Məhkəmə qərarları › İş №2(005)-5261/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5261/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5261/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı «pul» tələbinə dair dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı «pul» tələbinə dair dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07/18/0401 saylı, 11 oktyabr 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə borc qalığı 205.99 manat, dəbbə pulu üzrə 100,00 manat, cəmi 305,99 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 20 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X1 arasında 11 oktyabr 2018-ci il tarixdə 07/18/0401 saylı Daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra «Lizinq müqaviləsi») bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 3.100.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, Comfort markalı divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Lizinq obyekti») cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən 01.10.21 tarixinədək lizinq ödənişləri üzrə borc qalığı 205.99 manat, dəbbə pulu üzrə 655.30 manat olmaqla, cəmi 861.29 manat məbləğində borcu yaranmışdır.Lizinq müqaviləsindən irəli gələn qevd oluıuııı ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də. müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır.Hazırda Lizinq müqaviləsinin müddəti bitib.Qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə X1 arasında 11 oktyabr 2018-ci il tarixdə 07/18/0401 saylı Daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra «Lizinq müqaviləsi») bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 3.100.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, Comfort markalı divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Lizinq obyekti») cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki,cavabdehin 305.99 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə olunmuş 12.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsulliyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçının nümayəndəsinin izahatları və təqdim olunmuş sənədlər əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, 11.11.2018-cü il tarixli, 07/18/0401 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən İddiaçı MMC mülkiyyətində olan və lizinq müqaviləsi üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2018-ci il buraxılışlı, Comfort markalı qaz qazanı və digər ləvazimatları Cavabdeh lizinqə vermişdir. Lizinq alan şərtləşdirilmiş vaxtda və məbləğdə lizinq müqaviləsi üzrə ödənişləri lizinq verən İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh dəfələrlə olunmuş xəbərdarlıqlara baxmayaraq müqavilənin şərtlərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun İddiaçı MMC-yə borcu yaranmışdır. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən lizinq obyekti üzrə ödənilməli olan əsas məbləğin qalığının çox olmamasını nəzərə alır və İddiaçı MMC-nin iddiasının 100 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, ona görə yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 30 manat məbləğində pul tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 11.11.2013-cü il tarixli 07/18/0401 nömrəli daxili lizinq müqaviləsi üzrə 205.99 manat borc və 30 manat cərimə borcu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Lizinq müqaviləsi üzrə 205.99 manat borc, 30 manat dəbbə pulu, cəmi 235.99 manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar