Məhkəmə qərarları › İş №2(005)-5209/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5209/2021

09.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5209/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, tərəflərin birgə nikahından olan 05 fevral 2009cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 İyun 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment və xəstəlik xərcinin qarşılanması üçün çəkdiyi 1500 manat məbləğində xəstəlik xərcinin tutularaq ona ödənilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(005)-4680/2017 saylı qətnaməsi ilə birgə nikahdan olan 05 fevral 2009-cu il təvəllüdlü X1 üçün hər ay 140 manat məbləğində alimentin və müalicə xərclərinin ödənməsi üçün hər ay 125 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı bildirir ki, nikah pozulduqdan sonra cavabdeh uşaqla maraqlanmamış, heç bir maddi-mənəvi dəstək göstərməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında 175 manat məbləğində alimentin ödənilməsini qəbul etdi, yalnız xəstəlik xərcinin qarşılanması üçün çəkilən 1500 manat məbləğində pulun ödənilməsi hissəsində iddia tələbi ilə razılaşmadı. Məhkəmə iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 Fevral 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(005)-4680/2017 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflərin birgə nikahından olan 05 fevral 2009-cu il təvəllüdlü X1 üçün hər ay 140 manat məbləğində alimentin və müalicə xərclərininn ödənilməsi üçün hər ay 125 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(005)-4680/2017 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından olan 05 fevral 2009-cu il təvəllüdlü X1 üçün hər ay 140 manat məbləğində alimentin və müalicə xərclərininn ödənilməsi üçün hər ay 125 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Uşaq hal-hazırda iddiaçı ilə birlikdə yaşayır. Məhkəmə, iddiaçının cavabdeh tərəfindən hazırda ödənilən 140 manat məbləğində alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaları ilə razılaşaraq, cavabdehin ayda bir uşağa görə 175 manat məbləğində aliment ödəmək ilə bağlı əsaslı tələbini nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tutulan alimentin məbləğinin artırılmasına dair tələb təmin olunmalı və 05 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulacaq alimentin məbləği artırılaraq 175 manat həddində müəyyən edilməli, həmin pul vəsaiti Cavabdeh hər ay sabit pul məbləğində tutulub İddiaçı Mübariz qızına verilməlidir. Məhkəmə iddiaçının xəstəlik xərcinin qarşılanması üçün çəkdiyi 1500 manat məbləğində pulun onun xeyrinə tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı çəkdiyi xərclərlə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədi. İddia tələbi bu hissədə sübutlarla öz təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 09.12.2021-ci il tarixdən başlayaraq, Cavabdeh 05 fevral 2009-cu il təvəllüdlü X2 üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 175 ( bir yüz yetmiş beş) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar