Məhkəmə qərarları › İş №2(005)-449/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-449/2025

03.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-449/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Geidarov Ramin və Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Geidarov Ramin və Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Qazaxıstan Respublikasının vətəndaşı Geidarov Ramin arasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, ev 23 mənzil 9-a (Yeni qaydalarla: AZ 1031, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsi, 66A, M1, m1) dair xx.xx.2024-cü il tarixdə bağlanmış AN-1 ******* nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə verilmiş reyestr nömrəsi **********10-05101-093009 olan çıxarışın və xx.xx.2024-cü il tarixli AN-1 № ******* olan daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında cavabdeh Geidarov Raminin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası Əhmədov Zöhrabın və anasının cəmi iki övladları olub. O və bacısı Cavabdeh2. Atasının Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, ev 23-də 9 saylı mənzili var idi. Həmin mənzil, atası və anası vəfat edəndən sonra ona və bacısı Elladaya qaldı və hər ikisi hal-hazırda da həmin mənzildə daimi qeydiyyatdadırlar. O, uzun müddətdir ki, yəni xx.xx.2018-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir və daimi müalicələrdə olur. Buna görə də çox zaman mənzildə olmur. Hazırda ona məlum olmuşdur ki, onun doğma bacısı Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu 67 saylı MKİS-in rəisi İ.Ağayevlə və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 ilə cinayət əlaqəsinə girərək, onun xəbəri olmadan və ondan gizlin, saxta sənədlərlə onun və bacısı Elladanın xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, ev 23-dəki 9 saylı (Yeni qaydalarla:Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsi, 66A, m1) mənzili saxta sənədlərlə öz adına özəlləşdirib və öz xüsusi mülkiyyətinə keçirib. xx.xx.2023-cü il tarixdə **********10-05101-093009 reyestr nömrəli çıxarış almış, sonra isə xx.xx.2024-cü il tarixli saxta daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Qazaxıstan vətəndaşı Geidarov Raminə satmış və o da özünə saxta çıxarış almışdır. Belə ki, həmin mənzildə o və ondan başqa daha bir neçə şəxs daimi qeydiyyatda olduğu halda, qeydiyyat orqanı olmayan və həmin mənzildə kimlərin qeydiyyatda olduğundan xəbəri olmayan, Nizami rayon MKTB-nin 67 saylı MKİS-nin rəisi İ.Ağayevdən heç bir möhürü, künc ştampı olmayan xx.xx.2024-cü il tarixli 99 nömrəli saxta arayış almışdır ki, guya həmin mənzildə Cavabdeh2 başqa qeydiyyatda heç kim yoxdur və mənzil ona məxsusdur. Həmin saxta arayışı Bakı şəhəri 9 saylı notariat ofisinə təqdim etmişdir. 9 saylı notariat ofisinin xüsusi notariusu X1 qeydiyyat orqanı olmayan 67 saylı MKİS-nin rəisinin vermiş olduğu həmin saxta arayış əsasında mənzilin Qazaxıstan vətəndaşı Geidarov Raminə satmaq barədə alğı-satqı müqaviləsini təsdiq etmişdir. Bu zaman X1 “Elektron Notariat” AİS-dən, ASAN Xidmət Mərkəzinin DİN şöbəsindən mənzildə başqa vətəndaşların da qeydiyyatda olmalarını gizlətmiş və öz saxta əməllərini pərdələmək məqsədi ilə daha bir saxtakarlığa yol verərək Cavabdeh2 adından “Yazıb Sizə bildirirəm ki, mülkiyyətimdə olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, ev 23 mənzildə (Yeni qaydalarla: AZ-1031, ünvan 1 ünvanında yerləşən mənzildə) (qeydiyyat nömrəsi **********) qeydiyyatda olanlar barədə məlumatın xx.xx.2024-cü il tarixdə real vaxt rejimində “Elektron Notariat” AİS-dən, ASAN Xidmət Mərkəzinin DİN şöbəsindən və xx.xx.2024-cü il tarixdə 99 saylı Bakı şəhəri Nizami rayonu 67 saylı MKİS-dən əldə olunan arayışlarda qeyd olunan şəxslər onun ailə üzvləri deyil. Bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürür” məzmunda saxta ərizəni notarial qaydada təsdiq etmiş və bundan sonra həmin saxta alğı-satqı müqaviləsi əsasında Qazaxıstan vətəndaşı Geidarov Ramin öz adına saxta çıxarış almışdır. Bütün bunlara görə də, Cavabdeh2 ilə Qazaxıstan Respublikasının vətəndaşı Geidarov Ramin arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh2 və Qazaxıstan vətəndaşı Geidarov Raminin adına verilmiş çıxarışlar məhkəmə qaydasında ləğv edilməlidir. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, mərhum anası və bacısı İddiaçı da notarial qaydada razılığı ilə keşlə qəsəbəsində yerləşən əvvəlki köhnə evləri onun adına qeydiyyata alınmışdır. Qeyd edilən evin əsaslı təmirə ehtiyacı olduğundan və bu təmirin icra edilməsinə maddi imkanları olmadığından, eyni zamanda bacısının onkoloji xəstəlikdən əziyyət çəkdiyini və daha yaxşı şəraitdə yaşaya bilməsi üçün evi satmışdır. Əldə edilmiş pul vəsaitinə yeni ev almışdır və qalan vəsaitə mənzili təmir etdirmişdir. Yeni mənzildə bacısı İddiaçı üçün böyük bir otaq ayırmışdır, həmçinin onun şəxsi əşyalarının öz vəsaiti hesabına yük taksisi vasitəsilə daşınmasını bilavasitə təmin etmişdir. Bacısı İddiaçı qeyd edilənlərdən məlumatlıdır. Əlavə olaraq, əvvəlki evin alğı-satqısı tamamilə qanunvericiliyin tələbinə uyğun olaraq aparılmışdır. Qeyd edilənlərlə əlaqədar zəruri sənədlər notariat kontorunun arxivində mövcuddur. Bacısı İddiaçı qarşı hər hansı bir qeyri-insani hərəkəti, məqsədi və tələbi olmamışdır. Bacısını öz hüquqlarından və ya ona çatası paydan məhrum etmək və belə hərəkətlərə yol vermək onun ailə tərbiyəsinə və mənəviyyatına uyğun deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, atası 2001-ci ildə dünyasını dəyişib. Atası DİN işçisi olduğu üçün atasına ev verilmişdi. O, dünyasını dəyişdikdən sonra ev 2003-cü ildə anasına keçdi. Daha sonra balaca olduğu üçün evi satmaq qərarına gəldilər. Keşlədə ev aldılar və həmin evə köçdülər. Cavabdeh Ellada xanım isə evi öz adına keçirmişdi. Bundan sonra ev bacısının adına keçmişdi. O, həmin vaxt bundan məlumatsız idi. Neçə illər sonra məsələdən xəbər tutmuşdur. Anası da evin bacısının adına olmasından məlumatsız idi. Anasının sağlığında bu məsələ olmuşdur. O isə sonradan bilmişdir ki, ev bacısının adınadır. O, hazırda həmin evdə qeydiyyatdadır. Ev satılarkən onun razılığı alınmamışdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçının atasına məxsus Keşlə qəsəbəsində ev olub. Həmin mənzil iddiaçının ata-anası dünyasını dəyişdikdən sonra iddiaçıya və bacısı Ellada xanıma qalmışdır. Həmin mənzilə iddiaçı və bir neçə şəxs qeydiyyatda olduğu halda, mənzil satılarkən onların razılığı alınmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, notariusda 2004-cü ildə alğı-satqı müqaviləsi bağlanıb və ev onun adına rəsmiləşdirilib. Bu analarının istəyi ilə həyata keçirilib. Həmin vaxt anası sağ idi. Bacısının da məsələdən xəbəri var idi. Evin onun adına alınmasına etiraz etməmişdi. Anası rəhmətə gedəndən bir müddət sonra həmin evdə bacısı tanışı ilə birlikdə onlarla qalırdı. Onun tanışı onlara rahat yaşamağa imkan vermirdi. Buna görə həmin evi satmaq qərarına gəldi. Evi birja vasitəsilə Geidarov Raminə satdı, yeni ev aldı. Amma yeni aldığı evdə bacısına da otaq ayırmışdı. Lakin bacısı tanışı ilə deyil, tək gəlib onlarla birlikdə yaşaya bilər. İddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər Geidarov Ramin və Bakı Şəhəri 9 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosssual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Geidarov Ramin bildirmişdir ki, o, evi elanda görmüşdü. Anası ilə evə gedib baxıb və bəyənmişlər. Onlara bir neçə nəfərin qeydiyyatda olduğu və onların qeydiyyatdan çıxması üçün vaxt lazım olduğu deyilmişdi. Onlar da razılaşmışlar. Ev üçün 70000 manat vəsait ödəmişlər. Onlar alğı-satqını 9 saylı Notariat Ofisində rəsmiləşdirmişlər. Məhkəmə, prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AN seriyalı, ******* saylı, 15 aprel 2004-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görnünür ki, “Satıcı” X2 Bakı şəhəri, 1-ci köndələn küçəsində yerləşən 23 saylı evin 9 nömrəli mənzilini “Alıcı” Cavabdeh2 mülkiyyətinə verməyi, “Alıcı” isə mənzilin dəyəri olan 83 600000 manat məbləğində pulu “Satıcı”ya verməyi öhdəsinə götürmüşdür; - 133786 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, 1-ci köndələn küçəsi 23 saylı evin 9 saylı mənzili Cavabdeh2 xüsusi mülkiyyəti kimi xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır; - Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 5 (yeni qaydalarla: AZ1031, ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə yeni çıxarış verilmişdir; - Cavabdeh2 xx.xx.2024-cü il tarixli notarial təsdiq edilmiş ərizəsindən görünür ki, o, bildirmişdir ki, mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Zəki Məmmədov küçəsi, 66A, M1, m1 ünvanında yerləşən mənzilə (Qeydiyyat nömrəsi **********) qeydiyyatda olanlar bərədə məlumatın xx.xx.2024-cü il tarixdə real vaxt rejimi “Elektron Notariat” AİS-dən, ASAN XİDMƏT Mərkəzinin DİN şöbəsindən və xx.xx.2024-cü il tarixdə 99 saylı Bakı şəhəri Nizami rayonu 67 saylı MKİS-dən əldə olunan arayışlarda qeyd olunan şəxslər onun ailə üzvləri deyil; - AN-İ seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, ec 23, mənzil 9 (yeni qaydalarla: AZ1031, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73,31 kv.m olan mənzili tam mülkiyyət hüququ üzrə “Alıcı” Geidarov Raminə verməyi, “Alıcı” Geidarov Ramin isə mənzilin dəyəri olan 70000 manat məbləğində pulu “Satıcı”ya ödəməyi öz öhdəsinə götürmüşdür; - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Ramin Geidarov tərəfindən 9 saylı Notariat şöbəsinə 134 nömrəli alğı-satqı müqaviləsinə əsasən 70000 manat pul köçürülmüşdür; - Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən hazıradək ünvan 3 ünvanında qeydiyyatdadır; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən ünvan 4 ünvanında yerləşən 9 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsi, 66A, M1, m1) üzərində Cavabdeh3 xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil 15 aprel 2004-cü il tarixli alğı-satqı müqaviləsi əsasında iddiaçının bacısı olan Cavabdeh2 mülkiyyətinə keçmişdir. Cavabdeh2 həmin mənzilə dair mülkiyyət hüquqları 29 may 2004-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 həmin mənzili digər cavabdeh Geidarov Raminə satmışdır. Hazırda iddiaçı mənzil satılan zaman qeydiyyatda olduğuna, eləcə də həmin mənzilin anasına məxsus olduğuna əsaslanaraq, bacısının adına verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsini, onun razılığı alınmadan bağlanmış alğısatqı müqaviləsinin etibarsız hesab edilməsini və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 isə mənzilin 2004-cü ildən ona məxsus olduğuna əsaslanaraq iddiaya etiraz edir. Digər cavabdeh Geidarov Ramin mənzili alğısatqı müqaviləsinə əsasən ödəniş edərək əldə etdiyinə istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, mülki qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın. Həmçinin mülkiyyətçinin öz əmlakının müqəddəratını təyin etmək, həmin əmlak barəsində sərəncam vermək hüququ vardır. Sərəncam hüququ əmlakın satılması, bağışlanması, dəyişdirilməsi, icarəyə verilməsi və sair hüquqi hərəkətlərlə həyata keçirilir. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil edir. Mülki Məcəllənin 144-cü maddəsi daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi qaydalarını müəyyən edir. Həmin maddəyə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır (144.1). Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir (144.2). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət notariusu əqdləri və etibarnamələri təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə görə yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Mülki Məcəllənin 2.6-cı maddəsinə əsasən qanundan aşağı qüvvəli normativ hüquqi aktlar mülki münasibətlərin tənzimlənməsi üçün yalnız o halda tətbiq edilir ki, onlar bu Məcəlləyə uyğun gəlsin və ona zidd olmasın. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olubolmadığı müəyyən edilə bilər. Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi, müqavilənin etibarsız sayılması üçün o, Mülki Məcəllədə müəyyən edilmiş tələblərə uyğun olmamalıdır. Mülki qanunvericiliyin müəyyən etdiyi tələbləri hazırkı mübahisəyə tətbiq edərkən müəyyən edilir ki, cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur. Alğı-satqı müqaviləsi bağlanarkən iddiaçının razılığının olmaması barədə dəlili ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarında əks olunmuş mövqeyinə görə, alğı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Hazırki işdə müəyyən edilən hal isə ondan ibarətdir ki, bağışlanan (özgəninkiləşdirilən) əmlak yalnız iddiaçının anasının mülkiyyətində olmuşdur. Həmçinin məhkəmə, analoji hal kimi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 3 noyabr 2015-ci il tarixli Qərarında göstərilmiş mövqeyi bildirərək qeyd edir ki, həmin Qərarın 1-ci bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, notarius tərəfindən notarial sənədlərin tərtibatı ilə bağlı prosedur qaydaların pozulması əqd üzrə tərəflərin məsuliyyət sferasına daxil olmamaqla, müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsas kimi çıxış edə bilməz. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, iiddiaçının digər tələbi (mülkiyyət hüququ barədə Geidarov Raminin adına verilmiş çıxarışın ləğv edilməsi) üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Belə ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi tələbinin təmin olunmaması, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. İddiaçının Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışın ləğv edilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, mübahisələndirilən mənzil Cavabdeh2 mülkiyyətinə 2023-cü ildə deyil, 2004-cü ildə bağlanmış alğı-satqı müqaviləsi əsasında keçmişdir. Həmin mənzil Cavabdeh2 xüsusi mülkiyyəti kimi xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. Sonradan 2023-cü ildə yeni çıxarış verilmişdir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir. Hazırki iş üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas kimi, mülki-hüquqi əqd olan alğı-satqı müqaviləsi çıxış etmişdir. İddiaçı isə daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın Cavabdeh2 adına aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədləri, yəni alğı-satqı müqaviləsini mübahisələndirməmişdir. Bu səbəbdən iddiaçının qeyd edilən tələbinin təmin edilməsi üçün hər hansı bir hüquqi əsas mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Geidarov Ramin və Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Geidarov Ramin və Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar