Məhkəmə qərarları › İş №2(005)-4686/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4686/2021

25.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4686/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, FətƏliadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.11.2020-ci il tarixində İddiaçı MMC-i ilə Cavabdeh1 arasında bağlanmış 59 №-li Alqı-Satqı müqaviləsi və onun əsasında vedrilmiş 23.11.2020-ci il tarixli 59 №-li Arayış etibarsız hesab edilməsi, cavabdehin əməllərinə obyektiv hüquqi qiymət verilməsi və xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluq orqanlarına göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia ərizəsinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh2 göstərdiyi səriştəsizliyə görə 100 manat pulun alınıb mənə ödənilməsi və İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 23.11.2020-ci il tarixli, 59 nömrəli Alqı-Satqı müqaviləsinin və 23.11.2020-ci il tarixli 59 nömrəli Arayışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 18.09.2003cü il tarixli 466 saylı Sərəncamı, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il tarixli 14/157 saylı Ayrıc Aktı, Bakı şəhər İcra Hakimiyyətinin 14.01.2015-ci il tarixli 13 saylı Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yerləşən 0.386+0.08 ha torpaq sahəsi ‘‘X5” MMC-yə icarəyə verilmiş, həmin torpaq sahəsində 3 bloklu (A,B,C) 18 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. “A” blokunun tikintisi 2018-ci il tarixində başa çatdırılmış, mənzillər vətəndaşlara satılmış, blok Dövlət qurumları tərəfindən istismara qəbul edilmiş, mənzil alan vətəndaşlara mülkiyyət hüququ barədə Çıxarışlar verilmişdir. “X5” ilə İddiaçı MMC-i arasında 19.03.2020-ci il tarixində notariat qaydasında təsdiq edilmiş “Birgə Fəaliyyətə dair” Müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən İddiaçı MMC öz vəsaiti hesabına yuxarıda göstərilmiş ünvanda “B” və”C” bloklarının tikintisini üzərinə götürmüşdür. Bundan əlavə “Birgə Fəaliyyətə dair” Müqavilə ilə tikiləcək bloklarda mənzillərə dair sərəncam vermək, Müqavilələr bağlamaq hüquqları İddiaçı MMC-yə aid edilmişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində tanışlıq münasibətləri olan Fikrət Hacıyev və Rəşid Ramazanov yaxınlaşaraq bildirmişdilər ki, onların armatur satışı ilə məşqul olan bir tanışı var və o tikintisinə başladıqları binada barter üsulu ilə (mənzilin dəyərində armatur vermək) mənzil almaq istəyir. Lakin onun bir xahişi var ki, əvvəlcədən ona veriləcək mənzilə dair tam ödəniş etməsi barədə arayış verilsin. Fikrət Hacıyev və Rəşid Ramazanovdan soruşulmuşdur ki, bəs o mənzilin dəyəri həcmində armatur verməsə necə olacaq? Fikrət Hacıyevdə cavab verdi ki, o zəmanət verir ki, həmin şəxs armatur verəcək. Əgər armaturu verməsə Müqaviləni pozarsınız. Həmin vaxt tikintinin aparılması üçün armatura ehtiyyac olduğuna görə bu şərtlərlə razılaşmışdılar. 23.11.2020-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh1 arasında 59 №-li Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Bakı şəhəri Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti , 945 məhəllə ünvanında inşa etdiyi hündürmərtəbəli yaşayış binasının “B” bloku, 8-ci mərtəbədə, ümumi sahəsi 181.12 kv.m. olan 4 otaqlı 2 saylı mənzili Cavabdeh1 verməyi, sonuncu isə müqavilə bağlanarkən mənzilin dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdülər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin tam dəyəri tərəflərin qarşılıqlı razılıqı ilə hər kv.m. 1200 manat olmaqla 217344 manat məbləqində müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən cavabdehə heç bir borcu olmaması barədə Arayış da verilmişdir. Həmin vaxtdan bir ilə yaxın müddət ötməsinə baxmayaraq Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, mənzilin dəyəri həcmdə armatur verməkdən boyun qaçırır, aldadır. Dəfələrlə onunla görüşüb və telefon vasitəsilə danışaraq borcunun ödəməsni tələb edilsə də, o yenədə aldadır və qərəzli şəkildə bundan yayınır. Cavabdehin bu cür hərəkətləri ilə Azərbaycan Respublikasının qanunlarının tələbləri pozmaqla yanaşı onun tərəfindən aralarında bağlanmış 23.11.2020-ci il tarixli 59 №-İi Alqı-Satqı müqaviləsinin şərtləri də kobud surətdə pozur. 23.11.2020-ci il tarixli 59 №-li Alqı-Satqı müqaviləsinin 8.1-ci bəndində göstərilmişdir ki, “Mənzilin dəyərinin ödənilməsi göstərilən məbləqdə armatur verilməsi ilə həyata keçirilir. Həmin məbləqdə armatur ödənilmədikdə müqavilə əhəmiyyətsiz və etibarsızdır.” Qeyd olunanlardan görünür ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri birtərəfli qaydada pozmuş, özünü qanunların müəyyən etdiyi qaydada və tərzdə aparmamışdır. Bu isə ciddi qanun pozuntusu olduğundan yolverilməzdir. Əslində cavabdehlə bağlanmış 23.11.2020-ci il tarixli 59 №-li Alqı-Satqı müqaviləsi yalan və uydurma əqddir. Bu müqavilə alqı-satqı müqaviləsi yox, barter müqaviləsidir və tərəflər bu müqaviləni bağlayarkən ona uyğun nəticələrin yaranmasını güdməmişlər (pul verib mənzil almaq) və başqa əqdi pərdələmək üçün bağlanan əqddir. Cavabdehin vaxtında armatur vermədiyi səbəbində böyük məbləqdə maddi, əhəmiyyətli dərəcədə mənəvi və işkuzar nüfuza ciddi zərər yetirilmişdir ki, bunun da əvəzi cavabdeh tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, Cavabdeh1 tərəfindən müqavilə üzrə ödənişlərin yerinə yetirilməsinə Cavabdeh2 nəzarət həvalə edilsə də, nəzarət etməmiş, ödənişlərin gecikməsi barədə mənə məlumat verməmiş və nəticədə Cavabdeh1 müqavilə üzrə öhdəliyin yerinə yetirməməsindən gec xəbər tutmuşdur. Cavabdeh2 öhdəliyin vaxtına və lazımi icra olunmaması barədə məlumatı versə idi, vaxtında tədbir görüləcəkdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə sonuncunun armaturları təhvil verilməsi ona tapşırılmış, lakin verilən tapşırığı işin çoxluğu ilə əlaqədar yerinə yetirə bilməmişdir.Lakin belə məlumatı vermək onun vəzifə borcu deyildir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 19.03.2020-ci il tarixli Birgə Fəaliyyətə dair müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, AK. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yerləşən 0.386+0.08 ha torpaqdan 0.16 ha torpaq sahəsi üzərində 1-ci və 2-ci mərtəbələrində qeyri-yaşayış sahələrinin, zirzəmidə 1 mərtəbədə avtodayanacaq olacaq bir girişli iki bloklu 18 mərtəbəli yaşayış binasının tikintisi, həmin yaşayış binasında mənzillərin satışı və bundan irəli gələn işlərin aparılması ilə əlaqədar birgə fəaliyyət həyata kiçirilməsi barədə “X5” MMC ilə İddiaçı MMC razılığa gəlmişlər. 23.11.2020-ci il tarixli, 59 nömrəli Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin hər kv.m. dəyəri oxdan-oxa hesablanmaqla 1200 manat, ümumi qiyməti 217344 manat tərəflər arasında aparılmış razılaşma ilə müəyyən edilmişdir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin tam yerinə yetirilməsindən sonra qüvvədən düşmüş sayılır. Mənzilin dəyərinin ödənilməsi göstərilən məbləqdə armatur verilməsi ilə həyata keçirilir. Həmin məbləqdə armatur ödənilmədik də, müqavilə həmiyyətsiz və etibarsızdır. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən yaşayış binasının tikintisi başa çatdıqdan sonra, mənzilin dəyərinin tam ödənilməsi şərti ilə, “Satıcı”nın “Alıcı”nın mülkiyyətinə və sərəncamına verdiyi mənzili Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində mülkiyyət hüququ əsasında “Alıcı”nın adına rəsmiləşdirilməsi və sənədləşdirilməsi (notariat, vergi və s. xərcləri) “Alıcı” tərəfindən və “Alıcı”nın vəsaiti hesabına həyata keçirilir. 23.11.2020-ci il tarixli, 59 nömrəli arayışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “B” bloku, 8-ci mərtəbədə, ümumi sahəsi 181.12 kv.m olan 4 otaqlı 2 saylı mənzilin dəyəri ödənilmişdir. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında qeydiyyatdadır. İddiaçı MMC tərəfindən Cavabdeh1 ünvanlanmış 01.01.2021-ci il tarixli Təkrar bildirişdən görünür ki, 23.11.2020-ci tarixli, 59 nömrəli Alqı-Satqı müqaviləsi üzrə öhdəliyi 5 iş günü ərzində yerinə yetirilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunması barədə məlumatlandırılmışdır. İşin hallarından aydın olur ki, müqavilənin etibarsızlığı üçün hər hansı əsas mövcud deyildir. Bununla belə İddiaçı MMC cavabdehlə aralarında bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyindən, haqlı olaraq müqaviləni birtərəfli ləğv edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetiməsinə dair sübut təqdim edilməmişdir. Mülki Məcəllənin 328.1-ci maddəsinə görə əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 328.2-ci maddəsinə görə bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Həmin Məcəllənin 328.4-cü maddəsinə görə pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndində qeyd olunmuşdur ki, mənzilin dəyərinin ödənilməsi göstərilən məbləğdə armatur verilməsi ilə həyata keçirilir. Həmin məbləğdə armatur ödənilmədikdə müqavilə əhəmiyyətsiz və etibarsızdır. Müqavilənin bu bəndindən aydın olur ki, tərəflər armaturun verilməsi şərti ilə 23 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945ci məhəllədə inşa ediləcək bir girişli iki bloklu 18 mərtəbəli yaşayış binasının “B” bloku, 8-ci mərtəbəsində, 181,12 kv.m olan 4 otaqlı 2 saylı mənzilin alıcı tərəfi olan Cavabdeh1 verilməsi üçün bağlanmışdır. İddiaçı iddia edir ki, armaturun verilməsinə dair şərt yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən armaturun verilməsilə müqavilənin yerinə yetirilməsinə dair sübut təqdim edilməmişdir. Sadalanan qanunverilcik əsaslarından aydın olur ki, gələcəkdə baş verməsi mümkün olmayan şərtin etibarsızlığı nəzərdə tutulmuşdur. 23 noyabr 2020-ci il tarixli sözgedən müqavilədən isə görünür ki, müqavilədəki şərtin yerinə yetirilməsi mümkün olduöu halda yerinə yetirilməmişdir. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilən müqavilə etibarısızlığı ilə bağlı qanunverilciyin tələbləri baxımından məhkəmə hesab edir ki, müqavilənin etibarsızlığı üçün əsaslar mövcud deyildir. Məhkəmə onu da qeyd edir ki, maliyyə arayışı maliyyə hesabatlarına dair ciddi hesabat sənədi olsa da, əqd anlayışını ehtiva etmir. Qanunda isə əqdin etibarsızlığı nəzərdə tutulmuşdur. Lakin maliyyə arayışının etibarsız hesab edilməməsi onun verilməsini şərtləndirən müqavilədən asılı olaraq hüquqi qiyməöt verilməsini də istisna etmir. Müqavilənin hüquqi qüvvəsinə itirməsinə dair məhkəmənin mövqeyi bu müqavilə əsasında verilən maliyyə arayışı ilə bağlı müqavilə tərəfinin tələb etmə hüququnu da istisna edir. İddiaçının Cavabdeh1 ilə onun arasında bağlanmış 23 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945-ci məhəllədə inşa ediləcək bir girişli iki bloklu 18 mərtəbəli yaşayış binasının “B” bloku, 8-ci mərtəbəsində, 181,12 kv.m olan 4 otaqlı 2 saylı mənzilin alıcı tərəfi olan Cavabdeh1 verilməsinə dair müqavilənin ləğv edilməsinə münasibətədə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Cavabdeh1 İddiaçı MMC ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliyini icra etməmiş və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddianın digər Cavabdeh2 dair hissəsində məhkəmə qeyd edir ki, məhkəmə iclası zamanı cavabdeh iddiaçı tərəfindən verilmiş tapşırığı yerinə yetirə bilmədiyini qeyd etsə də tapşırığı yerinə yetirə bilmədiyi təqdirdə cərimələnməsinə dair saziş olmamış, həmçinin yalnız Cavabdeh2 hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya ziyan dəyməsi sübut edilməmişdir. Odur ki, iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən özünə aid edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC-nin direktoru X2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti, 945-ci məhəllədə inşa ediləcək bir girişli, iki bloklu, 18 mərtəbəli yaşayış binasının “B” blokunda, 8-ci mərtəbədə, ümumi sahəsi 181,12 kv.m olan, 4 otaqlı, 2 saylı mənzilə dair 23.11.2020-ci il tarixində bağlanmış 59 saylı alqı-satqı müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin direktoru X2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti, 945-ci məhəllədə inşa ediləcək bir girişli, iki bloklu, 18 mərtəbəli yaşayış binasının “B” blokunda, 8-ci mərtəbədə, ümumi sahəsi 181,12 kv.m olan, 4 otaqlı, 2 saylı mənzilə dair 23.11.2020-ci il tarixində bağlanmış 59 saylı alqı-satqı müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar