Məhkəmə qərarları › İş №2(005)-572/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-572/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-572/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, ASC “Xalq" bankın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh3, ASC “Xalq" bankı və Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh3, ASC “Xalq" bankı və Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə heçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, Cavabdeh3 tərəfindən hərracın yekunları barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 105 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən yaşayış evinin, həmçininn həmin küçədə yerləşən qeyri-yaşayış evinin qanuni mülkiyyətçisidir. ASC “Xalq" bankı isə ondan xəbərsiz dələduzluq və aldatma yolu ilə mülkiyyətində olan yaşayış evini öz adına keçirərək rəsmiləşdirmişdir. İddiaçı 2013-cü il tarixdə ASC “Xalq" bankı ilə ipoteka müqaviləsi bağlayaraq bankdan kredit götürmüşdür. Bundan dərhal sonra ölkədə devalvasiya baş verdiyindən borc məbləği 2 dəfə artaraq ödənişlər etməsində cətinliyə səbəb olmuşdur. ASC “Xalq" bankı isə bundan istifadə edərək İddiaçı xəbərsiz Cavabdeh3 vasitəsi lə hərrac təşkil edərək, ipoteka predmetini öz adına keçirmişdir. Bu hərracın keçirilməsindən nə İddiaçı, nə də onun ailəsinin xəbəri olmamışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili X6 ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ASC “Xalq" bankın nümayəndəsi X3 iddiaya yazılı etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, "xxxx" MMC-dən əldə edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən - yazılı sübutlardan görünür ki, hərracın təşkilatçısı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində keçirilmiş hərraclar barədə Nərimanov rayon İcra və Probasiya şöbəsinə, İddiaçı, Z.H.Masiyevaya və ASC “Xalq” Bankına bildirişlər göndərmişdir. Hərracın keçirilməsinə dair 1 №-li Bildiriş (birinci hərrac) xx.xx.2019-cu il tarixində, 2 №-li Bildiriş (təkrar hərrac) isə xx.xx.2020-ci il tarixində İddiaçı və Z.H.Masiyeva tərəfindən almışdırlar. Göründüyü kimi, İddiaçı ondan xəbərsiz hərracın keçirilməsi barədə iddiası uydurmadır, əsassızdır. Həmçinin, yuxarıda qeyd edilən əmlak obyektlərinə dair hərracın yekunları barədə 11/02 və 11/03 nömrəli protokollar və həmin protokollara əsasən hərracın yekunlan üzrə əmlakın alqı-satqısı barədə müqavilələr müvafiq tərəflər arasında 10 fevral 2020-ci il tarixində imzalanmışdır. Göründüyü kimi mülki hüquqi münasibətin yaranmasına əsas olan hərrac, onun yekunlan üzrə protokol və bağlanan müqavilə də əqddir. Buna görə də hərracın etibarsızlığı barədə iddiaların verilmə müddətinə münasibətdə də etibarsız əqdlərin mübahisələndirilməsi üzrə müddətlərə dair qanunvericiliyin normaları tətbiq edilməlidir. İddiaçı hərracın nəticələrinin ləğv edilməsinə dair iddia ərizəsini xx.xx.2022-ci il tarixində məhkəməyə təqdim etmişdir. Bu Ərizənin 2-ci hissəsində qeyd olunanlar birmənalı surətdə təsdiq edir ki, İddiaçı hərracın etibarsız sayılması əsası kimi istinad etdiyi halları bildiyi və ya bilməli olduğu gündən 1 (bir) ildən çox müddət keçmişdir. Bu isə öz növbəsində İddiaçı tərəfindən hazırkı mübahisə üzrə iddia müddətinin buraxıldığını sübut edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-1710/2018 saylı qətnaməsinin surətindən aydın olur ki, ASC “Xalq" bankı və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən İddiaçı istehlak məqsədləri üçün 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 77000 ABŞ dolları kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə xx.xx.2013-cü il tarixli 01 saylı Əlavə sazişdən görünür ki, borcalan İddiaçı kredit xəttinin məbləğinin əlavə 39000 ABŞ dolları artırılaraq 116000 ABŞ dolları çatdırılması barədə banka müraciət etmiş, bank İddiaçı 36 ay müddətinə illik 16% dərəcəsi ilə 116000 ABŞ dolları verməyi, İddiaçı isə kreditdən müqavilənin 1.2-ci bəndində göstərilən məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyənləşdirilmiş şərtlərdə və qaydada kredit üzrə yaranmış əsas və faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə xx.xx.2014-cü il tarixli 02 saylı Əlavə sazişdən görünür ki, borcalan İddiaçı kredit xəttinin məbləğinin əlavə 34000 ABŞ dolları artırılaraq 150000 ABŞ dolları çatdırılması barədə banka müraciət etmişdir. xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə xx.xx.2016-cı il tarixli 03 saylı Əlavə sazişdən görünür ki, bank İddiaçı 36 ay müddətinə illik 16% dərəcəsi ilə 150000 ABŞ dolları verməyi, İddiaçı isə kreditdən müqavilənin 1.2-ci bəndində göstərilən məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyənləşdirilmiş şərtlərdə və qaydada kredit üzrə yaranmış əsas və faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. ASC “Xalq" bankı və İddiaçı arasında bağlanmış 1109.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 105 nömrəli 37.4 kv.m ümumi sahədən ibarət zirzəmi ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi üçün iddiaçı ASC “Xalq" bankı cavabdehlər İddiaçı və X4 qarşı kredit borcnunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi qismən təmin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10423/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-1710/2018 saylı qətnaməsindən ASC “Xalq" bankı və İddiaçı tərəfindən ayrı- ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1710/2018 saylı mülki iş üzrə qəbul etdiyi 30 mart 2018-ci il tarixli qətnaməsi qismən, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 31875 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) tutulması barədə tələblərin rədd edilməsi hissəsində və 26562,50 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində ləğv edilmış, həmin hissələrdə iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 8750 ABŞ dolları məbləğində əldən çıxmış fayda və 15000 ABŞ dolları məbləğində dəbbə pulunun tutularaq iddiaçı ASC «Xalq» Bankına ödənilməsi, qalan hissələrdə həmin iddia tələblərinin təmin edilməsi, qətnamə digər mübahisələndirilən hissələrdə, yəni 20461,16 ABŞ dolları faiz borcunun tutulması hissəsində və xx.xx.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulması barədə tələblərin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 3775/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 10423/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10423/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 194211,16 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə), iddia ərizəsinin verilməsi üçün 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 60 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 91 manat məbləğində dövlət rüsumunun tutularaq tələbkar ASC "Xalq” Bankına ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində, 105 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 42,12 kv.m ümumi sahədən ibarət olan 2 otaqlı, 16 nömrəli mənzilə (bundan sonra "Mənzil” adlandırılacaq) və Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən 105 nömrəli, 37,4 kv.m ümumi sahədən ibarət 'olan qeyri-yaşayış sahəsinə (bundan sonra “Qeyri-yaşayış sahəsi” adlandırılacaq) yönəldilməsi, Mənzilin ilkin satış qiymətinin 50 000 manat, Qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin isə 135 000 manat təyin edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına qətnamə ilə müəyyən olunmuş borcun ödənilməsi, ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və onlar -satıldıqdan sonra borclular İddiaçı, X2, onun ailə üzvlərinin və digər şəxslərin Mənzili bir ay ərzində tərk etmədikləri halda, həmin mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir. - Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli məktubuna (sifariş məktubu) əsasən Mənzil və Qeyri-yaşayış sahəsinin açıq hərrac vasitəsilə satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə (bundan sonra - Hərracın təşkilatçısı) müvafiq sifariş verilmişdir. Həmin məktubun surətləri İddiaçı, ASC “Xalq” Bankına (bundan sonra - Bank), Bakı Apellyasiya Məhkəməsinin hakimi R.Qurbanova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə də göndərilmişdir. - ASC “Xalq" bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli bildirişdən müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixə ASC “Xalq" bankına olan kredit borcu barədə məlumat verilmiş, borcun ödənilməsini təmin etmək üçün ipoetka predmetinin 30 gündən gec olmayan müddətdə satılmasını tələb etmiş, əks halda kredit borcunun tutulması və tutmanın ipoteka premdetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - ASC “Xalq" bankı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli “ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə” ərizədən müəyyən olunur ki, İddiaçı (İpoteka qoyan) tərəfindən 11 sentyabr 2014-cü il tarixli **********12/İP-2 nömrəli İpoteka müqaviləsinə müvafiq olaraq, ipoteka qoyulmuş daşınmaz əmlaka (Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 ünvanında yerləşən, 37.4 m2 ümumi sahədən ibarət zirzəmi) ASC “Xalq” Bankı tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq 11 sentyabr 2014-cü il tarixli **********12/İP-2 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2016-cı il tarixli 1562 saylı Bildirişin (bundan sonra - bildiriş) qeydiyyatının həyata keçirilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ASC “Xalq" bankına ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubda qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 saylı evin 16 saylı mənzilinə tutma yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. - Hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 01 nömrəli bildiriş və xx.xx.2020ci il tarixli 02 nömrəli bildirişdən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli saat 11:00-17:00 və xx.xx.2020-ci il tarixdə saat 11:00-17:00 tarixlərdə hərracın keçirilməsi barədə İddiaçı bildirişlər göndərilmiş və bu bildirişlər “Masiyev” soyadlı şəxs tərəfindən müvfiq olaraq xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərdə poçt xəbərnaməsinə imza atılmaqla təhvil alınmışdır. - “Birja Yenilikləri” qəzetinin 06-12 dekabr 2019-cu il tarixli, 10-16 yanvar 2020-ci il tarixli və 24-30 yanvar 2020-ci il tarixli çıxarışlarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 ünvanında yerləşən, 37.4 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 saylı evin 16 saylı mənzilinə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar dərc edilmişdir. - "xxxx" MMC tərəfindən ASC “Xalq" bankına ünvanlanmış xx.xx.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdə qeyd olunur ki, Nərimanov rayon icra və probasiya şöbəsinə 14759/116218-19-15-10 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka yüklü Bakı şəhəri, Nərimanov rayonu , Ak. Həsən Əliyev küçəsində yerləşən 105 nömrəli 3:7.4 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsinin təkrar hərracının baş tutmamaşı barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 86062.50 manat olmaqla ipoteka saxlayana təklif olunur. - Hərracın yekunları barədə 11/02 nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, ASC “Xalq" bankı Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 saylı evin 16 saylı mənzili “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 31875 manata açıq hərracdan əldə etmişdir. - Hərracın yekunları barədə 11/03 nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, ASC “Xalq" bankı Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 ünvanında yerləşən, 37.4 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 86062,5 manata açıq hərracdan əldə etmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışların surətlərindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 saylı evin 16 saylı mənzili, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 ünvanında yerləşən, 37.4 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ASC “Xalq" bankının tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı keçirilmiş hərracın nəticələrinin etibarız hesab olunmasını tələb edir və bu tələbi əmlakları ona heç bir məlumat verilmədən hərracdan satılması ilə əsaslandırır. İş materiallarında olan sübutlardan isə ona heçirilmiş hərraclar barədə bildirişlərin onun ünvanına göndərildiyi təsdiq olunur. Belə ki bildirişlərdə İddiaçı ünvanı olaraq “ünvan 4mişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş hazırki iddia ərizəsində özü də yaşadığı ünvan olaraq “ünvan 5 sözügedən bildirişlər də “Masiyev” soyadlı şəxs tərəfindən imza atılmaqla təhvil alınmışdır. Eyni zamanda hərracların yeri, vaxtı və nəticələri barədə “Birja Yenilikləri” qəzetində məlumatlar dərc edilmişdir. İddiaçı tərəfindən aparılan hərracların qanunsuz olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi iddia tərəfindən göstərilən hallar sübut edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə məhkəmə hesab edir ki, həm iddiaçının keçirilən hərraclardan məlumatı olması məhkəmə prosesində tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, həm də onun tərəfindən hərracın etibarsızlığı ilə bağlı tələb 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə verildiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh3, ASC “Xalq" bankı və Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar