Məhkəmə qərarları › İş №2(005)-748/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-748/2024

04.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-748/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 Nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 9 saylı Notariat Ofisi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 9 saylı Notariat Ofisi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına dair Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı borcun girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə aralarında çox saylı məhkəmə mübahisələri olmuşdur. Bank qeyri-qanuni yolla, yəni əmkak üzərində həbs ola-ola Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasından ibarət olan ipoteka predmetinə dair çıxarış almışdır. Bundan sonra aralarında məhkəmədə barışıq sazişi bağlanmış və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 ASC barışıq sazişinin şərtlərinə qərəzli şəkildə əməl etməmiş, tərəfindən təklif olunmuş real alıcıdan 20.000 manat beh aldığı halda barışıq sazişinin şərtlərini pozmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə ona Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərardadının Cavabdeh1 ASC ilə tərəfindən məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sonuncu dəfə “Muğanbank" ASC ərizə ilə müraciət edərək ipoteka predmeti üzərində olan iddianın təmini tədbirinin ləğv edilməsini xahiş etmiş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və ipoteka predmeti üzərində olan həbsin götürülməsi qərara alınmışdır. Cavabdeh1 ASC həmin əmlak üzərində həbs ola-ola həmin əmlaka dair çıxarış almışdır. İddiaçının Cavabdeh1 ASC-yə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə mübahisəsi Bakı Apellyasiya Məhkəməsində davam edir. Bundan sonra ona məlum olmuşdur ki. Cavabdeh1 ASC Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyriyaşayış binasını xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylı Notariat Ofisində real dəyərindən və aralarında olan məhkəmə mübahisələri zamanı əmlakın qiymətləndirilməsinə dair rəylərdən aşağı qiymətlə, yəni 210.400 manata Cavabdeh2 satmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23- 1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına dair Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Əmlak Məhərrəm Fikrət oğlunun adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, əlavə olaraq bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə mübahisəli qeyri-yaşayış sahəsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddiaçının tələbinə dair mülki iş üzrə icraata tərəflər arasında barışıq sazişi təsdiqləndiyindən xitam verilmişdir. Bundan əlavə, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC tərəfindən 2014-cü il tarixli beh müqaviləsinin şərtlərinin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Barışıq sazişinin qüvvədə olmasına baxmayaraq, mübahisəli əmlak ekspert rəyləri ilə müəyyən olunan qiymətdən olduqca aşağı qiymətə satılmışdır. Cavabdeh2 nümayəndələrinə də dəfələrlə bununla bağlı məlumat verilmişdir. Sözügedən barışıq sazişinin ləğv edilməsi ilə bağlı əvvəlki məhkəmə mübahisələri olsa da, həmin barışıq sazişi ləğv edilməmişdir və hazırda qüvvədədir. İddiaçı barışıq sazişində göstərilən məbləği ödəyə bilmədiyinə görə, tanışı olan Şahin adlı şəxsi alıcı qismində irəli sürmüşdür. Borclunun göstərdiyi şəxs beh müqaviləsi ilə müəyyən edilən məbləğin ilkin hissəsini ödəmiş, qalan hissəsini isə xx.xx.2014-cü il tarixədək ödəyə bilməməsinin səbəbi isə Cavabdeh1 ASC-nin təqsiri ilə bağlı olmuş və bu təqsir qanuni qüvvəyə minən məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir. Beh müqaviləsinin şərtlərinə əməl edilməməsinin səbəbi Cavabdeh1 ASC-nin öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olmuşdur. Cavabdeh1 ASC-nin adına mübahisəli qeyri-yaşayış sahəsinə dair çıxarış olmuşdur. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, hazırki iddia tələbinə münasibətdə iddiaçının subyektiv hüququ yoxdur. Mübahisəli alqı-satqı müqaviləsi Cavabdeh1 ASC ilə üçüncü şəxs arasında bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəf olmadığından, belə bir tələb irəli sürmək üçün hüququ mövcud deyil. Cavabdeh2 Nümayəndə və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, sözügedən barışıq sazişi 1 il müddətinə bağlanılmış və müddətin bitdiyi gün iddiaçının digər məhkəmə icraatı çərçivəsində müvəqqəti təminat tələbi əsasında mübahisəli qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhz bu səbəbdən Cavabdeh1 ASC mübahisəli əmlakı Şahin İbrahimova sata bilməmişdir. Barışıq sazişində də əmlakın məhz iddiaçı tərəfindən deyil, iddiaçının təqdim etdiyi şəxs tərəfindən mübahisəli əmlakın alına bilməsi şərti nəzərdə tutulmuşdur. Həmin şəxs isə Şahin İbrahimov olmuş və sonradan vəfat etmişdir. Buna görə barışıq sazişinin hər bir halda icrası mümkün deyildi. Digər tərəfdən, iddiaçı həqiqətən barışıq sazişinin yerinə yetirilmədiyini iddia edirsə, bankdan bununla bağlı kompensasiya da tələb edə bilərdi. Barışıq sazişində də əmlakın 1 il ərzində əldə edilmədiyi təqdirdə başqa şəxsə satıla bilməsinin mümkünlüyü göstərilmişdir. İddiaçının isə barışıq sazişi bağlanıldığı müddətdən keçən 6 il vaxt ərzində hər hansı tələbi olmamışdır. Həmçinin, iddiaçının banka 320.000 ABŞ dolları məbləğində borcu olduğu halda, bankın da əmlakı 210.000 manat məbləği qarşılığında satmasında maraqlı olması ağlabatan deyil. Bundan əlavə, mübahisəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi də düzgün formada aparılmamış və həmin əmlaka aid olmayan hissələr də fotoşəkilləri çəkilməklə qiymətləndirilmişdir. Hazırda barışıq sazişinin qüvvədə olmasına görə Cavabdeh2 məsuliyyət daşımır. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməmə sini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, satıcı "xxxx" ASC ilə alıcı Cavabdeh2 arasında bağlanmış AN-İ №1142285 nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasını 210.400 manata alıcıya satmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1042/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X7 və İddiaçı qarşı kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi, yüklü əmlaka olan hüquqların itirilməsi və əmlakın boşaldılması tələbinin təmin edilməsi, cavabdeh X5 Cavabdeh1 ASC-nin xeyrinə kredit borcu 300.000 ABŞ dolları, faiz borcu 20.818,09 ABŞ dolları, cəmi 320.818,09 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması, borcun əvəzinə yönəldilən ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair hüququnun itirilməsi və 1 ay ərzində boşaldılması, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və həmin binanın açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3369/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ASC-dən ödənilmiş behin iki misli, 40.000 manat tutularaq X3 verilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(105)-876/2014 saylı qərardadının surətindən görünür ki, Cavabdeh1 ASC-nin şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)-1683/2014 saylı qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)-1683/2014 saylı qərardadına əsasən, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 7/23 saylı qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ASC-nə, Sumqayıt şəhər İcra şöbəsinə və qeyrilərinə müəyyən hərəkətlərin aparılması qadağan edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2147/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən Cavabdeh1 ASC göstərilməklə) qarşı reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-544/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2147/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına "xxxx" ASC-nin hüquqlarının qeydə alınmasına dair seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. - Tələbkar "xxxx" ASC ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, həmin sazişin 3-cü maddəsinə əsasən, borclu bu barışıq razılaşması məhkəmə tərəfindən təsdiq olunduqdan sonra 8 ay müddətinə Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 manat köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (laşə) binasını 340.000 ABŞ dollarına almağı öhdəsinə götürür. 4-cü maddəsinə əsasən, əgər göstərilən müddətdə borclu həmin qeyri-yaşayış sahəsini almadığı halda tələbkarın müstəqil surətdə həmin qeyri-yaşayış binasını satılmasına, ipoteka ilə yüklü edilməsinə və ümumiyyətlə üzərində sərəncam verməyə borclu etiraz etmir. - xx.xx.2014-cü il tarixli beh alan Cavabdeh1 ASC ilə beh verən X8 arasında bağlanmış beh müqaviləsinin surətindən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixədək Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (iaşə) binasını 267.100 manata alqı-satqı bağlamaq barədə öhdəlik götürürlər. Beh verən beh alana 20.000 manat beh verməyi, qalan 247.100 manatı isə xx.xx.2014-cü il tarixədək satıcıya verməyi öhdəsinə götürür. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş hesabatdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli, 8 girişli, 2 mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasının, onun yerləşdiyi torpaq sahəsinin real bazar dəyəri 939.600 manat, likvid dəyəri 798.660 manat, binanın içərisində olan inventar və avadanlıqları ilə birlikdə real bazar dəyəri 42.000 manat, likvid dəyəri 35.700 manatdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyriyaşayış binasının hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 728.000 manat (1.392x522,8) məbləğində müəyyən olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2010-cu il tarixli qətnaməsinə əsasən, X4 Cavabdeh1 ASC-nin xeyrinə cəmi 320.818,09 ABŞ dolları pul vəsaitinin tutulması və borcun ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi müəyyən edilmişdir. İpoteka ilə yüklü edilən sözügedən əmlak açıq hərracda Cavabdeh1 ASC-nə satılmış, nəticədə mülkiyyətçi ASC olmuşdur. Daha sonra tərəflər arasında sözügedən əmlakla bağlı məhkəmə çəkişmələri olmuş, çəkişmələr tərəflər arasında xx.xx.2013-cü il tarixdə barışıq sazişinin imzalanması ilə nəticələnmişdir. Barışıq sazişinə əsasən, 8 ay müddətinə İddiaçı mübahisəli əmlakı əldə etməli idi. İddiaçı həmin müddətdə əmlakı ala bilmədikdə Cavabdeh1 ASC-nin əmlakı digər şəxsə satmaq hüququ müəyyən edilmişdir. İddiaçı əmlakı özü ala bilmədiyi üçün əmlakı dostu Şahin İbrahimov tərəfindən alınmasını təklif etmiş, bununla bağlı ASC ilə Şahin İbrahimov arasında xx.xx.2014-cü ildə beh müqaviləsi bağlanaraq sonuncu tərəfindən ASC-nə 20.000 manat beh verilmiş və əmlakın qalıq məbləğinin xx.xx.2014-cü il tarixədək ödənilməsi razılaşdırılmışdır. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi əsasında əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Sonradan əmlakın alınması mümkün olmadığından Şahin İbrahimov behin iki mislinin qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3369/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ASC-dən ödənilmiş behin iki misli, 40.000 manat tutularaq X3 verilməsi qət edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-544/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən əsasən, İddiaçı şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2147/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına "xxxx" ASC-nin hüquqlarının qeydə alınmasına dair seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 ASC tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binası Cavabdeh2 satılmışdır. Hazırda iddiaçı məhkəmədən sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. İddiasını isə onunla əsaslandırır ki, Cavabdeh1 ASC ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli barışıq sazişinə cavabdehin əməl etməməsi və mübahisəli əmlakı Cavabdeh2 satması ilə əsaslandırır. Halbuki mövcud sazişdə iddiaçının daşınmaz əmlakı 8 ay ərzində almalı olduğu razılaşdırılmış, iddiaçı qeyri-yaşayış sahəsini ala bilmədiyi üçün həmin əmlakının dostu Şahin İbrahimov tərəfindən alınmasını təklif etmişdir. Lakin göstərilən müddətdə daşınmaz əmlak cavabdeh bankın təqsiri üzündən əldə edilməmişdir. İddiaçı mübahisə edilən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin onun hüquqlarını pozduğunu bildirir. Məhkəmə əvvəlcə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki tələb vindikasiya tələbidir. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Vindikasiya iddiasının təyinatı və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini bərpa etməkdən ibarətdir; o, əşyanın mülkiyyətçiyə qaytarılmasına nail olmaq məqsədinə xidmət edir. Sahiblik çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Deməli, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam, sahiblik, istifadə) səlahiyyətinin hamısı, başqa sözlə desək, onun əşya üzərində mülkiyyət hüququ bütovlükdə müdafiə olunur. Vindikasiya predmeti olmadıqda yalnız vurulmuş zərərin ödənilməsi haqqında öhdəlik-hüququ tələbi qaldırıla bilər. İddiaçı hazırda iddiasını birbaşa olaraq mübahisəli qeyri-yaşayış sahəsinin qaytarılması yönündə irəli sürməsə də, lakin mövcud iddiadan müəyyən edilir ki, hazırkı iddianın məqsədi iddiaçının əvvəllər mülkiyyətində olan əmlak üzərində gələcəkdə mülkiyyət hüquqlarının bərpasına xidmət edir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, qeyd olunan daşınmaz əmlak artıq 2012-ci ildən cavabdehə məxsus olmuş, sonradan tərəflər barışıq sazişi imzalayaraq həmin əmlakın iddiaçıya (Borcluya) satılması barədə razılığa gəlmişdirlər. Barışıq sazişində müəyyən olunan müddət ərzində iddiaçı qeyri-yaşayış sahəsini əldə etməmişdir. Sonradan cavabdeh xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alqı-satqı müqaviləsinə əsasən Məhərrəm Bəxşəliyevə satmışdır. İddiaçı cavabdehin barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğunu bildirir, lakin həmin öhdəliklərin cavabdeh bank tərəfindən pozulmasına istinad edərək, öhdəliklərin pozulması nəticəsində ona dəymiş ziyanı tələb etmir. Hazırda digər cavabdehin mülkiyyətində olan əmlakın əldə edilməsi ilə bağlı müqaviləni mübahisələndirir. Bu zaman iddiaçı belə bir iddia irəli sürərkən mübahisəli əmlaka münasibətdə hansı hüquqlardan çıxış etdiyini bildirmir. İddia dəlillərinin əsasını məhz cavabdeh bankın mübahisəli əmlakı ona satmaq barədə öhdəlik götürməsi, lakin öhdəliyi icra etməməsi ilə izah edir. Lakin belə bir öhdəliyin olması iddiaçının mübahisəli əmlaka hər hansı əşya hüququnun mövcudluğu demək deyildir. Həmçinin barışıq sazişində iddiaçı əmlakı göstərilən vaxtda əldə etməzsə, əmlakın ASC tərəfindən digər şəxsə özgəninkiləşdiriləcəyi konkret olaraq müəyyən edilmişdir. Həmçinin də işin faktiki hallarından görünür ki, iddiaçı barışıq sazişinin təsdiq edilməsi barədə qərardaddan şikayət verib qərardadın ləğv edilməsini xahiş etsə də, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə ona Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadının Cavabdeh1 ASC tərəfindən məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmiş, lakin qərardadın məcburi qaydada icra edilməsi barədə müraciəti olmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisə edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Göründüyü kimi, hazırda mübahisələndirilən müqaviləyə münasibətdə isə müqavilənin etibarsızlığını yaradan səbəblər, habelə həmin səbəblərin hansı xüsusiyyətə malik olmaqla etibarsızlıq halının konkret hansı növünə istinad edildiyi iddiaçı tərəfindən əsaslandırılmamış, beləliklə də məhkəmədə mübahisələndirilən əqdin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmiş və etibarsızlıq şərtlərinin mövcudluğu aşkarlanmamışdır. Bütün bu deyilənlərin mövcudluğu isə iddia tələbinin təmin edilməməsi üçün əsas yaradır. Nəzərə alınmalıdır ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). İddiaçının cavabdeh tərəfindən əgər barışıq sazişinin şərtlərinin həqiqətən pozulduğu müəyyən edilərsə, həmin şərtlərin pozulması nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ olmuşdur. İddiaçı hazırda subyektiv hüquqa malik olmadan özünün mülkiyyətində və ya hər hansı şəkildə sahibliyində olmayan daşınmaz əmlakın alqı-satqısına dair cavabdeh və Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsızlığını tələb etməkdə haqlı olmamışdır. Digər tərəfdən, mövcud müqavilənin etiarsızlığı əsasları məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş və cavabdehin hər hansı qanunun tələbini pozması nəticəsində iddiaçının hüququnu pozan hal öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin iddia tələbi və həmin tələbdən irəli gələn qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 9 saylı Notariat Ofisi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar