Məhkəmə qərarları › İş №2(005)-632/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-632/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-632/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh2 QSC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 186 saylı evə dair Cavabdeh2 QSC ilə "xxxx" arasında bağlanmış müqavilənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(060)-261/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 QSC-nin iddiası təmin edilmiş, cavabdehlərdən cəmi 15238 ABŞ dolları borcun müştərək qaydada tutulması, tutmanın İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklənmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 186 saylı evə yönəldilməsi və onun açıq hərracdan satılması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Cavabdeh1nə xx.xx.2021-ci ildə, 2(105)-164/2021 saylı iş üzrə icra vərəqəsi vermişdir. Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-164/2021 saylı icra sənədinə əsasən mülkiyyətçisi olduğu 186 saylı fərdi evin açıq hərracdan satılması məqsədilə xx.xx.2022-ci ildə 109/37 saylı sifarişli məktubla Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə müraciət etmişdir. Müraciətin əsasında Hərrac Mərkəzi “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən sifarişi aldığı gündən 5 gün müddətinə ona sifarişli poçt göndərişi ilə bildiriş göndərməli idi. X7 bildiriş göndərməmişdir. Həmin hərracda alıcı olmadığına görə xx.xx.2022-ci ildə təkrar hərrac keçirilmiş, fərdi evin satış qiyməti 68000 manat müəyyən edilmişdir. Təkrar hərracda alıcı olmadığına görə fərdi evin satış qiyməti 51000 manat müəyyən edilmiş və ipoteka saxlayana, yəni Cavabdeh2 QSC-yə təklif olunmuşdur (xx.xx.2022-ci il tarixli, 01/2140 saylı təklif). Beləliklə, Hərrac Mərkəzi “İpoteka haqqında” Qanunun 42, 43 və 44-cü maddələrinin, MM-in 415 və 416-cı maddələrinin tələblərini pozmuşdur. Cavabdeh2 QSC məhkəməyə müddətin ötürülməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı hərrac keçirilərkən bildirişlər göndərilmiş, hərracların keçirilməsindən xəbərdar olmuşdur və hətta hərracın keçirildiyini bilərək, dəfələrlə banka müraciətlər etmiş, razılığa gəlmək üçün cəhdlər etsə də, nəticə olmamışdır. İddiaçı hərracı mübahisələndirmiş və bu mübahisə ilə bağlı 2(005)-4593/2023-saylı iş üzrə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. Baxmayaraq ki, 2 ilə yaxın zaman keçmişdir. Mülki Məcəllənin qeyd edilən normasına əsasən və iddia ərizəsində qeyd edilənlərə əsasən İddiaçı (iddia qaldırmaq üçün) müəyyən olunmuş müddəti ötürdüyü açıq-aşkar məlumdur. Verilən bu iddia ərizəsi tam əsassız olduğu iddiaçıya da aydındır, iddianı verməkdə məqsəd Bank qarşısında götürülmüş öhdəliklərdən yayınmaq, icra sənədinin icrasına mane olmaq və əlavə vaxt qazanmaqdır. Beləliklə, o, iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 bildirmişdir ki, o, 2013-cü ildə Access Bankdan 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. O vaxtı da bu məbləğ 16000 manat təşkil edirdi. Həmin krediti devalvasiya olduğuna görə hətta artıq məbləğdə, yəni 32000 manat qaytarmışdır. Sadəcə 5000 manat banka borcu qalmışdı. İlk hərracın Sumqayıtda hansı formada keçirildiyindən xəbərləri olmayıb. Sonra onlara məlumat verdilər ki, iki günə ikinci hərrac olacaq, əgər pulu gətirməsəniz eviniz satışa çıxarılacaq. Onların evi də dənizin kənarındadır. Əvvəl 1 mərtəbəli idi, hazırda isə ev 3 mərtəbəlidir. Evin qiyməti ümumilikdə 8 sot olmaqla 350000 manat təşkil edir. Onlara xəbərdarlıq edilmədən necə hərrac keçirilib, ev necə satışa çıxarılıb bilmirlər. Hazırda isə o, əsas məbləği ödəmək istəyir, amma bank razılaşmır. İlk hərrac barədə onlara heç bir xəbərdarlıq olmayıb. İkinci hərracdan xəbəri var idi. Hərrac keçirilməsinə təxmini 2 gün qalmış xəbəri oldu. Hərrac barədə lazımi qaydada məlumatlandırılmadığına görə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 QSC-nin nümayəndəsi X6 bildirmişdir ki, iddiaçı hərrac barədə lazımi qaydada məlumatlandırılmışdır, bank tərəfindən borcluya güzəştlər edilmiş, borcunun ödənilməsi üçün kifayət qədər şərait yaradılmışdır. Buna baxmayaraq borc ödənilməmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-261/2020 nömrəli, 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borc üzrə 7977,13 ABŞ dolları, faiz borcu üzrə 7061,10 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi 15238 ABŞ dolları 23 sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsumun və 20 manat xidmət haqqının və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının cavabdehlər X8, İddiaçı və X1 müştərək qaydada tutularaq Banka ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Banka olan borcların ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin X8, İddiaçı və X2 ümumi qaydada tutularaq Banka ödənilməsi, Banka olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin İddiaçı qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 65881 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; - Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-164/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(060)-261/2020 saylı qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilmiş, ipoteka predmeti olan İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 113.48 kv.m-dən ibarət 186 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 80000 manat məbləğində müəyyən edilmiş, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmışdır. - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən 186 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 80000 manat müəyyən edilmişdir; - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən 186 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 80000-15%=68000 manat müəyyən edilmişdir; - “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli tirajlarının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən 186 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi, xx.xx.2022-ci il tarixli tirajında isə hərracın baş tutmaması elan edilmişdir; - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Cavabdeh2 QSC, X8, İddiaçı, X5 və Cavabdeh1nə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 51000 manata ipoteka saxlayana təklif olunmuşdur; - Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 60/01 saylı protokolun surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən 186 saylı fərdi yaşayış evi 51000 manata Cavabdeh2 QSC tərəfindən əldə edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə 15238 ABŞ dolları 23 sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) borclulardan tutulması, tutmanın ipoteka predmetinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 80000 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Şəhəri İcra İdarəsinin sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda xx.xx.2022-ci il il tarixində iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Hərrac baş tutmadığından xx.xx.2022-ci il tarixli təkliflə ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 51000 manata ipoteka saxlayana təklif olunmuşdur. Hazırda iddiaçı hərrac təşkil edilərkən bildirişlərin göndərilməməsinə istinad edərək hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə uyğun olaraq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin hərrac təşkil edilərkən hərrac təşkilatının əsas vəzifələrindən biri kimi hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə başlanğıc qiyməti haqqında məlumatları əks etdirən bildirişlərin tərəflərə göndərilməsi müəyyən edilmişdir. Hərracın keçirilməsi qaydalarının pozulması ilə bağlı məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin yeni redaksiyasına əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Hazırki iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən 186 saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci ildə bildiriş tərtib olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə hərrac baş tutmamışdır. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci il tarixli bildiriş tərtib olunmuşdur. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixlərinə olan buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamış, bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışında elan verilmişdir. İddiaçının ünvanına göndərilmiş məktublar “Paşayev” tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində imza edilərək qəbul edilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlaklar satılmadığına görə ipoteka saxlayan Cavabdeh2 ASC-yə, ipoteka qoyana və İddiaçı təklif məktubu göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 51000 manata almağı banka təklif etmişdir. Göründüyü kimi, iddiaçının keçirilən hərraclar barədə ona bildiriş göndərilməməsi ilə bağlı dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş və həmin bildirişlər onun yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən imza edilərək qəbul edilmişdir. “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən isə sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Beləliklə, hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir. Hərracın keçirilməsi ilə bağlı formal pozuntular isə hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlakı qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraclara dair bildirişlərin çatdırılmaması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia təmin edilməməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin (kəsici müddətin) tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar