Məhkəmə qərarları › İş №2(005)-791/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-791/2021

03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-791/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “5403153 nömrəli aktın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “5403153 nömrəli aktın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş ******* nömrəli aktın ləğv edilməsi və onun Cavabdehnə olan 230 manat məbləğində borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin aprel ayında “Cavabdeh İB”-nin əməkdaşları tərəfindən mənim yaşadığım ünvan 1 ünvanındakı blokun bütün qaz sayğacları götürülmüşdür. Sonradan onlara sayğaca müdaxilə etməklə bağlı Akt təqdim edilmiş və əlavə 230 manat borclarının olduğu müəyyən edilmişdir. O, Aktı aldığı müddətdən Cavabdeh İB-nin orqanlarına və vəzifəli şəxslərinə müraciət edib bildirmişdir ki, həmin vaxt sayğac özlərində olmuşdur. Əlavə olaraq bildirir ki, sayğac onsuz da yaşayış evindən kənarda yerləşir və Akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Onun qonşuları bu barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. Nəticədə məhkəmənin qərarı ilə onların borcu silinmişdir. O, Cavabdeh İB-nin orqanlarına və vəzifəli şəxslərinə müraciət etdiyindən cavab alındıqdan sonra məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh İB-nin nümayəndəsi X3 iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunan sübutları və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Füzuli RPŞ tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxx 2005-ci il tarixdə verilmiş ÖM seriyalı 226577 nömrəli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 76 a saylı evin 26 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktın surətindən görünür ki, İddiaçı məxsus mənzildən çıxarılmış qaz sayğacının qoruyucu qapağına vurulan dövlət plombları kəsilərək götürülüb. Aktdan görünür ki, aktda istehlakçı İddiaçı və ya onun nümayəndəsinin imzası yoxdur. İş materiallarında olan Cavabdeh İB-nin tərtib etdiyi Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2018-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktın surətindən görünür ki, sayğacın metroloji plombu kənar təsir nəticəsində çıxarılmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, xx xxxxxx 2020-ci il tarixli və xx xxxx 2020-ci il tarixli məktublardan görünür ki, İddiaçı müraciətlərinə baxılmış, lakin 230,4 manat məbləğində olan borc azaldılmamış və ya silinməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı aydın oldu ki, ünvan 1 ünvanında sayğaclara baxış keçirilərkən qaz sayğacına müdaxilə olunması halının iddiaçı tərəfindən törədilməsini sübuta yetirmədən 230,40 manat məbləğində borc yazılmışdır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq 230,40 manat borc yazmışdır. İddiaçı ******* nömrəli akt əsasında borcun yazılmasını sübuta yetirə bilməmiş, cavabdeh isə ******* nömrəli akata əsasən yazıldığını bildirmişdir. Mübahisəli aktlardan məhz hansına əsasən borc məbləğinin yazıldığını tərəflər öz iddia və etirazlarında əsaslandıra bilməmiş, bu barədə əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişlər. Bununla belə 230.40 manat borc məbləğinin sayğaca müdaxilə nəticəsində akta əsasən yazıldığını tərəflər mübahisə etməmnişlər. Bu hal məhkəmədə mübahisələndirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə qanunsuz yazılmış borc məbləğinin silsinməsinə münasibətdə iddia tələbinə hüquqi qiymət verilməsini məqbul hesab edərək, aktın ləğv edilməsi hissəsində iddianın rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. ünvan 1a, mənzil 26 ünvanda **********10260 abonent kodu üzrə Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən qaz sayğacının dəyəri kimi İddiaçı hesablanmış 230,40 (iki yüz otuz manat, 40 qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar