Məhkəmə qərarları › İş №2(005)-492/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-492/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-492/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı ümumi yığıncağın qərarın və sair sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı ümumi yığıncağın qərarın və sair sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi və ona dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzillə bağlı İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarı”nın verilməsi öhdəliyinin cavabdeh “Zirvə-MV" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Zirvə- MV“ MTK ilə İddiaçı arasında 16.02.2016-cı il tarixli Mənzil Tikintisi və Satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "Zirvə-MV” MTK tərəfindən tikilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində, 119 kv.m sahəsi olan 42 nömrəli mənzil İddiaçı tərəfindən satın alınmış və "Zirvə-MV” MTK tərəfindən verilmiş 16.02.2016-cı il tarixli kassa mədaxil qəbzinə əsasən mənzilin dəyəri olan 178500 manat tərəfindən tam səkildə ödənilmiş və mənzilin dəyərinin tam ödənilməsi təsdiq edən 16.02.2016-cı il tarixli maliyyə arayışı "xxxx" MTK tərəfindən təqdim edilmişdir. Onun tərəfindən müqavilə öhdəliyi tam şəkildə həyata keçirilsə də, "Zirvə-MV” MTK müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, mənzili ona təhvil vermək istəməmişdir. O "xxxx" MTK-ya qarşı ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzillə bağlı iddiaçının sahibliyi və istifadəsinə dair cavabdeh MTK tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət elmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.01.2018ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Eyni zamanda “Zirvə-MV" MTK ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 16.02.2106-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, kassa mədaxil orderinin və maliyyə arayışının ləğv olunmasını xahiş etmiş. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.12.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Hər iki qətnamədən "Zirvə-MV“ MTK tərəfindən apelyasiya şikayətləri verilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.03.2019-cu il tarixli qərardadı ilə mülki işlər br icraatda birləşdirilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli qətnaməsindən “Zirvə MV" MTK tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 26.09.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflər arasında olan mübahisəyə məhkəmə müstəvisində hüquqi qiymət verilərək, onun haqlı tələbi məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Onun vəkili tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilərək, ünvan 2 ünvanında yerləşən “Zirvə-MV“ MTK-ya məxsus binanın istismara qəbul edilib-edilməməsi, istismara qəbul edilmişsə istismara qəbul aktının təsdiq edilmiş surətinin təqdim olunması xahiş olunmuş, sorğuya cavab olaraq bildirilmişdir ki, “Zirvə-MV“ MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 2 girişli, 11 (+texniki) mərtəbəli, 1-ci mərtəbəsi qeyri-yaşayış olan, 3 səviyyə yarımzirzəmili yaşayış binasının istismarına 18.06.2019-cu il tarixində 051 nömrəli icazə sənədi verilmişdir. Vəkil tərəfindən 18.05.2020-ci il tarixində “Zirvə-MV“ MTK-ya sorğu göndərilərək, qeyd edilən mənzilin ona satışına dair kooperativinin ümumi yığıncağının protokolundan Çixarışın təsdiq edilmiş surətinin təqdim olunması xahiş olunmuş, lakin, bugünədək həmin sorğuya hər hansı cavab verilməmişdir. 11.11.2021-ci il tarixində “Zirvə-MV" MTK-ya xəbərdarlıq məktubu göndərilərək, mənzillə bağlı ona mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan sənədlərin 10 gün müddətində verilməsi xahiş olunmuş, lakin tələb olunan sənədləri təqdim etməmiş, ümumiyyətlə məktuba cavab belə verməmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 16.02.2016-cı il tarixli Kooperativ Mənzil Tikintisi və Satışına dair Müqavilənin surətindən görünür ki, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzili İddiaçı təhvil verməyi və sonuncu həmin mənzilə görə 178500 manat pulu 31.12.2016-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. 16.02.2016-cı il tarixli, 46 nömrəli Cavabdeh MTK-nın maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilin dəyərini tam ödəmişdir. 16.02.2016-cı il tarixli Cavabdeh MTK-nın Kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-nın hesabına 178500 manat ödəniş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-440/2018 saylı, 17.01.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddianın təmin edilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3184/2018 saylı, 12.12.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh MTK-nın cavabdeh X1rşı “müqavilənin etibarsız hesab edilməsi, maliyyə arayışının, kassa mədaxil orderinin ləğv olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-843/2019 saylı, 23.04.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh MTK-nın apelyasiya şikayətlərinin təmin edilməməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 440/2018 saylı iş üzrə 17.01.2018-ci il tarixli qətnaməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3184/2018 saylı iş üzrə 12.12.2018-cı il tarixli dair qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6091/2019 saylı, 26.09.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh MTK-nın kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-843/2019 saylı, 23.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 16.06.2020ci il tarixdə sorğuya verilmiş cavab məktubundan görünür ki, “Zirvə-MV“ MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 2 girişli, 11 (+texniki) mərtəbəli, 1-ci mərtəbəsi qeyri-yaşayış olan, 3 səviyyə yarımzirzəmili yaşayış binasının istismarına 18.06.2019-cu il tarixində 051 nömrəli icazə sənədi verilmişdir. 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına 18.06.2018-cu il tarixli, 051 nömrəli İcazənin surətindən görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, 18.06.2019-cu il tarixindən “Zirvə-MV“ MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 2 girişli, 11 (+texniki) mərtəbəli, 1-ci mərtəbəsi qeyri-yaşayış olan, 3 səviyyə yarımzirzəmili yaşayış binasının istismarına icazə verilmişdir. İddiaçı Cavabdeh MTK-ya ünvanlandığı Xəbərdarlıq məktubunun surətindən görünür ki, ünvan 3 ünvanında olan yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində, 119 kv.m sahəsi olan 42 nömrəli mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan "Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarı”nın və digər sənədlərin (plan-sxem və s.) 10 gün müddətində verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkilinin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında mənzilə dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququnun tanınması üçün sənədlər tam şəkildə təqdim edilməmişdir. İddiaçı cavabdehə rəsmi olaraq sorğu göndərilmiş, lakin heç bir nəticə vermədiyindən, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Sadalanan qanunvericlik əsaslarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrindən qeydiyyatdan keçirilməsi üçün İddiaçı ilə "xxxx" MTK arasında onun aldığı mənzilə dair MTK üzvlərinin ümumi yığıncağının payçının MTK-ya üzv seçilməsinə dair protokolundan çıxarışlar tələb olunur. Odur ki, məhkəmə iddianın təmin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı mənzilə görə dəyərini tam ödəməsi ilə mənzilə mülkiyyətə dair hüquqlarını əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun əldə edilməsinə dair maneələrin qaldırılması üçün ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilinə dair MTK üzvlərinin ümumi yığıncağının qərarının iddiaçıya verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumuna dair tələb olmadığından iddiaçıya aid edilməsini məqbul hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilinin İddiaçına ayrılmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarı İddiaçına verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar