Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4531/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" QSC-yə qarşı “hərracın yekunları barədə protokolların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" QSC-yə qarşı “hərracın yekunları barədə protokolların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən verilmiş 26.02.2019cu il tarixli, 01/712 nömrəli və 26.02.2019-cu il tarixli, 01/712/1-1 nömrəli hərracların keçirilməsi ilə bağlı olan qərarların etibarsız bilinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(103)-2063/2018 saylı, 19.10.2017-ci il tarixli icra vərəqəsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan "xxxx" QSC tərəfindən ipoteka ilə yüklü edilmiş Qazax rayonu, Qarabağ küçəsində yerləşən 4 otaqlı 99,7 kv.m yaşayış, 64.8 kv.m köməkçi sahəsi olan mənzili Qazax rayon İcra və Probasiya şöbəsi tərəfindən edilən sifariş əsasında "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən onların xəbəri olmadan, hər hansı bildiriş verilmədən ona məxsus mənzil hərraca çıxarılaraq onlardan gizli olaraq bir neçə dəfə formal, yalnız sənəd üzərində hərrac keçirilməklə kredit götürdükləri və ona məxsus mənzili ipoteka saxlayan cavabdeh "xxxx" QSC tərəfindən formal sənədlər hazırlamaqla həmin mənzilin real qiymətindən 3 dəfə ucuz qiymətə 29999,48 manata sənədləşdirməklə 26.02.2019-cu il tarixli hərrac qərarı əsasında öz mülkiyyətinə keçirmişdir. Eyni gündə də həyat yoldaşı olan digər İddiaçı2 mülkiyyətində olan “AccessBank “QSC tərəfindən ipoteka ilə yüklü edilmiş Qazax rayonu, Azadlıq küçəsində yerləşən 1 mərtəbəli 23,3 kv.m sahəsi olan obyekti Qazax rayon İcra və Probasiya şöbəsi tərəfindən edilən sifariş əsasında "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən onların xəbəri olmadan, hər hansı bildiriş verilmədən hərraca çıxarılaraq onlardan gizli olaraq bir neçə dəfə formal, yalnız sənəd üzərində hərrac keçirilməklə kredit götürdükləri və onlara məxsus mənzili ipoteka saxlayan Cavabdeh2 QSC tərəfindən formal sənədlər hazırlamaqla həmin mənzilin real qiymətindən 3 dələ ucuz qiymətə 17999,68 manata sənədləşdirməklə 26.02.2019-cu il tarixli hərrac qərarı əsasında ,öz mülkiyyətinə keçirmişdir. 26.02.2019-cu il tarixdə keçirilən hərraclar barədə hərracın təşkilatçısı tərəfindən onlara bildiriş göndərilməmiş və heç bir məlumat verilməmiş, hərracda iştirak etmək hüquqlarından məhrum edilmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X4 ərizə təqdim edərək bildirmişdir ki, iddia əsassızdır, iddianı verməkdə məqsəd bank qarşısında götürülmüş öhdəliklərdən yanınmaq, icra sənədinin icrasına mane olmaq və əlavə vaxt qazanmaqdır. Bundan başqa iddia qaldırmaq üçün müddət ötürülmüşdür. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Xammal və X8 Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Belə ki, iş materiallarında olan; "xxxx" MMC-nin Qazax rayon İcra və Probasiya şöbəsinə və "xxxx" QSC-yə ünvanladığı 26.02.2019-cu il tarixli, 01/712/1-1 saylı məktubundan görünür ki, 334/4 saylı, 11.05.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı2 məxsus Qazax şəhəri, Azadlıq küçəsində olan 0.0027 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 23.3 kv.m ibarət 125D saylı qeyri yaşayış binasının qiyməti 17999,68 manat olmaqla "xxxx" QSC əldə etmişdir. "xxxx" MMC-nin Qazax rayon İcra və Probasiya şöbəsinə və "xxxx" QSC-yə ünvanladığı 26.02.2019-cu il tarixli, 01/712 saylı məktubundan görünür ki, 334/4 saylı, 11.05.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı1 məxsus Qazax şəhəri, Qarabağ küçəsində 0.03968 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 4 otaqlı, 99.7 kv.m yaşayış, 64.8 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin qiyməti 29999,48 manat olmaqla "xxxx" QSC əldə etmişdir. Qazax rayon İcra və Probasiya şöbəsinin 11.05.2018-ci il tarixli, 334/4 nömrəli hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2547/2017 saylı, 19.10.2017-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə tələb girov predmeti olan İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanda 0.0027 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 23.3 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binasına və həmin binanın yerləşdiyi həyətyanı torpaq sahəsinə yönəldilməsi 28234,80 manat və İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında 0.03968 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış sahəsi 99.7 kv.m, köməkçi sahəsi 64.8 kv.m olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə yönəldilməsi 47058 manat müəyyən edilməklə satılması ilə bağlı hərracın keçirilməsi "xxxx" MMC-dən xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2547/2017 saylı, 19.10.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanda 0.0027 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 23.3 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binasının ilkin satış qiyməti 28234,80 manat və İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında 0.03968 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış sahəsi 99.7 kv.m, köməkçi sahəsi 64.8 kv.m olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 47058 manat müəyyən edilmiş və açıq hərracda satılması qət edilmişdir. 01-07 iyun 2018-ci il tarixli 118 nömrəli, 18-24 may 2018-ci il tarixli 116 nömrəli, 22-28 iyun 2018-ci il tarixli 121 nömrəli, 08-14 fevral 2019-cu il tarixli, 18-24 yanvar 2019-cu il tarixli 150 nömrəli “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, qeyd olunan əmlaklar ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. "xxxx" MMC-nin Qazax İcra və Probasiya Şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı2, İddiaçı1 və X1 ünvanlanmış 01/529 nömrəli, 08.02.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda 0.0027 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 23.3 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binasının və ünvan 3 ünvanında 0.03968 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış sahəsi 99.7 kv.m, köməkçi sahəsi 64.8 kv.m olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ipoteka yüklü satılması ilə bağlı mövcud qanunveriliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qazetin 08.02.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. "xxxx" MMC tərəfindən Qazax İcra və Probasiya Şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı2, İddiaçı1 və X1 ünvanlanmış 18.01.2019-cu il tarixli № 01/217 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2547/2017 saylı 19.10.2019-cu il tarixli icra sənədi üzrə Qazax şəhəri, Azadlıq küçəsi 0.0027 ha həyətyanı torpa sahəsində yerləşən 125D saylı qeyri yaşayış binası və Qazax şəhəri, Qarabağ küçəsi 0.03968 ha həyətyanı torpaq sahəsində yerləşən 14 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və müvafiq olaraq 23999,58 manat və 39999,30 manat satış qiymətinə hərracda satılması, həmçinin hərracın 04.02.2019-cu il saat 11:00-də keçiriləcəyi bildirilmişdir. "xxxx" MMC tərəfindən Qazax İcra və Probasiya Şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı2, İddiaçı1 və X1 ünvanlanmış 18.05.2018-ci il tarixli № 01/1581 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2547/2017 saylı 19.10.2019-cu il tarixli icra sənədi üzrə Qazax şəhəri, Azadlıq küçəsi 0.0027 ha həyətyanı torpa sahəsində yerləşən 125D saylı qeyri yaşayış binası və Qazax şəhəri, Qarabağ küçəsi 0.03968 ha həyətyanı torpaq sahəsində yerləşən 14 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və müvafiq olaraq 28234,80 manat və 47058 manat ilkin satış qiymətinə hərracda satılması, həmçinin hərracın 20.06.2018-ci il saat 11:00-də keçiriləcəyi bildirilmişdir. "xxxx" MMC tərəfindən Qazax İcra və Probasiya Şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı2, İddiaçı1 və X1 ünvanlanmış 01.06.2018-ci il tarixli № 01/1758 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2547/2017 saylı 19.10.2019-cu il tarixli icra sənədi üzrə Qazax şəhəri, Azadlıq küçəsi 0.0027 ha həyətyanı torpa sahəsində yerləşən 125D saylı qeyri yaşayış binası və Qazax şəhəri, Qarabağ küçəsi 0.03968 ha həyətyanı torpaq sahəsində yerləşən 14 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və müvafiq olaraq 28234,80 manat və 47058 manat ilkin satış qiymətinə hərracda satılması, həmçinin hərracın 20.06.2018-ci il saat 11:00-də keçiriləcəyi bildirilmişdir. "xxxx" MMC tərəfindən Qazax İcra və Probasiya Şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı2, İddiaçı1 və X1 ünvanlanmış 22.06.2018-ci il tarixli № 01/1996 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2547/2017 saylı 19.10.2019-cu il tarixli icra sənədi üzrə Qazax şəhəri, Azadlıq küçəsi 0.0027 ha həyətyanı torpa sahəsində yerləşən 125D saylı qeyri yaşayış binası və Qazax şəhəri, Qarabağ küçəsi 0.03968 ha həyətyanı torpaq sahəsində yerləşən 14 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və müvafiq olaraq 23999,58 manat və 39999,30 manat satış qiymətinə hərracda satılması, həmçinin hərracın 23.07.2018-ci il saat 11:00-də keçiriləcəyi bildirilmişdir. Poçt xəbərnamələrinin surətindən görünür ki, Qazax şəhəri, Qarabağ küçəsi, ev 14 ünvanına İddiaçı1 ünvanlanmış məktub sonuncu tərəfindən 11.07.2018-ci il tarixdə şəxsən qəbul edilmişdir. Poçt xəbərnamələrinin surətindən görünür ki, Qazax şəhəri, H.Əliyev prospekti 114, mənzil 1 ünvanına X2 ünvanlanmış məktub sonuncu tərəfindən 12.07.2018-ci il tarixdə şəxsən qəbul edilmişdir. Poçt xəbərnamələrinin surətindən görünür ki, Qazax şəhəri, H.Əliyev prospekti 114, mənzil 1 ünvanına İddiaçı2 ünvanlanmış məktub sonuncu tərəfindən 11.07.2018-ci il tarixdə şəxsən qəbul edilmişdir. FM Express Kəktub və Bağlama Daşınması Xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin talonların surətindən görünür ki, "xxxx" MMC Qazax şəhəri, Qarabağ küçəsi, ev 14 ünvanına İddiaçı1, Qazax şəhəri, H.Əliyev prospekti 114, mənzil 1 ünvanına X2 və İddiaçı2 hərraca dair məktublar göndərmişdir. Poçt xəbərnamələrinin surətindən görünür ki, Qazax şəhəri, H.Əliyev prospekti 114, mənzil 1 ünvanına X2 ünvanlanmış məktub sonuncu tərəfindən 02.07.2018-ci il tarixdə şəxsən qəbul edilmişdir. Poçt xəbərnamələrinin surətindən görünür ki, Qazax şəhəri, H.Əliyev prospekti 114, mənzil 1 ünvanına İddiaçı2 ünvanlanmış məktub sonuncu tərəfindən 02.07.2018-ci il tarixdə şəxsən qəbul edilmişdir. Poçt xəbərnamələrinin surətindən görünür ki, Qazax şəhəri, Qarabağ küçəsi, ev 14 ünvanına İddiaçı1 ünvanlanmış məktub sonuncu tərəfindən 02.07.2018-ci il tarixdə şəxsən qəbul edilmişdir. Poçt xəbərnamələrinin surətindən görünür ki, Qazax şəhəri, H.Əliyev prospekti 114, mənzil 1 ünvanına X2 ünvanlanmış məktub sonuncu tərəfindən 14.06.2018-ci il tarixdə şəxsən qəbul edilmişdir. Poçt xəbərnamələrinin surətindən görünür ki, Qazax şəhəri, Qarabağ küçəsi, ev 14 ünvanına İddiaçı1 ünvanlanmış məktub sonuncu tərəfindən 13.06.2018-ci il tarixdə şəxsən qəbul edilmişdir. Poçt xəbərnamələrinin surətindən görünür ki, Qazax şəhəri, H.Əliyev prospekti 114, mənzil 1 ünvanına İddiaçı2 ünvanlanmış məktub sonuncu tərəfindən 13.06.2018-ci il tarixdə şəxsən qəbul edilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İş materiallarından müəyyən edilir ki, "xxxx" MMC İddiaçı2, İddiaçı1 və X1 ünvanlanmış 18.05.2018-ci il tarixli № 01/1581 və 01.06.2018-ci il tarixli № 01/1758 nömrəli bildirişlərlə Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2547/2017 saylı 19.10.2019cu il tarixli icra sənədi üzrə Qazax şəhəri, Azadlıq küçəsi 0.0027 ha həyətyanı torpa sahəsində yerləşən 125D saylı qeyri yaşayış binası və Qazax şəhəri, Qarabağ küçəsi 0.03968 ha həyətyanı torpaq sahəsində yerləşən 14 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və müvafiq olaraq 28234,80 manat və 47058 manat ilkin satış qiymətinə hərracda satılması, həmçinin hərracın 20.06.2018-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. Daha sonra "xxxx" MMC İddiaçı2, İddiaçı1 və X1 Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2547/2017 saylı 19.10.2019-cu il tarixli icra sənədi üzrə Qazax şəhəri, Azadlıq küçəsi 0.0027 ha həyətyanı torpaq sahəsində yerləşən 125D saylı qeyri yaşayış binası və Qazax şəhəri, Qarabağ küçəsi 0.03968 ha həyətyanı torpaq sahəsində yerləşən 14 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və müvafiq olaraq 23999,58 manat və 39999,30 manat satış qiymətinə hərracda satılması, həmçinin hərracın 23.07.2018-ci il saat 11:00-da və 04.02.2019-cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. Bildirişlər onların qeydiyyatda olduğu və hazırki iddia ərizəsində də qeyd etdikləri ünvan 6 ünvanlarına göndərilmiş və iddiaçılara poçt vasitəsi ilə şəxsən təqdim edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçlarının əsas gətirdiyi, əmlaklarla bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, elan vermiş, beləliklə iddiaçlarının əmlakın hərraca çıxarılmasından tam olaraq xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Beləliklə, qeyd edilən ipoteka predmetləri ilə bağlı keçirilmiş hərracdan iddiaçlarının tam məlumatı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmlakın hərraca çıxarılmasından tam olaraq xəbərdar olduğundan, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirildiyindən və ipoteka predmeti qanuni olaraq tələbkara təklif edildiyindən hərrac təşkilatının 26.02.2019-cu il tarixli, 01/712 nömrəli və 26.02.2019-cu il tarixli, 01/712/1-1 nömrəli hərracın yekunları barədə protokollarının etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. İddiaçının həmin bildirişləri almamasına dair məhkəmədə mübahisələndirməsinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06.02.2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçılar həmin bildirişləri almamalarını məhkəmədə mübahisələndirsə də, hərracla bağlı bildirişlərin iddiaçlarının yaşayış ünvanı olan Qazax şəhəri, Qarabağ küçəsi, ev 14 ünvanına İddiaçı1 və Qazax şəhəri, H.Əliyev prospekti 114, mənzil 1 ünvanına İddiaçı2 göndərilməsində Hərrac Mərkəzi haqlı olmuşdur. Belə ki, iddiaçlarının faktiki vermiş olduğu qeydiyyyat və yaşayış ünvanı iddia ərizəsindən də görünür ki, İddiaçı1 ünvanı Qazax şəhəri, Qarabağ küçəsi, ev 14 və İddiaçı2 ünvanı ünvan 9ir daha öz ünvanları kimi hazırki iddia ərizəsində də qeyd etmişlər. Məhkəmə hesab edir ki, iddiaçlarının iddia ərizəsində göstərdikləri əsaslar hərracın keçirilməsi haqqında protokolun və bundan irəli gələn hüquqi nəticələrin etibarsız sayılması üçün əsas deyildir. Hərracın keçirilməsi ilə bağlı göndərilmiş bildirişlərin iddiaçıların şəxsən özləri tərəfindən qəbul edilərək bu barədə müvafiq imzanın poçt qəbzlərinə qoyulmaması özlüyündə hərracın keçirilməsinə və bundan irəli gələn hüquqi prosedurların həyata keçirilməsinə maneə deyildir. Çünki, qanunvericilik hərracı keçirən təşkilatın üzərinə hərracın keçirilməsi barədə bildirişləri borclunun vvə ya daşınmaz əmlak sahibinin şəxsən özünə çatdırılması kimi bir vəzifə qoymayıb, bildirişlərin həmin şəxsin və ya şəxslərin yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməsi qanunvericliyin sadalanan əsasları baxımından məlumatlandırmanın yerinə yetirilməsi kimi qiymətləndirilir. Məhkəmənin mövqeyinə görə əks halda əmlak mülkiyyətçisinə belə bildirişin şəxsən təqdim edilməsinin məcburiliyi hərracın keçirilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrasını mümkünsüz edərdi. Belə vəziyyət isə Konvensiyanın tələblərilə qeyri-müəyyənlik yaradardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəməaraşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanınaməhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.). Bundan başqa iddia ərizəsində əmlakların qiymətlərinin aşağı qiymətlənib satılmasına dair məhkəmə qeyd edir ki, əmlakların qiyməti Gəncə Apellyasiya Məhkəməsinin 2(103)-2063/2018 saylı, 19.10.2017-ci il tarixli qətnaməsində müəyyən edilmiş və iddiaçılar müəyyən edilmiş ilkin satış qiymətlərindən narazı qaldığı halda Gəncə Apellyasiya Məhkəməsinin 2(103)-2063/2018 saylı, 19.10.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verə biləcəkləri halda bunu etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Əlavə olaraq o da qeyd edilməlidir ki, işin hallarından göründüyü kimi iddiaçı tərəf ipoteka predmeti olan əmlaklara dair hərracla bağlı bildirişləri 2018-ci il tarixdə almalarından məlum olur ki, hərracın keçirilməsindən məlumatları olmuşdur. Bununla da iddiaçı tərəf məlumatlı olduğu halda hazırki iddia ərizəsilə hərracı mübahisələndirmiş və bununla da etibarsızlığın mübahisələndirilməsinə dair müddəti ötürmüşdür. Belə mövqe onunla əsaslandırılır ki, “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göründüyü kimi iddiaçılar 26.02.2019-cu il tarixli, 01/712 nömrəli və 26.02.2019-cu il tarixli, 01/712/1-1 nömrəli hərracların keçirilməsi ilə bağlı olan qərarların etibarsız hesab edilməsini xahiş etmişlər. Bu səbəbdən məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun iddia tələbinə hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. “İpoteka haqqında” Qanunda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Cavabdeh "xxxx" QSC-nin iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki qanunvericilikdə hərracın yekunlarına dair protokol hərracın nəticələrini əks etdiridyindən, eyni zamanda müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları ilə müyyənləşdirildiyindən, dövlət reyestrində hüquqların dövlət qeydiyyatına alınmasına əsas olan sənəd hesab olunduğundan 26.02.2019-cu il tarixli, 01/712 nömrəli və 26.02.2019-cu il tarixli, 01/712/1-1 nömrəli hərracların keçirilməsi ilə bağlı olan qərarların etibarsız hesab edilməsi tələbinə mülki qanunvericliyin əqdlərin etibarsızlığını şərtləndirən hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 337.2ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Həmin Qərarda əks edilən hüquqi mövqeyə görə mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən iddia müddətinin tətbiqi ilə bağlı tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Göründüyü kimi iddiaçı tərəf hərrac barədə məlumatlı olduğu halda hərracla bağlı mübahisələndirmə müddətini də ötürmüşdür. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" QSC-yə qarşı “hərracın yekunları barədə protokolların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4531/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4531/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver