Məhkəmə qərarları › İş №2(005)-4702/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4702/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4702/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın keçirilməsinə dair qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsi, 35 saylı evi açıq hərracdan keçirilməsinə dair qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsi, 34 saylı ev 58000 manat dəyərində qiymətləndirilərək ipoteka qoyulmuşdur. xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 9 il ərzində "xxxx" ASC-yə 28000 manatdan çox kredit ödəmişdir. "xxxx" ASC onun savadsızlığından istifadə edərək, məhkəməyə müraciət etməklə ondan 47001,35 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsinə nail olmuşdur. Banka cəmi 22000 manat borcu qaldığı halda 9 nəfər ailənin yaşadığı və yeganə yaşayış yeri olan mənzilin 58000 manata satılması qət edilmişdir. İndi ona mənzilin hərraca çıxarılacağı məlum olmuşdur. Hesab edir ki, ona məlumat verilmədən və heç bir sənədə imza edilmədən evinin hərracdan satılmasına dair qəbul edilmiş qərar ləğv edilməlidir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, iddia tələbində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsi, 35 saylı evin hərracdan keçirilməsinə dair qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etsə də, iddia ərizəsinin məzmunundan mənzilin nömrəsinin 34 olduğu iddia tələbində yanlışlıqla 35 qeyd edildiyi aydın olur. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsi, 34 saylı ev hərraca Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4051/2022 saylı qətnaməsinə əsasən çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 4051/2022 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra tədbirləri olaraq icra məmurunun müraciəti əsasında Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsi, 34 saylı evin hərraca çıxarılması istiqamətində addımlar atılmış və İddiaçı da məlumatlandırılmışdır. İddiaçı qeyri-dəqiq formada “hərracın keçirilməsinə dair qəbul edilmiş qərarın ləğv edilməsini” xahiş etsə də, iddianın məzmunundan onun “qərar” deyərkən məhkəmə qətnaməsini nəzərdə tutuduğu aydın olur. Belə olan halda İddiaçı nəzərə almamışdır ki, qətnamə artıq qanuni qüvvəyə minərək icraya yönəldilmişdir və buna görə də hazırki iddiası ilə mübahisələndirilə bilməz. Qanunvericilik İddiaçı qətnaməni qanunsuz hesab etdiyi halda ondan apellyasiya şikayəti vermək yolu ilə qətnaməni mübahiələndirmək hüququ vermişdir ki, iş materiallarından İddiaçı apellyasiya şikayəti verdiyi, lakin prosessual müddəti ötürməsi və müddətin bərpasına dair ərizəsinin əsassız olması səbəbi ilə ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə onu da qeyd edir ki, İddiaçı hazırki iddia ərizəsini yazmaqda məqsədi icra məmurunun hərəkətlərindən şikayət vermək olmuşdursa nəzərə alınmalıdır ki, icra məmurunun hərəktlərindən şikayət iddia icraatı qaydasında deyil, məhkəmə nəzarəti qaydasında verilməlidir. Bu cür şikayətlərə baxılmasına dair mülki prosessual qanunvericilikdə fərqli normalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın keçirilməsinə dair qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar