Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-919/2022 21.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız cərimənin silinməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz“ X1 X2 İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən əsassız olaraq üzərimə yazılmış 216 manat məbləğində cərimənin silinməsi və yeni quraşdırılmış qaz sayğacının dəyərinin “Azəriqaz“ İstehsalat Birliyinə aid edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Yevlax rayonu Nərimanabad kəndi ev 240 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuşdur. Cavabdeh “Azəriqaz" X1 X2 İdarəsinin Yevlax Xidmət Sahəsinin əməkdaşları tərəfindən 31 avqust 2021-ci il tarixdə qaz sayğacına baxış keçirilmişdir. Bununla əlaqədar olaraq “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li akt tərtib edilərək “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi və yapışqan maddə ilə yenidən bərpa olunması“ qeyd edilmişdir. Qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmiş, 216 manat məbləğində İddiaçı cərimə yazılmışdır. Həmçinin ondan yeni quraşdırılmış qaz sayğacının dəyəri tələb olunur. İddiaçı 216 manat məbləğində cəriməni əsassız hesab edərək bildirmişdir ki, tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Ona görə də, İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qaz saygacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 04 iyun 2021-ci il tarixli aktın məzmunundan və surətindən görünür ki, Yevlax rayonu, Nərimanabad kəndi ev 240-da quraşdırılmış G-4 markalı, Socar tipli qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən söküntü ilə əlaqədar çıxardılmışdır və bu barədə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 04.06.2021-ci il tarixli akt tərtib edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 avqust 2021-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, sayğacın hesablama mexanizminin (qapa) qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilmiş və yapışqan maddə ilə yenidən yerinə bərpa olunmuşdur. Kodu **********00000 olan İddiaçı abonentin saldosundan görünür ki, 216 (iki yüz on altı) manat borc məbləği hesablanmışdır; Göründüyü kimi, cavabdeh “Azəriqaz" X1 X2 İdarəsinin Yevlax Xidmət Sahəsinin əməkdaşları tərəfindən 31 avqust 2021-ci il tarixdə qaz sayğacına baxış keçirilmişdir. Bununla əlaqədar olaraq “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li akt tərtib edilərək “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi və yapışqan maddə ilə yenidən bərpa olunması“ qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacı yararlı vəziyyətdə olmadığından dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Bu zaman abunəçiyə 216 (iki yüz on altı) manat məbləğində cərimə hesablanaraq, İddiaçı tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia təmin edilərək, İddiaçı yaşadığı ünvanı üzrə qaz sayğacının dəyişdirilməsi zamanı müəyyən edilmiş zədəyə görə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu Nərimanabad kəndi ev 240 ünvanı üzrə qaz sayğacının dəyişdirilməsi zamanı müəyyən edilmiş zədəyə görə İddiaçı hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu Nərimanabad kəndi ev 240 ünvanı üzrə qaz sayğacının dəyişdirilməsi zamanı müəyyən edilmiş zədəyə görə İddiaçı (**********00000) hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-919/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-919/2022
21.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver