Məhkəmə qərarları › İş №2(005)-85/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-85/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-85/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazı Elxan oğlunun katibliyi Müstəqil tələb irəli sürməyən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC cəlb olunmaqla hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilərək, nəticələrin ləğv edilməsi və hərracın yenidən təşkil edilərək keçirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı X6 cavabdeh "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC cəlb olunmaqla hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilərək, nəticələrin ləğv edilməsi və hərracın yenidən təşkil edilərək keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" şirkətinə və iddiaçı X3 qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia tələbi Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-13300/2015 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Qeyd olunan qətnamədən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehlər "xxxx" şirkətindən və X1 müştərək qaydada əsas borc üzrə 299.416.06 manat, faiz borcu 113.206.51 manat, cərimə 1000 manat, ümumilikdə 412.632.57 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nə verilməsi, cavabdehlərdən tutulmalı olan məbləğ cavabdeh X3 məxsus olan ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ünvan 2 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinin ilkin satış qiyməti 300.000 manat məbləğində müəyyənləşdirilməsi, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçı "Muğanbank” ASC-nə olan borclarının ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin 75 manatı müştərək qaydada cavabdehlər "xxxx" Şirkətindən və X4, 75 manatı isə iddiaçı "xxxx" ASCdən tutularaq "xxxx" MMC-nin hesabına (H/h № AZ34AZEG**********517130000L VÖEN: **********. Benefısiar bank: "xxxx" ASCŞ kodu: 505817, SWİFT BİK: AZEGAZ22) köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2( 102)-3004/2019 saylı Qərarı ilə kasassiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-1822/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1822/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli icra sənədinin icrası qaydasında ünvan 3 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilin ilkin qiyməti 300.000 manat olmaqla satılması üçün açıq hərraca çıxarılmışdır. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 61.3.4-cü maddəsinə əsasən, ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə olunur. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Lakin hazırki işdə hərracın keçirilməsinin sifariş edən icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirməmişdir. İcra məmuru mənzilin 24 oktyabr 2018-ci il tarixli, 2(103)1822/2018 saylı qətnaməsindəki qiymətini ilkin satış qiyməti kimi göstərmişdir. Halbuki, mənzil ipotekaya götürülməsindən 6 il sonra hərraca çıxarılmışdır. Bu müddətdə mənzilin dəyəri daha da artmış, orada bir sıra yaxşılaşdırmalar edilmişdir. Yəni, mənzil hərraca çıxarılan vaxtda həqiqi dəyərini daha da artırmışdır. Həmçinin nəzərə alınmalıdır ki, mənzil ipotekaya qoyularkən onun qiymətləndirilməsi 6 il öncəki mülki dövriyyə şəraitinə uyğun şəkildə müəyyənləşdirilmişdir. Hazırda isə həmin mənzilin dəyəri hərrac üçün müəyyən olünmuş satış qiymətindən dəfələrlə artıqdır. Ancaq icra məmuru “İcra haqqında” Qanunun tələblərinə zidd olaraq, əmlakda yenidən qiymətləndirmə həyata keçirməmiş, bununla da, əmlak dəyərindən qat-qat aşağı qiymətləndirilməklə hərraca çıxarılmış və hərrac keçirilmişdir. Belə ki, mənzil qiymətləndirilərkən mövcud bazar qiymətlərinə uyğun hallar tətbiq edilməklə mənzilin istifadədə olma vəziyyəti, təmirli olub-olmaması ilə bağlı məsələlər, mənzildə istifadədə olan vəsaitlərin keyfiyyəti və dəyəri, şəhərdə yerləşdiyi yer kimi hallara diqqət olunmalı idi. İddiaçı hesab edir ki, belə bir qiymətləndirmə və təklif ədalətsiz və qərəzlidir və bütün halların bankın xeyrinə uyğunlaşdırıldığı göz önündədir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi bildirdi ki, iddia əsassızdır, qiymətləndirmə və hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş etdi. İddiaçı X3 və cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına üzrlü səbəb bildirmədən gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə məhkəməyə təqdim olunan sübutları tədqiq edib һesab edir ki, iddia əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli 2(001)-13300/2015 saylı qətnaməsindən görünür ki, cavabdehlər "xxxx" şirkətindən və X1 müştərək qaydada əsas borc üzrə 299.416.06 manat, faiz borcu 113.206.51 manat, cərimə 1000 manat, ümumilikdə 412.632.57 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nə verilməsi, cavabdehlərdən tutulmalı olan məbləğ cavabdeh X3 məxsus olan ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçı "Muğanbank” ASC-nə olan borclarının ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 24 oktyabr 2018-ci il tarixli 2(103)-1822/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13300/2015 saylı iş üzrə 01 dekabr 2015-ci il tarixli qətnaməsi ləğv edilməklə yeni qətnamə çıxarılmış, cavabdehlər "xxxx" şirkətindən və X1 müştərək qaydada əsas borc üzrə 299.416.06 manat, faiz borcu 113.206.51 manat, cərimə 1000 manat, ümumilikdə 412.632.57 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nə verilməsi, cavabdehlərdən tutulmalı olan borcun cavabdeh X3 məxsus olan ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ünvan 2 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinin ilkin satış qiyməti 300.000 manat məbləğində müəyyənləşdirilməsi, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçı "Muğanbank” ASC-nə olan borclarının ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin 75 manatı müştərək qaydada cavabdehlər "xxxx" Şirkətindən və X4, 75 manatı isə iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMCnin hesabına (H/h № AZ34AZEG**********517130000L VÖEN: **********. Benefısiar bank: "xxxx" ASCŞ kodu: 505817, SWİFT BİK: AZEGAZ22) köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2019-cu il tarixli 2(104)-3004/2019 saylı qərarından görünür ki, cavabdehlər "xxxx" şirkətinin və X2 nümayəndəsi X5 Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-1822/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi üzrə verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-1822/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən göndərilmiş 18 oktyabr 2019-cu il tarixli a/4007 nömrəli açıq hərracın keçirilməsiə dair 2 nömrəli bildirişdən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1822/2018 saylı, 03.07.2019-cu il tarixli icra qeydi üzrə X3 məxsus ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İş materiallarında olan 05.05.2021-ci il tarixli QXM 333/M nömrəli "xxxx" MMC tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilə baxışın keçirilməsi üçün şərait yaradılmadığına görə icra sənədi icra olunmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən X3 açıq hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş və ona hərracın keçirilmə vaxtı və yeri barədə məlumat verilmişdir. Eyni zamanda ipoteka predmetlərinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bundan əlavə, qiymətləndirici hərracın keçirildiyi tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı X2 cavabdeh "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC cəlb olunmaqla hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilərək, nəticələrin ləğv edilməsi və hərracın yenidən təşkil edilərək keçirilməsi tələbinə dair iddia ərizəsi üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı X2 cavabdeh "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC cəlb olunmaqla hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilərək, nəticələrin ləğv edilməsi və hərracın yenidən təşkil edilərək keçirilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış, öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ X2 "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC cəlb olunmaqla hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilərək, nəticələrin ləğv edilməsi və hərracın yenidən təşkil edilərək keçirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar