Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4749/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, Üçüncü şəxs X3, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) “hərracın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 306 saylı mənzilin satışı ilə əlaqədar "xxxx" MMC tərəfindən 03 may 2021-ci il tarixdə keçirilmiş hərracın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hərrac təşkilatının Hərracın yekunları barədə 03 may 2021-ci il tarixli 35/01№ li protokoluna görə ünvan 2 ünvanında yerləşən 806 saylı mənzil hərracda 110000 (bir yüz on min) manata satılmışdır. X2 həmin əmlakda (mənzildə) payı 1/8 hissə təşkil edir. Hərrac Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli 2(004)- 5898/2019 saylı icra sənədinin, Yasamal Rayon İcra Şöbəsinin 05.04.2021-ci il tarixli 17/72- 137649/12-7428 saylı məktubunun icrasına əsasən keçirilmişdir. Hərrac qanun pozuntusu ilə keçirilmişdir və ona görə də etibarsız sayılmalıdır. Həqiqətən ərinin ünvan 3 ünvanında yerləşən 806 saylı mənzildə (əmlakda) payı 1/8 hissə təşkil edir. Bu Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin **********65-05101-093016 № li Çıxarışı ilə də təsdiqlənir. Həyat yoldaşı 30 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MM-nin 1159.1.1-ci maddəsinə görə ərinin qanun üzrə vərəsəsi sayılır. Bununla əlaqədar vərəsəliyin sənədləşdirilməsi üçün o notariat ofisinə müraciət etmiş, eyni zamanda həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi və nikahın bağlanması haqqında şəhadətnamə Yasamal Rayon İcra və Probasiya Şöbəsinə təqdim olunaraq, həmin şöbədən hərracın keçirilməsinə dair icra vərəqəsinin məhz vərəsəliklə bağlı sənədləşdirmə tərəfindən həyata keçirildikdən sonra göndərilməsini xahiş etmişdir. Hərrac vərəsəliklə bağlı sənədləşdirilmə aparıldıqdan sonra keçirilməli idi. Cavabdeh Yasamal Rayon İcra və Probasiya Şöbəsinin tələm-tələsik hərəkəti hərracın qeyri-qanuni keçirilməsi ilə nəticələnmişdir. Cavabdeh bu hərəkətilə əks tərəf Əsli Əfəndiyevanın xeyrinə maraqlı olduğunu açıq-aşkar büruzə vermişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərəfimdən 08 iyun 2021-ci il tarixdə alınmışdır. Bu sənədi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə göndərdikdə məlum olmuşdur ki, (1/8 hissə) payı olmuş mübahisəli mənzil digər fiziki şəxsin adına qeydiyyata alınmışdır, (həmin idarənin 07.07.2021-ci il tarixli **********33 №li bildirişi). Hərracın nə vaxt, harada keçirilməs barədə iddiaçıya heç kim məlumat verməmiş, bu səbəbdən də o hərracda iştirak etməmişdir. Həmin mənzilin mülkiyyətçilərindən biri kimi onun keçirilməsinə nəzarət edə bilməmiş, belə olduğu halda, hərrac formal keçirilmiş və Azərbaycan Respublikası "İpoteka haqqında" qanununun 42, 43-cü maddələrinin tələbi kobud şəkildə pozulmuşdur. Hərracda kimlərin iştirak etməsi, hərracın neçə dəfə keçirilməsi, mübahisəli mülkiyyət kim tərəfindən alınması barədə "xxxx" MMC-nin 38/01 saylı protokolunda məlumat yoxdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07.06.2019-cu il tarixli 2(004)-691/2019 №-li qətnaməsi ilə X2 ünvan 4 ünvanında yerləşən və hazırda ailəliklə yaşadıqları 806 saylı mənzildən istifadə hüququ tanınmışdır. Bu halla əlaqədar ona məxsus paya (1/8 hissəyə) görə məbləğ ödənilsə belə, həmin vəsaitə ailə üzvləri üçün yşayış sahəsi əldə etmək mümkün deyildir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. İddiaçıya məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və Cavabdeh2nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında üçüncü şəxs X8, onun nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, hərracın tam qanuni və əsaslı şəkildə keçirildiyini bildirmiş, iddiaçının süni şəkildə prosesi uzatmaq üçün əsassız iddia tələbləri verdiyini qeyd etmiş, buna görə də işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hərracın yekunları barədə 03.05.2021-ci il tarixli, 35/01 nömrəli protokolunun surətinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-5898/2019 saylı 23.10.2019-cu il tarixli icra sənədinin, Yasamal Rayon İcra Şöbəsinin 17/72-137649/12-7428 saylı 05.04.2021-ci il tarixli məktubuna əsasən ilkin və satış qiyməti 110.000 manat olan ipoteka predmetini təşkil edən paylı mülkiyyətçilər X16 oglu (1/8 hissə), X8 (6/8 hissə), X4 (1/8 hissə) məxsus ünvan 5 ünvanında yerləşən 806 saylı mənzil 110.000 manata qalib tələbkar alıcı X8 əldə etmişdir; Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsi tərəfindən 09.12.2020-ci il tarixdə verilmiş, AZ- İİ seriyalı, 136316 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X11 30.11.2020-ci il tarixdə ürəyin ateroskierotik xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30.11.2020-ci il tarixdə 1294 nömrə ilə qeyd edilmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07.07.2021-ci il tarixli, **********33 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin mətnində “Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, məhəllə 577, 70b saylı evin, 806 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, 17.06.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyestrındə digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxianılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.” göstərilmişdir; Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 08.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə “Mən, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X13 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 30.11.2020-ci il tarixdə vəfat etmiş-X7 vərəsəsi-arvadı - AZƏRBAYCAN RESPUBLİKASİ, BAKİ ŞƏHƏRİ, S.DADAŞOV KÜÇ, EV 70 "B", MƏN 806 ünvanında qeydiyyatda olan İddiaçı QİZİ (AZE08431202, 01.10.2010 – Yasamal, FİN xxxxxxx, d/t.26.07 1971) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - DƏDRX tərəfindən 12.10.2018 tarixdə X9 verilmiş **********65-05101-093016 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 61.6 kv.m olan mənzildən ona düşən 1/8 hissədən ibarətdir” qeyd olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1, ümumi sahəsi 61,6 kv.m olan 806 saylı mənzil 1/8 hissədə xüsusi mülkiyyət hüququ kimi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 2930 nömrəli reyestr kitabının 273475 nömrəli vərəqində 12.10.2018-ci il tarixdə qeydiyyata alınmışdır. X1 1/8 hissə, X6 6/8 hissə payı ayrılmışdır; Yasamal Rayon Məhkəməsinin 2(004)-5898/2019 nömrəli, 23.10.2019-cu il tarixli icra vərəqəsinin surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 70b ünvanında yerləşən 806 saylı mənzil açıq hərracda satılması, mənzilin satışından əldə olunacaq vəsait paylara mütənasib olaraq paylı mülkiyyətçilər arasında bölünməsi, X9 (1/8 hissə), X6 (6/8 hissə) və X1 (1/8 hissə) miqdarında satışdan əldə edilən pul vəsaiti ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddia tələbi təmin edildiyindən cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir; Respublika Xammal və X15 Mərkəzi "xxxx" MMC-nin 07.04.2021-ci il tarixli, 01/2083 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən Yasamal Rayon İcra şöbəsinin № 17/72-137649/12-7418 saylı 05.04.2021-ci il tarixli və Yasamal Rayon Məhkəməsinin 2(004)- 5898/2019 saylı 23.10.2019-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 70B, mənzil 806-nın qiyməti 110000 (bir yüz on min) manat olmaqla mövcud qanunvericiliyə əsasən 06.04.2021-ci il tarixdə «Birja yenilikləri» qəzetində elanı çıxmış və 03.05.2021-ci il tarixə, Bakı şəh.,Nərimanov ray., İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11.00-17:00 dək (növbəlik əsasında) hərracı təyin olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 1, ümumi sahəsi 61,60 kv.m olan 806 saylı mənzil X3 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25.06.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5898/2019 nömrəli, 23.10.2019-cu il tarixli icra vərəqəsinin surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 70b ünvanında yerləşən 806 saylı mənzil açıq hərracda satılması, mənzilin satışından əldə olunacaq vəsait paylara mütənasib olaraq paylı mülkiyyətçilər arasında bölünməsi, X9 (1/8 hissə), X6 (6/8 hissə) və X1 (1/8 hissə) miqdarında satışdan əldə edilən pul vəsaiti ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddia tələbi təmin edildiyindən cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, bu barədə iddiaçıya bildirişlər göndərilmiş, qəzetdə elanlar yerləşdirilmiş mülkiyyətçilər X16 oglu (1/8 hissə), X8 (6/8 hissə), X4 (1/8 hissə) məxsus ünvan 5 ünvanında yerləşən 806 saylı mənzil 110.000 manata qalib tələbkar alıcı X8 əldə etmişdir. İddiaçı hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, mülkiyyətçilər X16 oglu (1/8 hissə), X8 (6/8 hissə), X4 (1/8 hissə) məxsus ünvan 5 ünvanında yerləşən 806 saylı mənzil ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) “hərracın etibarsız sayılması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) “hərracın etibarsız sayılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4749/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4749/2021
25.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver