Məhkəmə qərarları › İş №2(005)-668/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-668/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-668/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasanın, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2019-ci il tarixli, UNİ-3039 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, UNİ-3039 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxxx 2020-ci il tarixə 2504.05 manat gecikdirilmiş əsas, 761.42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1339.13 manat dəbbə pulu, 440 manat dəymiş zərər, ümumilikdə 5044.6 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, UNİ-3039 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA584737 ban, 0500 mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi’nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 12 % hesablanmaqla 31 aylıq müddətə hər ay sabit məbləğ olmaqla, 407.43 manat, ümumilikdə isə 12630 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 12630 manatın 10814 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxxx 2020-ci il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 440 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2020-ci il tarixdə 846 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx xxxxxx 2019-cu il tarixli UNİ-3039 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxxx 2020-ci il tarixə 2504.05 manat gecikdirilmiş əsas, 761.42 manat gecikdirilmiş mükafat və həmin gönə hesablanmış 1339.13 manat dəbbə pulu, cəmi 4604.60 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cii bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesablanmaqla cərimə ödəyir. Daxili Lizinq müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Daxili Lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Daxili Lizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən təhviltəslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq Alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasan iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbi ilə qismən razıdır. belə ki, onun istifadəsinə verilmiş “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə həqiqətən də zərər dəymişdir. Bu halı qəbul edir. Hazırda avtomobili iddiaçıya təhvil vermişdir. Onda tələb edilən faiz və penya borcunu qəbul etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, UNİ-3039 saylı Daxili lizinq müqaviləsinə əsasən Lizinq verən İddiaçı ASC 10814 manat dəyərində lizinq obyektini Lizinq alan Cavabdeh 31 ay müddətinə lizinqə (icarəyə) vermiş, Cavabdeh isə lizinq obyektini qəbul etməklə öhdəliyə uyğun olaraq 10814 manat məbləğində pulu illik 12% lizinq mükafatı hesablanmaq şərti ilə 31 ay müddətinə İddiaçı ASC-yə ödəməsini öhdəsinə götürmüşdür; “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün cəmi 440 manat məbləğində pul tələb olunur; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, UNİ-3039 saylı Daxili maliyyə lizinqi müqaviləsinin 1 saylı əlavənin surətinə əsasən Lizinq verən İddiaçı ASC 10814 manat dəyərində lizinq obyekti olan “DAEWOO GENTRA” minik markalı, **-AD-*** dövlət qeydiyyat nömrəli maşını Lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəyə vermişdir; Lizinq ödənişləri cədvəlinin surətinə əsasən (müqaviləyə əlavə) Cavabdeh 31 ay ərzində hər ay 407,43 manat məbləğində ödəniş etməli idi; Nəqliyyat vasitəsinin AC seriyalı, 250798 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “DAEWOO GENTRA” minik markalı, (buraxılış ili – 2014, rəngi ağ, ban – XWB5V319DEA584734), **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-yə məxsusdur; xx.xx.2020-ci il tarixli Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, Cavabdeh müvəqqəti istifadəsində olan “DAEWOO GENTRA” markalı, **-AD-*** nömrəli qeydiyyat nişanlı avtomobil ondan kredit borcunu ödəyə bilmədiyi üçün alınmışdır. Nəqliyyat vasitəsi lizinq şirkətinin müvəqqəti duracağına yerləşdirilmişdir; İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktublarının surətinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, UNİ-3039 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə borcunun yarandığı bildirilmiş və həmin məbləğin ödənilməsi ondan tələb edilmiş, əks halda daxili lizinq müqaviləsinin ləğv edilməsi və yaranmış borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, UNİ-3039 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Lizinqverən İddiaçı ASC lizinq obyekti olan “DAEWOO GENTRA” minik markalı, (buraxılış ili – 2014, rəngi ağ, ban – XWB5V319DEA584734), **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili Lizinq alan Cavabdeh 31 ay müddətinə lizinqə (icarəyə) vermiş, lizinqalan Cavabdeh isə lizinq müqaviləsi ilə müəyyən edilmiş ödənişləri ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəməsi, habelə lizinq ödənişlərinin müqavilədə göstərilən müddətlərdə ödəmədiyinə görə hesablanacaq dəbbə pulu ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, nəticədə onun iddiaçıya (lizinqverənə) borcu yaranmışdır. İddiaçı (lizinqverən) Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixinə 2504.05 manat gecikdirilmiş əsas, 761.42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1339.13 manat dəbbə pulu, 440 manat dəymiş zərər, ümumilikdə 5044.6 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, UNİ-3039 saylı Daxili maliyyə lizinqi müqaviləsinin müddəti bitməmişdir, lakin iddiaçı tərəf müqavilə öhdəlikləri pozulduğu üçün ləğvini tələb edir. Göründüyü kimi, cavabdeh lizinqi müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda da iddiaçı həmin daxili lizinqi müqaviləsi üzrə cavabdehdən öhdəliyin icrasını, o cümlədən yaranmış borcun ödənilməsini tələb edir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi əsas borc hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, «İddiaçı” ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, UNİ-3039 saylı Daxili maliyyə lizinqi müqaviləsinin 9.1-ci bəndi nəzərə alınmaqla müqavilə ləğv edilərək cavabdehdən 2504.05 manat gecikdirilmiş əsas, 761.42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 200 manat dəbbə pulu, 440 manat dəymiş zərər iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, UNİ- 3039 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 2504,05 manat hesablanmış penya borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 200 (iki yüz) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin dəymiş zərər olaraq 440 manat cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, iddia bu hissədə əsaslıdır. Cavabdeh Cavabdeh lizinq obyekti olan “DAEWOO GENTRA” minik markalı, (buraxılış ili – 2014, rəngi ağ, ban – XWB5V319DEA584734), **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 440 manat zərər dəyməsini qəbul etmişdir. İşin bu halını tərəflər mübahisələndirməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən iddia tələbinin əsas, faiz və cərimə borcunun tutulması hissəsində qismən əsaslıdır. Digər tərəfdən, iddiaçı lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri alınmasını məhkəmə qaydasında tələb etsə də, iddiaçı tərəf artıq bu vəziyyəti məhkəmədə iddia qaldırmamışdan əvvəl bərpa etmiş, lizinq obyekti artıq cavabdehin sahibliyindən və istifadəsindən alınaraq iddiaçıya verilmişdir. Buna görə də, iddia tələbi bu hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, UNİ-3039 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə 2504.05 manat əsas lizinq borcu, 761.42 manat gecikdirilmiş mükafat, 200 (iki yüz) manat hesablanmış penya borcu və 440 manat dəymiş zərər İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2019-ci il tarixli, UNİ-3039 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilərək Cavabdeh xx.xx.2019-cu il tarixli, UNİ-3039 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə 2504.05 (iki min beş yüz dörd manat, beş qəpik) manat əsas lizinq borcu, gecikdirilmiş mükafat 761.42 (yeddi yüz altmış bir manat, qırx iki qəpik), 200 (iki yüz) manat hesablanmış penya və 440 (dörd yüz qırx) manat dəymiş zərər, cəmi 3905,47 (üç min doqquz yüz beş manat, qırx yeddi qəpik) manat borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu «İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar