Məhkəmə qərarları › İş №2(005)-484/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-484/2024

23.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-484/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi cəlb edilməklə) “əmlakın ipoteka ilə yüklü edilməsi barədə çıxarışın və aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASCna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə iddiaçı, yəni İddiaçı Babakişi oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli, mülkiyyətində olan Mingəçevir şəhəri Yaşar Muradov küçəsi 27 saylı mənzilinə aid ipoteka müqaviləsi etibarsız hesab edilməsi və Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MN ******* nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-in Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli MN seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 - xx.xx.2006-cı il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı bildirir ki, üç övladı var, heç bir yerdə işləmir, şəkər xəstəsidir və yeganə əmlakı Mingəçevir şəhəri, Y.Muradov küçəsi 27 saylı mənzildir. X12 Balakişi oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul idi. X13 xx.xx.2009-cu ildə vəfat etmişdir. X13 iddiaçıya demişdir ki, Cavabdeh ASC-dən kredit götürür, onun mülkiyyətində olan daşınmaz əmlakları yetərli deyil, razılaşaraq sən də mülkiyyətində olan ünvan 1 saylı mənzilini kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyaq, heç bir problem olası deyil, krediti vaxtlı-vaxtında ödəyəcəkdir, bundan başqa onsuz da o öz əmlaklarını ipotekaya qoymuşdur. Öz əmlaklarını satsa, kredit borcunu artıqlaması ilə ödəyəcəkdir. İddiaçı bildirir ki, razılaşmış, xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsini imzalayaraq mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, 0.017919 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42,4 kv.m olan mənzili kredit müqaviləsinin təminatı kimi "Muğanbank” ASC-nin qarşısında yüklü edilməsinə razılıq vermişdir. X16 Balakişi oğlunun həqiqətən də kredit götürülməsini və yaxud da hansı məbləğdə kredit verilməsindən məlumatı olmadığını bildirir. Sadəcə iddiaçının mənzili veriləcək pulun təminatı olaraq 21 may 2012-ci il tarixədək “Muğanbank "ASC ilə öhdəlik qarşısında yüklü olacağı barədə məlumatı olmuşdur. Müqavilələr bağlandıqdan iki il sonra X12 Balakişi oğlu avtomobil qəzasında vəfat etmiş, daha sonra onun sahibkarlıq fəaliyyəti dayanmış, onun arvadı X9 "BEŞ & FG” MMC-nin direktoru kimi fəaliyyətini davam etdirib. Əliyev Etibar Balakişi oğlunun kredit borcunun olub-olmaması və yaxud da kreditin tam ödənilib-ödənilməməsindən məlumatı olmayıb. 2013-cü ilin oktyabr ayının əvvəllərinə iddiaçı Mingəçevir Şəhər Məhkəməsindən bildiriş və iddia ərizəsi almışdır. Bundan sonra uzun-uzadı məhkəmə çəkişmələri başladı. İddiaçı “Muğanbank“ ASC cavabdehlər "xxxx" MMC-yə, X7, İddiaçı qarşı “kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs kimi cavabdehlər “Muğanbank“ ASC-yə, "xxxx" MMC-yə və İddiaçı qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyünün ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanuni qüvvəsini almış Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 saylı 09 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, ”Muğanbank" ASC-nin Mingəçevir filialı ilə “BEŞ & FG“ MMC-nin direktoru Əliyev Etibar Balakişi oğlu arasında xx.xx.2007-ci il tarixdə 90 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Əliyev Etibar Balakişi oğluna Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə “un və un məmulatlarının istehsalı və yeni tipli un dəyirmanının tikintisi” məqsədi ilə 60 ay müddətinə, illik 7 % olmaqla 150.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixdə və xx.xx.2007-ci il tarixində ipoteka müqavilələri bağlanaraq, İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus olan Mingəçevir şəhəri, Yaşar Muradov küçəsində yerləşən 27 saylı yaşayış binası, Əliyev Etibar Balakişi oğluna tam mülkiyyət hüququ üzrə məxsus ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və X7 tam mülkiyyət hüququ üzrə məxsus Mingəçevir şəhəri Nizami küçəsi bina 5 mənzil 42 ipoteka ilə yüklənmişdir. Bunlardan əlavə verilmiş kreditin təminatı kimi 30 may 2007-ci il tarixdə girov müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən PXS çörək bişirmək üçün 10 tonluq soba girov qoyulmuşdur. Sonradan xx.xx.2009-cu il tarixdə Əliyev Etibar Balakişi oğlu rəhmətə getmiş və əmrlə MMC-nin işlərini rəhbər kimi X9 aparmışdır. X17 Balakişi oğlu və sonradan "xxxx" MMC-nin icraçı direktoru olan X9 xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin müddəalarını pozaraq, kredit borcunu və ona hesablanmış faizləri ödəməmişdir, iddiaçı tərəfindən bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi cavabdeh borcunu ödəməmişdir. Cavabdeh “BEŞ &FG" MMC-nin icraçı direktorunun xx.xx.2011-ci il tarixli 03 saylı ərizəsinə əsasən kreditlə hesablanmış faizlər dayandırılmışdır. Belə ki, xx.xx.2013-cü il tarixli, maliyyə arayışına əsasən “BEŞ & FG’' MMC-nin Cavabdeh ASC-nin Mingəçevir filialına əsasən və gecikmə borcu 73,977 manat 15 qəpik təşkil edir. Bundan başqa ipoteka predmetinə tutmanın yönəldilməsi barədə DƏDRX-yə ərizə ilə müraciət olunmuşdur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh "xxxx" MMC-nin direktoru X9 məhkəmə iclasında Cavabdeh ASC-nin iddiası və müstəqil tələb irəli sürən 3-cü şəxs X2 iddiasını qəbul etməyərək, məhkəmədən iddiaların rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş. Əlavə olaraq göstərmişdir ki, həmin 150.000 manat kreditin onunda baş mühasib olduğu müəssisəyə köçürülməsindən onun xəbəri olmamışdır. Əri vəfat etdikdən sonra müəssisəsinin direktoru kimi bank işçiləri ona hədəqorxu gəldiklərindən pul ödəməyə başlamışdır. Ancaq başa düşməmişdir ki, həmin pul əslində müəssisəyə köçürülməmişdir. Təkrar ekspertiza zamanı iddiaçı məxaric orderini təqdim etmədiyindən təkrar ekspertiza keçirilə bilməmişdir. Hazırkı vaxtadək də bank məxaric orderini təqdim edə bilmir. Çünki, əslində həmin kredit müəssisəyə verilməmişdir. İddiaçı məhkəmə iclasında Cavabdeh ASC-nin iddiasının təmin edilməməsini xahiş etdi. Mingəçevir Şəhər Məhkəməsi iddia tələblərini tam sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verdi və 2(051)-15/2016 saylı 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə, X7, İddiaçı qarşı "kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 cavabdehlər '‘Muğanbank" ASC-yə, "BEŞ & FG” MMC-yə X7 qarşı "İpoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyünün ləğv edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı "xxxx" ASC-nin ödədiyi dövlət rüsumu iddiaçı "Muğanbank” ASC-yə aid edilməsi, mübahisə predmeli barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 ödədiyi dövlət rüsumu 3-cü şəxs X4 aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 80 manat 3-cü şəxs X1 alınaraq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi, 656 manat məbləğində qiymətləndirilmə xərci X5 və X6 müştərək qaydada tutularaq təqdim olunmuş hesab üzrə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh “BEŞ & FG" MMC-nin direktoru X5 tutularaq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi qət edildi. Qətnamədən narazı qalan "Muğanbank” ASC-i apellyasiya və kassasiya şikayətləri verdi. Sonda Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 saylı 09 dekabr 2016-cı il tarixli qətnaməsi qüvvəsində saxlanıldı. Bütün bu proseslərdən "Muğanbank” ASC-nin "BEŞ & FG” MMC-yə kredit borcu verməsi sübut olunmadı. Belə məlum olur ki, iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri, Yaşar Muradov küçəsi 27 saylı mənzili verilməyən kreditin təminatı kimi ipotekaya qoyulubmuş. İddiaçı bildirir ki, qətnamənin qanuni qüvvəsini almağından 1 il müddət keçməsinə baxmayaraq "xxxx" ASC onun mənzilini özünə qaytarmaq istəmir və iddiaçının mülkiyyət hüquqlarını pozur: Qətnamədə göstərilən ekspertiza xərcləri artıq ödənilmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, Yaşar Muradov küçəsi 27 saylı fərdi yaşayış evinin "Muğanbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, ******* seriyalı çıxarışın və daşınmaz əmlakın dövlət reyestri tərəfindən 27 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə onunla əsaslandırılmışdır ki, Qeyd edir ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Mingəçevir şəhəri, Y.Muradov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən yaşayış evi xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx"ASC tərəfindən əsas öhdəliyim təminatı olaraq beş il müddətinə ipoteka ilə yüklü edilmişdir. Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən 27 saylı ev Əliyev Etibar Balakişi oğlunun Cavabdeh ASC-dən götürdüyü 150 000 manat kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Sonradan iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə, X7 və İddiaçı qarşı "kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması və s tələbinə dair iddia ərizəsi uzun uzadı çəkən məhkəmə prosesləri nəticəsində təmin edilməmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı iddiaçı "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə hansı məbləğdə kreditin verilməsi, ümumiyyətlə müqavilədə nəzərdə tutulan kreditin tam və ya qismən verilməsi, kredit müqaviləsi üzrə ödənilməmiş 73.977 manat məbləğində borcun qalması öz təsdiqini tapmamışdır. Buna baxmayaraq 2007-ci ildən bu günə kimi iddiaçının mülkiyyətində olan yaşayış evi "Muğanbank” ASC-nin yüklülüyündən azad edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrində Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən 27 saylı evin ipoteka ilə yüklü edilməsi barədə aparılmış qeyd mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Dəfələrlə "xxxx" ASC-yə iddiaçı tərəfindən olunmuş müraciətlər heç bir nəticə verməmiş, evin üzərində olan yüklülük barədə qeyd ləğv edilməmişdir. İpoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, "əlavə" bir haqdır. İpoteka tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. İş üzrə cavabdeh "xxxx" ASC-nin isə belə bir hüququ yoxdur. "xxxx" ASC qarşısında İddiaçı heç bir öhdəliyi olmadığından ona mülkiyyət hüququ ilə məxsus olan yaşayış evinin bankın yüklülüyündə olması əsassızdır. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, iddianın əsassız olduğunu, kredit müqaviləsi üzrə tələb təmin edilməsə də, Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, əsas öhdəliyin mövcud olmamasının, əlavə öhdəliklərin xitamına əsas olmadığını, bu səbəbdən də əmlakın yüklülüyü barədə qeydin ləğv edilməsi barədə iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Mingəçevir şəhəri Yaşar Muradov küçəsində istifadəsində olan 0.017919 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 40.07 kv.m köməkçi sahədən ibarət, 27 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Mingəçevir şəhəri Yaşar Muradov küçəsi, 27 nömrəli fərdi yaşayış evi xx.xx.2007xx.xx.2012-ci il tarixədək Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli 2(051)-15/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər "xxxx" MMC-yə, X7, İddiaçı qarşı «kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 cavabdehlər Cavabdeh ASC-yə, "xxxx" MMC-yə və X7 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyünün ləğv edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh ASC-nin ödədiyi dövlət rüsumu iddiaçı Cavabdeh ASC-yə aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 ödədiyi dövlət rüsumu 3-cü şəxs X4 aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 80 manat 3-cü şəxs X1 alınaraq təqdim edilmiş hesab üzrə dövlət büdcəsinə ödənilməsi, 656 manat məbləğində qiymətləndirmə xərci X5 və X6 müştərək qaydada tutularaq təqdim olunmuş hesab üzrə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2017-ci il tarixli, 2(107)-881/2017 saylı Qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASCnin tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(051)-15/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli 2(102)-6161/17 saylı Qərarından görünür ki, iddiaçı Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-881/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilk iddia hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli, 2(102)-5402/2018 saylı Qərarından görünür ki, iddiaçı Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)-284/2018 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-1425/2022 saylı Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10060/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Mingəçevir şəhəri, Yaşar Muradov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evi 90 saylı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən "Muğanbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "Muğanbank” ASC-nin Mingəçevir şəhəri, Yaşar Muradov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evi üzərində yüklülük çıxarışı xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 30 may 2007-ci il tarixli İpoteka Müqaviləsinin surətindən görünür ki, 21 may 2007-ci il tarixli, 90 saylı Kredit Müqaviləsinə əsasən İpoteka saxlayan - "Muğanbank” ASC tərəfindən Borc alan – Əliyev Etibar Balakişi oğlu direktor olduğu "xxxx" MMC-yə 21 may 2012-ci il tarixinədək ayrılmış 150.000 manat kreditin təminatı olaraq Əliyev Etibar Balakişi oğlunun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən həyatyanı torpaq sahəsi və İddiaçı mülkiyyətində olan Y.Muradov küçəsi ev 27 ünvanında yerləşən yaşayış evi "Muğanbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh ASC-nin Mingəçevir filialı ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixdə 90 saylı kredit müqaviləsi bağlanmışdır. xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Əliyev Etibar Balakişi oğlu mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha həyətyanı torpaq sahəsini və İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 42,40 m2 olan fərdi yaşayış evini kredit müqaviləsinin təminatı kimi Cavabdeh ASC-nin qarşısında yüklü etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli 2(051)-15/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər "xxxx" MMC-yə, X7, İddiaçı qarşı «kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi ...qət edilmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 aprel 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 aprel 2017-ci il tarixli qətnaməsi ilk iddia hissəsində ləğv edilərək iş həmin hissədə yenidən apellyasiya baxışına göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi MKnın 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilk iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, İddiaçı cavabdeh "xxxx" ASC qarşısında heç bir öhdəliyi olmadığından ona mülkiyyət hüququ ilə məxsus olan yaşayış evinin bankın yüklülüyündə olması əsassızdır. Cavabdeh iddia tələbinə etiraz edərək, əsas öhdəliyin olmaması, ipoteka yüklülüyü barədə qeydin ləğv edilməsinə əsas deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxnulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinə əsasən: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarı). Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka borclunun kreditor qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Deməli, ipoteka müqaviləsi əsas müqavilə üzrə icra edilməyən və ya lazımınca icra edilməyən öhdəliyin icrasını təmin etmək məqsədilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. 273-cü maddəsinə əsasən, girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. 294.2-ci maddəsinə əsasən, girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddəsinə əsasən, Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 10.1-ci maddəsinin tələbinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. 48.1.1, 48.1.2, 48.1.3, 48.1.4 və 48.1.5-ci maddələrinə əsasən, ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və bu Qanunla nəzərdə tutulmuş digər hallarda hallarda xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində əmlakın ipoteka yüklülüyü ilə bağlı çıxarışın və aparılmış qeydin ləğv edilməsi ilə bağlı tələb qoysa da, lakin iddianın məzmunundan aydın olur ki, iddiaçı əmlakının yüklülükdən azad olunmasını istəyir. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında qoyulmuş yüklülükdən azad edilməsi mahiyyət etibarı ilə iddiaçının iddia tələbinin məzmununa uyğundur və iddia tələbindən kənara çıxma hesab edilməməlidir. Göründüyü kimi iddiaçıya məxsus Mingəçevir şəhəri Yaşar Muradov küçəsində istifadəsində olan 0.017919 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 40.07 kv.m köməkçi sahədən ibarət, 27 nömrəli fərdi yaşayış evi Cavabdeh ASCnin Mingəçevir filialı ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixdə 90 saylı kredit müqaviləsi üzrə borcun təminatı üçün ipoteka ilə yüklü edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırda mübahisə predmeti olan ipoteka predmetinin yüklü olduğu əsas öhdəliyin mövcud olmaması sübut və təsdiq edildiyindən əmlak üzərində yüklülüyün qalması ipoteka qoyanın (mülkiyyətçinin) mülkiyyət hüquqlarının pozulması deməkdir. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Nəzərə almaq lazımdır ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Məhkəmə qeyd edir ki, hazırda əsas öhdəlik mövcud olmadığından, iddiaçının əmlakı üzərində yüklülüyün olması mülki qanunvericiliyn mahiyyətinə uyğun deyildir və həmin əmlak yüklülükdən azad edilməlidir. Beləliklə, sadalanan xüsusatlara və prosessual qənaət prinsipinə əsasən məhkəmə bildirir ki, İddiaçı, LPO Cavabdeh ASC qarşısında öhdəliyi yaranmadığından, həmçinin qeyd edilən hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan İddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin əsassız olduğunu bildirərkən xx.xx.2022-ci il tarixli Konstitusiya Məhkəməsi Qərarına istinad etməsi ilə bağlı qeyd edir ki, sözügedən Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmadığı qeyd olunmuşdur. Hazırki mülki iş üzrə isə əsas tələb üzrə iddia müddətinin keçməsi müəyyən olunmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş Mingəçevir şəhəri Yaşar Muradov küçəsində istifadəsində olan 0.017919 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 40.07 kv.m köməkçi sahədən ibarət, 27 nömrəli fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş Mingəçevir şəhəri Yaşar Muradov küçəsində istifadəsində olan 0.017919 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 40.07 kv.m köməkçi sahədən ibarət, 27 nömrəli fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar