan 3 otaqlı mənzildən ibarətdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat Şöbəsi tərəfindən 23.06.2021-ci il tarixdə verilmiş AZ-T 035901 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X10 21.05.2004-cü il tarixdə nikaha daxil olmuş, bu barədə 295 №-li akt qeydi edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 23.06.2021-ci il tarixdə verilmiş AZ- T 169774 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası X8 olmuşdur. Koopetariv Mənzil Tikintisi haqqında 11.01.2006-cı il tarixli, 198 №-li müqavilədən görünür ki, Satıcı-"xxxx" MTK ilə Payçı-Cavabdeh2 arasındakı razılaşmaya əsasən Satıcı, ünvan 4 ünvanında payçıların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 3-cü girişinin, 18-ci mərtəbəsinin, 198 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758-759-cu məhəllə, ev 28C, mənzil 198 (yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 114, M 20 m1) 02.08.2021-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir. Bakı şəhəri 3 saylı Notariat ofisinin 22.06.2021-ci il tarixli, G-323 №-li məktubundan görünür ki, 22.12.2020-ci il tarixdə vəfat etmiş 13.02.1948-ci il təvəllüdlü X5 vərəsəsi kimi oğlu İddiaçı və oğlu X14 tanınmışdır. "xxxx" MTK-nın 19.06.2021-ci il tarixli 22№-li arayışdan görünür ki, Cavabdeh2 həqiqətən ünvan 5 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 3-cü giriş, 18-ci mərtəbəsində olan, 3 otaqlı, 198 saylı mənzil hal-hazırda ona məxsusdur və həmin mənzil təmirsizdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin 14.07.2021-ci il tarixli 06№-li protokolundan çıxarışdan görünür ki, vətəndaş Cavabdeh2 "xxxx" Mənzil-Tikinti Kooperativinə üzv qəbul edilmiş və ona MTKnın ünvan 6 ünvanında yerləşən kooperativ yaşayış binasında, 3 giriş, 18 mərtəbə, ümumi sahəsi 197,0 kv.m, yaşayış sahəsi 94,76 kv.m olan, 3 otaqlı, 198 saylı mənzilin verilməsi, sənədlərin mənzilin özəlləşdirilməsi üçün AR ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə təqdim edilməsi qərara alınmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin 14.07.2021-ci il tarixli 28№-li arayışından görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ünvan 5 ünvanında inşa olunmuş yaşayış binasında, ümumi sahəsi 197,0 kv.m yaşayış sahəsi 94,76 kv.m olan 3 otaqlı, 198 saylı mənzil Cavabdeh2 məxsusdur. Mənzilin balans dəyəri 59100,0 manat təşkil edir. Koorperativə mənzil sahibinin heç bir borcu yoxdur. Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758- 759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZ 1007, 114, m 20, m 1) mənzil Cavabdeh2 mülkiyyətindədir. Qeyd edilən mənzilə dair onunla "xxxx" Mənzil-Tikinti Kooperativi arasında 11.01.2006-cı il tarixdə 198№-li koopetariv mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək qeyd edilən mənzilin mərhum atası X1 ona məxsus olmasını iddia edir və mənzilin atasının qanun üzrə vərəsələrinə çatmalı olduğunu bildirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edərək cavabdehlər “Qız Qalası" Mənzil-Tikinti Kooperativi və Cavabdeh2 arasında bağlanmış 11 yanvar 2006-cı il tarixli kooperativ mənzil tikintisi haqqında 198№-li müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yuxarıda qeyd edilən ona məxsus mənzilin İddiaçı və onun həyat yoldaşı X12 tərəfindən qanunsuz olaraq zəbt edildiyini bildirmiş, mənzilə dair mülkiyyət hüquqlarının cavabdehlərin təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində pozulduğunu iddia etmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin İddiaçı və X6 qanunsuz sahibliyindən geri alınıb boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Koorperativinə və Cavabdeh2 qarşı “kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Satıcı-"xxxx" MTK ilə Payçı- Cavabdeh2 arasındakı razılaşmaya əsasən Satıcı, ünvan 4 ünvanında payçıların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 3-cü girişinin, 18-ci mərtəbəsinin, 198 saylı mənzili payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Buna dair tərəflər arasında Koopetariv Mənzil Tikintisi haqqında 11.01.2006-cı il tarixli, 198 №-li müqavilə bağlanmışdır. Həmçinin məhkəmə sorğusu əsasında əldə edilmiş mübahisəli mənzilin alqı-satqısına dair maliyyə arayışı və "xxxx" MTK üzvlərinin ümumi iclasının 6№-li protokolundan görünür ki, Cavabdeh2 tərəfindən mənzilə dair bütün ödənişlər edilmiş və mənzilin Cavabdeh2 təhvil verilməsi qərara alınmışdır. İşin materiallarına əlavə edilmiş mübahisələndirilən müqavilənin məzmunu, onun formasına uyğundur və onlar bir-birini tamamlayır. Müqavilənin məzmunundan görünür ki, podratçının vəzifəsi tikdiyi mənzili sifarişçiyə təhvil verməkdən, sifarişçinin vəzifəsi isə həmin mənzilin dəyərini ödəməkdən ibarət olmuş və onlar bununla bağlı öz iradə ifadələrini müqavilə bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Digər tərəfdən, İddiaçı müqavilənin etibarsızlıq əsası kimi ünvan 4, 3-cü girişinin, 18-ci mərtəbəsinin, 198 saylı mənzilində kommunal xidmətlər üçün olan müqavilənin onun X3nun adına bağlanmasına istinad etsə də, bu hal iddianın təmin olunması üçün əsas yarada bilməz. Belə ki, kommunal xidmətlər üçün bağlanmış müqavilələr ünvan 4, 3-cü girişinin, 18-ci mərtəbəsinin, 198 saylı mənzilə dair hüquq müəyyənedici sənəd deyil. Göründüyü kimi İddiaçı tərəfindən mənzilə dair bağlanmış müqavilənin saxta olması və qanunsuz yolla hazırlanması iddia edilsə də məhkəmə araşdırması zamanı bu hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə mülki iş materiallarında olan 25.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, mərhum X5 şəhadətnamə verilən miras əmlakı Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 758-759, giriş “C” ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 54,3 kv/m olan 3 otaqlı mənzildir. Hazırkı mülki iş üzrə mübahisəli mənzil isə Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758-759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZ 1007, 114, m 20, m 1) ünvanda yerləşən mənzildir. Məhkəmə bu halı da nəzərə alaraq İddiaçı iddia ərizəsini əsassız hesab edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Koorperativinə və Cavabdeh2 qarşı “kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X9 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilir ki: -Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas alan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. -Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: “Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həmdə qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər heç bir hüquqi əsas olmadan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758-759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZ 1007, 114, m 20, m 1) mənzili zəbt etmiş, Cavabdeh2 özünə məxsus olan əmlaka dair mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşlar. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758-759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZ 1007, 114, m 20, m 1) mənzil cavabdehlər İddiaçı və X6 qanunsuz sahibliyindən geri alınmalı, mənzil boşaldılaraq, Cavabdeh2 təhvil verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı hər hansı hüquqi əsas olmadan cavabdehlər İddiaçı və X6 mənzildən istifadə etməsi iddiaçıların öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Koorperativinə və Cavabdeh2 qarşı “kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X9 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən, 758-759-cu məhəllə, ev 28c, 198 saylı (yeni qaydalarla, AZ 1007, 114, m 20, m 1) mənzil cavabdehlər İddiaçı və X6 qanunsuz sahibliyindən geri alınsın, mənzil boşaldılaraq, Cavabdeh2 təhvil verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar