Məhkəmə qərarları › İş №2(005)-4528/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4528/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4528/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Nizami rayon İcra Şöbəsi və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsızlığı, hərrac protokolu və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonunun C.Naxçıvanski küçəsindəki 88 nömrəli evin 16-cı mənzili ilə əlaqədar keçirilən hərracın nəticəsi olaraq bağlanmış hərracın yekunu protokolu və həmin əmlakın alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilə etibarsız hesab edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli, 2(103)-6971/18 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi və ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılmanın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilərək ipoteka predmetinin ilkin satış qiyməti 50000 manat müəyyən edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonunun C.Naxçıvanski küçəsindəki 88 nömrəli evin 16-cı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində Sadıqova Ziba Yusif qızı, İddiaçı, X6 və X2 həmin mənzildən çıxarılması qət olunmuş, iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehlər İddiaçı və İddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixıi, 2(102)-7830/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(103)-6971/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(103)-6971/18 saylı icra vərəqəsinə əsasən, hərracın keçirilməsi “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-yə sifariş edilmişdir. İddiaçının qətnamənin icra olunması ilə bağlı heç bir məlumatı olmamışdır. Bankdan iddiaçıya zəng edərək, evin boşaldılmasını tələb edəndə məlumat əldə etmiş, ipoteka predmeti olan mənzili ilə bağlı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi"ndə hərraclar keçirilmiş və mənzil bank tərəfindən əldə edilmişdir. Keçirilən hərraclarla bağlı sənədlərin təsdiq olunmuş surətlərini əldə etmək üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi"nə müraciət etsə də, ona heç bir sənəd təqdim etməmişlər. Hərraclar qanunsuz keçirilmiş, hərracın keçirilməsinə dair ona heç bir məlumat verilməmişdir. Belə ki, hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya göndərilməmişdir, əmlakın mülkiyyətçisi kimi hərraclarda iştirak hüququ pozulmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X8 yazılı etiraz təqdim edərək, bildirmişdir ki, sözügedən əmlak üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri çıxarıldıqdan sonra, hərraca çıxarılmış, alıcı olmadığı üçün İpoteka haqqında qanunun müvafiq maddələrinin tələbinə əsasən bankın mülkiyyətinə keçmişdir. Həmin sözügedən əmlak həm ipoteka ilə yüklü edilərkən, həm də qanuni qüvvəsini almış qətnamələrin icrası zamanı qanunamüvafiq olaraq bankın mülkiyyətinə keçərkən daşınmaz əmlakın dövlət reyestrində Sadıqova Ziba Yusif qızına məxsus olmuşdur. Lakin İddiaçı ona məxsus olduğunu iddia etdiyi əmlak ilə bağlı heç bir hüquq müəyyənedici sənədə əsaslanmayaraq fərdi yaşayış evi üzrə “hərracın nəticələrinin etibarsızlığı, hərrac protokolu və alqısatqı müqaviləsinin etibarsızlığı“ tələbini irəli sürmüşdür. Mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış İddiaçı müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İş materiallarına nəzər yetirildikdə, hazırda İddiaçı mübahisələndirdiyi əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və onun əmlak üzərində sərəncam vermək hüququ yoxdur. Hazırki halda sözügedən əmlakın iddiaçıya aid olmasını təsdiq edən hər hansı bir sübutu olmadığından iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir, yəni hazırki iddia tələbi ilə müraciət etmək hüququ İddiaçı deyil, Sadıqova Ziba Yusif qızının hüququdur. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasım araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar: başqa (borclu) şəxslərdən tələb etmək hüququ: müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının mübahisəsini etdiyi əmlaka dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC və Nizami rayon İcra Şöbəsinə məlumat verilməsinə baxmayaraq tərəflər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(007)-78/2018 saylı qətnaməsinin surətinə əsasən iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər İddiaçı və Sadıqova Ziba Yusif qızma qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 02 may 2014-cü il tarixli 3SKD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 06 may 2014-cü il tarixli 38KD/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən, əsas kredit borcu üzrə - 30469,99 ABŞ dolları, faiz borcu üzrə - 4731,92 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları, cəmi 35211,91 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və dövlət rüsumuna görə 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 manat İddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, borcun tutulması ipoteka predmeti olan Sadıqova Ziba Yusif qızının mülkiyyətində olan ipotekaya qovulmuş Bakı şəhəri Nizami rayonunun C.Naxçıvanski küçəsindəki 88 saylı evin 16 saylı mənzilin açıq hərrac yolu ilə satılmaqla ödənilməsinə yönəldilərək əldə olunmuş vəsaitdən - cəmi 35211,91 ABŞ dolları, ABŞ dollarının manatla məzənnəsi və ödənilmiş dövlət rüsumuna və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqına görə, cəmi 60 manat "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ cavabdeh Sadıqova Ziba Yusif qızma qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılmanın təmin edilməməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia təmin edilərək ipoteka predmetinin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilmiş, ipoteka predmeti olan Bakı şəhəri Nizami rayonunun C.Naxçıvanski küçəsindəki 88 nömrəli evin 16-cı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində Sadıqova Ziba Yusif qızı, İddiaçı, X7 və X2 həmin mənzildən çıxarılması qət olunmuş, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehlər İddiaçı və Sadıqova Ziba Yusif qızının apellyasiya şikayəti təmin edilməmişdir, iş üzrə Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.11.2018-ci il tarixli, 2(102)-7830/2108 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsindən cavabdeh Sadıqova Ziba Yusif qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır; Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(007)-1889/2021 saylı qətnaməsinin surətinə əsasən “Unibank KB" ASC-nin cavabdehlər Sadıqova Ziba Yusif qızına, X7na, X3 qarşı cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saytı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi təmin edilmiş, qətnamə Sadıqova Ziba Yusif qızının, X4, X2 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır, müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı "xxxx"xxxx" ASC-nə qarşı cavabdeh təşkilatın üzərinə yeni kredit müqavilənin bağlanılması öhdəliyinin həvalə edilməsi və qanunsuz məhkəmə qətnaməsindən sonra hesablanmış faiz borclarının silinməsinə dair qətnamə qəbul edilməsi, cavabdeh təşkilatın problemli borcların idarə edilməsi şöbəsinin Bəhram və Hafiz adlı əməkdaşlarının vəzifələrindən sui-istifadə etməklə onu aldadaraq saxtakarlıqla sənədlərə imza atdıraraq 7.000 ABŞ dolları ödətdirllməsinə dair xüsusi qərardad qəbul edilərək, Respublika Prokurorluğuna göndərilməsinə dair qərar qəbul edilməsi”nə dair iddia tələbi təmin edilməmişdir; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin 17.05.2019-cu il tarixli, 01/1862 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı ş. Nizami r. C.Naxçıvanski küç., yerləşən 88 saylı evin 16 saylı mənzilin satış qiyməti 50.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2500 manat olmaqla hərraca çıxarılması və hərracın 17.06.2019-cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə İddiaçı, Sadıqova Ziba Yusif qızına və məlumat üçün "xxxx" ASC-yə və Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin 31.05.2019-cu il tarixli, 01/2030 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı ş. Nizami r. C.Naxçıvanski küç., yerləşən 88 saylı evin 16 saylı mənzilin satış qiyməti 50.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2500 manat olmaqla hərraca çıxarılması və hərracın 17.06.2019-cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə İddiaçı, Sadıqova Ziba Yusif qızına və məlumat üçün "xxxx" ASC-yə və Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin 21.06.2019-cu il tarixli, 01/2235 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı ş. Nizami r. C.Naxçıvanski küç., yerləşən 88 saylı evin 16 saylı mənzilin satış qiyməti 50.000-15%=42500 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2125 manat olmaqla hərraca çıxarılması və hərracın 08.07.2019-cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə İddiaçı, Sadıqova Ziba Yusif qızına və məlumat üçün "xxxx" ASC-yə və Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin İddiaçı, Sadıqova Ziba Yusif qızına və məlumat üçün "xxxx" ASC-yə və Nizami rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 12.07.2019-cu il tarixli, 01/2468 saylı təklifin surətinə əsasən Nizami Rayon İcra və Probasiya Şöbəsinin 17/71-3M27 saylı 08.05.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka yüklü Bakı ş. Nizami r. C.Naxçıvanski küç., yerləşən 88 saylı evin 16 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 12.07.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 31875 (otuz bir min səkkiz yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Nəzərə alınsın ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1356 VQD nömrəli qanunun 150.1.13, 150.3-1 həmçinin 220.8, 220.8.1 maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir; Hərracın yekunları barədə 07.08.2019-cu il tarixli, 51/03 nömrəli protokolunun surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6971/2018 saylı, 29.06.2018-ci il tarixli icra vərəqəsinə və Nizami rayon İcra və Probasiya Şöbəsinin 17/71-3M-27 saylı, 08.05.2019-cu il tarixli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 50.000 (əlli min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 42500,00 manat olan Sadıqova Ziba Yusif qızına məxsus Bakı ş. Nizami r. C.Naxçıvanski küç., yerləşən 88 saylı evin 16 saylı mənzili 31875,00 manata ipoteka saxlayan "xxxx" ASC-nin nümayəndəsi X9 əldə etmişdir; Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07.08.2019-cu il tarixli müqavilənin surətinə əsasən Sadıqova Ziba Yusif qızına məxsus Bakı ş. Nizami r. C.Naxçıvanski küç., yerləşən 88 saylı evin 16 saylı mənzili Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: "xxxx" MMC tərəfindən tələbkar "xxxx" ASC-nin nümayəndəsi X9 31875,00 manata satılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı ümumi sahəsi 35.29 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmiş, əmlakın dövlət reyestrində 2116 nömrəli reyestr kitabının 195842 nömrəli vərəqində 19.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17.10.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də, 18 Avqust 1972-ci ildə Salyan rayonu Qızılağac ərazisinin Alçalı kəndində anadan olub və 1995-ci ildən 2018-ci ilin may ayına kimi Bakı şəhərində məlum olmayan ünvanda yaşayıb 2018-ci ilin may ayından Salyan rayon Alçalı kəndində yaşayır və daimi qeydiyyatdadır; 06.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-sü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Məhkəmə iddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddia ərizəsinə və iş materiallarına istinadən qeyd edir ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu bildirir. Eyni zamanda, iddiaçı tərəf onun qeydiyyatda olduğu üçün üzrə hərrac öildirişlərinin göndərilmədiyini (Salyan rayon Alçalı kəndinə) qeyd edir. Halbuki hərracın keçirilməsi ilə bağlı bildirişlər mənzilin mülkiyyətçisi Sadıqova Ziba Yusif qızının qeydiyatda olduğu və yaşadığı ünvan üzrə göndərilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzili ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən mənzilin mülkiyyətçisinin ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın deyil, iddiaçının faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun ozünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının arvadının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil. əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçının həmin əmlakı almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Hətta 3-cü şəxs "xxxx" ASC qətnamə ilə müəyyən edilmiş borc məbləğinin ödənildiyi təqdirdə mübahisənin barışıqla həll üçün məhkəmə iclasları təxirə salınmışdır. Lakin bu bir nəticə verməmiş, qısa müddətdə müəyyən edilmiş borc məbləğini ödəmək vədlərini verən iddiaçı nəticə etibarı ilə bu istiqamətdə hər hansı addım atmamışdır. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Digər tərəfdən, hazırda mübahisələndirilən hərrac artıq başa çatmış, əmlakın mülkiyyətçisi hazırda "xxxx" ASC-dir. İddiaçı isə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzilin keçmiş mülkiyyətçisi deyil, evin əvvəlki mülkiyyətçisinin əridir. Belə olan halda, məhkəmə onu da qeyd edir ki, iddiaçı olaraq İddiaçı hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, bu isə o deməkdir ki, iddiaçının hərracın nəticələrinin etibarsızlığı ilə bağlı tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Nizami rayon İcra Şöbəsi və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsızlığı, hərrac protokolu və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Nizami rayon İcra Şöbəsi və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsızlığı, hərrac protokolu və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar