Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-925/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsində yerləşən iddiaçıya məxsus yaşayış sahəsi üzərinə quraşdırılmış G-4 markalı **********4 nömrəli qaz sayğacına görə, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi olaraq əsassız və qanunsuz olaraq hesablanmış 6480 m3 həcminə görə 777,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Sözügedən yaşayış sahəsinin bütün kommunal xərcləri onun tərəfindən ödənilir. Qeyd edir ki, sözügedən yaşayış sahəsinin üzərinə quraşdırılmış **********4 nömrəli qaz sayğacı, Cavabdeh İB-i tərəfindən dəyişdirilərək XLNNER G2.5T mexanika markalı, **********4 nömrəli yeni qaz sayğacı ilə əvəz edilmişdir. Lakin Cavabdeh İB-i tərəfindən tərtib edilmiş ******* saylı aktda qeyd edilmişdir ki, guya Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə rəyinə əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlərlə deşilib. Nəticə etibarilə əsassız və qanunsuz olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6480 m3 həcmində itirilmiş qazın bərpası üçün 777,60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İlk öncə onu qeyd edir ki, qaz sayğaclarının istismar müddətinin bitməsi səbəbindən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın istehlakçı tərəfindən ödənilməsini əsassızdır Hesab edir ki, Azəriqaz İB-i tərəfindən onun istehlakçı hüquqlarım kobud şəkildə pozulmuşdur. Cavabdeh məhkəməyə iddia ərizəsinə yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00088 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********4 sayğac çıxarılaraq yoxlanılması üçün “Azərbaycan Metrologiya İnstitutu” PHŞ "xxxx" MMC-nin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 0044 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilib müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Dəymiş ziyanın həcmi 6480 m3 təşkil etmişdir. Hesablanmış 777,60 manat məbləğində dəymiş ziyan 2024-cü ilin fevral ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1’nm 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********00088 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cii yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsi, fərdi yaşayış evi; abonent kodu: **********00088) 2024-cü ilin fevral ayına Cavabdehnə 777,60 manat borcu vardır. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən təsdiq olunmuş “Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6480 m3 təşkil etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı 16 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşilib. İş materiallarında olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ "xxxx" MMC-nin laboratoriyasının rəyinə əsasən, **********4 sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 0044 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilib müdaxilə” barədə rəy verilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* nömrəli aktının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi fərdi mənzildə quraşdırılmış **********4 mexaniki qaz sayğacı **********4 nömrəli mexaniki qaz sayğac ilə əvəz edilmişdir. Məhkəmə iclasında iş materialları və iddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsində yerləşən fərdi yaşayış evi İddiaçın mülkiyyətindədir. Sözügedən ünvanda yerləşən mənzilin qaz xətti üzərində quraşdırılmış sayğac zədələndiyi üçün xx.xx.2024 il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunmuş, ********** nömrəli qaz sayğacı, Cavabdeh İB-i tərəfindən dəyişdirilərək XLNNER G2.5T mexanika markalı, **********4 nömrəli yeni qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB tərəfindən sayğacın dəyərinə görə xx.xx.2024-cü il tarixdə istehlakçı hesabına 6480 m3 qaz sərfi olmaqla 777,6 manat məbləğində hesabat aparılmışdır. Hazırda iddiaçı qaz sərfinə görə ondan tələb olunan 777,6 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir; «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə yerləşdirilən qaz sayğacına baxış zamanı “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilməsi yəni, sayğaca qanunsuz müdaxilənin olduğu aşkar edildiyini, bu səbəbdən də cavabdeh Birlik tərəfindən itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edildiyi bildirilmişdir. Lakin məhkəmə hesab edir ki, 25 fevral 2022-ci il tarixli 486- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Göründüyü kimi, qeyd olunan qanunsuz müdaxilə ilə bağlı cavabdehin müvafiq icra hakimiyyəti orqanlarına iddiaçının hərəkətlərində inzibati və ya cinayət əməlinin olması barədə hər hansı müraciəti olmamış, iddiaçının əməlinə müvafiq qanunlara əsasən hüquqi qiymət verilməmişdir. Belə olanda məhkəmə hesab edir ki, iddia tələbi abonentin saldosu məlumatları və cavabdehin etirazının dəlilləri nəzərə alındıqda, əsassız hesablanmış borcun silinməsini tələb etməkdə əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən tərtib olunmuş 16 fevral 2024-cü il tarixli ******* saylı aktın əsasında iddiaçının **********00088 saylı abunə koduna hesablanmış 6480 kub metr itirilmiş qazın sərfiyyatı üçün hesablanmış 777,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, cavabdeh tərəfindən qaz sərfinə görə müəyyən edilən 777,60 manat məbləğində borc əsassızdır və silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, məhkəmə hesab edir ki, hazırki iddia tələbinin əsasını əsassız hesablanmış borcun silinməsi təşkil etdiyindən, həmin iddia tələbi qiymətləndirilən iddialar kateqoriyasına aid edilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00088 saylı abonent koduna əsassız olaraq hesablanmış 6480 m3 həcminə görə 777, 60 manat borc silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-925/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-925/2025
25.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver