Məhkəmə qərarları › İş №2(005)-565/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-565/2021

09.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-565/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Cavabdeh" İB tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, ******* saylı aktının etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 2160 m3 qaz sərfiyyatına hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, Masallı rayonunda anadan olub, hazırda Bakı şəh, Nərimanov ray, F.Yusifov küç, ev 16, m 56 qeydiyyatda olmaqla yaşayır. Masallı rayonunda fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunub, hamı kimi o da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. xx xxxx 2020-ci tarixdə Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları ona məxsus fərdi yaşayış evini qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Guya sayğacın hesablama mexaniziminin qapağı yan tərəfdən əzilmiş, daxili qulaqcıqların əzilməsi və cızılması müəyyən edilmiş, itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği 2160 m3 müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. Hazırda aşağıdakı əsaslara görə hesab edirəm ki, həmin akt etibarsız hesab edilməli və 2160 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki aktdan da göründüyü kimi aktın tərtib olunmasına səbəb sayğacın hesablama mexaniziminin qapağı yan tərəfdən əzilmiş, daxili qulaqcıqların əzilməsi və cızılması olmuşdur. İndiki vəziyyətdə isə heç bir hal şahidi olmadan, çəkiliş olmadan ona akt tərtib etmişlər. İdarənin işçiləri otaq şəraitində akt tərtib etmişlər. Akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki Cavabdeh İB-nin işçilərinin aktı tərtib etmək səlahiyyətləri yoxdur. Bu səlahiyyət yalnız Azərbaycan Respublikası Energetika Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə verilmişdir. İdarənin işçiləri ayda iki dəfə olmaqla sayğaca baxış keçirirlər. Əgər belə bir problem var idisə ona 15 günün cəriməsini yazardılar. Sayğac onun həyətindən kənarda yerləşir. Onu da qeyd edir ki qaz sayğacları bütün rayon ərazisinə qoyulmuş və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu hal da onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayğaca ziyan vura bilərlər və sayğaca istənilən müdaxiləni edə bilərlər. Belə olan halda mən sayğaca hər hansı bir müdaxiləyə görə məsuliyyət, daşıya bilmir. Bütün bunlar oru göstərir ki tərtib olunmuş akt hansısa maraqlara görə tərtib olunmuşdur. Lakin bütün bunlara baxmayaraq sonradan bildi ki, "Cavabdeh” X1 X2 İdarəsinin əməkdaşları onun sayğacının yararsız hala düşməsi barədə akt tərtib edərək ona 2160 m3 cərimə yazaraq onu cərimələmişlər. Ona görə də hazırda həmin aktın etibarsız hesab olunması barədə məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh İB-nin «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2020-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, ünvan 1 mənzil 23 ünvanında quraşdırılmış qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı evdə sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 2160 kub.metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının hesabına cəmi 230,40 manat borc hesablanmışdır. Məhkəmə iclasında iş materialları və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Yoxlama zamanı çıxarılmış sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 2160 kub.metr qazın dəyərinin ödənilməsini tələb edilir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evdə dəyişdirilmiş qaz sayğacı mexaniki tipli olmuşdur və hər ay cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Həmin müddətdə sayğac göstəricisinə əsasən ödənişlər edilsə də, sayğac çıxarıldıqdan sonra laboratoriya yoxlanışında onun sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və iddiaçının abunə koduna hesablanmış 2160 kub metr itirilmiş qazın sərfiyyatı barədə hesabatın silinməsi barədə iddia tələbi də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli ******* saylı akt etibarsız hesab edilməli və İddiaçı **********00230 saylı abonent koduna hesablanmış 2160 kub metr itirilmiş qaz sərfiyyatı barədə hesabat silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli ******* saylı akt etibarsız hesab edilsin. İddiaçı **********00230 saylı abonent koduna hesablanmış 2160 kub metr itirilmiş qaz sərfiyyatı barədə hesabat silinsin. Cavabdehndən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar