Məhkəmə qərarları › İş №2(005)-556/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-556/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-556/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Respublika Xammal və X1 Mərkəzi "xxxx" MMC-yə ("xxxx" ASC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın nəticələrinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Respublikası Respublika Xammal və X1 Mərkəzi "xxxx" MMC-yə ("xxxx" ASC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın nəticələrinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş “ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları” barədə 54/01-1 nömrəli protokolun nəticəsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apelllyasiya Məhkəməsinin Mülkü Kollegiyası tərəfindən verilmiş 2(103)-842/2019 saylı 09 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan "xxxx" İKB-nin xeyrinə 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 51697,97 ABŞ dolları əsas, 25207,13 ABŞ dolları faiz, 1840,91 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 78746,01 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmuşdur. Həmin tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin hərrracda satılması və qeyd olunan ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 135.000 manat olması müəyyən edilmişdir. Satışdan əldə olunan vəsaitdən 78746,01 ABŞ dolları məbləğində pulun "xxxx" İKB-nə ödənilməsi, həmin borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin pulun ona verilməsi müəyyən olunmuşdur. Həmçinin həmin mənzil hərrac yolu ilə satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı və bankla onun arasında olan 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi ləğv olunmalıdır. Belə ki, qeyd olunan icra vərəqəsi Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icraatına verilmişdir. Sonuncu qeyd olunan icra vərəqəsinə əsasən icra vərəqəsində qeyd olunan ipoteka predmeti olan, ünvan 2 ünvanında yerləşən mənzilin açıq hərracda satıılması üçün cavabdeh Azarbaycan Respublikası Respublika Xammal və X1 Mərkəzi "xxxx" MMC-nə sifariş göndərmişdir. Cavabdeh isə öz növbəsində icra vərəqəsində qeyd olunan ipoteka predmetinə dair hərrac təşkil etmişdir. Belə ki, bu yaxınlarda əldə etdiyi 54/01-1 nömrəli "Hərracın yekunları barədə protokol"dan görünür ki, ona məxsus olan və qeyd olunan icra vərəqəsi ilə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzili tələbkar bank olan "xxxx" İKB 86062,5 manata əldə etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş "Hərracın yekunları barədə" olan 54/01-1 saylı protokol əsassız və qanunsuz təşkil olunmuş hərracın nəticələrinə dair olduğundan etibarsız hesab olunmalıdır. Belə ki, qeyd etdiyi kimi onun qeyd olunan hərrac barədə məlumatı olmamışdır. Ona bu barədə heç bir məlumat verilmədən, ona məxsus və mülkiyyətində olan mənzil dəyərindən dəfələrlə ucuz qiymətə mənimsənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ipoteka ilə yüklü edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-842/2019 saylı 09 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən ünvan 3 ünvanında yerləşən mənzilə tutma yönəldilməsi qəl edilmişdir. xx.xx.2019-cu il tarixli icra vərəqəsinin və Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-150593/3 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmişdir. Hərracın keçirilməsinə dair bildirişlər və ipoteka predmetinin əldə olunmasına dair təklif tərəflərə göndərilmişdir. Hərracın yekunlarına dair protokol 10 dekabr 2020-ci il tarixdə tərtib edilmişdir. "Külək” MMC ilə ipoteka saxlayan bank "xxxx" ASC arasında hərracın yekunları üzrə 10 dekabr 2020-ci il tarixli əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. "Yelo Bank” ASC xx.xx.2021 tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən, 33 nömrəli evin 6 nömrəli mənzilinə dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Çıxarış almışdır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Qeyd olunanlara əsasən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-842/2019 №-li 09 aprel 2019-cu il tarixli icra vərəqəsinin surətinə əsasən İddiaçı "xxxx" İKB-nin xeyrinə 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 51697,97 ABŞ dolları əsas, 25207,13 ABŞ dolları faiz, 1840,91 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 78746,01 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrracda satılması və mənzilin açıq hərracda ilkin satış qiymətinin 135.000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitdən 78746,01 ABŞ dolları məbləğində pulun "xxxx" İKB-nə ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin pulun İddiaçı verilməsi, mənzilin açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması və İddiaçı ilə "xxxx" İKB arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının 10 dekabr 2020-ci il tarixli 54/01-1 №-li Hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10 dekabr 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-842/2019 №-li 09 aprel 2019-cu il tarixli icra vərəqəsi və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx/xx-150593/3 №-li 25 sentyabr 2020-ci il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərrac üzrə İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 33 saylı evin 6 saylı mənzili 86062,5 manata "xxxx" ASC-nə satılmışdır. İş materiallarında olan hərracın keçirilməsinə dair 26 oktyabr 2020-ci il tarixli 02 nömrəli bildirişdən və 124326 nömrəli kuryer xidmətləri üçün mədaxil talonunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-842/2019 №-li 09 aprel 2019-cu il tarixli icra vərəqəsi və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx/xx-150593/3 №-li 25 sentyabr 2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 33 saylı evin 6 saylı mənzilinə dair hərracın keçirilməsi 06 noyabr 2020-ci il tarixə təyin edilmiş, həmin bildiriş 30 oktyabr 2020-ci il tarixdə İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan ipoteka predmetinin əldə olunmasına dair 12 noyabr 2020-ci il tarixli təklifin və kuryer xidmətləri üçün mədaxil qəbzlərinin surətlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 33 saylı evin 6 saylı mənzili 86062,50 manata ipotek saxlayana təklif olunmuş, həmin təklif 17 noyabr 2020-ci il tarixdə 17 noyabr 2020-ci il tarixdə Hacıyeva S. tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 17 mart 2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 33 saylı evin 6 saylı mənzili "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2020-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-842/2019 №-li 09 aprel 2019-cu il tarixli icra vərəqəsi və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx/xx-150593/3 №-li 25 sentyabr 2020-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 33 saylı evin 6 saylı mənzili ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar verilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" İKB ASC-nə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Bundan başqa iş materiallarından göründüyü kimi hərrac təşkilatı tərəfindən xx.xx.2020-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı bildiriş rəsmi qaydada xx.xx.2020-ci il tarixdə göndərilmiş, həmin bildiriş xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən şəxsən qəbul edilmiş, həmçinin “Birja Yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli tirajında müvafiq elanlar verilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkarın qeydiyyatda olduqları ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2020-ci ildə tələbkar "xxxx" İKB ASC-nə təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı hərracın keçirilməsi qanuni şəkildə həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 33 saylı evin 6 saylı mənzili “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə bankın balansına keçirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla əsassız olduğu sübuta yetdiyindən təmin edilməməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Eyni zamanda, məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizə üzrə əlavə hər hansı araşdırma aparılmasına lüzum görməyərək, özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Respublikası Respublika Xammal və X1 Mərkəzi "xxxx" MMC-yə ("xxxx" ASC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın nəticələrinin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar