Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-688/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, Ərizəçi və Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1949-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi bildirmişdir ki, o, xx.xx.1988-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. X2 xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə ev 117 mənzil 56-da yaşayır. X1 xx.xx.2020-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən 44 günlük vətən müharibəsində şəhidlik zirvəsinə ucaldıqdan sonra atası X7 2 dəfə insult keçirtmişdir. İkinci dəfə xx.xx.2021-ci il tarixdə insult keçirtdikdən sonra əmək qabiliyyətini itirdi. xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1-ci qrup əlil təyin olundu. Artıq 2 il 6 aydır ki, atası əlil arabasına və qulluğa möhtacdır, Ərizəçi yanında yaşayır. Həmin bu müddət ərzində (müharibədən bugünədək) mərhum anası da övlad dərdinə dözmədi 3 dəfə insult keçirtdi. Üçüncü dəfə artıq onu xilas etmək mümkün olmadı. xx.xx.2022-ci il tarixində anası xəstəxana şəraitində vəfat etdi. Atasının vəziyyəti ilə əlaqədar anasının ölümünü atasından gizlətdi. Hələ də atası 50 illik həyat yoldaşının ölümündən xəbərsizdir. Ərizəçi atasının qəyyumu olmağı üçün Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etdi. Ordan ona bildirildi ki, fəaliyyət qabiliyyəti olmadığını təsdiqləmək üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidi. Bu proses məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan, əlil arabasına və qulluğa möhtac olan atası üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək X2nu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə müvafiq məhkəmə qətnaməsi olduğu halda, şəxsin üzərində qəyyumun təyin ediməsinin mümkün olduğunu bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair məlumatdan müəyyən olunur ki, X8 müddətsiz birinci dərəcəli əlil hesab edilmişdir. X4 əmək qabiliyyətsiz olduğu, kənar şəxsin qulluğuna ehtiyacı olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində qeyd olunur ki, yoxlanılan şəxs X5 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. V.Ə.Qurbanovda “Keçirilmiş insultun qalıq əlamətləri” müəyyən edilir. Bunu mülki iş materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, V.Ə.Qurbanov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda psixi pozuntu əlamətləri müəyyən edilməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Yoxlanılan şəxs X8 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. V.Ə.Qurbanovu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas yoxdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X8 ərizəçinin atasıdır. X8 insult keçirmiş, nəticədə əmək qabiliyyətini itirmişdir. X3 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının müayinəsi ilə müddətsiz birinci dərəcəli əlil hesab edilmişdir. Bununla belə X8 öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onda hər hansı psixi pozuntu və psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş materiallarından müəyyən olunur ki, Ərizəçi ərizəsində X2nun fəaliyyət qabiliyyətsiz hesab edilməsi üçün əsas olaraq onun insult keçirməsini və sərbəst hərəkət imkanın məhdudlaşması ilə əsaslandırır. Habuki yuxarıda sadalanan normaların tələbinə əsasən ərizəçi məhz şəxsin psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallara istinad etməli idi. Bununla belə məhkəmə işin tam və hərtərəfli araşdırmasını təmin etmək üçün öz təşəbbüsü ilə məhkəmə-psixiatriya ekspertizası təyin etmişdir. Verilmiş ekspert rəyi ilə X4 hər hansı psixi qüsurunun olmadığı və onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas olmadığı müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə məhz psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında işlərə baxır. Hazırki halda isə ərizəçi şəxsin psixi qüsuru barədə heç bir hala istinad etməmiş, bu hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Qanunvericiliyin qeyd olunan normasından bu normanın imperativ xarakter daşıdığı görünür. Məlumdur ki, hüquq normaları icra edilməsi tələbinə görə dispozitiv və imperativ ola bilər. Dispozitiv norma subyektlərə müəyyən şəraitdə birdən daha çox davranış imkanı versə də, imperativ norma konkret davranış qaydası müəyyən edir. Hazırki halda Ərizəçi ona verilmiş dispozitiv hüququndan istifadə edərək şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, bu ərizənin məzmununa dair imperativ normaların tələblərini pozmuşdur. Məhkəmə onu da qeyd edir ki, ərizənin məzmunundan ərizəçinin fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində patronaj təyin edilməsi imkanı ilə həmin şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi anlayışlarını eyniləşdirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39.1-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. Həmin Məcəllənin : 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə qeyd edir ki, şəxsin sağlamlığının dövlət tərəfindən tanınmış və onun tərəfindən dərk olunan hüquqlarını müstəqil surətdə istifadə etməsinə maneələr törətməsi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə deyil, onun üzərində patronaj təyin edilməsinə əsasdır. Fəaliyyət qabiliyyətinin olmaması şəxsin dövlət tərəfindən onun üçün tanınmış və ona məxsus olan hüquqi imkanlardan – subyektiv hüquqlarından məlumatlı olmasına imkan vermir. Bu zaman dövlət, şəxsin bunu dərk etmək imkanı olmamasını baxmayaraq ona məxsus bir sıra hüquqların mövcudluğunu tanıyır və maraqlı şəxslərə bu hüquqları fəaliyyəti qabiliyyəti olmayan şəxslərin adından və onların xeyrinə əldə etmək hüququ verir. Lakin hazırki halda X8 öz hərəkətlərini dərk edir, anlaqlıdır, lakin sağlamlığında yaranmış problemlər səbəbindən hüquqlarını müstəqil surətdə əldə edə bilmir. Bu hal da yuxarıda qeyd edildiyi kimi, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə deyil, onun üzərində patronaj təyin edilməsinə əsasdır. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Ərizəçi (Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317- 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi (Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonar qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-688/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-688/2024
14.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver