Məhkəmə qərarları › İş №2(005)-4731/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4731/2021

30.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4731/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 cəlb edilməklə) “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 cəlb edilməklə) “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X19 və X25 arasında 21 saylı dövlət notariat kontorunda bağlanan 17 dekabr 2011-ci il tarixli Razılaşma müqaviləsinin etibarsız, hesab olunmasına, həmin razılaşmadan irəli gələn hüquqi nəticələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, Cavabdeh1 ilə 13 may 1997ci il tarixdə birgə nikaha daxil olub. Bu nikahdan oğlu 1996-ci il təvvəlüdlü X12, 1999-cu il təvvəlüdlü qızı X13, 2002-ci il təvvəllüdlü qızı X16, 2011-ci il təvəllüdlü oğlu X20 doğulmuşdur. 25 avqust 2021-ci il tarixdə əldə etdiyi (Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(005)-421/2020 saylı Qətnaməsinindən ona məlum olmuşdur ki, 17 dekabr 2011-ci il tarixdə 21 saylı dövlət notarial kontorunda yoldaşı Cavabdeh1 öz qardaşı X25 ilə Razılaşma müqaviləsi bağlayaraq Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanda yerləşən mağaza və Füzuli 79 ünvanda yerləşən zirzəmi Cavabdeh1 verilərək rəsmiləşmişdir. ünvan 3 ünvanda məhlədəki “Kaspian” TM dəki 36 saylı mağaza, Nobel prospekti 23 ünvanda “A.M.A.Y" TM dəki 7 saylı mağaza və ünvan 4 ünvanda yerləşən yeni tikili “Svit Haus” binadakı obyekt X17 verilərək rəsmiləşmişdir. Qeyd edir ki, nikah dövründə aşağıda göstərilən əmlakları əldə etmişlər. Daşınmaz əmlak: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.1759 ha torpaq sahəsində yerləşən 22 nömrəli binanın 1-ci mərtəbəsində 186.2 kv.m ümumi, 111.1 kv.m əsas, 75.1 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi (Cavabdeh1 adına qeydiyyatdan keçmişdir). Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 22 ünvanda yerləşən 29.5 kv.m qeyri yaşayış sahəsi (Cavabdeh1 adına qeydiyyatdan keçmişdir) Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən 39 nömrəli binada yerləşən 100 kv.m ümumi, 76.5 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 9 nömrəli mənzil (Cavabdeh1 adına qeydiyyatdan keçmişdir) Bakı şəhəri Nəsimi rayonu, Füzuli küçəsində istifadədə olan 0.1199 ha torpaq sahəsində yerləşən 79 nömrəli binanın zirzəmisində 225.3 kv.m ümumi, 225.3 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (Cavabdeh1 adına qeydiyyatdan keçmişdir). Bakı şəhəri Nəsimi rayonu, 28 may küçəsi, ev 20, mənzil 79 (Cavabdeh1 adına qeydiyyatdan keçmişdir). Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində istifadədə olan 0.082664 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 5 mərtəbəli binada, 52.4 kv.m ümumi, 35.8 kv.m əsas sahədən ibarət 2 otaqlı 16 nömrəli mənzil (Cavabdeh1 adına qeydiyyatdan keçmişdir). Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Lakin cavabdeh Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(103)-8400/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.05.2018-ci il tarixli, 2(005)-24/2018 saylı qətnaməsi ilk iddianın tam təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddia qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2017-ci il tarixli 2(103)-3441/2017 saylı qərardadı ilə siyahıya alınmış (üzərinə həbs qoyulmuş) və Bakı şəhəri, Azadlıq prospekti 37, Azadlıq prospekti 22 və Fizuli küçəsi 79 ünvanlarında yerləşən 212.137 ədəd- 35.077 çeşid, 3128.141 manat dəyərində olan mal və məhsulların dəyərinin yarısı, yəni 1564.070 manat məbləğində pul Cavabdeh1 alınaraq iddiaçı X17 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(102)- 2225/2019 saylı qərarı ilə iddiaçı X14 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmamışdır. İş materiallarında olan X25 ilə Cavabdeh1 arasında 17.12.2011-ci il tarixdə bağlanmış “Razılaşma” Müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh arasında 17.12.2011 -ci il tarixdə bağlanmış “Razılaşma müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən iddiaçı ilə cavabdeh razılığa gəlirlər ki, illər boyu fəaliyyətləri nəticəsində Bakı şəhərində qazandıqları aşağıda göstərilən ticarət obyektləri belə bölünsün: - Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanında yerləşən mağaza və Füzuli Prospekti 19 ünvanında yerləşən zirzəmi Cavabdeh1 verilərək adına sənədləşdirilsin; - F.X.Xoyski küçəsi, ev 85 ünvanda yerləşən mağaza, F.X.Xoyski küçəsi, 887-ci məhəllə, “Kaspian” TM-dəki 36 saylı mağaza, Bakı şəhəri, Nobel prospekti 23 ünvanında “A.M.A.Y” TM-dəki 7 saylı mağaza və Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi, ev 10 ünvanında tikilən “Svit Haus” binasındakı obyekt iddiaçıya verilərək sənədləşdirilsin; - Qardaşların birgə fəaliyyətinin maliyyə hesabatlarını və ödənişlərini apardığına və bu işə bilavasitə rəhbərlik etdiyinə görə Cavabdeh1 Mİşiyev Elşənin adına yazılmış "Svit Haus” binasındakı yeni tikilən obyektin tikintisinə qalan vəsaiti mütəmadi olaraq ümumi hesabdan tam ödənilməsini həyata keçirsin; - Qardaşlar birgə fəaliyyəti davam etdirərək alış verişdən vəsaiti (gəliri) birgə fəaliyyətdən kənar məqsədlərə sərfi yalnız hər ikisinin razılığı əsasında həyata keçirilə bilər; - X25 və Cavabdeh1 yuxarıda qeyd edilən şərtlərlə və bölgü ilə razı olurlar və onların şərtsiz yerinə yetirildiyi halda bir-birinə qarşı heç bir iddia təqdim etməyəcəklər. Hər hansı gözlənilməz hadisə baş verərsə, hər iki tərəf bərabər payda məsuliyyət daşıyır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna alınmış 17.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında yerləşən qeyriyaşayış sahələri, ünvan 11, mənzil 9, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ünvan 13il 79, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 7, mənzil 16 haqqında məlumatın və sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında yerləşən 29.5kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına 000785 nömrə i 29.11,2006-cı il tarixli şəhadətnamə verilmişdi və həmin şəhadətnamə əsasında Cavabdeh1 11.09.2009-cu il tarixdə çıxarış almışdır, hazırda da mülkiyyətindədir; Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında yerləşən 186.2kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına 000666 nömrəli 21.01 2002-ci il tarixli şəhadətnamə verilmişdi və həmin şəhadətnamə əsasında Cavabdeh1 17.09.2009-cu il tarixdə çıxarış almışdır, hazırda da mülkiyyətindədir; Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 39, 9 saylı mənzil ilkin olaraq 24.10.1997-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. 3 saylı DNK-nın 24.01.1998-ci il tarixli 3MA-47 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Bakı şəhəri, Nəsimi rayonu, ünvan 12 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair X4 adlna 000299 nömrəli 10.03.2006-cı il tarixli şəhadətnamə verilmişdir. 9 saylı DNK-nın 02.04.2009-cu il tarixli 4Ə-1/163 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 20, 79 saylı mənzil (yeni qaydalarla AZ 1000, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 46, M4, m2) ilkin olaraq 15.06.1990- cı il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. 13 saylı DNK-nın 19.06.1990-cı il tarixli D-10-2589 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 10.10.2000-ci il tarixli 3MA-38 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir. 2 saylı DNK-nın 24.09.2002-ci il tarixli 4Ə/1-134 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyatdan keçmişdir. 29 saylı DNK-nın 13.05.2015-ci il tarixli 4Ə-125 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 7, 16 saylı mənzil ilkin olaraq ilkin olaraq 19.07.2001-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir.3 saylı DNK-nın 26.10.2001 -ci il tarixli 4Ə/03-374 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir. 46 saylı DNK-da təsdiqlənmiş 23.08.2007-ci il tarixli 4Ə/743 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Z.C.Babayeva mənzili X15 bağışlamışdır. 3 saylı DNK-nın 19.03.2008-ci il tarixli 4Ə-01-58 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, X25 ilə Cavabdeh1 arasında 17.12.2011-ci il tarixdə “Razılaşma” Müqaviləsi bağlanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.05.2018-ci il tarixli, 2(005)-24/2018 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X14 Cavabdeh1 qarşı “paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh X17 qarşı “payın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinin təmin edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(103)-8400/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.05.2018-ci il tarixli, 2(005)-24/2018 saylı qətnaməsi ilk iddianın tam təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddia qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2017-ci il tarixli 2(103)-3441/2017 saylı qərardadı ilə siyahıya alınmış (üzərinə həbs qoyulmuş) və Bakı şəhəri, Azadlıq prospekti 37, Azadlıq prospekti 22 və Fizuli küçəsi 79 ünvanlarında yerləşən 212.137 ədəd- 35.077 çeşid, 3128.141 manat dəyərində olan mal və məhsulların dəyərinin yarısı, yəni 1564.070 manat məbləğində pul Cavabdeh1 alınaraq iddiaçı X17 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(102)-2225/2019 saylı qərarı ilə iddiaçı X14 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmamışdır. İddiaçı hazırda bildirir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 421/2020 saylı 24.11.2020-ci il tarixli qətnaməsindən ona məlum olmuşdur ki, Cavabdeh1lə birgə nikah dövründə əldə edilmiş əmlaklar barəsində 17 dekabr 2011-ci il tarixdə “Razılaşma” müqaviləsi bağlanmışdır. Həmin razılaşmadan onun məlumatı olmamış, hər hansı razılığı alınmadan rəsmiləşdirilmiş, bu səbəbdən də həmin əqd etibarsız hesab edilməlidir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5.-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.3-ci maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.6-ci maddəsinə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. MM-in 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd etməyi zərur hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə bildirir ki, iddiaçı mübahisələndirdiyi tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından qeyd etdiyi kimi 2021-ci il tarixdən məlumatlı olması barədə iddia tələbinin dəlili kimi istinad etdiyi hal inandırıcı deyildir. Belə ki, iş materiallarında olan məhkəmə aktlarından da göründüyü kimi hazırki iş üzrə Cavabdeh1lə üçüncü şəxs E.Mişiyev arasında uzunmüddətli məhkəmə mübahisələri olmuşdur. Həmin məhkəmə mübahisələrinin əsas araşdırılmış sübut və dəlili hazırki iş üzrə mübahisələndirilən əqd olmuşdur. Bu baxımdan qanunverici maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları “bildiyi və ya bilməli olduğu gündən” ifadəsini işlətməklə, nəinki bildiyi, o cümlədən bilməli olması tələbini qoymuşdur . Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilərdi. Belə ki, iddiaçı iddia edir ki, mübahisəli razılaşma müqaviləsindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı 24.11.2020-ci il tarixli qətnaməsindən məlumatlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, iddia müddətindən fərqli olaraq kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Belə olan təqdirdə mülki iş materiallarından göründüyü kimi, İddiaçı mübahisəli razılaşma müqaviləsindən daha əvvəllər məlumatı olsa da həmin müqaviləni yalnız 23.09.2021-ci il tarixdə məhkəmə müstəvisində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 cəlb edilməklə) “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 cəlb edilməklə) “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar