Məhkəmə qərarları › İş №2(005)-758/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-758/2023

18.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-758/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) “əmək haqqı və boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169.1-ci maddəsinin tələbinə əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək tam maaşının (295 manat), xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək isə maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanıb "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, mülki iş üzrə onun tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin də cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1990-cı ildən fasiləsiz olaraq "xxxx" ASC-nin zavodunda işləyir. İşlədiyi müddətdə heç bir nöqsanı olmayıb. Zavod rəhbərliyi bəzi sexlərini və digər sahələrini icarəyə verərək mənfəət qazanır. Onun zavodda səhm payı var. Bu günə kimi səhmdar olaraq ona zavodun gəlirlərindən ayrılmayıb. Nə də qanuna uyğun müavinət verilməli olduğu halda rəhbərlik onu da vermir. Belə ki, o Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinə müraciət etmişdir. O, zavod rəhbərliyinə və üzvü olduğu X1 kompensasiya ayrılması barədə dəfələrlə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Onu xx.xx.2020-ci il tarixinədək işlədib, ödənişsiz məzuniyyətə buraxıblar. Hətta işlədiyi ayın maaşını da ala bilməyib. Pandemiya dövründə belə ona heç bir yardım etməyiblər. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X3 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə iddia tələbini cavabdehdən 2020 və 2021-ci illər üzrə müvafiq ayların əmək haqqının tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, “Bu Məcəllənin 294cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər”. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, əmək haqları ayda bir dəfə 01-10 təqvim günü aralığında ödənilir. İddiaçı 11-ci gündə əmək haqqını almırsa, hüquqlarının pozulması günü hesab edilir və müddətin axımı başlayır, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixində kəsilmişdir. İddiaçının tələbi qanunla məhkəməyə müraciət üçün müəyyən edilmiş 1 illik müddətdən çox olduğu üçün iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” Göründüyü kimi, hazırkı iddia tələbi həmçinin 1 illik iddia müddəti ötürülməklə verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansısa bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 93 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “şüşə qablar və karton qutuları sexində 3-cü dərəcə qutu hazırlayan” vəzifəsinə aylıq əmək haqqı 295 manat olmaqla işə qəbul edilmişdir; İşçi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında X4 10/ŞH nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli 93 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.2021-ci il tarixindən xitam verilmişdir; "xxxx" ASC ilə 2020-2023-cü illər üçün bağlanmış kollektiv müqavilənin surətindən və məzmunundan görünür ki, "xxxx" ASC-nin işəgötürəni və müəssisə həmkarlar ittifaqı komitəsi əmək, sosial-iqtisadi və istehsalat sahəsində münasibətləri tənzimləyən bu kollektiv müqaviləni bağlayırlar (1.1-ci bənd). Kollektiv müqavilə 3 il müddətinə (2020- 2023)-cu illər üçün bağlanılır və tərəflər imzaladığı gündən qüvvəyə minir (1.3-cü bənd). Kollektiv müqavilə bütün müəssisə işçilərinə şamil edilir və onun normaları işəgötürən həmkarlar ittifaqı təşkilatı üçün məcburidir (1.4-cü bənd). İstehsal və satışın olmaması, yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışına tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssisənin normal fəaliyyət göstərməsinə mane olan, onun fəaliyyətinin dayandırılmasına səbəb olan hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxila bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla təqvim ilində bir neçə dəfə ola bilər (4.10-cu bənd); "xxxx" ASC-nin X4 xx.xx.2020-ci il tarixli, 05 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin (2020-2023 il) 4.10-cu maddəsinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçilərin xx.xx.2020-ci il il tarixdən 31 dekabr 2020-ci il tarixinədək, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir; "xxxx" ASC-nin X4 xx.xx.2021-ci il tarixli, 02 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin (2020-2023 il) 4.10-cu maddəsinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçilərin xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir; "xxxx" ASC-nin X4 xx.xx.2021-ci il tarixli, 04 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin (2020-2023 il) 4.10-cu maddəsinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçilərin xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir; Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə göndərmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci olaraq 60 manat İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixindən "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə (sonuncu vəzifəsi “qutu hazırlayan”) işləmişdir. İddiaçının əmək haqqı 295 manat olmuşdur. "xxxx" ASC İdarə Heyətinin sədri ilə Həmkarlar İttifaqı Komitəsi arasında 2020-2023-cü illər üçün kollektiv müqavilə bağlanmışdır. Müqavilənin 4.10-cu bəndində istehsal və satışın olmaması, yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışına tələbatın olmamasından işin dayandırılmasına səbəb olan hallar olduqda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxilması nəzərdə tutulmuşdur. İddiaçı işəgötürənin xx.xx.2021-ci il tarixli əmri ilə xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə, xx.xx.2021-ci il tarixli əmri ilə isə xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. İşəgötürənin xx.xx.2021-ci il tarixli əmri əsasında İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə (öz xahişi ilə) xx.xx.2021-ci il tarixindən xitam verilmişdir. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək tam maaşının (295 manat), xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək isə boşdayanmaya görə vəzifə maaşının üçdə iki hissəsinin cavabdeh "xxxx" ASC tərəfindən ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini əks etdirir. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (2-ci maddənin 3-cü hissəsi). Əmək, sosial-iqtisadi, məişət və digər münasibətlərin tənzimlənməsi məqsədilə işəgötürən, əmək kollektivi və ya həmkarlar ittifaqları təşkilatı arasında yazılı formada kollektiv müqavilə bağlana bilər. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər (Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 28.3-cü maddəsinə əsasən kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir. Həmin Məcəllənin 31-ci maddəsinin 3 və 4-cü hissələrinə uyğun olaraq, kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o cümlədən bu Məcəllədə nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir. Göründüyü kimi, kollektiv müqavilənin əsas məqsədi işəgötürən ilə işçilər arasında əmək, sosial, iqtisadi və digər münasibətlərin tənzimlənməsidir. Kollektiv müqavilələrdə Əmək Məcəlləsinə nisbətən işçilərin hüquqlarını məhdudlaşdıran normaların nəzərdə tutulmasına yol verilmir. Hazırki iş materiallarına əlavə edilmiş və ödənişsiz məziniyyətə buraxılma barədə əmrlərdə istinad edilmiş kollektiv müqavilənin 4.10-cu bəndindən görünür ki, istehsal və satışın olmaması, yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışına tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssisənin normal fəaliyyət göstərməsinə mane olan, onun fəaliyyətinin dayandırılmasına səbəb olan hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxila bilər.İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla təqvim ilində bir neçə dəfə ola bilər. Bununla bağlı qeyd edilməlidir ki, kollektiv müqavilədə işçilərin müvafiq hallarda ödənişsiz məzuniyyətə buraxılması nəzərdə tutulsa da, bu hal işəgötürən tərəfindən məzuniyyətə buraxılma barədə əmr verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əməl edilməməsi və yaxud işçilərin Məcəllədə nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırıla biləcəyi anlamına gəlmir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinə görə ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Maddənin məzmunundan göründüyü kimi, ödənişsiz məzuniyyət işəgötürən tərəfindən birtərəfli qaydada deyil, altı aydan çox olmamaqla tərəflərin mülahizəsinə əsasən verilə bilər. Eyni zamanda Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. İş materiallarından göründüyü kimi, "xxxx" ASC ödənişsiz məzuniyyətə buraxılma barədə əmrlər ilə məhsul istehsalı və satışının dayanması ilə əlaqədar Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanmaqla işçiləri, o cümlədən hazırki iş üzrə iddiaçını ödənişsiz məzuniyyətlərə buraxmışdır. Cavabdeh tərəfindən bu cür əmrlər Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanmaqla il ərzində bir neçə dəfə təkrarlanmış, 2019-cu ilin may ayından 2021-ci ilin sonuna qədər, demək olar ki, iddiaçı bütün müddət ərzində əmək müqaviləsinə xitam verilənədək ödənişsiz məzuniyyətdə olmuşdur. Belə ki, əvvəlki illərlə yanaşı, iddiaçı sonuncu dəfə cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə, xx.xx.2021-ci il tarixli əmri ilə isə yenidən xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Lakin bu cür əmrlər verilərkən kollektiv müqavilədə nəzərdə tutulmasına baxmayaraq, ƏMin 129-cu maddəsinə uyğun olaraq, ödənişsiz məzuniyyətin tərəflərin mülahizəsinə əsasən müəyyən edilməsi nəzərə alınmamışdır. Belə ki, cavabdeh əmrlər verilərkən iddiaçının mülahizəsinin nəzərə alınmasını, onun bu barədə əvvəlcədən xəbərdar edilməsini, ödənişsiz məzuniyyətin müddəti ilə razı olub-olmamasının müəyyənləşdirilməsini, məzuniyyətə göndərilmə və məzuniyyətdən çağrılma barədə əmrlərin ona təqdim edilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. O da nəzərə alınmalıdır ki, işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılmasına yalnız işin normal ahəngini pozan qarşısıalınmaz amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan hallar mövcud olduqda yol verilir. Digər hallarda ödənişsiz məzuniyyət qrup halında deyil, yalnız tərəflərin mülahizəsinə, yəni işçi ilə işəgötürənin qarşılıqlı razılığına əsasən altı aydan çox olmayaraq fərdi şəkildə verilə bilər. Hazırki işdə isə işçilərə qrup halında məzuniyyət verilməsi səbəbi kimi məhsul və istehsal satışının dayanması göstərilmişdir. Bu hal isə əmək qanunvericiliyinə əsasən işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması əsası kimi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edildiyi kimi, kollektiv müqavilələrdə işçilərin hüquqlarını əmək qanunvericiliyinə nisbətən məhdudlaşdıran müddəalar nəzərdə tutula bilməz. Həmçinin yuxarıda göstərildiyi kimi, ödənişsiz məzuniyyətin müddəti qanunvericilikdə 6 ay müddətlə məhdudlaşdırılmışdır. Hazırki işdə isə iddiaçı 2019-2021-ci illər üzrə davamlı olaraq, ödənişsiz məzuniyyət verilmə barədə əmrlərlə 2 ilə yaxın müddətə ödənişsiz məzuniyyətdə olmuşdur. Bu hal isə işəgötürənin hüquqlarından sui-istifadə etməsinin və davamlı olaraq ödənişsiz məzuniyyətə göndərmək barədə əmrlər verməklə əmək qanunvericiliyinin tələblərini pozmasının göstəricisidir. Göründüyü kimi, işçilərin qrup halında davamlı olaraq ödənişsiz məzuniyyətə buraxılması və minimum əmək haqqından məhrum edilməsi daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından suiistifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərdə boşdayanmaya görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, boşdayanma vaxtı - əmək münasibətləri prosesində təsadüf olunan elə bir haldır ki, bu zaman işçi hər hansı səbəb üzündən əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirə bilmir. Boşdayanma işəgötürənin təqsiri üzündən və ya işçidən asılı olmayan digər səbəblər üzündən yaranarsa, işçilərə əmək müqaviləsində və yaxud kollektiv müqavilədə nəzərdə tutulan əmək haqqı məbləği tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanır və ödənilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə işəgötürən hasilat normalarının yerinə yetirilməsi üçün işçiyə iş şəraitinin minimum şərtlərini mütləq təmin etməlidir. Müvafiq şəraitin yaradılmamasına görə boşdayanma vaxtı işəgötürənin məsuliyyətinə aiddir və onun təqsiri üzündən boşdayanma kimi qəbul olunmalıdır. Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Eyni Məcəllənin 233-cü maddəsinin 5-ci hissəsində göstərilmişdir ki, iş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Nəzərə alınmalıdır ki, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir (Əmək Məcəlləsinin 155.1 və 156.1-ci maddələri). İşçidən asılı olmayan hallara görə zəruri iş şəraitinin təmin edilməməsi halında işçinin Konstitusiyada və Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq təminatları almaq hüququndan məhrum edilməsi ədalət prinsipi ilə ziddiyyət təşkil etmiş olur. İddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsinin ödənilməsini tələb edir. Cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Qanunun 21.5 və 35.1-ci maddələrinə uyğun olaraq, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan başlanmış sayılır. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək maaşının 2/3 hissədən az olmayaraq hesablanıb ödənilməsini tələb etsə də, məhkəmə hesab edir ki, iddia müəyyən hissədə iddia müddəti ötürüldüyündən qismən təmin edilməlidir. Belə ki, iddiaçı 2021-ci ilin yanvar ayından başlayaraq hər ay əmək haqqı almalı olduğu halda almamışdır. Bu isə iddiaçının həmin dövrlərdə əmək haqqının alınması ilə bağlı hüququnun pozulduğunu bilməməsini istisna edir. İddiaçı cavabdehə mediasiya təklifini xx.xx.2022-ci il tarixində göndərmiş, əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddəsinə uyğun olaraq isə bir il ərzində əmək haqqının ödənilməsi məqsədilə məhkəməyə müraciət edilə bilər. Əmək haqqı hər ay alındığından iddia müddəti yalnız mediasiya barədə təklif göndərildiyi dövrdən əvvəlki 1 il üçün, yəni xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi tarixədək olan dövr üçün tələb edilə bilər. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixində tərəfə mediasiya barədə təklif göndərmiş və həmin andan iddia müddətinin axımı dayandırılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsi ödənilməlidir. Beləliklə, məhkəmə əmək müqaviləsinə əsasən iddiaçıya ödənilməli tarif (vəzifə) maaşının 295 manat olduğunu, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün əmək haqqının ödənilmədiyini nəzərə alaraq hesab edir ki, bu aylar üzrə iddiaçıya işçinin təqsiri olmadan istehsalatda boşdayanma qaydalarına uyğun olaraq, yəni tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında, (2021-ci ilin may ayında iddiaçının 10 (cəmi 17) iş günü, avqust ayında 16 (cəmi 22) iş günü olması nəzərə alınmaqla (295:17x10)+295+295+(295:22x16)=978,06x2/3=652,04) 652,04 manat məbləğində pul "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək boşdayanmaya görə əmək haqqının 2/3 hissəsinin ödənilməsi hissəsində iddia müddəti ötürüldüyündən təmin edilməməlidir. İddianın digər hissəsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş əmək haqqının tam şəkildə ödənilməsi tələbi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmə prosessual qənaət prinsipini, eləcə də ekspertiza təyin edilməsinin əlavə xərclərə və işə mahiyyəti üzrə baxılmasının əsassız uzanmasına səbəb olacağını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə əlavə araşdırma aparılmadan Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq 60 manat məbləğində pul ödənilmişdir və cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə mediasiya xərclərini ödəmiş tərəfin çəkdiyi xərcləri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəfdən tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətindən 652,04 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat pul, cəmi 712,04 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətindən 652,04 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat pul, cəmi 712,04 (yeddi yüz on iki manat, dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar