Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-9/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X12, Cavabdeh2 və Cavabdeh4 ümumilikdə 6000 manat məbləğində kompensasiya verilməklə, onun mənzildən istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə İddiaçı iddia ərizəsinə dəqiqləşdirilmə verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X12, Cavabdeh2n qızı və Cavabdeh4 ümumilikdə 10 000 (on min) manat məbləğində kompensasiya verilməklə, onun mənzildən istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 8 yerləşən evi 1989-cu ildə almışdır. Həmin evi aldığı zaman 43.7 kv.metr olmuşdur. Daha sonra həmin ünvanda ailəsi ilə birlikdə, yəni anası, qardaşları və bacısı ilə birlikdə yaşamışdır. İddiaçı bildirir ki, daha sonra anası X3 Ermənistandan məcburi köçkün olduğu üçün dövlət tərəfindən ev verildi və ailəsinin bəzi üzvləri anası ilə həmin evə köçdü. Lakin verilmiş ev balaca olduğundan qardaşı Həsənov Vəkil Həsən oğlu və Cavabdeh1 iddiaçı ilə birlikdə qalmaq məcburiyyətində oldu. Daha sonra iddiaçı həmin evdə müəyyən təsərrüfat işləri aparmaqla və ətrafdan da müəyyən ərazilər almaqla evi böyütmüşdür. Həmin mənzilə dair sonuncu dəfə İddiaçı 13 noyabr 2018 DƏDRX-dən ******* nömrəli çıxarış əldə etmişdir. Həmin ev iddiaçının tam mülkiyyətindədir. Hal-hazırda balaca qardaşı Cavabdeh1 və onun ailə üzvləri - həyat yoldaşı Cavabdeh2 və övladları X12, İsmayıl Eldar oğlu həmin mənzildə yaşayır. Həmin şəxslərin həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdır, o, əlavə problemlər yaşayır. Həmçinin cavabdehlərin Ramana qəsəbəsi, Gülçülük ərazisində 2 mərtəbəli evləri mövcuddur. Həmin şəxslər bu ərazidə formal olaraq yaşayır. Cavabdeh1 iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, İddiaçı iddia tələbini tam qəbul etmir. Belə ki, onlar ailə üzvləri ilə birlikdə məlum hadisələrlə bağlı 1989-cu il tarixdən Ermənistan Respublikasından qaçqın kimi köçüb gəlmişlər. Sözügedən mübahisəli yaşayış sahəsinə pasport qeydiyyatına alınmaqla birlikdə həmin vaxtdan orada yaşamağa başlamışlar. Həmin yaşayış sahəsi, yəni əvvəlki ünvan, ünvan 1həri, Nərimanov rayonu, Abbas Zamanov küçəsi, ev 43 «H» öz ailə üzvləri ilə birlikdə yaşamışlar, həmin evdə övladları anadan olub. Bundan başqa bildirilir ki, sözügedən mübahisəli ünvan 1həri, Nərimanov rayonu, Abbas Zamanov küçəsi, ev 43 «H» ünvan İddiaçı tərəfindən ona və ailə üzvlərinə məlum olmayan şəraitdə özəlləşdirilmişdir. Halbuki, qeyd olunan ünvanda və iş materiallarına əlavə edilmiş iki saylı forma arayışdan görünür ki, 21 nəfər pasport qeydiyyatındadır. Lakin mübahisəli mənzil özəlləşdirilərkən qeydiyyatda olan həddi buluğa çatmış şəxslərin hər hansı bir razılıq ərizələri alınmamışdır. İddiaçı tərəfindən verilmiş iddia ərizəsində onun və ailə üzvlərinin sözügedən mübahisəli mənzildə yaşadığı etiraf olunur. Bundan başqa sözügedən mübahisəli mənzildə qeydiyyatının olması iş materiallarına əlavə edilmiş iki saylı forma arayışda tam öz əksini tapır. Qeyd olunanlara əsaslanaraq, İddiaçı cavabdehlər Cavabdeh1, X9 və qeyrilərinə qarşı ümumilikdə 6000 manat məbləğində kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 13 noyabr 2018-ci il tarixdə cavabdeh İddiaçı adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın (reyestr nömrəsi **********16-10301, qeydiyyat nömrəsi **********) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraatda İddiaçı Cavabdeh1, X9 və qeyrilərinə qarşı ümumilikdə 6000 manat məbləğində kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılması tələbinə dair mülki iş vardır. İlk növbədə qeyd edilir ki, ünvan 1həri, Nərimanov rayonu, Abbas Zamanov küçəsi, ev 43 «H» özəlləşdirilməsi barədə o, iddia ərizəsinin surətini və əlavə edilmiş sənədləri məhkəmədən aldıqda ona məlum olmuşdur. Belə ki, onlar hamısı ailə üzvləri ilə birlikdə məlum hadisələrlə bağlı 1989-cu il tarixdən Ermənistan Respublikasından qaçqın kimi köçüb gəlmişlər. Sözügedən mübahisəli yaşayış sahəsinə pasport qeydiyyatına alınmaqla birlikdə həmin vaxtdan orada yaşamağa başlamışlar. Həmin yaşayış sahəsi, yəni əvvəlki ünvan, ünvan 1həri, Nərimanov rayonu, Abbas Zamanov küçəsi, ev 43 «H» öz ailə üzvləri ilə birlikdə yaşamışlar, həmin evdə övladları anadan olub. Bundan başqa bildirilir ki, sözügedən mübahisəli ünvan 1həri, Nərimanov rayonu, Abbas Zamanov küçəsi, ev 43 «H» ünvan İddiaçı tərəfindən ona və ailə üzvlərinə məlum olmayan şəraitdə özəlləşdirilmişdir. Halbuki, qeyd olunan ünvanda və iş materiallarına əlavə edilmiş iki saylı forma arayışdan görünür ki, 21 nəfər pasport qeydiyyatındadır. Lakin mübahisəli mənzil özəlləşdirilərkən qeydiyyatda olan həddi buluğa çatmış şəxslərin hər hansı bir razılıq ərizələri alınmamışdır. İddiaçı tərəfindən verilmiş iddia ərizəsində onun və ailə üzvlərinin sözügedən mübahisəli mənzildə yaşadığı etiraf olunur. Bundan başqa sözügedən mübahisəli mənzildə qeydiyyatının olması iş materiallarına əlavə edilmiş iki saylı forma arayışda tam öz əksini tapır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, özəlləşdirmə ilə bağlı müraciət edilən anda bununla bağlı razılığının alınması tələb olunan şəxslərin sırasına yalnız mənzil kirayə müqaviləsində adı göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri daxildir. Normanın mənasına görə belə ailə üzvləri eyni zamanda hər iki tələbə cavab verməlidirlər. Bu tələblərdən birinə cavab verməyən (mənzil kirayə müqaviləsində adı göstərilməmiş və ya müraciət edilən anda kirayəçi ilə birlikdə faktiki yaşamayan) şəxslərin özəlləşdirmə üçün razılığı tələb olunmur. Müvafiq olaraq bu cür razılığı tələb olunmayan şəxslərin qeyd olunan əsasla özəlləşdirmənin ləğvini tələb etməklə bağlı subyektiv hüququ yoxdur. Yuxarıda göstərilən əsaslara görə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh1, X9 və qeyrilərinə qarşı ümumilikdə 6000 manat məbləğində kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılması tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 184.2-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilən 051455 №li Forma 2 arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi, ev 43 ünvanda yaşayır. Ailənin 21 nəfərdən ibarət olduğu və İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 daimi qeydiyyatda olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsindəki 43H saylı, ümumi sahəsi 306.7 kv.m olan evin tam payda İddiaçı xüsusi mülkiyyətində olmasına dair xx.xx.2018-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ- İ 098724 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 366 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Əmrahova soyadları verilmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ- T 006402 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh2dır. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş AZ- İ 020831 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh2dır. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş AZ-İ 044899 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh2dır. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 23 iyul 2007-ci il tarixli 447 №-li sərəncamından müəyyən olunur ki, Cavabdeh1 4 nəfərlik ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) Qarabağ müharibəsi veteranı kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi qərara alınmışdır. Sərəncamda qeyd olunur ki, Cavabdeh1 10 nəfərlik ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu, 6 qohumu) R.Axundov küçəsindəki 43 №-li evin yaşayış sahəsi 49,0 kv.m olan 3 otaqlı mənzildə qeydiyyatda olmaqla yaşayır və Bakı şəhərində 1989-cu ildən daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 5 ünvanlanan xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətinin 479 saylı xx.xx.2017-ci il tarixli sərəncamına, keçmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4500/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına və “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş layihəyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Zamanov küçəsi, 43H saylı fərdi yaşayış evi İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 479 №-li sərəncamından müəyyən olunur ki, R.Axundov küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının xx.xx.2001-ci il tarixli 8 №-li protokoldan çıxarışdan görünür ki, İddiaçı yaşadığı ünvan 9 №-li özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış ərizələrin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi, ev 43 ünvanda yaşayan X10, X1, Cavabdeh1, Həsənov Vəkil Həsən oğlu və X6 yaşadıqları - Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsində yerləşən 43 saylı evin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən FM 011730 seriya №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsindəki 7 otaq, 96,7 kv.m yaşayış, 175,8 kv.m ümumi sahəsi olan 43 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir və bu barədə 48 saylı reyestr kitabında xx.xx.2002-ci il qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilən texniki pasportun surətindən görünür ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. 28 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, hər iki qardaşı tanıyır, hər ikisi ilə çox yaxşı münasibətləri olub, onların qonşusudur. Həmin ev 1970-ci illərdə ermənilərdən alınıb. Evi onun qaynanasından alıblar. Yoldaşının dediyinə görə pulu İddiaçı və anası qaynanasına gətirib vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, evin ikinci mərtəbəsi sonradan qardaşlar pul qoyaraq tikmişdir. Evin konkret kim tərəfindən tikilməsi və evin tikilməsinə nə qədər pul vəsaitinin sərf olunması barədə dəqiq məlumatı olmadığını bildirdi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4500/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı ünvan 9 ünvanındakı evin 115,9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı ünvan 10 ünvanındakı evin 115.9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3780/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh1 və digərləri) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə “ləğv edilmiş məhkəmə qərarının icrasında dönüş edilməsi haqqında” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı 14 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı 14 iyun 2023-cü il tarixli qərardadının ləğv edilməsi, üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 “icra dönüş” barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(102)-780/2024 saylı qərarına əsasən üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3780/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2024-cü il tarixli 9/38xx-xx/3611 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsində yerləşən 42H saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 460000,0 manat məbləğində müəyyən edilir. Tədqiq edilən mənzilin ümumi sahəsi üzrə kirayə haqqı barədə internet saytlarında və eləcə də Mərkəzdə məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. X8 MMC tərəfindən İddiaçı verilən xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsi 43H saylı evin B tikilisinin 2-ci mərtəbəsində yerləşən orta təmirli sahəsi 43.8 kv.m olan 2 otaqlı evin 1 aylıq kirayə haqqısı 300 manat – 400 manat arası dəyişir. FM Consulting MMC tərəfindən İddiaçı verilən 3222/SQ №-li aktdan görünür ki, ünvan 11 ünvanındakı, 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində (B literi üzrə), 43,8 kv.m ibarət 2 otaqlı mənzilin potensial aylıq icarə dəyəri xx.xx.2024-cü il tarixinə 350 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Nərimanov Rayon İcra Hakimiyyətinin 479 saylı xx.xx.2017-ci il tarixli sərəncamına və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4500/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına və “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş layihəyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Zamanov küçəsi, 43H saylı fərdi yaşayış evi İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsindəki 43H saylı, ümumi sahəsi 306.7 kv.m olan ev İddiaçı tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2018-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilən 051455 №li arayışa əsasən ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da həmin evdə qeydiyyatdadırlar. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 ilkin iddia üzrə İddiaçı qardaşı, Cavabdeh2 qardaşının həyat yoldaşı, Cavabdeh3 və Cavabdeh4 isə qardaşının övladlarıdır. İddiaçı hazırda onların Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsindəki 43H saylı, ümumi sahəsi 306.7 kv.m olan evdən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə mübahisəli mənzillə bağlı İddiaçı verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla b i l ə r. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi, bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlsə də, digər tərəfdən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin mənzildən istifadə hüquqlarının itirilməsini tənzimləyir. Hər bir halda qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məhz bazar qiymətinə uyğun ödənilməsini müəyyən edir və mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini ümumiyyətlə göstərməyə borclu deyildir. İddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməyə borcludurlar. Bu hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında da ifadə olunub. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Eyni hüquqi mövqe “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında da ifadə olunub. Buna görə də məhkəmə ilkin iddia üzrə iddiaçının iddia tələbinin dəlillərini əsaslı sayır və hesab edir ki, iddianın düzgün həlli və hüquqi müəyyənlik prinsipinin təmin olunması üçün, ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməlidir. Belə ki, məhkəmə tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsində yerləşən 42H saylı fərdi yaşayış evinin orta aylıq kirayə haqqının müəyyən edilməsi ilə bağlı məhkəmə ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyul 2024-cü il tarixli 9/38xx-xx/3611 №-li ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsində yerləşən 42H saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 460000,0 manat məbləğində müəyyən edilmiş, lakin kirayə haqqı barədə tədqiqat aparmaq mümkün olmamışdır. İlkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müstəqil ekspert rəylərinə əsasən qeyd olunan mənzilin orta aylıq kirayə haqqının 300 manat – 400 manat aralığında olduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlərin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün əvvəlcə 6000 manat, daha sonra 10000 manat məbləğində kompensasiya təklif edir. Məhkəmə bununla bağlı qeyd edir ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir və yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ətrafda yerləşən yaşayış binalarında orta aylıq kirayə haqqının bazar dəyərinin təxminən 300 - 400 manat aralığında təşkil etməsi müəyyən olunmuşdur. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, ilkin iddia üzrə cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona 13000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Məhkəmə ilkin iddia üzrə Cavabdeh1 kompensasiya məbləği ilə razılaşmamasına dair etirazının dəlilərinə münasibət olaraq qeyd edir ki, qanunvericiliyin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin əvəzi kimi yox, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. Bundan başqa, məhkəmə araşdırması zamanı tərəflərin məhkəmə iclasında verdiyi izahatlara əsasən müəyyən olunmuşdur ki, ilkin iddia üzrə cavabdehlərin Ramana qəsəbəsində özlərinə aid evləri mövcuddur. İlkin iddia üzrə Cavabdeh1 30 aprel 2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında ona məxsus ev olmasını inkar etməmiş, mübahisəli evin ata mülki olmasını və orada da payı olduğunu, kompensasiya məbləği ilə razılaşmadığını bildirmişdir. Cavabdehlərin yaşayış evi olduğundan, qeyd olunan mənzilə dair istifadə hüquqlarına xitam verilməsi zəruridir. Lakin iddiaçı bu hüququ kompensasiya veriomək yolu ilə xitam vermək barədə iddia qaldırmışdır. Halbuki cavabdehlər yaşamaq üçün özlərinə məxsus xüsusi mülkiyyətində olan mənzili olduğundan, həmin yaşayış sahəsinə ehtiyac aradan qalxdığından, kompensasiya ödənilmədən istifadə hüququna xitam verilmə imkanı qanunvericilikdə nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Beləliklə, qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 13000 manat məbləğində kompensasiya verməklə onların Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsində yerləşən 42H saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, çıxarışın etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında nümayiş etdirilən hüquqi mövqeyi baxımından məhkəmə qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4500/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin qərara əsasən İddiaçı ünvan 9 ünvanındakı evin 115,9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Daha sonra isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsindəki 43H saylı, ümumi sahəsi 306.7 kv.m olan evin tam payda İddiaçı xüsusi mülkiyyətində olmasına dair xx.xx.2018-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Bundan başqa, İddiaçı adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin qanuniliyi mübahisələndirilmədiyi halda hazırkı çıxarışın etibarsızlığı tələbi təmin oluna bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Eyni zamanda keçirilmiş məhkəmə ekspertizasının xərci olaraq 100 manat pul ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinə ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 13000 (on üç min) manat məbləğində kompensasiya verməklə onların Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsində yerləşən 42H saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Aparılmış məhkəmə ekspertizası xərci olaraq 100 (yüz) manat ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-9/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-9/2024
28.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver