Məhkəmə qərarları › İş №2(005)-742/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-742/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-742/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı2 Cəfər oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.06 ha torpaq sahəsində yerləşən b-2201 nömrəli bağ evinə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 537/21 saylı Hərrac protokolunun və İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 49-da yerləşən 33 saylı mənzilə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 495/21 saylı Hərrac protokolunun etibarsız hesab edilməsinə və onlardan yaranan hüquqi nəticələrin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, “Muğanbank" ASC tərəfindən 19 sentyabr 2007-ci il tarixli F125 saylı kredit müqaviləsi ilə X1 illik 28% olmaqla 45.000 manat, 26 oktyabr 2007-ci il tanxli F 134 saylı kredit müqaviləsi ilə İddiaçı1 adına illik 28% olmaqla 45.000 manat, 05 dekabr 2007-ci il tarixli F 139 savlı kredit müqaviləsi ilə X1 illik 28% olmaqla 20.000 manat, 15 dekabr 2007-ci il tarixli H 57 saylı kredit müqaviləsi ilə “X14 Təsərrüfatı” MMC-nə 130.000 manat kredit verilmişdir. Həmin kredit müqavilələri ilə verilmiş borc qısa müddətli və yuxarı faizlə olduğundan “Muğanbank" ASC-nin Dostluq filialının müdiri ilə Bəxtiyar Abasov razılığa gəlmişlər ki, gələcəkdə həmin kredit müqavilələri əsasında verilmiş borc pulun cəmi toplanacaq bir müqavilədə cəmi toplanmaqla aşağı faizlə və uzun müddətə yeni müqavilə bağlanacaqdır. “Muğanbank" ASC-nin dostluq filialının müdiri ilə öz növbəsində bildirmişdir ki, yeni rəsmiləşdiriləcək müqavilə ilə əvvəlcə verilmiş kredit müqavilələri toplanacaq və yeni kredit müqaviləsi ilə verilmiş borcun məbləği 300.000 qeyd olunaraq əvvəlki məbləğin üzərinə 75.000 manat əlavə borc gələcək. Bu hissə bankda saxlanacaq və bu məbləğ filial müdirinin özü tərəfindən istifadə ediləcək və gələcəkdə filial müdirinin özü həmin məbləği banka geri qaytaracaq. Qeyd edilən borc məbləğinin ödənişində problemlər olduğundan iddiaçı “Muğanbank" ASC cavabdehlər “X14 Təsərrüfatı” MMC, X6, X7 və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək. № H58 KTN saylı, 07.05.2008-ei il tarixli kredit müqaviləsinin ləğvi, cavabdehlərdən ümumilikdə 253653.59 ABŞ dollarının (əsas borc 178690 ABŞ dolları faiz borcu 74963.59 ABŞ dolları) tutulması, tələbin Nuriyev tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 96,8 kv.ın yaşayış, 86,65 kv.m köməkçi sahədən ibarət B-2201 V nömrəli bağ evinə, T.Ərizanova tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0 0696 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binada, 5-ci mərtəbəsində, 45.3 kv.m ümumi, 29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 59 nömrəli mənzilə, İddiaçı1 tərəlindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 518 ha torpaq sahəsində yerləşən 49 nömrəli, 5 mərtəbəli binada, 2-ci mərtəbəsində. 60,1 kv.m ümumi. 4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 35 nömrəli mənzilə yönəldilməsi, həmin əmlaklara dair cavabdehlərin hüquqlarının itirilməsi, əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcuıı ödənilməsi və əmlaklar satıldıqdan sonra ən geci 1ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı ıl tarixli 2(005)-338-2016 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, H 58 KTN nömrəli, 07.05.2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh “X14 təsərrüfatı“ MMC-dən bankın xeyrinə 178690 ABŞ dolları əsas, 74963.59 ABŞ dolları faiz, cəmi 253.653,59 ABŞ dolları borcun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 49 nömrəli evin, 33 nömrəli mənzilinə, T.Ərizanovaya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində 16 nömrəli evin, 59 nömrəli mənzilinə və A.Nuriyevə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində B-2201 nömrəli bağ evinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində 49 nömrəli evin, 33 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 90000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində 16 nömrəli evin, 59 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 75000 manat və Sumqayıt şəhəri, Novxanı bağ massivində 01 nömrəli bağ evinin açıq hərracda ilkin satış qiymətinin 165000 manat müəyyən edilməsi, əmlakların satılması və əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin müvafiq cavabdehlərə qaytarılması, əmlaklar satıldıqdan bir ay sonra cavabdehlərm oranı tərk etmələri, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın tənun edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və aidiyyəti üzrə hazırkı iş üzrə cavabdeh Sumqayıt şəhər İcra Şöbəsinə göndərilmişdir. Sumqayıt İcra Şöbəsi tərəfindən hərrac keçirilməsi üçün iş hazırki iş üzrə cavabdeh "xxxx" MMC-yə göndərilmişdir. Təəssüflər olsun ki, cavabdeh hərrac mərkəzi tərəfindən hərrac hərəkətləri "İpoteka luqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanunun) tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, hərrac keçirilən zaman açıq hərrac keçirilməli və hərrac barədə elan verilməli olsa da hərrac mərkəzi bunu etməmiş, olla hərracda kənar şəxslərin iştirakının qarşısı alınmışdır. İstər cavabdeh "xxxx" MMC, istərsə də "MuğanBank” bu yolla mənzilə əlavə təkliflərin qarşısını almış və torpaq sahəsinin, eləcə də mənzilin dəyərindən qat-qat aşağı qiymətə balansa keçirilməsinə nail olmuşlar. İddiaçı1 məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər İddiaçı2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsini müdafiə etdi və təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 əvvəlki məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Hərracın keçirilməsi haqqında Nizami rayon icra şöbəsinin sifariş məktubu 14.07.2021 tarixdə Bakı Hərrac Mərkəzi MMC-yə daxil olmuşdur. Sifariş üzrə Bakı Apellyasiya Məhkəməsinin № 2(103)-348/2020 saylı, 22.01.2020 il tarixli icra sənədinə əsasən borclu İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 49, mənzil 33 satılmalı və "xxxx" ASC-yə olan borc ödənilməli idi. Sifarişi aldıqdan sonra Bakı Hərrac Mərkəzi MMC ilkin hərracın təşkili üçün “Nedelya” qəzetinin №86 (1246) 24.09.21-30.09.21 il tarixli sayında elan verilmişdir. Tərəflərə o cümlədən, mənzil sahibi İddiaçı1 xəbərnaməli bildirişlər göndərilmişdir. İlkin hərrac 20.10.2021 il tarixə, saat 11-00 təyin edilmişdir. Lakin alıcı olmadığı üçün ilkin hərrac baş tutmamışdır. Təkrar hərracın təşkili üçün “Market” qəzetinin № 04 (08) 22.10.21-28.10.21 il tarixli sayında elan verilmişdir. Tərəflərə o cümlədən, mənzil sahibi İddiaçı1 xəbərnaməli bildirişlər göndərilmişdir. Təkrar hərrac 10.11.2021 il tarixə, saat 11:00 təyin edilmiş, alıcı olmadığı üçün təkrar hərrac baş tutmamışdır (qoşma №7). “Market” qəzetinin № 07 (14) 12.11.21-18.11.21 il tarixli sayında təkrar hərracın baş tutmaması barədə elan verilmişdir. Əmlakı almaq tələbkar “MuğanBank" ASC-yə təklif edilmiş, tələbkar tərəf əmlakı almağa razılıq vermişdir. Nəticədə əmlakın alqı-satqısına dair müqavilə və № 495/21, 30.11.2021 il tarixli yekun protokol imzalanmışdır Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 26.01.2022-ci il tarixdə iddiaya etiraz verərək bildirmişlər ki, Sifariş üzrə Bakı Apellyasiya Məhkəməsinin № 2( 103)-348/2020 saylı, 22.01.2020 il tarixli icra sənədinə əsasən borclu İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 49, mənzil 33 satılmalı və "xxxx" ASC-yə olan borc ödənilməli idi. Sifarişi aldıqdan sonra Bakı Hərrac Mərkəzi MMC ilkin hərracın təşkili üçün “Nedelya” qəzetinin №86 (1246) 24.09.21-30.09.21 il tarixli sayında elan verilmişdir. Tərəllərə o cümlədən, mənzil sahibi İddiaçı1 xəbərnaməli bildirişlər göndərilmişdir. İlkin hərrac 20.10.2021 il tarixə, saat 11-00 təyin edilmişdir. Lakin alıcı olmadığı üçün ilkin hərrac baş tutmamışdır. Təkrar hərracın təşkili üçün “Market” qəzetinin № 04 (08) 22.10.21 28.10.21 il tarixli sayında elan verilmişdir. Tərəflərə o cümlədən, mənzil sahibi İddiaçı1 xəbərnaməli bildirişlər göndərilmişdir. Təkrar hərrac 10.11.2021 il tarixə, saat 11-00 təyin edilmiş, alıcı olmadığı üçün təkrar hərrac baş tutmamışdır (qoşma №7). “Market” qəzetinin № 07 (14) 12.11.21 - 18.11.21 il tarixli sayında təkrar hərracın baş tutmaması barədə elan verilmişdir. Əmlakı almaq tələbkar ’’MuğanBank" ASC-yə təklif edilmiş, tələbkar tərəf əmlakı almağa razılıq vermişdir. Nəticədə əmlakın alqı-satqısına dair müqavilə və № 495/21, 30.11.2021 il tarixli yekun protokol imzalanmışdır. Ona görə də iddianın rədd olunmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" MMC-nin 30 noyabr 2021-ci il tarixli 495/21 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 49, mənzil 33–ün ilkin satış qiyməti 90000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-57375 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əldə edilmişdir; Buna dair 30.11.2021-ci il tarixdə hərracın yekunları barədə əmlakın alqısatqısı barədə müqavilə imzalanmışdır. Bakı şəhəri Nizami rayon icra şöbəsinin 21.09.2021-ci il tarixli, 17/71-CM58 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-338/2Ü16 saylı. 06.10.2076-cı il tarixli qərarına əsasən, cavabdeh (borclu) “X14 Təsərrüfatı" MMC dən Cavabdeh2 ASC-nin xeyrinə cəmi 253 653.59 ABŞ dolları borc ödəniş günü manata məzənnə ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.1518 ha torpaq sahəsində yerləşən, 49 nömrəli evin, 5 mərtəbəli binada, 2-ci mərtəbəsində, 60.1 kv m ümumi, 47 kv m yaşayış sahəsindən ibarət 3 otaqlı 33 nömrəli mənzilə, X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.0696 ha torpaq sahəsində yerləşən 16 nömrəli evin, 5 mərtəbəli binada, 5-ci mərtəbəsində, 45 3 kv.m ümumi, 29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 59 nömrəli mənzilə və X2 məxsus Sumqayıt şəhəri Novxanı bağ massivində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 96.8 kv.m yaşayış, 86.65 kv.m köməkçi sahədən ibarət B-2201 nömrəli bağ evinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.1518 ha torpaq sahəsində yerləşən, 49 nömrəli evin, 5 mətəbəli binada 2-ci mərtəbəsində. 60.1 kv.m ümumi, 47 kv m yaşayiş sahəsindən ibarət 3 otaqlı 33 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 90000 (doxsan min) manat. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.0696 ha torpaq sahəsində yerləşən, 16 nömrəli evin 5 mərtəbəli binada 5 ci mərtəbəsində. 45.3 kv.m ümumi 29 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 59 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 75 000 (yetmiş beş min) manat və Sumqayıt şəhəri Novxanı bağ massivində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 96.8 kv.m yaşayış. 86.65 kv.m köməkçi sahədən ibarət B-2201 nömrəli hağ evinin açıq hərracda ilkin satış qiyməti 165 000 (bir yüz altmış beş min) manat müəyyən edilməsi, mənzillər və bağ evinin satılması və əldə ediləcək vəsait cavabdeh “X14 təsərrüfatı” MMC-nin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin müvafiq olaraq cavabdehlər X5, İddiaçı1, X2 qaytarılması, mənzillər və bağ evi hərracdan satıldıqdan bir ay cavabdehlər oranı bir ay ərzində tərk etməli və ekspertiza tədqiqatının dəyəri olan 600 manat məbləğində pul cavabdeh “X14 Təsərrüfatı" MMC-dən alınaraq dövlət büdcəsi hesabına ödənilməsi qərara alınmışdır. "xxxx" MMC-nin 24 sentyabr 2020-ci il tarixli 495/21 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 90.000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 20 oktyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. "xxxx" MMC-nin 22 oktyabr 2021-ci il tarixli 495/21 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 765.000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 10 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 49, mənzil 33 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 23.12.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-2201V Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 12.01.2022-ci il tarixdə qeydiyyata alınmışdır; Məhkəmə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beç) faizi məbləğində beh ödəməlidir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi - göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəmə ilk növbədə iddia tələbinin “İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 49, mənzil 33-ə dair keçirilmiş hərrac protokolunun ləğv edilməsi hissəsinə” münasibət bildirərək qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərə məhkəmə tərəfindən baxış keçirilərkən İddiaçı1 hərracın keçirilmə vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığı təsdiq edilmir. Bu səbəbdən iddia ərizəsi İddiaçı1na münasibətdə təmin edilməli, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 49-da yerləşən 33 saylı mənzilə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 495/21 saylı Hərrac protokolunun etibarsız hesab edilməlidir. Göründüyü kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsi ilə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka qoyana verilməsini təsdiq etmə üsulu göndərilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən qanunun göstərilən tələbinə riayət olunmadan hərrac keçirilmişdir. Hərracın təşkilatçısı tərəfindən ipoteka qoyana (iddiaçıya) hərracın keçirilməsi barədə bildirişin göndərilməməsi qeyd edilən qanunun 42-ci maddəsinin tələbləri baxımından qanuna uyğun hesab edilə bilməz. “Cavabdeh “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı2 Cəfər oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.06 ha torpaq sahəsində yerləşən b-2201 nömrəli bağ evinə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 537/21 saylı Hərrac protokolunun etibarsız hesab edilməsi” hissəsində iddia tələbini etibarsız hesab edir. Belə ki, qeyd edilən hərraca dair hərrac sənədləri məhkəməyə təqdim edilməmiş, iddia bu hissədə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, cavabdeh “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 49-da yerləşən 33 saylı mənzilə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 495/21 saylı Hərrac protokolu etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 49-da yerləşən 33 saylı mənzilə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 495/21 saylı Hərrac protokolu, alqı-satqı müqaviləsi və onun nəticələri etibarsız hesab edilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar