Məhkəmə qərarları › İş №2(005)-5166/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5166/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5166/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilə şərtlərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “lazımi keyfiyyəti olmayan əşyanın verilməsinə və qarantiya təminatının pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə aralarında bağlanmış 17.02.2021-ci il tarixli qarantiya müqaviləsinin şərtlərinə əsasən, cavabdeh tərəfindən ona satılmış stasionar telefon aparatının ödənişsiz təmir edilməsi vəzifəsini Cavabdeh QSC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 17.02.2021-ci il tarixdə Cavabdeh QSC-nin Bakı şəhəri, X1 küçəsində yerləşən “Maxi.az” satış mağazalar şəbəkəsindən "GİGASET A116 Rus Black” modelli stasionar telefon aparatını 49 manat pul vəsaiti ödəyərək, 2 illik zəmanət şərtləri ilə almışdır. Bununla bağlı həmin satış mağazasından müvafiq yazılı zəmanət (qarantiya) sənədi verilmişdir. Həmin telefon aparatının istismarı müddətində bizə məlum olmayan səbəbdən “0” düyməsində nasazlıq yarandığı səbəbindən istismara yararsız vəziyyətə düşmüşdür. 17.02.2021-ci il tarixli qarantiya sənədinə əsasən, həmin telefon aparatının ödənişsiz təmiri məqsədilə 09.09.2021-ci il tarixdə Cavabdeh QSC-nin ünvan 1 ünvanında yerləşən təmir ofisinə müraciət etmişdir. Orada həmin qarantiya sənədinə əsasən telefon aparatını yoxlayıb SF ********* №li qəbzi ilə təmirə qəbul etmişdilər. Lakin 14.09.2021-ci il tarixdə SF ********* nömrəli texniki rəylə həmin telefon aparatının güya onun günahından islanması nəticəsində cihazda korroziyaya uğramasına səbəb olmuş "maye izi” aşkar edilməsi bəhanəsi ilə ödənişsiz təmirdən imtina edərək, telefon aparatını ona təmirsiz şəkildə geri qaytarmışlar və yalnız 10 manat ödənildiyi halda təmir edəcəklərini bildirdilər. Nəticədə o və ailəsi indiyədək stasionar telefon korespondensiyalarından məhrum olmuşlar. Əgər həmin telefon aparatı onun günahından nəmlənərək korroziyaya uğramışdırsa, onda nəyə görə məhz "0” düyməsindən başqa, digər düymələr saz vəziyyətdə olmuşdur? Halbuki həmin 14.09.2021-ci il tarixli SF ********* №li texniki rəydə göstərilmiş “maye izi” ekspert tərəfindən deyil, qeyri-mütəxəssis tərəfindən, ondan qanunsuz pul qoparmaq niyyəti ilə əsassız şəkildə yazılmışdır. Heç bir halda həmin telefon aparatında “maye izi”nin varlığına dəlalət edən maddi sübut və ya bunu sübut edəcək elmi metoda əsaslanan ekspert rəyi təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə müvafiq çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; ASAN 1 tərəfindən verilmiş, 02.04.2014-cü il tarixli, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh QSC-nin 09.09.2021-ci il tarixli, SF000010386 nömrəli rəyindən görünür ki, İddiaçı servisə təhvil verdiyi Gigaset A116 cihazında maye izi aşkar olunmuş, cihazda mexaniki zədə aşkar olunmamışdır. Aşkar olunan qüsur istehsalçı tərəfindən deyil, istehlakçı tərəfindən olduğu qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh QSC-dən 17.02.2021-ci il tarixdə qiyməti 49 manat olan Gigaset A116 Rus Black modelli stasionar telefon aparatını 2 il zəmanətlə almışdır. İddiaçı telefonda baş vermiş nasazlığa görə Cavabdeh QSC-yə müraciət etmiş, cavabdeh telefonu təmir etmək üçün qəbul etmiş, lakin istehlakçı tərəfindən baş vermiş qüsura görə ödənişsiz təmir etməkdən imtina edilmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının Cavabdeh QSC-nin 09.09.2021-ci il tarixli, SF000010386 nömrəli rəyin əksinə olan və iddia tələbində göstərdiyi əşyanın onun tərəfindən korlanmamasına dair sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1.2-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəlləninin 587.3-cü maddəsinə əsasən bu məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbinin alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamədək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Göründüyü kimi əşyanın keyfiyyətinə aid tələblər aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda alıcının alqı-satqı müqaviləsinin icrasından imtina etmək, əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək, habelə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ yaranır. Bununla belə iddiaçı aldığı malda yaranan qüsurun istehsal qüsuru olduğu sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim olunan rəydə qeyd olunur ki, cihazda yaranan qüsur istehlakçı-iddiaçı tərəfindən yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilə şərtlərinin yerinə yetirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar