Məhkəmə qərarları › İş №2(005)-838/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-838/2022

16.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-838/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin silinməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı aktların ləğv edilməsi və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin silinməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı X1 Departamenti tərəfindən 30 mart 2018-ci il tarixdə iddiasının mülkiyyətindəki Abonent kodu **********10470 olan Bakı şəhəri,Nərimanov rayonu, X2 küçəsi ev 107 A, mənzil 47-də qanunsuz və əsassız olaraq 1728 kub.metr əlavə qazın sərf edildiyinin müəyyən edilməsini və həmin sərfiyyata görə iddiaçıya qanunsuz və əsassız olaraq 345.6 manat məbləğində borcun hesablanmasını nəzərə alıb, həmin 345.6 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi ev 107 A, mənzil 47 iddiaçının mülkiyyətindədir. Həmin ünvandakı mənzilin Abonent kodu **********10470 olmaqla Cavabdeh tərəfindən vaxtaşırı müvafiq ödəniş olunmaqla həmin ünvan qazla təmin olunur. İddiaçının xəbəri olmadan 2018-ci ilin mart ayının 29-da guya cavabdehin əməkdaşları Bakı X1 Departamentinin mühəndisi vəzifəsində işləyən İdnoy Mürşüdov və çilingər Gürşad Abdullayev iddiaçının ünvanına gələrək yaşayış binasının girişində quraşdırılmış G-4 tipli 12 ** AQ *** 002931 11 zavod nömrəli sayğacın guya flyans plombonun olmamasını müəyyən elmişlər. Həmin şəxslər tərəfindən guya yoxlama zamanı iddiaçının iştirakı təmin edilmiş və bu barədə 29.03.2018-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 58/1484 №-li akt tərtib edilmişdir. Guya iddiaçı akta imza etməkdən imtina etmiş və onlar aktın surətini guya iddiaçıya təqdim etmişlər.Əslində isə iddiaçının onların bu hərəkətlərindən heç bir xəbəri olmamışdır.Bu barədə cavabdeh tərəfindən həmin mənzilin qaz təchizatı 23 iyul 2021-ci il tarixdə dayandırıldıqda məlumat əldə etmişdir. Bu məlumatı əldə etdikdən sonra dərhal 23 iyul 2021-ci il tarixdə Cavabdeh Bakı X1 Departamentinin rəisi Zamin Mehrəliyevə ərizə ilə müraciət etmişdir. Sonradan bu qanunsuzluğun aradan qaldırılması ilə bağlı “Azəriqaz"İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevə elektron qaydada müraciət etmişdir. Lakin indiyə kimi hər iki ərizəyə “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq yazılı cavab verilməmişdir. “Azəriqaz" İstehsalat Birliyinin Bakı X1 Departamenti tərəfindən 30 mart 2018-ci il tarixdə qanunsuz və əsassız olaraq guya iddiaçının mənzilində 345.6 manat məbləğində 1728 kub.metr əlavə qazın sərf edildiyi müəyyən edilmişdir. İddiaçı bildirir ki, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə, həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də onu harasa dəvət etməmişdir. Mənə 345.6 (üç yüz qırx beş manat altımış qəpik) manat borc qanunsuz və əsassız olaraq hesablanmışdır. Ona görə də hesab edir ki, iddiçıya əsassız və qanunsuz olaraq borc kimi hesablanmış 345.6 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 58/1484 saylı aktın surətindən görünür ki, G-4 tipli 12 ** AQ *** 002931 11 zavod nömrəli sayğaca baxış keçirilən zaman sayğacın flyans plombonun olmaması müəyyən edilmişdir və sayğaca baxış keçirilib plomb vurulması qərarı verilmişdir. “İstehlakçınının nümayəndəsi” qrafasında İddiaçı, onun qarşısında olan “imza” qrafasında “imtina etdi” qeyd edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz sayğacının nominal qaz sərfi 1.2m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müdəti 90 gün qəbul edilməkləitirilmiş qazın bərpası üçün hesablanmış qaz sərfi 1728 m3 təşkil edir. Göründüyü kimi, iddiaçının yaşadığı ünvanda qaz sayğacının flyans plombonun olmaması müəyyən edilmişdir və sayğaca baxış keçirilib plomb vurulması qərarı verilmişdir. Qaz sərfiyyatınını müəyyən edilməsi üçün akt tərtib edilmiş və hesablanmış qaz sərfi 1728 m3 müəyyən edilmişdir. Lakin Akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, hə aparılan hərəkətlərdə iddiaçının iştirakı təmin edilməli olduğundan cavabdeh dəyişdirilmiş qaz sayğacının zədələnməsi nəticəsində hesablanmış 1728 m3 artıq sərfiyyatın iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia təmin edilərək, **********10470 nömrəli abonent koduna qaz sərfiyyatına görə yazılmış 345.6 manat borc silinməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı barəsində yaranmış borc məbləği cavabdehdən tərəfindən silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş və G-4 tipli 12 ** AQ *** 002931 11 zavod nömrəli 30 mart 2018-ci il tarixli akt ləğv olunaraq itirilmiş qazın bərpası üçün hesablanmış 345.6 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar