Məhkəmə qərarları › İş №2(005)-542/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-542/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-542/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb edilməklə) “hərracın yekunları barədə protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb edilməklə) “hərracın yekunları barədə protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 21/02 nömrəli protokolunu ləğv edərək, hərracın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı 25 avqust 1955-ci il tarixində Ucar rayonunda anadan olub. Hazırda Ucar rayonu,Qazyan kəndində pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən hərracın qanunsuz və əsassız keçirilməsi, eləcə də ipoteka predmetinin hərracda satış qiymətinin real bazar qiymətindən kəskin fərqlənərək satılması ilə bağlıdır. Belə ki, Ucar Rayon Məhkəməsinin 2(063)-4/2018 saylı mülki iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X4, X4 və X2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddia tələbi təmin edilərək, cavabehlər X3, İddiaçı və X1 müştərək qaydada 51R000000684 nömrəli kredit razılaşması üzrə əsas borca görə 19638.31 USD, faiz borcuna görə 5166.62 USD, dəbbə puluna görə 1000 USD, cəmi 25804.93 USD, 051R********** nömrəli kredit razılaşması üzrə əsas borca görə 888.94 USD, faiz borcuna görə 189.72 USD,dəbbə puluna görə 50 USD, cəmi 1128.66 USD,051KK**********01 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 996.62 USD, faiz borcuna görə 291.41 USD, dəbbə puluna görə 50 USD, cəmi 1338.03 USD məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə ödənilmiş dövlət rüsumuna görə 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqında görə 21 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Ucar rayonu, Qazyan kəndinə cavabdeh İddiaçı mülkiyyətində olan 0.41 ha torpağ sahəsi və həmin torpağ sahəsinin üzərində yerləşən mərtəbəliyi 2,4 otağlı, 95.2 kv.m yaşayış, 155 kv.m yardımçı, ümumilikdə 250.2 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 34.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satıldıqdan 1 ay ərzində fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması, satışdan əldə edilən məbləğin iddiaçı "xxxx" ASC-nin tələbindən artıq olarsa, artıq məbləğin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi icra edilməsi üçün Ucar rayon icra və probasiya şöbəsi göndərilmiş, sonuncu tərəfindən 17 may 2022-ci il tarixli məktub ilə hazırki iş üzrə cavabdehə “hərracın keçirilməsi haqqında” sifariş məktubu göndərərək hərracın keçirilməsini xahiş etmişdir. Hərrac təşkilatının ipoteka saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 21/02 saylı protokol ilə hərrac keçirilmiş və ipoteka predmeti hərracda dəyərindən aşağı qiymətə satılmışdır. Bildirilir ki, qiymətləndirmə işi qeyri-obyektiv aparılmış, real bazar qiymətləri lazımi səviyyədə nəzərə alınmamış, real bazar qiymətindən aşağı məbləğdə satılmışdır. Həmçinin qeyd edilir ki, hərrac qanunvericiliyə uyğun olaraq keçirilməmişdir. Belə ki, hərracın keçirilməsi barədə bildiriş iddiaçıya göndərilməmişdir. Protokolda hərracın təkrar olaraq keçirildiyi qeyd edilmişdir. Lakin qeyd edilir ki, hərracın keçirilməsindən xəbəri olmamış, bu barədə rəsmi bildiriş iddiaçıya çatdırılmamışdır. Hərrac barədə məlumatı yalnız icra orqanı tərəfindən hərrac keçirildikdən sonra məlumat əldə etmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edilir ki, mənzilin real bazar qiymətindən aşağı satılması, eləcə də, hərracın keçirilməsinin qanunvericiliyin tələblərinə zidd olaraq keçirilməsi səbəbindən hərrac etibarsız sayılmalıdır. Bildirilir ki, ilkin olaraq cavabdehin hüquqi ünvanına görə tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırılsa da, məhkəmə tərəfindən iddia ərizəsi geri qaytarılmışdır və aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlilləri üzrə izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğunu bildirib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Lakin iddiaçı teleqramla müraciət edərək, səhhətində yaranmış problemlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Ucar rayon İcra və Probasiya şöbəsinin "xxxx" MMC, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, AR-nın ƏN İcra Baş İdarəsinə ünvanlanmış 17 may 2022-ci il tarixli “hərracın keçirilməsi haqqında” sifariş məktubunun surətindən görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş № 2(063)-4/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 27142.96 ABŞ dolları və 61 manat məbləğində tələbin borclu İddiaçı ipoteka predmeti olan Ucar rayonu Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mərtəbəliyi 2, 4 otaqlı, ümumi 250.2 kv.metr olan sahədən ibarət fərdi yaşayış evinə yönəldiyi üçün həmin əmlak barədə hərracın keçirilməsi xahiş edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Ucar rayonu, Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 250.2 kv.metr olan fərdi yaşayış evi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Hərrac Təşkilatının 28 iyul 2022-ci il tarixli 21/02 №-li Hərracın yekunları barədə protokolun surətindən görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(063)-4/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi və Ucar rayon İcra və Probasiya şöbəsinin 60654/2019-54-1 saylı, 17 may 2022-ci il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərrac üzrə İddiaçı məxsus Ucar rayonu, Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 21675 manata "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/984 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Ucar rayonu, Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 34000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 1700 manat olmaqla hərraca çıxarılması və hərracın 23 iyun 2022-ci il tarixdə saat 11:00-17:00dək (növbəlilik əsasında) ünvan 2 ünvanında keçiriləcəyi barədə X4, X2 və məlumat üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Ucar rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/1166 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Ucar rayonu, Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 34000-15 %=28900 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 1445 manat olmaqla hərraca çıxarılması və hərracın 13 iyul 2022-ci il tarixdə saat 11:00-17:00-dək (növbəlilik əsasında) ünvan 2 ünvanında keçiriləcəyi barədə X4, X2 və məlumat üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Ucar rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən X4, X2, "xxxx" QSC-yə və Ucar rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/1302 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifin surətindən görünür ki, ipoteka ilə yüklü edilmiş Ucar rayonu, Qazyan kəndində yerləşən 0,41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətə, yəni 21675 manata ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2022 və xx.xx.2022-ci il tarixli qəbzlərin surətindən müəyyən olunur ki, hərracın keçirilməsi barədə bildirişlər İddiaçı və X2 göndərilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, X4 məxsus olan Ucar rayonu, Qazyan kəndində yerləşən 0,41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2022-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, X4 məxsus Ucar rayonu, Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Ucar Rayon Məhkəməsinin 2(063)-4/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə və Ucar rayon İcra və Probasiya şöbəsinin 60654/2019-54-1 saylı, 17 may 2022-ci il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 34000 manat, 15% endirimlə 28900 manat olmaqla "xxxx" ASC-nin balansına keçirilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd edir ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iş materiallarından da, görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “Birja Yenilikləri” qəzetlərində elanlar verilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Birja Yenilikləri qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş X4 məxsus Ucar rayonu, Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə iddiaçının iddia tələbinin dəlillərindən biri də o olmuşdur ki, əmlakın satış qiyməti düzgün müəyyən edilməmiş, real bazar qiymətləri lazımi səviyyədə nəzərə alınmamış, real bazar qiymətindən aşağı məbləğdə satılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən hərrac qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Eyni zamanda iddia ərizəsindən görünür ki, Ucar rayonu, Qazyan kəndində 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mərtəbəliyi 2,4 otaqlı, 95.2 kv.m yaşayış, 155 kv.m yardımçı, ümumilikdə 250.2 kv.m sahədən ibarət fərdi yaşayış evin ilkin satış qiyməti 34000 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə, iddiaçının mənzilin satış qiymətinin real bazar qiymətindən aşağı qiymətə satılmasını mübahisələndirməsini əsassız hesab edir. Qeyd olunanlardan əlavə məhkəmə hesab edir ki, fərdi yaşayış evinin bazar dəyərinin yüksək olması hərracın qanunsuz hesab edilməsi üçün mütləq əsas deyildir. Belə ki, hərrac təşkilatı əmlakın satış qiymətini müəyyən etmir, hərrac təşkilatının vəzifəsi icra məmurunun sifarişini aldıqdan sonra hərracın keçirilməsini təşkil etmək və hərracın keçirilməsinin vaxtı və yeri barədə qanunvercilikdə nəzərdə tutulmuş qaydada tərəfləri məlumatlandırmaqdan ibarətdir. Göründüyü kimi, iddiaçı hərracın etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürərkən hər hansı mötəbər dəlillərə istinad etməmiş, iddia tələbini formal tələblərlə əsaslandırmağa çalışmışdır. Eyni zamanda, məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi üzrə əlavə hər hansı araşdırma aparılmasına lüzum görməyərək, özünün bu mövqeyini mülki prosessual hüquqdan irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb edilməklə) “hərracın yekunları barədə protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İddia tələbinin təmin olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb edilməklə) “hərracın yekunları barədə protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar