Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-695/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: borcun silinməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rüfanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (**********00190) işlənmiş 64 manat 8 qəpik məbləğində borcun silinməsi, həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənziin qaz xətti üzərində quraşdırılmış sayğac oğurlanmış, müraciəti əsasında bu hal araşdırılmış, ona yeni sayğac quraşdırılmışdır. Həmin yaşayış sahəsində əvvəlki illər üzrə istehlak olunan qazın haqqı mütəmadi olaraq vaxtlı-vaxtında ödənilmiş, bu istehlakla bağlı hər hansı yığılmış borcu olmamışdır. Lakin Təbii qazdan istifadə qaydalarının pozulmasına əsasən ona 64 manat 8 qəpik məbləğində borc hesablanmışdır. Hazırkı iş üzrə cavabdeh istifadəsində olan yaşayış sahəsində qaz istehlakında cavabdehin iddia etdiyi pozuntuların aşkarlanmasına dair yoxlamaları və cərimə qismində sərfiyyat-borc, göstəricisi tətbiq etməsi qanunsuzdur. Cavabdehin həmin yoxlamasırın (baxışının) qanunsuzluğu ilə əlaqədar, ilk öncə qeyd olunmalıdır ki, pozuntunun obyekti olan qaz sayğacı onun yaşayış sahəsində deyil, onun xaricində quraşdırılmışdır və buna görə də həmin qaz sayğacına edilən və edilə bilinəcək hər hansı müdaxiləyə görə abonentin cavabdehlik daşımasından söhbət gedə bilməz. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış sahəsindən kənarda quraşdırılmış sayğaca baxış keçirilərkən qanunvericiliyin aşağıda qeyd olunan bir çox tələblərinin pozulduğu bəlli olur. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 64 manat 8 qəpik məbləğində borc qanunvericiliyin tələbləri baxımından etibarsızdır. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında bildirmişdir ki, 2021-ci ilin noyabr ayında sayğac yox olmuşdur. Hansı şəraitdə yoxa çıxması barədə məlumatları yoxdur və Polis İdarəsindən də hər hansı bir sənəd təqdim olunmamışdır. Bununla bağlı 2023-cü ildə həmin borc iddiaçının hesabına əlavə edilib. Sayğacın dəyişilməsi ilə bağlı cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Sayğac cavabdehin balansındadır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Aktdan görünür ki, mənzilin oğurlanması səbəbindən K.Rəhimov ev 1, mənzil 19 ünvanı üzrə yeni “Zenner” tipli G-4 markalı **********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. - 14 fevral 2024-cü il tarixli Abonent Saldosundan görünür ki, İddiaçı məxsus **********00190 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 05/2023-cü il tarixdə 64,68 manat borc yazılmışdır. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdən İddiaçı məxsusdur. Həmin ünvan üzrə istehlakçı İddiaçıdur. İddiaçıya məxsus olan həmin mənzildə quraşdırılmış qaz sayğacı oğurlanması əsası ilə xx.xx.2021-ci il tarixdə cavabdehlərin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmiş, bu barədə akt tərtib olunmuşdur. Bundan sonra qalıq və akt əsası ilə 05/2023 il tarixi üzrə iddiaçının **********00190 saylı abonent hesabına 64,68 manat borc daxil edilmişdir. Qeyd olunan borc məbləği iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı ödənilmiş 64,08 manat məbləğin ona geri qaytarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanunun 6-3.1-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən, qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim edildikdə (göndərildikdə), istehlakçı qaz paylayıcısının işçilərinin xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətməməli və müayinənin keçirilməsinə şərait yaratmalıdırlar. Həmin Qaydaların 3.1.3-cü bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 3.1.10-cu maddəsinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mənzildə yerləşən qaz sayğacı xx.xx.2021-ci il tarixdə oğurlanması əsası ilə yenisi ilə əvəz edilmişdir. Bundan sonra cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən iddiaçının abonent hesabına “Qalıq və aktlar” əsası ilə 05/2023 tarixi üzrə 64,68 manat borc hesablamışdır. Bununla belə iddiaçının hesabına qeyd olunan borcun daxil edilməsinə əsas verən sənədlər (akt, qərar və s.) məhkəməyə təqdim edilməmişdir. Halbuki iddiaçıya “Qalıq və akt” əsasında borc hesablanmışdır və qanunvericiliyə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə təqdim etməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə iş materiallarına yalnız iddiaçıya məxsus ünvan üzrə yeni “Zenner G-4” tipli qaz sayğacının quraşdırılması barədə xx.xx.2021-ci il tarixli aktı təqdim etmiş, iddiaçının hesabına 05/2023 tarixi üzrə əlavə 64,68 manat borc hesablanmasına əsas verən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki hesablanmış borcun əsaslı olmasını sübut etmək vəzifəsi onu qəbul etmiş orqanın üzərinə düşür, lakin borcun iddiaçının hesabına daxil edilməsi üçün əsas olmuş hallar cavabdeh tərəfindən sübuta yetirilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, iddiaçıya hesablanmış borcun istehlakçı tərəfindən ödənilməsi əsassız olmuşdur. Buna görə də iddiaçı tərəfindən ödənilmiş 64,08 (altmış dörd manat səkkiz manat) manat məbləğ (AR MPM-nin 218.3-cü maddəsinə əsasən iddia tələbinin həcmi nəzərə alınmaqla) cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən ödənilmiş borcun əvəzi kimi 64,08 (altmış dörd manat səkkiz qəpik) tutularaq İddiaçı xeyrinə ödənilməlidir. VI. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehndən ödənilmiş borcun əvəzi kimi 64,08 (altmış dörd manat səkkiz qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-695/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-695/2024
29.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver