Məhkəmə qərarları › İş №2(005)-5028/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5028/2024

12.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5028/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin və həmin müqavilənin doğurduğu hüquqi nəticələr etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Cavabdeh MMC ilə aramızda olan xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə «Samsung» markalı paltaryuyan maşın almışdı. Həmin maşına dair 18 ay ödəniş cədvəli üzrə hər ay 73.00 manat olmaqla cəmi 1299.90 manat ödəməyi öhdəmə götürmüşdür. Ancaq paltaryuyan maşınını aldıqdan sonra işləmədiyini görüb onlara məlumat verdi. Onlar gəlib maşını aparıb təmir etdikdən sonra geri qaytardılar. Buna baxmayaraq paltaryuyan maşın yenidən işləmədiyindən o bir daha onlara zəng edərək bu barədə məlumat verdi. Onlar təkrarən onların evə gələrək paltaryuyan maşını apardılar və geri qaytarmadılar. Bu faktı təsdiq edən video diski məhkəmə zalında təqdim edəcəkdir. Bundan sonra ona qarşı Ağdam Rayon Məhkəməsində “borcun tutulması" tələbinə dair kiçik iddialara dair işlər uzrə sadələşdirilmiş icraat qaycasında iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1226.9 manat əsas borc və 184 manat cərimə, cəmi 1410.9 manat borcun və 34.11 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan Ağdam Rayon Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsi paltaryuyan maşın onların özlərində ola-ola iddia tələblərin təmin etmişdir. Hansı ki, belə bir iddianın qaldırılması belə qanunsuzdur. Bu səbəbdən də iddia qaldırmaq məcburiyyətində qalmışdır . Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-766/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməsi, cavabdeh İddiaçı 1226,9 manat ödənilməmiş hissəsi və 184 manat cərimə olmaqla, cəmi 1410,9 manat və 34,11 manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1496/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ağdam Rayon Məhkəmsinin xx.xx.2024-cü il tarixli, 2(013)-766/2024 nömrəli qətnaməsində cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadı: Qeyd edildiyi kimi, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Ona görə də, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPMin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.” İddiaçının hazırkı iddia ilə də məhz xx.xx.2023-cü il tarixli ********* saylı müqavilənin etibarsızlığını xahiş edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından da göründüyü kimi, hər hansı bir əqdə əsaslanaraq verilən iddia üzrə hüquqi dəyərləndirmə aparılarkən məhkəmə tərəfindən ilk növbədə həmin əqdin etibarlı olub-olmaması araşdırılmalıdır. Ağdam Rayon Məhkəmsinin xx.xx.2024-cü il tarixli, 2(013)-766/2024 nömrəli qətnaməsi ilə iddiaçının hazırda mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli ********* saylı müqavilənin etibarlılığı təsbit olunmuşdur. Azərbaycan Respublikası MPM-nin: 153.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. QƏRARA ALDİ İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar