Məhkəmə qərarları › İş №2(005)-673/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-673/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-673/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə və X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 avqust 2021-ci il tarixli. 344/S/D1 və 345/S/D1 saylı müqavilələrdə nəzərdə tutulan mənzillər təhvil verilənədək hər təqvim ayı üzrə 500 manat olmaqla iki mənzil üçün cəmi 1000 manat aylıq kirayə pulunun ödənilməsinin bərpası, 2021-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylan üzrə ödənilməmiş 4000 manat kirayə pulunun ödənilməsinin və pozulmuş hüququnun bərpası üçün çəkmiş olduğu xərclərin cavabdeh “ArchiCO" MMC tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC şirkəti Nazirlər Kabinetinin 25.06.2016-cı il tarixli, 86 nömrəli qərarına uyğun olaraq Nəsimi RİHB-nın sərəncamlarına əsasən Bakı şəhəri, Nəsimi rayonu. Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov və Sübhi Salayev küçələrinin kəsişməsində yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə qəzalı vəziyyətdə olan tikililəri sökərək, yerində müasir standartlara cavab verən binaların tikintisini həyata keçirmək üçün iddiaçı ilə də 09 mart 2018-ci il tarixli 97 və 98 müqavilələr bağlamışdır. Cavabdehlə aralarında bağlanan müqavilələrə əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli yaşayış evinin söküntüsü və həmin ərazidə bir müqavilə üzrə 120.37 m2, digər müqavilə üzrə isə 83.84 m2 sahəsi olan mənzillər verilməsi və hər müqaviləyə görə ayda 500 (beş yüz) manat kirayə haqqı ödənilməsi müəyyən edilmişdir. Evin digər payçıları ilə mübahisəli məsələ yarandığı üçün 2019-cu ilin mart ayından sonra cavabdeh aralarında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş aylıq kirayə haqqının ödənilməsindən imtina etmiş və aralarında bağlanan müqavilələrin etibarsız hesab ediləsi barədə bildiriş göndərmişdir. Yaranmış mübahisə ilə əlaqədar 2019-cu ildə “aylıq kirayə haqqının ödənilməsi və 03 yanvar 2019-cu il tarixli bildirişin etibarsız hesab edilməsi” tələbilə cavabdehə qarşı Nərimanov rayon məhkəməsində tərəfindən iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsində iddia tələbim təmin edilmiş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Nərimanov rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsini ləğv edərək cavabdehin apellyasiya şikayətini qismən təmin etmişdir. Ali Məhkəməyə ünvanladığı kassasiya şikayəti də təmin edilməmişdir. Yuxanda qeyd edilənlərə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi cavabdehlə aralarında əvvəlki şərtlərlə yeni müqavilələrin bağlanmasını istisna etməmişdir. Cavabdehlə 2021-ci il avqust ayında yeni müqavilələrin bağlanmasına dair apardığı şifahi müzakirələr zamanı mənzillərin 2021-ci ilin sentyabr ayında təhvil veriləcəyi və bu səbəbdən də artıq iddiaçıya kirayə haqqı ödənilməsinə ehtiyac qalmadığı bildirilmişdir. İddiaçı da cavabdehin özünü peşəkar, nüfuzlu bir şirkət kimi təqdim etməsinə və binanın sentyabrda inşa edilib təhvil veriləcəyi vədlərinə aldanaraq, yeni müqavilələri imzalamış, mənzillərin sentyabrda təhvil veriləcəyini zənn etmiş və kirayə haqqının ödənilməsilə bağlı şərtin yeni bağlanan müqavilələrin mətninə daxil edilməsini tələb etməmişdir. Lakin artıq noyabr ayının yekunlaşmasına baxmayaraq nə mənzillər təhvil verilir, nə də kirayə haqlarının ödənişi həyata keçirilir. Artıq üç aydır ki, kirayə haqqını öz vəsaiti hesabına təmin etmək məcburiyyətindədir. Mənzillərin nə zaman təhvil veriləcəyi isə hələ də bəlli deyil. Belə ki, tikinti hələ də davam etməkdədir. (Tikintinin yekunlaşdırılmadığını ərizəyə əlavə olunan fotoşəkillərlə sübut edə bilər). Cavabdeh ünvan 1 ünvanında yerləşən yeganə yaşayış yerini sökmüş və iddiaçını və ailə üzvlərini kirayədə yaşamaq məcburiyyətində buraxmışdır. Artıq evinin bərpası da mümkünsüzdür. Yaranmış vəziyyətlə əlaqədar olaraq cavabdehə kirayə haqqının ödənilməsi ilə əlaqədar ünvanladığı yazılı müraciətə cavab olaraq 10 noyabr 2021-ci il tarixli məktubla aralarında bağlanmış müqavilələrdə kirayə haqqının ödənilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Cavabdehin evləri sökülən digər qonşularla müqayisədə iddiaçıya qarşı fərqli prosedur tətbiq etməsi başa düşülən deyil. Nə mənzilləri təhvil verilir, nə də evinin sökülməsi barədə ilkin razılığa gəldiyi zaman vəd edilən tikinti yekunlaşdırılana qədər ödənilməli aylıq kirayə haqqının ödənişi icra edilir. Ayrıca prosedura məruz qalmağım da iddiaçıya pis təsir edir, psixoloji durumuna mənfi təsir göstərir, nəticədə əsəb və stress keçirir. Çünki, cavabdeh evini sökməklə iddiaçını və ailə üzvlərini kirayədə yaşamaq və kirayə haqqı ödəmək məcburiyyətində qoyub. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur və ona müraciət etdiyi halda bu qanunsuz hərəkətlərə son qoymur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 482 saylı, 17 dekabr 2019-cu il tarixli Qərarının 4.2-ci bəndi qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini nəzərdə tutur. Odur ki, cavabdeh yeni bağlanmış müqavilədə nəzərdə tutulan mənzillər təhvil verilənədək iddiaçının və ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə müvəqqəti yaşayışının təmin edilməsi üçün nəzərdə tutulan zəruri maliyyə vəsaitini ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlilləri üzrə izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə və X8 iddia tələbinin əsassız olduğunu, iddiaçı ilə müqavilə bağlandıqdan sonra müvafiq olaraq kompensasiya ödənildiyini, həmin müqavilədə kirayə haqqının razılaşdırılmadığını, bunun əvəzinə bir dəfəlik ödəniş edildiyini, bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını, çıxışlarını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 12.08.2021-ci il tarixli 344/S/D1 №-li müqaviləyə əsasən, hazırkı müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən «Mülkiyyətçi»nin faktiki istifadəsində olmuş ümumi tikinti sahəsi 140.74 m2 təşkil fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında «Şirkət» Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən ümumi tikinti sahəsi 83,84 m2 təşkil edən, təmirli 2 otaqlı, 88 nömrəli mənzili «Mülkiyyətçi»yə verməyi öhdəsinə götürür. (2.1-ci bəndi). «Şirkət» birdəfəlik kompensassiya qismində «Mülkiyyətçi»yə - 8500 AZN ödəniş etməyi öhdəsinə götürür. (2.2-ci bəndi). İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 12.08.2021-ci il tarixli 345/S/D1 №-li müqaviləyə əsasən, hazırkı müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən «Mülkiyyətçi»nin faktiki istifadəsində olmuş ümumi tikinti sahəsi 140.74 m2 təşkil fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında «Şirkət» Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən ümumi tikinti sahəsi 120,37 m2 təşkil edən, təmirsiz, 3 otaqlı, 86 nömrəli mənzili «Mülkiyyətçi»yə verməyi öhdəsinə götürür. (2.1-ci bəndi). «Şirkət» birdəfəlik kompensassiya qismində «Mülkiyyətçi»yə - 8500 AZN ödəniş etməyi öhdəsinə götürür. (2.2-ci bəndi). İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1695/2020 saylı, 27.02.2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh MMC-nə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair ilkin iddia tələbi təmin edilməməsi, Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5, X6, X7 və X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi göstərilməklə ödənilmiş məbləğin geri qaytarılması, əmlakın qeydiyyatının ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 və X3 cavabdeh İddiaçı və Cavabdeh MMC-nə qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddialarının təmin edilməsi, Cavabdeh MMC ilə İddiaçı arasında 09.03.2018-ci il tarixli bağlanmış 97 saylı və 09.03.2018-ci il tarixli 98 saylı müqavilələr etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən bildirir ki, Cavabdeh MMC ilə 2021-ci il avqust ayında yeni müqavilələrin bağlanmasına dair apardığı şifahi müzakirələr zamanı mənzillərin 2021-ci ilin sentyabr ayında təhvil veriləcəyi və bu səbəbdən də artıq iddiaçıya kirayə haqqı ödənilməsinə ehtiyac qalmadığı bildirilmişdir. İddiaçı da cavabdehin binanın sentyabrda inşa edilib təhvil veriləcəyi vədlərinə aldanaraq, yeni müqavilələri imzalamış, mənzillərin sentyabrda təhvil veriləcəyini zənn etmiş və kirayə haqqının ödənilməsilə bağlı şərtin yeni bağlanan müqavilələrin mətninə daxil edilməsini tələb etməmişdir. Lakin artıq noyabr ayının yekunlaşmasına baxmayaraq nə mənzillər təhvil verilir, nə də kirayə haqlarının ödənişi həyata keçirilir. Artıq üç aydır ki, kirayə haqqını öz vəsaiti hesabına təmin etmək məcburiyyətindədir. Cavabdeh cəmiyyət isə tərəflər arasında bağlanmış müqavilələrdə kirayə haqqının ödənilməsi ilə bağlı öhdəliyin olmadığını, həmin kirayə haqqını birdəfəlik qaydada ödəniş etdiklərini, habelə iddiaçıya kompensasiya şəkilində pul vəsaitinin ödənildiyini bildirərək, iddianın əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 12.08.2021-ci il tarixli 344/S/D1 və 345/S/D1 saylı müqavilələrin 2.1 və 2.3-cü maddələrinə əsasən, Cavabdeh MMC “mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş, mülkiyətində olan 140.74 m2 təşkil fərdi yaşayış evinin əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən ümumi tikinti sahəsi 83,84 m2 təşkil edən, təmirli 2 otaqlı, 88 nömrəli və 120,37 m2 təşkil edən, təmirsiz, 3 otaqlı, 86 nömrəli mənzilləri «Mülkiyyətçi»-nin mülkiyyətinə verməsi barədə öhdəlik götürmüşdür və həmin müqavilələr üzrə kirayə haqqının ödənilməsi nəzərdə tutulmadığı təsbit edilmişdir. Mülki Məcəllənin 404-cü maddəsinə nəzər yetirsək, hazırki mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olmaz. Belə ki, tərəflər arasında müqavilə 12.08.2021-ci il tarixdə bağlanmışdır. İddiaçının istinad etdiyi hal – aldanaraq yeni bağlanmış müqavilədə kirayə haqqının ödənilməsilə bağlı şərtin müqaviləyə daxil edilməsini tələb etməməsi kimi hal öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçının “cavabdehlə 2021-ci il avqust ayında yeni müqavilələrin bağlanmasına dair apardığı şifahi müzakirələr zamanı mənzillərin 2021-ci ilin sentyabr ayında təhvil veriləcəyi, bu səbəbdən də kirayə haqqı ilə bağlı şərtin müqavilədə nəzərdə tutulmadığı” barədə iddia dəlilləri də əsassızdır. Belə ki, hazırki mübahisədən göründüyü kimi, tərəflər öz aralarında müqavilə bağlayaraq, öhdəliklər götürmüşlər. Lakin iddiaçı bildirir ki, mənzilin təhvili ilə bağlı şifahi müzakirələr olmuşdur. Məhkəmə hesab edir ki, həmin şərtin yazılı qaydada təsbit edilməsinə hər hansı maneə olmamışdır. Buna baxmayaraq iddiaçı hazırda aralarında bağlanmış müqavilə ilə nəzərdə tutulmayan öhdəliklərin yerinə yetirilməsini tələb edir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra edərək, müqavilənin şərtlərini pozmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı kirayə haqqının ödənilməsinə dair tələbi irəli sürməkdə haqlı olmamışdır, bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar