Məhkəmə qərarları › İş №2(005)-661/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-661/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-661/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı X6 Məktəbi MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı X6 Məktəbi MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Məktəbi MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin məktəbə 6.100 AZN məbləğində olan borcunun ödənilməsinə, gecikdirilmiş 304 gün üçün (360 gün - 5%, 304 = 4,22%) 257,42 AZN ödənilməsinə və 30 AZN Dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2020-ci il tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilə bağlanıb. Müqavilənin 4-cü bəndinə əsasən, Cavabdeh, təmsil etdiyi Shakhnazarova Ekatcrina-nı 5ci sinfə qeydə aldıraraq, 2019-2020 tədris ilinin qalan hissəsi üçün 9.100 AZN ödənilməsi öhdəliyini üzərinə götürüb. Tərəflər arasında təhsil haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulmamışdır. Bildirilir ki, müqavilə üzrə Cavabdeh 3.000 AZN məbləğində təhsil haqqı ödəyib. Hal-hazırda, cavabdehin "İddiaçı" X6 məktəbi MMC-yə olan borcu 6.100 AZN təşkil edir. İddiaçı X6 Məktəbi MMC-nin nümayəndəsi X4 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçıya borcu olduğunu etiraf edir, lakin maddi vəziyyətinin ağır olması səbəbindən hazırda borcunu ödəmək iqtidarında deyildir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı X6 Məktəbi MMC-nin Baş X1 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli Təhsil xidmətlərinin göstərilməsi və təhsil haqının ödənilməsi barədə müqavilənin surətindən görünür ki, 2019/2020 tədris ili üçün illik təhsil haqqı 9100 Azərbaycan manatı təşkil edir. Təhsil haqqı həm birdəfəlik, həm də dörd hissəyə bölünərək (rüblük) hissə-hissə Müqavilə imzalandığı gün ödənilir, ödənilən avans illik təhsil haqqının bir hissəsidir və ümumi məbləğdən hesablanaraq çıxılır Müqavilə tədris ili başladıqdan sonra bağlanarsa, təhsil haqqı həmin ayın qalan günləri və sonrakı aylar üçün hesablanır. Təhsil haqqının növbəti rüb və ya il üçün ödənilməsi, həmin rüb və ya ilin başlamasına qədər əvvəlcədən həyata keçirilir. Bu Müqaviləyə hər hansı üzürlü səbəbdən xitam verilərsə, Müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının məbləği geri qaytarılır. Müddətindən və səbəbindən, üzürlü olub-olmamasından, asılı olmayaraq. Şagirdin müəyyən müddət ərzində dərslərdə iştirak etməməsi həmin müddət ərzində təhsil haqqının ödənilməməsinə və ya qabaqcadan ödənilmiş təhsil haqqının geri qaytarılmasına səbəb ola bilməz. Davamlı xatırlatma və xəbərdarlıqlara baxmayaraq, ödəniş gecikdirildiyi halda, Nümayəndə hər gecikdirilmiş gün üçün təhsil haqqının 0,5% miqdarında əlavə ödəniş həyala keçirməyə borcludur. Ödəniş ödəmə günündən 1 (bir) ay ərzində həyata keçirilmədikdə, Məktəb Müqaviləyə birtərəfli şəkildə xitam verə bilər. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, İddiaçı X6 Məktəbi MMC-yə olan 9100 manat borc məbləğindən 3000 manat borc ödənilmiş, qalıq borc 6100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Nəzərinizə çatdırırıq ki, xx.xx.2020 tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilənin 4-cü bəndinə əsasən, təmsil etdiyiniz Shahnazarova Ekaterina-nın 2019-2020 tədris ili üçün 9.100 AZN ödənilməsini üzərinizə götürmüsünüz. Sizə bildirilir ki, müqavilə üzrə aşağıda göstərilən formada təhsil haqqı ödənilib: xx.xx.2020 tarixində 3000 AZN Halhazırda, Sizin "İddiaçı" X6 məktəbi MMC-yə olan borcunuz 6100 AZN təşkil edir. Sizdən xahiş olunur ki, yuxanda göstərilən borcunuzu 10 gün ərzində ödəyəsiniz. Hazırki pretenziya məktubuna 10 gün ərzində cavab verilmədikdə və ya tələb yerinə yetirilmədikdə və bu halın davam edəcəyi təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaq. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı X6 Məktəbi MMC-nin Baş X1 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli Təhsil xidmətlərinin göstərilməsi və təhsil haqının ödənilməsi barədə müqavilənin surətindən görünür ki, 2019/2020 tədris ili üçün illik təhsil haqqı 9100 Azərbaycan manatı təşkil edir. İddiaçı X6 Məktəbi MMC-yə olan 9100 manat borc məbləğindən 3000 manat borc ödənilmiş, qalıq borc 6100 manat təşkil edir. İddiaçı bildirir ki, cavabdehə vaxt verilməsinə baxmayaraq təhsil haqqının tam ödənilməsi təmin edilməmiş, cavabdeh isə iddia tələbini qəbul edərək, hazırda maddi vəziyyətinin ağır olması səbəbindən borcunu ödəyə bilmədiyini bildirir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddia tələbinin əsasını xidmət göstərilməsi üzrə müqaviləyə əsasən yaranmış borc pulun cavabdehdən tələb edilməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 445.7- ci maddəsinə görə,borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı X6 Məktəbi MMC-nin xeyrinə 6100 manat borc ödənilməlidir. Bundan başqa məhkəmə tərəflər arasında imzalanmış müqavilənin şərtlərini və mülki qanunvericiliyin müddəalarını nəzərə alaraq iddiaçının gecikdirilmiş 304 gün üçün (360 gün - 5%, 304 = 4,22%) 257,42 AZN ödənilməsinə dair tələbini də əsaslı hesab edir və həmin hissədə də iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyindən məhkəmə hazırki mülki iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Belə olan halda Məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı X6 Məktəbi MMC-nin xeyrinə 6100 manat borc, gecikdirilmiş günlər üçün illik 5 faiz məbləğində 257,42 manat və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar