Məhkəmə qərarları › İş №2(005)-5013/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5013/2021

21.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5013/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə pul, əmək haqqı və məzuniyyət pulu” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və məzuniyyət pulu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdehndə çalışdığı 01.12.2019-cu il tarixdən iddia verilən tarixədək, aylıq 500 manat olmaqla hesablanmış əmək haqqı məbləği və məzuniyyət hüququndan irəli gələrək illər üzrə hesablanmış məzuniyyət haqqının, o cümlədən mediasiya xidmət haqqının "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ilin noyabr ayında Cavabdehndə satış təmsilçisi vəzifəsi üzə işə qəbul edildi və 500 (beş yüz) manat əmək haqqı ilə razılığa gəldi. Lakin əmək haqqının ödənilməsi üçün iddiaçıya bank kartı təqdim edilsə də, bu illər ərzində yalnız 2 dəfə əmək haqqı ala bilib. Şirkətin direktoru və təsisçisi Rüfət Əliyevə dəfələrlə bununla bağlı müraciət etsə də, hər dəfə növbəti ay veriləcək deməklə vəzifəsini bitmiş hesab edirdi. 06.08.2021-ci il tarixdə X3 şikayət edən zaman məlum oldu ki, şirkətdə 2019-cu ilin noyabr ayından müddətsiz müqavilə ilə işə qəbul edilib. Lakin elektron qeydiyyata 05.02.2020-ci il tarixdə alınmış və müddətsiz əmək müqaviləsi bağlansa da, iddiaçının xəbəri olmadan işəgötürən özü birtərəfli qaydada müqaviləsinə müəyyən müddətlərdə xitam vermiş, şikayət etdikdən sonra yenidən birtərəfli qaydada işə bərpa etmişdir. Şirkətə məxsus məhsulları çatdırma etdiyi gözəllik salonları da təsdiq edir ki, iddiaçı həqiqətən 2019-cu il noyabr tarixindən "xxxx" MMC-dən sifariş verilmiş məhsullar onlara iddiaçının vasitəsi ilə çatdırılmışdır. Hər dəfə maddi çətinlik çəkdiyini və əmək haqqının verilməsini tələb etmişdir. "xxxx" MMC tərəfindən iddiaçının əmək qanunvericiliyində nəzərdə tutulan hüquqları pozulmuşdur. İddiaçının əmək müqaviləsi üzrə rəsmi çalışdığını hesab etsə də, şirkət istədiyi vaxt iddiaçını işdən azad etmiş, onu yenidən işə bərpa etmişdir. Əmək haqqı ödənilməyib, məzuniyyət hüququ pozulub, eyni zamanda əmək haqqı üzrə sosial və vergi ödənişlərinin edilməməsi gələcəkdə yaranacaq sosial hüquqlarının da pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsi bağlanmış yəni, işəgötürən "xxxx" MMC ilə iddiaçı arasında əmək münasibətləri yaranmış olsa da, əmək münasibətlərindən doğan bütün hüquqları pozulmuşdur. Əmək müqaviləsinin surətini dəfələrlə tələb etsə də, əmək müqaviləsi iddiaçıya təqdim edilməmişdir. İddiaçı aylıq 500 manat məbləğində əmək haqqı təyin edilmiş və əmək haqqının ödənilməsi üçün bank kartı təqdim edilmişdir. Lakin çalışdığı müddət ərzində yalnız 2 dəfə əmək haqqı köçürülmüşdür. Məzuniyyət hüququ ümumiyyətlə tanınmayıb. Bütün bunlar işəgötürən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər qanunvericilik normalarının kobud pozuntusudur. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ilə “Shamsaddin" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, İddiaçı Cavabdeh MMC-də əvvəlki ştat vahidi üzrə işə bərpa edilməsi, 01.12.2019-cu il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək, məcburi iş buraxma müddəti də daxil olmaqla, əmək haqqı məbləği və məzuniyyət haqqının hesablanaraq Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xidmət haqqının və 110 (bir yüz on) manat vəkil xərcinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra bizə məlum olmuşdur ki, İddiaçı ilə “Shamsaddin"' MMC arasında bağlanmış müddətsiz əmək müqaviləsinə cavabdeh tərəfindən qeyri-qanuni olaraq xitam verilmişdir. Əmək müqaviləsinə xitam edilməsinə dair əmrin və digər sənədlərin bizə təqdim edilməsi ilə bağlı sözügedən şirkətin hüquqi ünvanına sorğu göndərsək də, ünvan söküldüyü üçün hüquqi şəxsin ünvanını müəyyən etmək miimkiin olmamışdır. X7 Xidməti də həmçinin müvafiq sənədləri təqdim etmədiyi üçün şirkət barəsində tədbir görülməsi üçün prokurorluq orqanlarına müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsində qeyd olunur ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Eyni zamanda xitam verilmə əsasları Əmək Məcəlləsində qeyd edilmişdir. Belə olduğu halda, Cavabdeh MMC tərəfindən yuxarıda qeyd olunan əsaslar olmadan İddiaçı işdən azad edilməsi qanunsuzdur və onun işə bərpa edilməsini tələb etmək hüququ vardır. Ona görə də İddiaçı “Shamsaddin" MMC-də əvvəlki ştat vahidi üzrə işə bərpa edilməli və 01.12.2019-cu il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğ və məzuniyyət haqqı hesablanaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X4 cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğunu qeyd edərək, cavabdeh “Shamsaddin" MMC-nin direktoru Azərbaycan Respublikasının İXM-nin müvafiq maddəsinə əsasən inzibati qaydada tənbeh edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onun səlahiyyətli nümayəndəsi səhhəti ilə əlaqədar məhkəmə iclasına iştirak edə bilməyəcəyini, bu səbəbdən də məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin icraatı qəsdən yubandırdığı qənaətinə gələrək, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışdan görünür ki, Bu Arayış Bakı şəhəri 8-ci mkr., Azadlıq pr., 200., m 20 də qeydiyyatda olan İddiaçı Elman qızı və ünvan 1 ünvanda yerləşən Shamsaddin MMC-nin 30 avqust 2021-ci il tarixli daxili etibarnamə üzrə nümayəndəsi X5 ("Tərəflər") 31.08.2021-ci il tarixində, 18:00-19:05 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı Elman qızı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 məbləğində mediasiyaya dair xərci nağdsız ödəmə qaydada ödədi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin 20.09.2021-ci il tarixli məktubunun surətindən görünür ki, sizin Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətinizə X7 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Müraciətinizin ‘Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq araşdırılması ilə bağlı Sizə aid olan sənədlərin təqdim olunması məqsədi ilə Cavabdeh MMC-nin rəhbərliyinə tərəfimizdən məktub rəsmi qaydada təqdim olunmuş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Araşdırma zamanı X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyiniz izahat və müvafiq bank çıxarışlarından Cavabdeh MMC-də çalışdığınız dövrdə əmək və məzuniyyət haqlarınızın hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verldiyi məlum olmuşdur. Bununla da müəssisə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozulduğundan barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 15.09.2021-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Eyni zamanda Sizə aid olan sənəclərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildiririk ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətinizə yenidən baxılacaqdır. Nəzərinizə çatdırırıq ki, qeyd olunalarla razılaşmadığınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin 23.11.2021-ci il tarixli məktubunun surətindən görünür ki, “Shamsaddin" MMC-nin direktoru X6 barəsində 15 sentyabr 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə əsasən 1200 manat həcmində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir İş materiallarında olan 05.02.2020-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 05.02.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi ilə “Shamsaddin" MMC-də pərakəndə ticarət sahəsində Baş satış meneceri vəzifəsinə işə götürülmüşdür. Müddətsiz əmək müqaviləsi üzrə işçinin aylıq əmək haqqı 500 manat təşkil edir. İş materiallarında olan 22.09.2021-ci il tarixli X1 Sistemi İş yerinə dair Arayışın surətindən görünür ki, İddiaçı 28.06.2021-ci il tarixdə müddətli əmək müqaviləsi ilə “Shamsaddin" MMC-də pərakəndə ticarət sahəsində Baş satış meneceri vəzifəsinə işə götürülmüşdür. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix 28.09.2021-ci ildir. Arayış xxxxxxx000600 əmək müqaviləsi bildirişi üzrə hazırlanmışdır. Arayışın etibarlılıq müddəti 28.09.2021. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə “Shamsaddin" MMC arasındakı müqaviləyə tərəflərdən birinin təşəbbüsü ilə 22 nömrəli 28.06.2021-ci il tarixli əmr ilə xitam verilmişdir. İş materiallarında olan 29.07.2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı hüquqi yardıma görə 110 manat məbləğində pulu Faiq Nağıyev və Partnyorları Vəkil Bürosunun hesabına ödəmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 05.02.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi ilə “Shamsaddin" MMC-də pərakəndə ticarət sahəsində Baş satış meneceri vəzifəsinə işə götürülmüşdür. Müddətsiz əmək müqaviləsi üzrə işçinin aylıq əmək haqqı 500 manat təşkil edir. Daha sonra iddiaçı 28.06.2021-ci il tarixdə müddətli əmək müqaviləsi ilə “Shamsaddin" MMC-də pərakəndə ticarət sahəsində Baş satış meneceri vəzifəsinə işə götürülmüşdür. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix 28.09.2021-ci ildir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə “Shamsaddin" MMC arasındakı müqaviləyə tərəflərdən birinin təşəbbüsü ilə 22 nömrəli 28.06.2021-ci il tarixli əmr ilə xitam verilmişdir. Cavabdeh “Shamsaddin" MMC-nin direktoru X6 barəsində 15 sentyabr 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə əsasən 1200 manat həcmində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_7.htm Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 69-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 1-ci bəndinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda və dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə qeyd edir ki, keçirilmiş bir neçə məhkəmə iclası zamanı cavabdehin səlahiyyətli nümayəndəsindən işəğötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrdən çıxarışlar, onların rəsmiləşdirilməsi, o cümlədən işçiyə təqdim edilməsi və s. ilə bağlı sənədlər tələb edilməsinə baxmayaraq, cavabdeh MMC tərəfindən həmin sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmənin tələblərinə əməl edilməmişdir. Bu səbəbdən də məhkəmə iş materiallarına əlavə edilmiş sübutlarla kifayətlənməli olmuşdur. Həmçinin məhkəmə, məhkəmə araşdırması zamanı iddiaçının sübutların təqdim edilməsi ilə bağlı vəsatətinə cavabdehin səlahiyyətli nümayəndəsinin etirazı ilə bağlı qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Çünki işçinin işdən azad edilməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi faktının əsaslandıırlması birbaşa işəğötürənin vəzifəsidir, bunu işçinin sübut etməsi onun imkanı xaricindədir. Əmək münasibətlərində iqtisadi cəhətdən daha güclü tərəf işəgötürəndi və müvafiq faktlarla bağlı sənədlər işəgötürən tərəfindən rəsmiləşdirildiyi üçün bütün sübutlar işəgötürəndə olur. Lakin iddiaçının səlahiyyətli nümayəndəsi sübutların təqdim edilməsi ilə bağlı sorğular versə də, bununla bağlı zəruri sənədlər təqdim olunmamış, habelə məhkəməyə gəlməməklə iddiaçının tələbinə cavabdeh tərəfindən edilmiş şifahi etirazlar əsaslandırılmamış, əmək müqaviləsinə hansı əsaslarla, nə vaxt, hansı əmrlə xitam verilməsinin zəruriliyi barədə heç bir dəlil təqdim edilməmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırki mübahisə üzrə İddiaçı ilə 05.02.2020-ci il tarixdə bağlanmış müddətsiz müqavilənin hansı əsaslarla xitam verilməsi, habelə yenidən 28.06.2021-ci il tarixdə müddətli əmək müqaviləsinin rəsmiləşdirilməsi faktı qeyrimüəyyəndir. Mülki işdən göründüyü kimi cavabdeh MMC bir neçə dəfə elektron informasiya sisteminə əmək müqaviləsi bildirişi daxil etmişdir. Lakin həmin əmrlərlə iddiaçını tanış etməmiş, bundan başqa əmək müqaviləsinə xitam verilməsi barədə əmri də iddiaçıya təqdim etməmişdir. Lakin mülki iş materialındakı 22.09.2021-ci il tarixli iş yerinə dair arayışdan görünür ki, sonuncu bağlanmış müddətli əmək müqaviləsinin müddəti 28.09.2021-ci il tarixdə bitir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Digər tərəfdən məhkəmə qeyd olunan qanunvericilik norması baxımından da hesab edir ki, cavabdeh MMC tərəfindən 28.09.2021-ci il tarixdə müddət bitdikdən sonrakı bir həftə ərzində 28.06.2021-ci il tarixli müqaviləyə xitam verilməsi barədə tələblə müraciət etməmişdir, etmişsə də həmin sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən verilmiş əmrdən (elektron informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən) görünür ki, iddiaçının işdən çıxarılmasına əsas olan hal tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Cavabdeh MMC 22 nömrəli, 28.06.2021-ci il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı işdən azad edilməsinə əsas kimi “tərəflərdən birinin təşəbbüsü ilə” kimi rəsmiləşdirilmişdir. Bununla da Cavabdeh MMC tərəfindən 22 nömrəli, 28.06.2021-ci il tarixli nömrəli əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Məhkəmə qeyd edir ki, bununla belə İddiaçı işdən azad edilməsinin hansı qaydada rəsmiləşdirilməsi müəyyən edilməmişdir. Nəticə etibarilə Cavabdeh MMC-nin hərəkətləri ilə əmək qanunvericiliyinin aşağıda göstərilən tələbləri pozulmuşdur. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Bundan başqa müvafiq əmrə əsasən işçi “tərəflərdən birinin təşəbbüsü ilə” əsası ilə xitam verilmişdir. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin müddəalarına əsasən işçinin işdən çıxarılması əsaslandırılmış əmrlə işçinin işdən azad edilməsi barədə imperativ norma olsa da işə götürən onu Əmək Məcəlləsinin konkret maddəsinə istinad etmədən işdən azad etmişdir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə hallar da müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin tələblərinə əsasən xitam verilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Cavabdeh MMC ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə 22 nömrəli, 28.06.2021-ci il tarixli əmr qanuni hesab edilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş 22 nömrəli, 28.06.2021-ci il tarixli əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia tələbinin istifadə olunmamış məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.(1-ci bəndi) İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.(3-cü bəndi). 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. (1-ci bəndi) Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər .(2-ci bəndi) Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər .(3-cü bəndi) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Bu səbəbdən də məhkəmə iddia tələbinin “istifadə olunmamış məzuniyyət haqqının ödənilməsi” hissəsinə münasibətdə iddia tələbini əsaslı hesab edir. İddia tələbinin “01.12.2019-cu il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək əmək haqqı” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri 05.02.2020-ci il tarixdən yaranmışdır. İddia tələbinin dəlillərindən görünür ki, iddiaçı 01.11.2018-01.11.2021-ci illəri əhatə edən bank hesabından çıxarışa, həmçinin də 31.08.2021-ci il tarixli akta istinad edərək, cavabdehlə iddiaçı arasında əmək münasibətlərinin 2019-cu il tarixindən yarandığını bildirir. Lakin məhkəmə həmin sübutları mötəbər hesab etmir. Bu baxımdan qeyd edilməlidir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Belə olan halda isə işçi əmək haqqının ödənilməsini 01.12.2019-cu il tarixindən deyil, yalnız əmək müqaviləsi bildirişinin qeydiyyata alındığı 05.02.2020-ci il tarixdən etibarən tələb edə bilər. Bu zaman isə ödənilməmiş əmək haqqının tutulması dövrü 05.02.2020-ci il tarixindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verildiyi 28.06.2021-ci il tarixədək olmalıdır. Belə ki, iddiaçı əmək haqqını işə bərpa edildiyi tarixədək tələb etsə də, məhkəmə bildirir ki, iddiaçının məcburi iş işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində tələbinə artıq yuxarıda hüquqi qiymət verilmişdir. Əgər əmək haqqı tələbini həmin hissədə məhkəmə təmin etmiş olarsa, eyni dövr üçün cavabdehdən iki dəfə iddiaçının xeyrinə əmək haqqı tutulmuş olar ki, bu da ədalət prinsipi və qanunçuluq prinsipinə ziddir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Bundan başqa məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 110 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 110 manat xərcin cavabdehdən tutulmasını əsaslı hesab edir və ağlabatan məbləğdə, yəni hüquqi yardıma görə 110 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduğundan Cavabdeh MMC-dən əlavə olaraq 50 manat həcmində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin 22 nömrəli, 28.06.2021-ci il tarixli əmri ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, Cavabdeh MMC tərəfindən İddiaçı 05.02.2020-ci il tarixdən 28.06.2021-ci il tarixinədək ödənilməmiş əmək haqqı və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, istifadə olunmamış məzuniyyətə görə pul, Cavabdeh MMC-dən vəkilin göstərdiyi yardıma görə 110 manat, mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, Cavabdeh MMC-dən əlavə olaraq 50 manat həcmində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin 22 nömrəli, 28.06.2021-ci il tarixli əmri ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun. Cavabdeh MMC tərəfindən İddiaçı 05.02.2020-ci il tarixdən 28.06.2021-ci il tarixinədək ödənilməmiş əmək haqqı və məcburi iş buraxma müddəti üçün əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə pul ödənilsin. Cavabdeh MMC-dən vəkilin göstərdiyi yardıma görə 110 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. Cavabdeh MMC-dən əlavə olaraq 50 manat həcmində dövlət rüsumu tutulsun və Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar