Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-898/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı vəkili Vəkil və cavabdeh “Cavabdeh1ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, “xxxx” MMC-nə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak məsələləri Dövlət Xidməti yanında Daçınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, “xxxx” MMC-nə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak məsələləri Dövlət Xidməti yanında Daçınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.04.2019-cu il tarixli, 2(004)-103/2019 saylı qətnaməsinə əsasən X3 291.000 ABŞ dolları məbləğində pulun “Cavabdeh11' Açıq Səhmdar Cəmiyyətinin xeyirinə tutulması, tutmanın iddiaçıya məxsus olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzilə yönəldilməsi qərara alınmışdır. Həmin qətnamə icra olunması üçün Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sonradan icra məmuru tərəfindən vəkilinə verilən şifahi məlumat əsasında ona məlum olmuşdur ki, icra məmurunun sifariş məktubu əsasında mənzillə bağlı hərraclar keçirilmişdir. Bu məsələnin dəqiqləşdirilməsi üçün vəkil tərəfindən 25 avqust 2020-ci il tarixdə “xxxx” MMC-yə sorğu göndərilmiş və sənədlər əldə edilmişdir. Həmin sənədlərdən görünür ki, “xxxx” MMC icra şöbəsinin sifariş məktubunu aldıqdan sonra əmlakın hərracdan satılması üçün 26 fevral 2020-ci il tarixə mənzilin 155.000 manat ilkin satış qiyməti ilə birinci hərrac, həmin hərrac baş tutmadığına görə isə 11 mart 2020-ci il tarixə mənzilin ilkin satış qiymətinin 15 % aşağı qiyməti ilə, yəni 131.750 manatla təkrar hərrac təyin etmişdir. Lakin 11 mart 2020-ci il tarixə təyin edilmiş təkrar hərrac da baş tutmamış və bundan sonra “xxxx” MMC tərəfindən 13 mart 2020-ci il tarixdə Cavabdeh1 ASC-yə 279 nömrəli təklif məktubu göndərilərək əmlakın əldə edilməsi banka təklif olunmuşdur. Həmin təklif bank tərəfindən qəbul edilmiş, 19 mart 2020-ci il tarixdə hərracın nəticələri barədə 49/1 nömrəli protokol tərtib olunmuş və eyni tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Beləliklə 08.04.2019-cu il tarixli, 2(004)-103/2019 saylı qətnamə ilə ilkin satış qiyməti 155.000 manat müəyyən olunan və iddiaçiya məxsus ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzil 98.813 manat müqabilində Cavabdeh1 ASC-nin mülkiyyətinə keçmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, “xxxx” MMC tərəfindən hərraclar onun hüquqlarının pozulması ilə həyata keçirilmişdir. Ona görə ki, bu hərracların heç birindən xəbəri olmamış, hərraclarda iştirakı təmin edilməmiş və əmlakı əldə etmək üçün ona şərait yaradılmamışdır. Belə ki, hərrac təşkilatı tərəfindən təqdim olunan sənədlərdən görünür ki, guya “xxxx” MMC tərəfindən ona 07 fevral 2020-ci il tarixdə göndərilən məktub 10 fevral 2020-ci il tarixdə “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmış, 28 fevral 2020-ci il tarixdə göndərilən məktub isə 06 mart 2020-ci il tarixdə “Dadaşovaya çatır” qeydi yazılmaqla Ələkbərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Halbuki, ünvanına hər hansı məktub çatdırılmamışdır. Qeyd olunan mənzildə pasport qeydiyyatında olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bu ünvana gələn bütün məktublar şəxsən və ya ailə üzvləri tərəfindən qəbul edilir. Əgər həqiqətən də məktublar ünvanına göndərilsəydi, həmin poçt göndərişləri şəxsən və ya ailə üzvləri tərəfindən qəbul edilərdi. Bununla yanaşı yuxarıda qeyd edildiyi kimi məktubun biri 001856 qaimənin üzərində “Dadaşovaya çatır” qeydi yazılmaqla Ələkbərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin “Ələkbərov” soyadlı şəxsi tanımır və belə bir qonşu və ya qohumu yoxdur. Məktubun kimə təqdim edildiyi məlum deyil. İş materiallarından məlumdur ki, 08.04.2019-cu il tarixli, 2(004)-103/2019 saylı icra sənədi üzrə borcalan və ipoteka qoyan fərqli-fərqli şəxslərdir, borcalan X5 götürdüyü kredit borcuna görə tutma iddiaçıya məxsus əmlaka yönəldilmişdir. Hərrac təşkilatı tərəfindən verilən sənədlərdən görünür ki, bildirişlər X7 təqdim edilməsinə baxmayaraq, ona çatdırılmamışdır. Halbuki, bu bildirişlərin ilk növbədə ona çaldırılması təmin edilməli idi. Çünki, mənzilinin satılıb-satılmamasından və ya hansı qiymətlə satılmasından Elnur Cabbarlıdan daha çox o, maraqlıdır, mənzillə bağlı aparılan əməliyyatlar onun əmlak mənafelərinə toxunmaqdadır. Odur ki, əgər həqiqətən də hərraclar barəsində ona məlumat verilsəydi, hərraclarda mütləq iştirak edərək əmlakını əldə edərdi. Bildirir ki, hərraclarda iştirak edə bilməməyi sadəcə mənzilinin əlindən çıxmasına deyil, eyni zamanda mənzilin olduqca aşağı qiymətlə və dəyər-dəyməzinə bankın mülkiyyətinə keçməsinə səbəb olmuşdur. Belə ki, birinci hərracda iştirak etmiş olsaydı, əmlak təkrar hərraca 15 %, - 23.250 manat aşağı qiymətlə, yəni 131.750 manata deyil, elə ilkin satış qiyməti ilə, yəni 155.000 manata çıxarılardı. Məhz 28 fevral 2020-ci il tarixdə keçirilən birinci hərracda hərracın iştirakçısı olmadığına görə hərrac baş tutmamış və buna görə də ipoteka predmeti təkrar hərraca 15 % aşağı qiymətlə çıxarılmışdır. Göründüyü kimi, hərrac təşkilatı tərəfindən lazımi qaydada məlumatlandırılmamağı nəticəsində ilkin hərracda iştirak edə bilməməyi ipoteka predmetinin təkrar hərraca 15 % (23.250 manat) aşağı qiymətlə, yəni 131.750 manata satışa çıxarılmasına səbəb olmuşdur. Daha sonra təkrar hərrac baş tutmadıqda əmlakın təkrar hərracdakı satış qiymətinin 25 % (32.937 manat) aşağı qiyməti ilə, yəni 98.813 manat müqabilində mənzil bankın mülkiyyətinə verilmişdir. Odur ki, hesab edir ki, keçirilən hərraclar barəsində məqsədli şəkildə məlumatlandırılmamış və bank hərrac təşkilatı ilə birlikdə hərəkət edərək bu şəkildə mənzilin ən ucuz məbləğlə onun (bankın) mülkiyyətinə verilməsinə nail olmuşlar. Bundan başqa hərrac işi materiallarına əlavə edilmiş “Mega Post Service” sürətli poçt xidmətinin digər qaimələrindən (001816, 001855 və 001874 nömrəli) fərqli olaraq, məktubların iddiaçıya göndərilməsi ilə bağlı 001815 və 001856 qaimələrdə məktubu çatdıran kuryerin şəxsiyyəti barədə heç bir məlumat yoxdur. Belə ki, qaimələrdəki qeydlərdən görünür ki, poçt göndərişləri “xxxx” MMC-dən “Tamer” və “Cavid” adlı kuryerlər tərəfindən götürülmüşdür. Halbuki, qaimələrdə poçt göndərişinin alıcının ünvanına hansı kuryer tərəfindən çatdırıldığı qeyd edilməmişdir. Məlumdur ki, qaimələrin “alıcı” xanasındakı qeydlər məhz həmin qaimə ilə müşayiət olunan poçt göndərişini çatdırmağa məsul edilmiş kuryerin iştirakı ilə edilməlidir. Hesab edir ki, alıcıya məktubu çatdıran kuryerin şəxsiyyətinin qaimələrdə göstərilməməsi məhz gələcəkdə pozuntular aşkarlandığı təqdirdə məsuliyyətdən yayınmaq məqsədi daşımışdır. Qeyd olunanlara və sadalanan hüquq normalarına əsasən hesab edir ki, ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzil açıq hərracdan satılması ilə bağlı 26 fevral 2020-ci il tarixdə və 11 mart 2020-ci il tarixdə keçirilən hərracın və həmin hərracın nəticələri olan “hərracın yekunları barədə” 19 mart 2020-ci il tarixli, 49/1 saylı protokolun və “hərracın yekunları üzrə əmlakın aiqı-satqısı barədə 19 mart 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirdi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehə və üçüncü şəxslərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(004)-103/2019 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddianın qismən təmin edilməsi, cavabdeh X3 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış 209.233,85 ABŞ dolları əsas borc, 80.769,14 ABŞ dolları faiz (90.788.80 ABŞ dolları faiz borcundan 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 16.987,52 manat, yəni 03.04.2019-cu il tarixə olan məzənnəyə uyğun olaraq 9.992,66 ABŞ dolları çıxılmaqla) və 997.01 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 291.000 (iki yüz doxsan bir min) ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı ‘Cavabdeh1” ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 2A nömrəli evin ümumi sahəsi 79.32 kv.m, yaşayış sahəsi 63.32 kv.m, yardımçı sahəsi 16,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilinə və cavabdeh X5 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 hektar torpaq sahəsinə yönəldilməsi, cavabdeh İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2A nömrəli evin 29 nömrəli mənzilin ilkin satış qiyməti bazar dəyəri 155.000 (yüz əlli beş min) manat, likvid dəyəri 145.000 (yüz qırx beş min) manat müəyyən edilməklə açıq hərracda satılması, mənzil satıldıqdan bir ay sonra cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, cavabdeh X5 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 hektar torpaq sahəsinin ilkin satış qiyməti bazar dəyəri 75.000 (yetmiş beş min) manat, likvid dəyəri 67.000 (altmış yeddi min) manat müəyyən edilməklə açıq hərracda satılması, torpaq sahəsi satıldıqdan bır sonra cavabdeh X5 arvadı ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması, məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, "Cavabdeh1" ASC ilə X8 arasında bağlanmış 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə 'Cavabdeh1" ASC ilə borcalan X8 və ipoteka qoyan X4 arasında bağlanmış 29.03.2013-cü il tarixli 340/13 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 108 nömrəli evin C girişi, 4 otaqlı 9 nömrəli mənzilinin üzərində olan ipotekaya xitam verilməsi qət edilmişdir. İş materiallarında olan hərracın keçirilməsi barədə 07.02.2020-ci il tarixli, 28.02.2020ci il tarixli, 02 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan hərracın yekunları barədə 19.03.2020-ci il tarixli, Y-49/1 №- li protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzili ilkin satış qiyməti 155000 manat, son satış qiyməti 98813 manat qiymətləndirilmiş “xxxx” MMC tərəfindən açıq hərraca çıxarılmışdır. İş materiallarında olan hərracın yekunları üzrə 19.03.2020-ci il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzil “xxxx” tərəfindən hərraca çıxarılmış və Cavabdeh1 ASC tərəfindən 98813 manata əldə edilmişdir. İş materiallarında olan “Market” qəzetinin 28.02.2020-06.03.2020, 07.02.2020- 14.02.2020-ci il tarixli buraxılışlarında ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzil “xxxx” MMC tərəfindən hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. Görünüyü kimi, iddiaçı ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzili ilə bağlı açıq hərracın keçirilmə vaxtı və yeri barədə ona məlumat verilmədiyini bildirmiş, bu səbəbdən hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli mənzilin hərracda satılması zamanı hərracın təşkilini və aparılmasını tənzimləyən qanunların tələblərinin pozulması məhkəmə tərəfindən müəyyən edilmədi. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, “xxxx” MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak məsələləri Dövlət Xidməti yanında Daçınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, “xxxx” MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak məsələləri Dövlət Xidməti yanında Daçınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-898/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-898/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver